Nüşabə
Ədəbi-mədəni
əlaqələri yeni
istiqamətdə inkişaf etdirək
Zenfira Kadırova:
"Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin
yaradılmasında əsas məqsədimiz budur"
Müxtəlif
təşkilat və qurumlar vətənimizlə qonşu
ölkələr arasında körpü rolunu oynayır. Onlar
həmin ölkələrlə respublikamız arasında
əlaqələrin qurulmasında, cəmiyyətin
müxtəlif sahələrində
əməkdaşlığın yaranmasına və milli mədəniyyətlərin
təbliğinə yardımçı qüvvələri
xatırladır. Bu gün sizə ölkəmizlə
Özbəkistan arasında ədəbi-mədəni sahələrdə
əlaqələrin qorunmasına çalışan
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin
gördüyü işlər barədə məlumat
verəcəyik. İlk olaraq onu qeyd edək ki, 2002-ci ilin may
ayından fəaliyyət göstərən qurumun sədri
millət vəkili Eldar İbrahimovdur. Cəmiyyətin indiyədək
həyata keçirdiyi tədbirlər, onların
fəaliyyətində üzləşdiyi problemlər və
gələcək planları ilə bağlı
suallarımızı isə qurumun icraçı direktoru
Zenfira Kadırovaya ünvanladıq. İlk olaraq o,
cəmiyyətin yaranma tarixi barədə məlumat verdi:
"Cəmiyyətimiz vaxtilə Özbəkistanda
yaşamış, sonradan isə Azərbaycana qayıdan bir
qrup ziyalının təşəbbüsü ilə
yaranıb. İlk olaraq
bizdə təşəbbüs
qrupu və təşkilat komitəsi yarandı. Həmin təşkilat komitəsi təsis konfransı keçirdi. Konfransdan sonra
isə təşkilatın
əsasnaməsi Ədliyyə
Nazirliyindən müvafiq
qaydalara əsasən qeydiyyatdan keçdi. İdarə heyətinin ilkin iclasında millət vəkili Eldar İbrahimov qurumun sədri seçildi."
- Ümumiyyətlə, Azərbaycanda
belə bir cəmiyyətin mövcud olmasına ehtiyac
duyulurdumu?
- Bəli, duyulurdu. Götürək
təkcə Bakını. Burada vaxtilə uzun müddət
Özbəkistanda yaşayıb sonra vətənə
dönən çoxlu sayda həmvətənimiz var. Bundan
əlavə, müstəqillik əldə olunduqdan sonra hər
iki ölkə arasında hələ sovetlər birliyi
dövründən mövcud olan ədəbi-mədəni
əlaqələri qoruyaraq onları yeni bir istiqamətdə
inkişaf etdirmək lazım idi. Yəni, bu cəmiyyətin
yaranmasında da bizim əsas məqsədimiz məhz bu idi.
- Bu istiqamətdə ilkin olaraq
hansı tədbirlər həyata keçirildi?
- İlk keçirdiyimiz tədbir Maqsud Şeyxzadənin anadan olmasının 95 illiyi ilə bağlı oldu. Maqsud Şeyxzadə əslən azərbaycanlı olub, ancaq Özbəkistanda yaşayıb. O, özbək dramaturgiyasının banisi sayılır. O, həm də görkəmli ictimai-siyasi xadim kimi də tanınıb. 2003-cü ildə üç təşkilat birgə biz bu görkəmli şəxsiyyətin yubileyini keçirdik. Azərbaycan Özbəkistan Dostluq Cəmiyyəti, Azərbaycan Mədəniyyət Fondu və Özbəkistanın ölkəmizdəki səfirliyi bu tədbirin təşkilatçısına çevrildi. Bu, bizim təşkilatın ilk tədbiri idi. Bir qədər sonra isə biz Məhəmməd Füzuli və Əlişir Nəvainin poeziya gecələrini keçirdik. Bu tədbir də üç təşkilatın birgə səyi nəticəsində ərsəyə gətirildi. Tədbirə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı, nəvaişünas alim dəvət olundu. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini də iştirak etdi. Eyni zamanda Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Cənnət Nağıyeva Nəvai yaradıcılığı barədə məlumat verdi. Bu gecədə hər iki xalqın dahi şairlərinin qəzəlləri səsləndi. Həm Füzuli, həm də Nəvai yaradıcılığından seçmələr oxundu. Hər iki şairin bir-birinə yazdığı təxmislər də gecədə səsləndi. Bu iki dahi şəxsiyyətin yaradıcılıq gecəsinin bir yerdə keçirilməsinin simvolik bir mənası da vardı. Bildiyiniz kimi, Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində yazan ilk şair sayılırdı. Eyni zamanda Nəvai də özbək ədəbiyyatı tarixində öz ana dilində şeir yazan şair kimi tanınır. Onu da qeyd edim ki, belə tədbirlərdə bizim əsas prinsipimiz iki ölkə arasında dostluğu möhkəmləndirməkdir. Daha sonra bir il öncə biz yenə də üç təşkilat birgə xalqımızın gözəl şairi Xəlil Rza Ulutürkün "Turan çələngi" kitabının təqdimatını keçirdik. Onu da bildirim ki, vaxtilə bu toplu kiril əlifbası ilə nəşr olunub. Şairin həyat yoldaşı Firəngiz xanımın təşəbbüsü ilə bu kitab yeni əlifba ilə işıq üzü gördü. Biz də qərara aldıq ki, bu kitabın təqdimat mərasimini Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə Rəşid Behbudov adına Mahnı Teatrında keçirək. Bu, təsadüfi deyildi. Çünki, kitabın böyük bir hissəsi özbək ədəbiyyatını əhatə edirdi. Bu tədbirdə görkəmli professorumuz, millət vəkili Nizami Cəfərov da Xəlil Rza Ulutürkün yaradıcılığı ilə bağlı çox dolğun bir nitq söylədi. Həmin tədbirə də Özbəkistandan qonaqlar təşrif gətirmişdi. Onu da qeyd edim ki, biz “Turan çələngi” kitabının təqdimat mərasimini Novruz bayramı ərəfəsində keçirmişdik. Həmin dövrdə DAK-ın Bakıda qurultayı keçirilirdi. Bu tədbirimizdə də DAK-dan bir qrup nümayəndə heyəti də iştirak etdi.
- Sizin cəmiyyət Özbəkistanda olan təşkilatlar və həmyerlilərimizlə necə əlaqə saxlayır? Yəni mütəmadi olaraq oraya getmək imkanınız varmı?
- Təşkilatımız yarandığı ilk vaxtlar biz üç nəfər Daşkənddə səfərdə olduq. Orada biz Özbəkistan Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ilə görüşmüşdük. Həmin dövrdə Daşkənddə bizim cəmiyyətlə birgə onların təşkilatlarının da təqdimat mərasimi ilə bağlı tədbirləri və mətbuat konfransları keçirildi. Eyni zamanda, bizim Özbəkistandakı səfirliyin köməyilə Daşkənddə həmvətənlərimizlə görüşlərimiz baş tutdu. Özbəkistandan bizim dəvətimizlə Bakıda keçirdiyimiz ədəbi-bədii gecələrdə iştirak etmək məqsədilə qonaqlar dəvət olunur. Ora gedib, gəlmək imkanımız olduqca azdır. Bildiyiniz kimi, başlıca səbəb maddi problemlərlə bağlıdır. Hardasa bu bizim əlaqələrin intensivləşməsinə də təsir göstərir. Çünki, cəmiyyətimiz ictimai təşkilatdır və onun maliyyə imkanları olduqca azdır.
- Gələcəkdə daha hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?
- Bu il Səmərqənd şəhərinin 2750 illiyi
keçiriləcək. Özbəkistanda
bu YUNES-KO-nun xətti ilə qeyd ediləcək. Bizim təklifimiz Özbəkistanın ölkəmizdəki
səfirliyi tərəfindən
dəstəklənsə, bu
tədbirin keçirilməsini nəzərdə
tutmuşuq. Çünki,
tədbirin yüksək
səviyyədə keçirilməsi
maddi vəsait tələb edir. Gələn il isə yenə də Maqsud Şeyxzadənin 100
illiyi Özbəkistanda
qeyd olunacaq. Biz də nəzərdə
tutmuşuq ki, Bakıda da Maqsud Şeyxzadənin yaradıcılıq
gecəsini öz qüvvəmiz hesabına keçirək. Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımda Maqsud Şeyxzadənin hələ
işıq üzü
görməyən əsərlərinin
əlyazmaları var. Firəngiz xanım çox çalışır
ki, həmin əlyazmalar çap olunsun. Çox istəyirik ki, bu istiqamətdə də müəyyən işlər görək.
Palitra.- 2007.- 17 iyul.- S. 12.