Mehdixanlı T.

 

Əzim Əzimzadə məktəbinin layiqli davamçısı

 

S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ikinci ömürləri yaşadan ünvan kimi tanınır. Orada 800 nəfərə yaxın tarixi şəxsiyyətin - yazıçı şairlərin, ictimai-siyasi xadimlərin, fırça tişə ustalarının yaradıcılıqlarından nümunələr, bioqrafik məlumatları mühafizə olunur. Belələrindən biri karikatura ustası, xalq rəssamı, dövlət mükafatı laureatı İsmayıl Axundovdur.
"Molla Nəsrəddin" jurnalının fədailərindən olan, əsərləri öz dövrünə ayna tutan unudulmaz rəssam Əzim Əzimzadənin xatirələrindən oxuyuruq: "15-20 yaşlı gənc rəssam İsmayıl Axundovun ünvanımıza göndərdiyi, ilk baxışda gülüş doğuran, amma dərindən-dərin düşündürən karikaturalarını görəndə sevindim. Əmin oldum ki, ənənəmiz bundan sonra da şərəflə davam etdiriləcəkdir".
İ.Axundov 100 il əvvəl Bakının Maştağa kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. Orta məktəbi bitirib Pedaqoji Texnikumda təhsilini davam etdirməklə yanaşı, Rəssamlıq Məktəbində oxumuşdur. 1928-ci ildə isə Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Nəşriyyatının qrafika bölməsinə rəhbərlik etmişdir. Fəaliyyəti dövründə ədəbiyyatımızın klassiklərinin əsərlərinə tərtibat vermişdir.
Arxiv materialları arasında onun 70 il əvvəl yazdığı qeydlərdə oxuyuruq: "İyirmi yaşımın tamamı günü adını eşidib, üzünü görmədiyim nurani-pirani sifətli, ağır yerişli, gözləri dil açıb danışan dədə Mirzə Cəlillə mənzilinin yaxınlığında rastlaşdıq. Özümdən asılı olmayaraq ona yaxınlaşdım, ehtiramla salam verdim. Adımı, soyadımı soruşdu. Cavab verdim, dedim ki, rəssam olmaq istəyirəm. Böyük şəxsiyyət: "Oğul, "Qız qalası üstündə göyərçinlər" əl işinə baxmışam. Sənin gələcəyinə inanıram. Unutma: xalqımızın əvvəl işıqlı tərəfini tərənnüm et, sonra düçar olduğumuz bəlaları tənqid atəşinə tut. Yadında saxla, əsl sənət riyakarlığı sevmir. Mübariz, sözübütöv ol" - dedi. O, bu fikirləri ilə yoluma işıq saldı".
İ.Axundov 1937-40- illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru işləmişdir. Onun diqqətcil, qayğıkeş müəllim olmasını xalq rəssamları Salam Salamzadə, Tağı Tağıyev, Baba Əliyev, Vidadi Nərimanbəyov, Səttar Bəhlulzadə, Kazım Kazımzadə dönə-dönə xatırlayardılar. O, 1940- ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktoru baş rəssamı olmuşdur. Xalq şairi Xəlil Rza Ulutürk demiş, "millətimizin söz-sənət məbədi"nin formalaşması üçün var gücü ilə çalışmışdı. Müxtəlif yaradıcılıq nümunələrinin, eksponatların toplanmasına, muzeyin tərtibatına, ümumi görünüşünün zövq oxşamasına qayğı göstərmişdi.
Ötən əsrin əllinci illərində rəssam həm müxtəlif teatrlarda oynanılan tamaşalara verdiyi tərtibatla yadda qalmışdır. İllərlə Azərbaycan Dövlət Akademik Dram Teatrı ilə yaradıcılıq əlaqəsi saxlamışdı. C.Cabbarlının "Yaşar", M.F.Axundovun "Hacı Qara", S
.Vurğunun "Vaqif", A.N.Ostrovskinin "Günahsız müqəssirlər" onlarla başqa səhnə əsərlərinə tərtibat vermişdir.
1952-ci ildə İ.Axundovun üzünə işıqlı qapı açıldı. Məşhur "Molla Nəsrəddin" jurnalının ikinci ömrünü yaşadan "Kirpi" jurnalı nəşrə başladı. Onun ilk redaktoru Əv
əz Sadığın xatirələrində oxuyuruq: "İsmayılı çoxdan tanıyırdım. Yaradıcılığına yaxından bələd idim. Əsərləri görənləri həm güldürür, həm düşündürürdü. Bir tipin portiretinin məntiqində geniş fikir söyləmək çətindir. Ancaq dostumuz İsmayıl bu işin öhdəsindən bacarıqla gəlir. Onun "Aya boylanan", "Günəş Şimaldan çıxır", "Ayı oynayanda", "Şeir yazan pişik" karikaturalarını oxucular maraqla qarşılamışdılar. "Kirpi"nin tanınmasında, populyar olmasında İsmayılın xidmətləri danılmazdı. O, həm mehriban insan, səmimi dost, qayğıkeş, diqqətcil əməkdaş kimi qısa müddət ərzində nüfuz qazandı".
İ.Axundov 1960- ildə yenidən Azərbaycan Dövlət Akademik Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirdi. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlarla birgə çalışdı. Onun tərtibat verdiyi N.Hikmətin "Şöhrət ya unudulan adam", S.Rəhmanın "Əliqulu evlənir", M.Hüseynin "Alov", C.Cabbarlının "Oqtay Eloğlu", M.F.Axundovun "Müsyö Jordan Dərviş Məstəli şah" tamaşalarını bu gün teatrsevərlər ehtiramla yad edirlər.
Görkəmli rəssam respublikamızın ictimai-siyasi həyatında da fəallıq göstərmişdi. Moskvada keçirilən ilk kənd təsərrüfatı sərgisinin tərtibatını vermişdi. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri vəzifəsində işləmişdi. Bakı Şəhər Sovetinin respublika Ali Sovetinin deputatı seçilmişdir. Əməyi, yaradıcılıq axtarışlarının bəhrəsi əvəzsiz qalmamışdır. "Qırmızı Əmək Bayrağı" "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.


Azərbaycan
.-2007.-3 iyul.-S.7.