Məhərrəmova T.

 

Gözəl mahnılar, lirik şeirlər, ürəkdən gələn xoş sözlər...

 

Bilmirəm, niyə adam özünü burda öz evindəki kimi hiss edir. Bəlkə ona görə ki, böyük zalların dolu adamları içərisində sıxıldığından bu kiçik sadə məkan sənə xoş gəlir. Bəlkə təkcə zahirinə deyil, içərisinə qədimlik, köhnəlik çökmüş bu divarlar arasında çox-çox arxada qalan illərin nostalyisi var? Ya bəlkə bu kiçik zalın balaca səhnəsində çıxış edənlər böyük salonların ifaçılarından daha səmimidirlər?

Bu səmimilik, bu mehribanlıq həmişə olduğu kimi dünən İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinə yığışanları öz qoynuna aldı. 8 Mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində qadınları ilk yada salan da bu mərkəz oldu. Həmişə olduğu kimi bu qoca mədəniyyət evi illərdən bəridir ki, qadınlara sadiqliyini sübuta yetirir. Başqa cür ola da bilməz. Çünki mədəniyyət mərkəzi həyata vəsiqəsini Azərbaycanın ilk qadın klubu kimi alıb. Ceyran Bayramova, Ayna Sultanova, Nabat Əfəndiyeva, Səidə İmanzadə, Leyla Məmmədbəyova, Səriyə Xələfova kimi Azərbaycanın məşhur qadınları bu klubu yaradıb. Mədəniyyət mərkəzi tarixi ənənəsinə sadiq qalaraq yenə qadınlar klubu kimi fəaliyyətini davam etdirir. O vaxt savadsızlıqdan qurtulmaq üçün qızlar kluba cəlb olunanda heç kəsin ağlına gəlməzdi ki, vaxtsa onlar dövrün adət-ənənsinə zidd olaraq çalıb-oxuyacaqlar. Valideynləri bilsəydi, qızlarını klubamı buraxardı? Sonradan Azərbaycanın Ağabacı Rzayeva Hökumə Nəcəfova kimi qadın bəstəkarları bu klubda yetişib. Görkəmli sənətkar Əhməd Bakıxanov burada ilk dəfə tarçı qızlardan ibarət ansambl yaradıb. Hansı ki, Üzeyir bəy bu hadisəni Azərbaycan incəsənətində inqilab adlandırıb. Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova kimi sənətkarlar da bu klubdan pərvazlanıb. Simarə İmanova da uğurlarına görə bu kluba minnətdar olmalıdır.

Bütün bu yaddaşı vərəqləyən Mədəniyyət Mərkəzinin bədii rəhbəri Mirəhməd Əsgərov "Bu gün bura gələndə istədim ki, Abşeronun bütün güllərini gətirim, ancaq gördüm ki, sizin gözəlliyiniz qarşısında o güllər çox solğun görünür. Azərbaycanın bütün güllərini sizin ayaqlarınızın altına atıram" - deyə zalda oturan qadınların bayramını bu sözlərlə təbrik etdi: 8 Mart Azərbaycanın ilk yaz bayramıdır. Bu bayramdan sonra Novruz, İstiqlaliyyət bayramları gəlir. 8 Mart nənələrin, anaların, gəlinlərin, sevgililərin, cəsurların bayramıdır".

C.Cabbarlı ev-muzeyinin direktoru Gülarə Cabbarlı da ürək sözlərini dilə gətirdi: "Cəfər Cabbarlı qadınlar haqqında çox əsərlər yazıb. Qadınların taleyi onu həmişə narahat edirdi. Atam istəyirdi ki, qadınlar azad firavan yaşasın. Onun "Sevil" əsəri buna parlaq sübutdur. Azərbaycan qadınları xoşbəxt firavan yaşamağa layiqdirlər. Mən bütün qadınlarımıza xoşbəxtlik arzulayıram".

Xalq artisti Möhlət Müslümov başqa iştirakçılar da qadınları təbrikə qoşuldular.

Gecənin mahnı şer payı bütün iştirakçıların ən gözəl hədiyyəsinə çevrildi. Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının solisti Məhərrəm Həsənov, muğam müsabiqəsinin qaliblərindən Vəfa Orucova, Elnur Zeynalovun oxuduğu xalq mahnıları tədbiri rövnəqləndirdi. Mirəhməd Əskərovun ovqat yaradan zarafatları, söylədiyi şerlər oxuduğu mahnılar isə məclisə ayrı bir rəng verdi.

Ən əsası qadınlar onlara göstərilən diqqətə görə razı idilər. Üstəlik, gözəl mahnılar, həzin lirik şerlər, ürəkdən gələn xoş sözlər... Bu diqqətə görə Mədəniyyət Mərkəzinin rəhbərliyinə ancaq təşəkkür düşür.

 

Kaspi.- 2007.- 6 mart.- S. 16.