Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Xalqımızın
ən qədim zamanlardan müasir dövrədək tarixini
və mədəniyyətinin inkişaf yolunu əks etdirən
Azərbaycan muzeyləri ölkəmizdə zəngin
mədəni irsin qorunması və təbliğ olunması
işində mühüm rol oynayır. Bu gün muzeylərimiz
nadir sənət incilərinin və milli sərvətlərin
nümayiş etdirildiyi geniş bir şəbəkəyə
malik olub respublikamızın bütün bölgələrini
əhatə edir.
Ölkəmizdə muzey işi qədim dövrlərdən
başlayaraq özünəməxsus yol keçmişdir.
Azərbaycan hökmdarlarının saraylarında,
məbədlərdə, həmçinin digər
tikililərdə mədəniyyət tariximizin ən
müxtəlif dövrlərinə aid qiymətli əşyalar
və sənət nümunələri mühafizə
edilmişdir. Tarixi və bədii əhəmiyyət
daşıyan eksponatların mühüm bir qismi sonrakı
dövrlərdə əsas etibarilə şəxsi
kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən
regionda baş vermiş geosiyasi hadisələr
nəticəsində Azərbaycan mədəniyyətinin,
elminin, incəsənətinin unikal nümunələri
yüksək estetik dəyərə malik əsl sənət
möcüzələri kimi dünyanın ən məşhur
muzeylərinin daimi eksponatları sırasında yer
almışdır.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın
ictimai-siyasi, mədəni fikir həyatında
sürətlə cərəyan edən proseslər öz
növbəsində muzey işinin təşkilinə təkan
vermiş və ölkəmizdə müasir tipli muzeylərin
yaradılmasına başlanmışdır. İlk belə
muzeylərdən biri görkəmli maarifpərvər
yazıçı Cəlil Məmmədquluzadənin
təşəbbüsü və yaxından iştirakı
ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.
Azərbaycanda dövlət səviyyəsində 1919-cu
ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən
Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət
göstərmişdir. Maddi mədəniyyət
nümunələrinin, müxtəlif nadir əlyazma və
sənət əsərlərinin toplandığı bu muzeyin
müvafiq şöbələri əsasında 1930-cu
illərdə artıq bir neçə muzey yaradılmışdır.
Sonrakı illər ərzində Azərbaycanda yeni muzeylər
fəaliyyətə başlamışdır. Bu
muzeylərdə davamlı olaraq ekspozisiyalar yaradılmış,
mövcud ekspozisiya və fondlar isə
zənginləşdirilmişdir. Ötən əsrin 70-ci
illərindən etibarən respublikada muzey
şəbəkəsinin inkişafı daha intensiv
şəkil almış və yüzdən artıq muzey
yaradılmışdır. Ölkəmizdə
tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi
şəxsiyyətlərin, ədəbiyyat və
incəsənət xadimlərinin ev muzeyləri, xatirə
muzeyləri təşkil edilmişdir.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi respublikamızda muzeylərin
inkişafına ağır zərbə vurmuşdur. Erməni
silahlı birləşmələri tərəfindən
işğala məruz qalan ərazilərimizdəki
tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər
və muzey-qoruqlar dağıdılmış, muzey
fondlarında mühafizə olunan qiymətli eksponatlar və
sənət yadigarları bütünlüklə qarət
edilmişdir.
Son illər sürətli yüksəliş dövrü
yaşayan ölkəmizdə milli mədəni
sərvətlərin qorunması və gələcək
nəsillərə çatdırılması işinə
lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi
potensialı əsasında yüksək inkişaf tempinə
uyğun olaraq, mədəniyyət sahəsində
ardıcıl mühüm işlər aparılır, bir
sıra mədəniyyət ocaqları yaradılır,
mövcud mərkəzlər üçün isə yeni
binalar inşa olunur.
Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi
istiqamətində lazımi tədbirlər görülür.
Hazırda Azərbaycan Tarixi və Azərbaycan
Ədəbiyyatı muzeylərində əsaslı
yenidənqurma və təmir-bərpa işləri
aparılır. Regionlarımızda muzeylər şəbəkəsinin
inkişafında nəzərəçarpan
irəliləyiş əldə olunmuşdur. Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin
yaradılması və İstiqlal abidəsinin
ucaldılması haqqında” 2006-cı il 18 dekabr və
“Müasir İncəsənət Muzeyinin yaradılması
haqqında” 2006-cı il 19 dekabr tarixli sərəncamları
muzey işinə dövlət qayğısının
aydın təzahürüdür.
Bununla yanaşı, ölkə muzeylərinin mövcud
vəziyyəti bu sahədə təxirəsalınmaz
əlavə tədbirlərin həyata keçirilməsi
zərurəti doğurmuşdur. Bir çox muzeylərin
yerləşdiyi Muzey Mərkəzinin hazırkı
mənzərəsi onun son dərəcə ciddi təmirə
ehtiyacı olduğunu göstərir. Qırx il əvvəl
dünyada ilk dəfə olaraq Bakıda yaradılan, unikal
eksponatlarla zəngin Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyi müasir
beynəlxalq standartlara cavab vermir.
Azərbaycanda muzey işinin
yaxşılaşdırılmasının ölkəmizin
mənəvi həyatının inkişafı
baxımından əhəmiyyətini və perspektivlərini
nəzərə alaraq, elmi və mədəni
sərvətlərdən hərtərəfli istifadə
imkanlarını genişləndirmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti
ilə birlikdə Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni
binasının tikilməsi üçün Bakı
şəhərində müvafiq sahənin ayrılması
və tikinti-quraşdırma işlərinin aparılması
ilə bağlı təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə
birlikdə Azərbaycanın regionlarında fəaliyyət
göstərən muzeylərin müasir standartlara uyğun
təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla
təchizatına dair xüsusi tədbirlər planı
hazırlayıb üç ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinə tapşırılsın ki:
3.1. Muzey Mərkəzinin təmiri və yenidən qurulması
ilə bağlı təkliflərini iki ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Dövlət İncəsənət Muzeyinin
əsaslı təmirindən sonra həmin muzeydə,
Azərbaycan Rəssamlar İttifaqının rəyi nəzərə
alınmaqla, yeni ekspozisiyaların yaradılması ilə
bağlı təkliflərini 2007-ci ilin sentyabr ayına
qədər Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. Azərbaycanda muzeylərin fəaliyyətinin muzey
işinin müasir prinsipləri əsasında dünya standartlarına
müvafiq olaraq yenidən qurulmasını və muzey
ekspozisiyalarının azərbaycançılıq
məfkurəsinə uyğunlaşdırılmasını
təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri
həll etsin.
5. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2007-ci il
Xalq qəzeti.- 2007.- 7 mart.- S. 3.