Arxeoloqlar Abşeron
yarımadasında yeni qəbirüstü abidələr
tapıblar
Bakı-Tbilisi-Ceyhan (BTC)
əsas ixrac neft boru kəmərinin tikintisi ilə
əlaqədar olaraq aparılan qazıntı işlərinin
2002-2005-ci illər üzrə hesabatı yazılır. Bu
barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
direktor müavini Nəcəf Müseyibli məlumat verib. Onun
sözlərinə görə, boru kəmərinin
çəkilişində institutun 30-a yaxın
əməkdaşı iştirak edib.
Bütün qazıntı işləri
isə 4 arxeoloqun müşahidəsi ilə
həyata keçirilib. Qazıntılar
zamanı məqsədyönlü
şəkildə heç
bir abidənin məhv edilmədiyini deyən N.Müseyibli qeyd edib ki,
41 saatlıq arxeoloji qazıntılar zamanı
20 mindən artıq tarixi abidə üzə çıxarılıb:
"Ümumilikdə isə
BTC-nin çəkilişi
zamanı aparılan qazıntı işləri
Azərbaycan arxeologiyası
tarixində ən böyük hadisə sayılır. Miqyasına və üzə
çıxarılan abidələrin
növ müxtəlifliyinə,
sayına görə bu qazıntı işləri yalnız Mingəçevir arxeoloji ekspedisiyasının nəticələri
ilə müqayisə
olunur".
Qeyd edək ki, "Mingəçevir arxeoloji
ekspedisiyası-60" elmi məcmuəsi
bu günlərdə Mingəçevirdə işıq
üzü görüb. Su anbarının tikintisi zamanı yaradılan ekspedisiyanın 60 illiyi ötən ilin noyabrında Mingəçevir
Şəhər İcra
Hakimiyyəti tərəfindən
qeyd olunub, ekspedisiyanın yekunları
elmi konfransda müzakirə edilib.
İşıq üzü görən
216 səhifəlik "Mingəçevir
arxeoloji ekspedisiyası-60" elmi məcmuəsində tapılan arxeoloji materialların elmi təhlili aparılıb, eləcə də
2006-cı ildə ölkə
üzrə aparılan
ekspedisiyaların elmi yekunu tezislər nəticəsində öz
əksini tapıb.
Yeri gəlmişkən, tarix elmləri namizədi İdris Əliyevin Abşeron yarımadasında
apardığı tədqiqatlar
da öz bəhrəsini verib. Arxeoloqlar qazıntılar
zamanı eramızdan əvvəl I minilliyə
aid olan qiymətli qəbirüstü abidələrin
bir neçəsini bu günlərdə üzə çıxarıblar.
Səs.- 2007.- 28 mart.- S. 16.