Behbudqızı S.

 

Təmir-bərpa mədəniyyəti

Yaxud Muxtarovun mülkünün başına səadət quşu qonacaqmı?

 

Yaşayarıq, görərik...

 

Bakının özgün memarlıq ənənələrinə malik olması aşkar faktdır. Mədəniyyətin, sivilizasiyanın beşiyi olmaq kimi gözəl taleyə malik olan az-az şəhərlər var ki, böyük şəhərin tən mərkəzində qədim içəri şəhər yaşayır. Şəhər mədəniyyətinin tarixi çox uzaq dövrlərə gedib-çıxan Bakının İçərişəhəri qədər bayır, böyük şəhəri əsrarəngiz idi. Yaxın keçmişə qədər... O vaxta qədər ki kosmolitizmlə milliliyi təkrarsız şəkildə görkəmində ruhunda yaşadan paytaxtın tarixi-mədəni dəyər daşıyan məhəllələri, binaları bərpa edib ikinci həyata qaytarmaq - binaları bütün sivilizasiyalı ölkələrdə olduğu kimi - əvəzinə dağıdıb, yerində şəhərin həmin ərazisinin landşaftına qətiyyən uyğun gəlməyən çoxmərtəbəli binalar tikilməyə, ya da təmir-bərpa, abadlaşdırma adı ilə yüksək memarlıq dəyərinə malik binaların dəmir alətlə varvarcasına qaşınaraq eybəcərcəsinə ağardılıb simasızlaşdırılması əməliyyatlarına start verilməmişdi (nədənsə, sonuncunun çıxdaş ediləsi bir əməl olduğuna hələlik yüksək səviyyədə diqqət yetirən yoxdur). Amma Bakını tikib-quranlar bu işi qeyri-peşəkarlara həvalə etmədikləri üçün onların qoyub-getdikləri irs ötəri deyil.
   Murtuza Muxtarov küçəsi - 6 ünvanında yerləşən, şəhərin müxtəlif tərzlərin harmoniyasının ən parlaq rəmzlərindən biri kimi tanınan binanın üzərində təmir-bərpa işlərinə başlamaq qərarına gəliblər. Həmin binada yerləşən "Səadət" sarayı, Bəstəkarlar İttifaqı, Aşıqlar Birliyi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə isə müvəqqəti olaraq başqa ünvanlar təklif edilib.
   Binanın inşası haqqında qısa məlumata nəzər salsaq, öyrənərik ki, bu memarlıq abidəsini Bakıda neft sənayesinin birinci yüksəliş dövrünün əsas qəhrəmanlarından biri Murtuza Muxtarov həyat yoldaşı Liza xanımla İtaliya səfərindən qayıdandan sonra, Venesiyanın saraylarının gözəlliyini Bakıda təkrarlamaq, xanımına öz adına layiq hədiyyə etmək məqsədilə inşa etdirib. Binanın inşa prosesi ilə bağlı yarıgerçək, yarıəfsanə tipli, o qədər ürəkaçan olmayan rəvayətlər mövcuddur. 1911-1912-ci illər arasında ərsəyə gətirilən bu arxitektura incisinin layihəsini memar Ploşko qotika üslubunda işləyib. Qotika orta əsrlərdə Qərbi Avropada formalaşmış tikinti tərzidir. Bu üslubda inşa edilmiş binaların damı şişuclu detallardan ibarət olması ilə fərqlənir. Çatma qübbələr, ornamentlərin bolluğu da qotikanın əsas səciyyəsidi. M.Muxtarovun vəsait əsirgəmədən ucaltdığı sarayın sütunları, tağları, buta, gül başqa təsvirlərdə olan bəzəkləri, pəncərələri, qapıları mükəmməl sənət əsərləridir.
   Bina Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin balansında, Mədəniyyət Turizm Nazirliyinin tarixi mədəni abidələrin mühafizəsi bərpası idarəsinin siyahısındadır. Nazirliyin idarəsindən bildirdilər ki, onların hələ ki bu məsələdən xəbərləri yoxdur. Yəni binanın təmir olunacağını eşidiblər, təbii ki. Amma bu işi hansı şirkətin yerinə yetirəcəyi məsələsinin onlarla müzakirəsi hələ baş verməyib...
   Adıçəkilən komitənin ictimaiyyətlə əlaqələr, informasiya protokol sektorundan isə bəyanladılar ki, neft milyonçusu Muxtarovun mülkü, sonralar müxtəlif ictimai birliklərə sığınacaq olmuş bu memarlıq abidəsi yüksək səviyyədə, binanın əzəli görünüşünə xələl gətirmədən təmir edilərək yenidən istifadəyə veriləcək. Sektordan tərəddüdlə olsa da, əmin etdilər ki, təmir işləri başa çatandan sonra binada bu vaxta qədər fəaliyyət göstərən qurumlar yenidən ora qayıdacaqlar. " bina dövlət əmlakı olduğu üçün onun səmərəli təyinatına uyğun istifadəsinə nəzarət ediləcək".
   Binanın fasadından tarixin yaddaşının silinməsi nəticəsində abidənin üzərindəki inşa tarixi ilə divarların təzadının gələcək nəsillər üçün çaşqınlıq, bədxahlar üçün tarixi saxtalaşdırmaq defekti yaradacağı ilə üz-üzə qalacağımız sarıdan olan nigarançılığımızı komitə rəsmisinə bildirdik. Cavab arxayınlaşdırmağa çalışan ruhda oldu...

 

Həftə içi.- 2007.- 6 mart.- S. 8.