Göyyallı X.
Abidələr tarixin
möhürüdür
«Hər
bir alim, yazıçı, jurnalist, bütünllikdə qələm
çalanlar»
öz kəndlərinin, qəsəbələrinin, şəhərlərinin tarixini yazmağa təşəbbüs göstərsinlər. Doğrudur, bu, çətindir, lakin faydalıdır. Çünki bu bir həqiqətdir ki, tarixçilər ümumi tarix yazılar və hər bir yaşayış
məntəqəsinin tarixini həmin yerin sakinləri qədər dəqiq bilməzlər və bu məsələdə onları günahlandırmaq olmaz».
Ziya Bünyadov
Mən Qubadlını əlahiddə bir bölgə kimi təqdim etmək fikrində deyiləm. Ancaq tarixi məntiqin minillik qənaətinin tərəfdarıyam. Bəşəriyyətin keçib gəldiyi uzun əsrlik tarixi yol birmənalı təsdiqləyib ki, ilk insan və ilkin mədəniyyət Dəclə-Fərat çaylarının (Mesopotomiyada, bu sözün hərfi mənası da elə iki çayarası deməkdir) sağ və solunda intişar tapıb. Bu qədim mədəniyyətin ardınca yaranmış antik mədəniyyətlər də, çox maraqlıdır ki, iki çay arasında araya-ərsəyə gəlib. Orxon-Yenisey, Sir-Dərya və Amu-Dərya çayları arasında zaman-zaman yaranmış möhtəşəm mədəniyyət nümunələri də bu obyektiv qanunauyğunluqla bağlıdır. Hələ də kifayət qədər tədqiq olunmamış Kür-Araz mədəniyyəti də tarixin bu pozulmaz qanununa istinadən yaranmışdır.
İki çay arasında əzəmətli mədəniyyətln yaranıb formalaşmasını birbaşa «su həyatdır» məntiqi şərtləndirir. Zaman-zaman düşüncə sahiblərinin bir çoxunun həyatın sudan intişar tapdığı qənaətində olmaları da təsadüfi deyildi. Bu analogiyanı təsadüfən aparmıram. Kür-Araz mədəniyyətinin ən parlaq nümunələri Bərgüşad-Həkəri çayları arasında boy atıb ucalmış maddi mədəniyyət nümunələridir. Məqamı gəlmişkən, onu da qeyd edək ki, Bərgüşad-Həkəri çayları arasında intişar tapmış maddi mədəniyyət abidələri əsaslı şəkildə tədqiq olunmayıb.
Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıbdır. Rayonun ərazisində bu günümüzə qədər gəlib çıxmış abidələr də «əşyayi-dəlil» kimi bu faktı əyani şəkildə təsdiqləyir. Tarixi abidələr insan oğlunun əlinin, beyninin, fiziki və intellektual cəhdinin məhsuludur. Hər bir insan (xalq, millət) öz dünyagörüşünə, təfəkkürünə uyğun düşünüb və düşüncəsini lazımi zaman-məkan harmoniyasında da həyata keçiribdir. Bəli, maddi-mənəvi, dəyərlər qanın-genin diktəsindən yaranıbdır.
Belə bir gerçək həyati formul var: «Heç nə, heç nədən yaranmır». Hər bir şeyin maddi-mənəvi əsası olmalıdır. Maddi-mənəvi abidələr də insanın özünüdərk erasının məhsuludur. Bu gün ermənilərin min bir hiylə və «zəhərverənlərinin» köməkliyilə işğal etdikləri Qarabağ və onun ətrafmdakı ərazilərdə qalmış maddi-mənəvi mədəniyyət abidələri qədim türk düşüncələrin və əl izlərini qoruyub saxlamaqdadır (Qarı düşmən onları sıradan çıxarmış olsa belə).
Qubadlı qədim yaşayış məskənlərindən
biridir. Bu faktı
əyani şəkildə
onlarla mədəniyyət
nümunələri təsdiqləyir.
Mağaralar
Rayonun ərazisində qədim insanın yaşadığı onlarla mağara (kaha) mövcud olmuşdur. Aşağı Mollu kəndində doqquz, Əliquluuşağı kəndində beş, Həmzəli kəndində doqquz qədim insan məskəni olmuş kaha (mağara) bu günümüzə qədər durmaqdadır. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və b. kəndlərdə də qədim yaşayış məskənləri vardır. «Gavur dərəsi» deyilən ərazidə IV əsrə aid mağara vardır.
Qalalar
Qala sözünü eşidəndə qeyri-iradi
adamın gözü önünə
sıldırım, keçilməz
uca dağlar gəlir. Qala deyəndə adamın qanı coşur, ürəyinə təpər,
qoluna qüvvət gəlir. Qubadlının ərazisində tarixə yoldaşlıq etmiş, mühafizə, gözətçi
funksiyasını yerinə
yetirmiş qalalar mövcuddur. Əliquluuşağı
kəndində Göy
qala (V əsr), Muradxanlı kəndində
«Qalalı» qalası, Xocamsaxlı kəndində
Qala rayon işğal olunana qədər dururdu. Yeri düşmüşkən, onu da
qeyd edək ki, Xocamsaxlı kəndinin qədim adı Qalacıq olub. Kənd sakinləri hələ də kəndin əski adını (Qalacıq) daha çox işlədirlər.
Xocamsaxlı antrotoponimi
Qalacıq toponimindən
qat-qat sonralar
yaranmışdır.
Türbələr
Türbələr indiki göydələnlərin yadlaşmış əcdadlarıdır. O türbələr ki, dibindən göz qıyıb başına baxanda adamın gözü qaralıb, başı fırlanıb, başından papağı düşüb, O türbələrdə məxsusi zamanın arxitekturası qorunub saxlanılıb. Akustika funksiyasını bütün incəliyi ilə yerinə yetirən türbə arxitektonikasından sonrakı dövrlərdə də kifayət qədər istifadə edilmişdir. Rayon ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. Dəmirçilər kəndindəki türbə 14-cü, Gürcülü kəndindəki «İmamzadə» türbəsi 17-ci, Yazı düzü adlandırılan sahədəki Cavanşir türbəsi 14-cü əsrin daşa dönmüş minaraləridir.
Körpülər
Yuxarıda qeyd etdik ki, rayonun ərazisindən iki bol sulu çay (bir neçə xırda çay da var) axır. Bu çaylar üzərindən körpülərin salınması zamanın və təbiətin sifarişi olubdur. Körpü - həyatın sığortası, rahatlıq və ünsiyyət vasitəsidir. Qubadlı rayonu ərazisində üç qədim körpü olub. Bunlardan ikisi (Laləzar və Hacı Bədəl körpüsü) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınıb. Qubadlı ərazisində ən qədim körpünün Qaraikişilər kəndində «Sınıq körpü» olduğu söylənilir. «Sınıq körpü»nün taleyi xalq arasında əfsanələrə bələnilibdir. Körpünün salınması barədə yaranmış əfsanədən belə ehtimal etmək olar ki, körpü «əyyamı-qədimin» abidəsi olubdur. Rəvayətə görə, bu körpünü kişi paltarı geymiş bir qız tikibdir. Körpü sonralar sınıb sıradan çıxmışdır.
Digər iki körpü (Laləzar və Hacı Bədəl körpüsü) tarixin bir qədər sonrakı dönəmlərində inşa edilibdir.
Maraqlı arxitekturası və qəribə taleyi olan Laləzar körpüsü 1867-ci ildə tikilibdir. Laləzar körpüsü Bərgüşad çayının üzərində altı oval, üstü düz bir formada salınıbdır.
Hacı Bədəl körpüsü XIX əsrin nişanəsidir. Yaxın tarixin yaşıdı olan körpünün şəffaf bir «avtobioqrafiya»sı vardır.
Bu körpünü Dəmirçilər kəndinin sayılıb-seçilən el ağsaqqallarından olmuş Hacı Bədəl adlı bir şəxs öz xərci hesabına tikdiribdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi.
Hər iki körpü räyon işğal olunana qədər öz funksiyasını gərəyincə yerinə
yetirirdi. Əfsuslar ki, bu körpülər
və digər maddi mədəniyyət abidələri Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
qeydə alınsa da, ən kiçik
araşdırmaya belə
cəlb olunmayıblar.
Əslində, bu abidələr xalqın taleyidir, xarakteri və avtobioqrafiyasıdır.
Qubadlı ərazisində
mövcud olmuş maddi mədəniyyət abidələri orada yaşayıb yaratmış
türklərin yüksək
intellektini, həyat tərzini xarakterizə edir. Bu maddi
sərvətlər lap
qədimdən həmin
regionda məskunlaşmış
türklərin özünüdərk
atributudur. Bu məntiqi yaxşı
bilən riyakar qonşularımız daim türklərin maddi-mənəvi sərvətlərinə
qənim kəsiliblər.
Çox güman ki, Qubadlı ərazisində mövcud olmuş mədəniyyət
nümunələri də
mənfur ermənilərin
barbar düşüncəsinin
qurbanı olub. Qubadlının zamanın
hansı dönəmindəsə
doğma sahibinin olacağına inanırıq.
Ancaq Qubadlının maddi-mənəvi abidələrinin salamat qalmasına inamımız
yoxdur...
Mədəniyyət.- 2007.- 2 mart.- S. 4.