Azərbaycan dünyanın
ən iri turizm yarmarkasında təqdim edilib
İtaliyanın Milan şəhərində keçirilən
dünyanın ən iri turizm yarmarkalarından
birində Azərbaycanın
bu sahədə nailiyyətləri böyük
uğurla nümayiş
etdirilib. Ekspozisiyamızın yerləşdiyi pavilyon
həmişə gediş-gəlişli
olmuş, italyanlar və qonaqlar Azərbaycan bölməsini
yüksək qiymətləndiriblər.
Milanda hər il qış
mövsümünün sonlarında
təşkil olunan bu yarmarka turizm
sənayesinin çoxsaylı
nümayəndələrini, dünyanın aparıcı
turizm operatorlarını
bir araya gətirir.
Tədbir bu dəfə də iştirakçıların
və qonaqların ümidlərini doğruldub. İtaliyada
ən böyük turizm tədbiri ekspozisiyalarının yerləşdiyi
9 pavilyonda (Fieramilano sərgi mərkəzinin ümumi sahəsi 65 min kvadrat-metrdir) turizm şirkətlərinin və
aviaşirkətlərin, hotellərin,
bir sözlə, çoxşaxəli turizm
sənayesinin planetimizin
bütün guşələrindəki
təmsilçilərini görmək
mümkün idi. Təşkilatçılar vurğulamışlar
ki, bu il sərgiyə rekord sayda - 150 min tamaşaçı gəlib.
Fəaliyyət göstərdiyi
26 il ərzində
Milan yarmarkasının
ən yaxşı təkliflər irəli sürən yerli və xarici firmalardan ibarət daimi tərkibi formalaşmışdır. Yarmarkada ilk dəfə
iştirak edən Azərbaycan bu tərkibi daha da
genişləndirib. 90 kvadrat-metr
sahədə yerləşən xüsusi stenddə turizm
imkanlarımızın dolğun və rəngarəng
informasiya təqdimatı olub. Azərbaycanın tarixi,
ənənələri, iqlim şəraiti, turizm obyektləri
və istirahət zonaları, habelə ekspozisiyanın
məzmunlu dizaynı və texniki təchizatı xarici mütəxəssisləri,
peşəkarları, səyahət
həvəskarlarını maraqlandırıb. Milli
üçlüyün bir neçə gün ərzində
pavilyonda təşkil etdiyi mini-konsertlər
çılğın italyanları ekspozisiyamıza daha
çox cəlb etmiş və gurultulu alqışlar
qazanıb. Stenddə Azərbaycan milli aviaşirkəti də
təmsil olunub ki, bu da son illər dünya turizm bazarında
getdikcə cəlbedici imic qazanan ölkəmiz haqqında
təəssüratları daha da gücləndirib.
Palitra.- 2007.- 13 mart.- S. 13.