Leyla

 

Azərbaycanın turizm imkanları Milanda nümayiş edildi

 

İtaliyanın Milan şəhərində keçirilən dünyanın ən iri turizm yarmarkalarından birində Azərbaycanın bu sahədə nailiyyətləri böyük uğurla nümayiş etdirildi. Ekspozisiyaınızın yerləşdiyi pavilyonu ziyarət edən italyanlar və qonaqlar Azərbaycan bölməsini yüksək qiymətləndiriblər. Xatırladaq ki, Milanda hər il qış mövsümünün sonlarında təşkil olunan bu yarmarka turizm sənayesinin çoxsaylı nümayəndələrini, dünyanın aparıcı turizm operatorlarını bir araya gətirir. Tədbir bu dəfə də iştirakçıların və qonaqların marağına səbəb olub. Onu da bildirək ki, İtaliyada ən böyük turizm tədbiri ekspozisiyalarının yerləşdiyi 9 pavilyonda turizm şirkətlərinin və aviaşirkətlərin, hotellərin, bir sözlə, çoxşaxəli turizm sənayesinin planetimizin bütün guşələrindəki təmsilçiləri yığışıb. Təşkilatçılar bu il sərgiyə rekord sayda – 150 min tamaşaçı gəldiyini söyləyiblər. Fəaliyyət göstərdiyi 26 il ərzində Milan yarmarkasının ən yaxşı təkliflər irəli sürən yerli və xarici firmalardan ibarət daimi tərkibi formalaşıb. Yarmarkada ilk dəfə iştirak edən Azərbaycan bu tərkibi daha da genişləndirib. 90 kvadratmetr sahədə yerləşən xüsusi stenddə ölkəmizin turizm imkanları haqda dolğun və rəngarəng informasiya təqdim edilib.

Azərbaycanın tarixi, ənənələri, iqlim şəraiti, turizm obyektləri və istirahət zonaları, habelə ekspozisiyanın məzmunlu  dizaynı ve texniki təchizatı xarici mütəxəssisləri, peşəkarları, səyahət həvəskarlarını maraqlandırıb. Milli üçlüyün bir neçə gün ərzində pavilyonda təşkil etdiyi mini-konsertlər italyanları ekspozisiyamıza daha çox cəlb edib.

Stenddə Azərbaycan milli aviaşirkəti təmsil edilib.

 

Yaddaş.- 2007.- 15 mart.- S. 7.