Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin
yaradıcılıq fəaliyyəti üçün daha əlverişli
şəraitin yaradılması məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikası Dövlət Əmlakının
İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan
Rəssamlar İttifaqının yerləşdiyi binanın
(Xaqani küçəsi, 19) əsaslı təmiri ilə
bağlı təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Bakı Şəhər İcra Hakimiyyəti Abşeron
yarımadasında Azərbaycan Rəssamlar
İttifaqının üzvləri üçün
yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini
bir ay müddətində Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı və digər
aidiyyəti qurumların təklifləri nəzərə
alınmaqla Azərbaycanın təsviri sənət incilərinin
2008-2013-cü illərdə xarici ölkələrdə
nümayiş etdirilməsinə dair təkliflərini
üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Rəssamlar İttifaqının təklifləri
nəzərə alınmaqla yaşlı və gənc nəsil
rəssamların yaradıcılıq fəaliyyətini təmin
etmək üçün xüsusi təqaüd fondunun
yaradılması və həmin fonddan istifadə qaydaları
ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2007-ci il
Azərbaycan.-2007.-13
mart.-S.1.