Xəlilzadə F.

 

Bəhramın rənglər dünyası

 

Bu ilin fevralında ölkə başçısı cənab İlham Əliyev 2007-ci ilin "Gənclər ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamla bağlı əlaqədar təşkilatların keçirəcəyi tədbirlər sırasında gənc istedadlara da qayğı və diqqət nəzərdə tutulub. Bu da səbəbsiz deyil. Hər bir gənc bizim işıqlı sabahımız deməkdir.
Kiçik qəhrəmanımızın 10 yaşı var. Amma yaşının azlığına baxmayaraq, istedadı sayəsində azman sənətkarlarla bir sırada dayanmaq gücünə malikdir. Əli fırça tutandan rənglərlə işləməyi sevən, ürəyindən keçənləri, ən başlıcası, heyrətini müxtəlif naxışların dili ilə ifadə edən Bəhram Yaradanquliyev Bakı şəhərində anadan olub. 3 yaşından müxtəlif rəsmlər çəkməyi bacaran bu balaca rəssam XXI əsr "İstedad" məktəbində təhsil alır. Məşhur rəssam İnna Konstinanın rəhbərliyi altında "7 əlvan kəpənək" adlı studiyada sevdiyi sənətlə müntəzəm məşğul olur. Onun ilk qələbəsi 2 il bundan əvvəl olub. 8 yaşlı Bəhram respublika Rəssamlar İttifaqı və Dövlət Teleradio Şirkəti tərəfindən Türkiyə səfirliyinin köməyi ilə keçirilən "Elimizə yaz gəlib" adlı müsabiqədə öz yaşıdlarına qalib gəlmişdir. İlk fərdi sərgisi isə 6 yaşında olarkən oxuduğu məktəbin qalereyasında keçirilmişdir.
Bəhramın rənglər dünyası olduqca maraqlıdır. Xüsusilə də Avropa rəssamlarının yaradıcılığına meyli daha güclüdür. Bu istək onun bir sıra portretlərində, eləcə də karandaşla işlədiyi cizgilərdə öz əksini tapıb. Hiss olunur ki, Bəhram istənilən rəsm əsərinin, portretin üzünü bacarıqla köçürə bilir. Əlbəttə, onun təbii naturadan kətan və kağız üzərinə işlədiyi orijinal əsərlər də var. "Tutuquşu", "Yay", "Mənim anam", "Natürmort", "Novruz bayramı", "Anamın ad günü", "Mən və şəhərim Bakı" və başqa əsərləri maraqla baxılır. Hiss olunur ki, Bəhramın həyata, onun gözəlliklərinə öz münasibəti var.
Balaca rəssamın əsərləri həmişə diqqət mərkəzindədir. O, bir sıra müsabiqələrdə uğurla iştirak edir. "Yaponiya Günəş doğan ölkədir" adlı uşaq müsabiqəsində (2005) Bəhram yenə də qalib gəlmişdir. Onun ikinci fərdi sərgisi 2005-ci ilin dekabr ayında "Abşeron-Art" qalereyasında keçirilmişdir. Burada gənc istedadın 40-dan artıq işi nümayiş etdirilmişdir. O, tutqun sulu boya, pastel, karandaşla işləməyi daha çox sevir. 2006-cı ilin yanvarında "Space" telekanalı tərəfindən Bəhram Yaradanquliyevin üçüncü sərgisi tamaşaçılara təqdim edildi. Burada gənc rəssamın 60 əsəri nümayiş olunurdu. 2006-cı ilin mart ayında keçirilən "Elimizə yaz gəlib" adlı müsabiqədə Bəhram yenidən uğur qazanmışdır. Demək olar ki, Bəhram bütün müsabiqələrdə iştirak edir, həmişə də uğur qazanır. Öz yaşıdları arasında Bəhramın uduzduğu müsabiqə olmayıb. Onun işlərindən ibarət kataloqlar işıq üzü görüb.
Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir SalahovE kimi məşhur rəssamların məharətlə saldığı böyük yola yeni bir kövrək cığır da qovuşmaqdadır. Bu cığırda öz inamlı addımlarını atan 10 yaşlı rəssamın gələcəkdə həqiqətən bu möhtəşəm sırada ləyaqətlə yer tutması inandırıcıdır. Çünki Bəhram yaşından çox irəli gedərək məsuliyyətlə işləməyi, reallıqları öz duyğularından, idrakından keçirərək kətan üzərində maraqlı, baxımlı, orijinal əks etdirməyi bacarır. Bu yolda ona uğurlar arzulayırıq. 2007-ci il Gənclər ilidir. Yəqin ki, bu möhtəşəm ilə də Bəhramın öz töhfələri olacaqdır.

Azərbaycan.- 2007.- 16 mart.- S. 8.