Qaliboğlu E.

 

Sürüklənən bəşəriyyət qadınla yüksələcək

 

Azərbaycanın qadın rəssamlarının sərgisi açılıb

Qadın dünyası sirli-sehrlidir. Yüzillərdir ki, incəsənətin müxtəlif sahələri bu sirli dünyanın əsrarəngizliyi, özünəməxsusluğu barədə yazır, amma mövzu bitmək bilmir ki, bilmir. Maraqlısı qəribəsi budur ki, qadınlar da çox hallarda özlərindən yazırlar; incəsənət onlara özlərini ifadə etmək üçün geniş imkanlar verir. Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin qadınlar haqqında yüzillər ərzində formalaşmış qənaətləri ilahiliklə yanaşı həm təzadlı xarakter daşıyıb. Əslində cəmiyyətdə qadınlarla bağlı yaranan ziddiyyətli təəssüratların səbəbkarı əksər hallarda kişilər olub. Qadın həmişə fitrətən kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi kişi həmişə qadın zərifliyini idealizə edib. Türk ailəçiliyində qadına ilahi münasibət son dərəcə heyrətamizdir. "Dədə Qorqud dastanları"nda qadın kişinin "başının baxtı, evinin taxtı" hesab olunur. Təəssüf ki, indi qadına ilahi münasibət səngiməkdədir...

Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. İlk baxışda tamaşaçıda yaranan qənaət budur ki, sərgidə əsasən son dövrlərdə çəkilmiş əsərlər nümayiş etdirilir. Sərginin təşkilatçısı Azərbaycan Rəssalar İttifaqıdır. Burada 80 qadının 120 əsəri nümayiş olunur. İmzaların içərisində tanınmışlar azlıq təşkil edir. Bununla belə əsərlərin əlvanlığı göz oxşayır, Azərbaycan qadınlarının sonsuz yaradıcılıq imkanlarının olması barədə tamaşaçıda nikbin əhval yaradır. 5 gün çəkəcək sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət (xalçaçılıq, qobelen, batika, keramika, zərgərlik) nümunələri nümayiş olunur.

Əsərlər bölüm-bölüm düzülüb, mövzu rəngarəngliyi diqqəti cəlb edir. Həmişə bizdə daha çox hesab edirlər ki, əsər böyük olduqca onun dəyəri, ifadə edəcəyi məzmun da güclü olur. Əslində isə əsərin böyük-balacalığından asılı olmayaraq onun dərəcədə mahiyyəti özündə daşıması əsasdır. Belədə həmin əsərin bənzərsizliyi təqdimatsız belə görünür, bilinir.

Mərhum xalçaçı rəssam Lətif Kərimovdan dərs almış Lətifə Qarayevanın xalçası zərifliyi, əlvan, biçimli naxışları ilə diqqəti cəlb edir. Balaca həcmli əsərdə bahar mövzusunda çoxlu düşündürücü elementlər var. Təsadüfi deyil ki, sözügedən əsər sərgi salonunda başdan asılıb. Əsərin altında sadəcə, "Xalça" yazılsa da, Lətifə xanım əsərin "Bahar" adlandığını bildirir. Ümumiyyətlə, bəzi əsərlərin altında adı yoxdur, həmçinin əsərin yalnız rusca yazılmasına da rast gəlinir. Elə rəsm var ki, altında yalnız familiyası yazılıb s. Salonun girişində müəlliflər barəsində ümumi bilgi vermək pis olmazdı.

Xalidə Nəsirovanın "Qurama"sında müxtəlif rənglərin ilğımı, vəhdəti, çələngi diqqəti cəlb edir. Digər "Qurama" isə sanki bunun davamıdır. Xəyallı təəssürat nağıllıdır, uşaq obrazları ilə zəngindir, gözəldir. İradə Rzayevanın "Çiçəklər"i gözəldir. Ümumiyyətlə, sərgidə xeyli natürmort olması diqqəti cəlb edir.

Könül Yaqub qızının "Balalı buta" əsəri saplarla işlənib.

Gözəl bir qız surəti təsvir olunub, çiynində kuzə, əlində isə badə var. Əliyeva Nərminənin "Şərq qızı" əsərində göylü-qırmızılı ilğım var. Kəlağayılı qız İçərişəhərin fonunda təsvir olunub. Fəridə Bayramovanın "Həyatın əmələ gəlməsi" əsərində mücərrədlik sezilir. Rəssam fikrini çatdırmaq üçün müxtəlif rəmzi obrazlardan istifadə edib. Aktrisa Suğra Bağırzadənin quramaları, müxtəlif əsərləri oxuculara yaxşı tanışdır. Sərgidə onun "Bətndə həyat" əsəri asılıb. Sanki canlı çiçəklər güldanda donub qalıb. Doğrudan da Suğra xanım canlı çiçəklərdən tablo yarada bilib. Güldanın ortasında yarımçıq bir şam var.

Ülviyyyə Əliyevanın balaca həcmli toxuma əsərini niyə "İnteqrasiya" adlandırması tamaşaçı üçün anlaşılmır. Cəmilə Babayeva parça üzərində "Ayrılıq" adlı əsər yaradıb: insanın insana həsrətini, nisgilini göstərə bilib. Mələk Hacıyevanın "Şəbəkəvari şəbəkə"si saplarla toxunub, doğrudan da şəbəkə yaradıb. Bənövşə Mirzəyeva "Narlar" adlı əsərini xırda daşlardan yaradıb. Əsərin altında soyadı göstərilməyən Nərgizin "Çiçəklər"i balıqqulaqlarından ibarətdir. Təbiətin cansız balıqqulaqlarına rəssam nəfəs verə bilib.

Samirə Rəhimovanın qalın yun iplərdən istifadə etməklə toxuduğu "İçərişəhər"i tamaşaçıya qədim Bakını bu maraqlı lövhədə tanıdır. Hər halda bu, maraqlı bir tapıntıdır. Günel Hacıbabayevanın "Yasəmən"i incə saplardan yaranıb. Dilarə Qədimovanın "Yay səhəri", Hacıyeva Bəyimxanımın "Mənzərə" başqa əsərlərdə məna azdır.

Ümumiyyətlə, qadın rəssamlarımızın sərgiyə çıxarılan əsərlərində sırf, özünəməxsus ideyalı əsərlərə demək olar, az rast gəlinir. Azərbaycanın qadın rəssamlarının neçə onillər ərzində yaratdıqları gözəl əsərlər hamıya məlumdur. Bütün bunlar onu deyir ki, daha gözəl, maraqlı, düşündürücü əsərlərin indən sonra yaradılması son dərəcə zəruridir. Nigar Nərimanbəyovanın silsilə əsərləri mahiyyətcə biri-birilə bağlıdır. "Əfsanə" adlı əsərdə üç uşaq qanadlı mələk kimidir. Digər bir əsərdə isə ana uşağın vəhdəti var. Başqa bir əsərdə çəmənlikdə yalqız qalan uşaq təsvir olunub. Valentina Kərimovanın "Güllər"i yağlı boya ilə gözəl alınıb.

Böyükxanım Dadaşovanın natürmortu qədim əşyaların təsviri ilə yadda qalır. E.Mustafayevanın "Payız", "Meşə" əsərlərində nağılvarilik var. Dilarə Qədimovanın "Su zanbağı" əsərində gözəl bir harmoniya yaradılıb: gözəl su zanbaqlarının içindən boylanan deyəsən, gözəllik ilahəsidir.

Rovetkina Larisanın "Köhnə ev"i maraqlı bir bənzətmə ilə yadda qalır: köhnə evin qabağında qoca bir qarı oturub, yanındada it var: əsərdə yalqızlıq motivi aydınca sezilir.

 

Xalq cəbhəsi.- 10 mart.- S. 15.