İstedadlı fırça ustası

 

Otuz il əvvəl "Ögey ana" bədii filmində İsmayıl rolunun ifaçısı, sonra Qarabağ uğrunda döyüşləri, zülümləri, zillətləri "Fəryad" filmində canlandıran aktyor-rejissor Ceyhun Mirzəyevlə "Azərbaycanfilm" kinostudiyasının önündə söhbətləşirdik. Bu zaman bir nəfər yaxınlaşıb onun halını, vəziyyətini soruşdu. Xoş cavabdan məmnun qalıb bizdən ayrıldı. Ceyhun dedi ki, o, 30-dan artıq bədii filmə tərtibat vermiş, əsərləri dünyanın əksər ölkələrinin sərgi salonlarında uğurla nümayiş olunan xalq rəssamı, Dövlət mükafatı laureatı Elbəy Rzaquliyevdir.
Həmin gün kino sənətimizin inkişafında unudulmaz xidmətləri olan Ceyhundan eşitdiklərim hələ yadımda qalıb: "Tale üzümə qapı açdı. Məni dəvət etdilər "Ögey ana"da İsmayıl roluna çəkilməyə. Bəzən çəkilişlərə gəlmirdim, kamera qarşısından qaçırdım. Obrazın qrimini, geyimini bəyənmirdim. Belə vaxtlarda Elbəy müəllim mənə məsləhət, nəsihət verərdi. Bir gün rejissordan, operatordan xəlvət İsmayılın kostyumunu, papağını dəyişdim. Quruluşçu rəssam Elbəy müəllim mənə yaxınlaşıb: "Axı belə olmaz. Sən əsərin mənasını, mövzusunu dəyişirsən", - dedi. Onun müraciəti o qədər doğma, səmimi idi ki, bir belə hərəkət etmədim".
E.Rzaquliyev 80 il əvvəl Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi uğurla başa vurub, incəsənət texnikumuna daxil olub. Mikayıl Abdullayevdən, Böyükağa Mirzəzadədən dərs alıb. Sevdiyi, ürəyindən keçən mövzunu kağız, kətan üzərində elə ifadəli işləyərmiş ki, baxanlar valeh olarmış. İkinci dünya müharibəsindən sonra Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib. O zamandan çox illər keçməsinə baxmayaraq, bu gün fəxr edir ki, tələbəlik dövründə Üzeyir bəyi, Səməd Vurğunu tanıyıb, Tofiq Tağızadə, Ağadadaş Qurbanov, Ağasadıq Gəraybəyli, Leyla Bədirbəyli, Nəcibə Məlikova ilə birgə işləyib. Qürur hissi duyur ki, "Arşın mal alan", "Telefonçu qız", "Möcüzələr adası", "İstintaq davam edir", "Tütək səsi", "Sevil" başqa filmlərə bədii tərtibat verib.
Xalq rəssamı, prezident təqaüdçüsü Rafiq Mehdiyev deyir:
- Elbəyi çoxdan tanıyıram. Olduqca zəhmətsevər, milli ənənəyə, adətə sadiq insandır. Onun tərtibat verdiyi bədii filmlərdə, əsərlərində milli kolorit aşkar hiss olunur. O, Rəssamlar İttifaqına üzvlüyə qəbul olunmaları üçün neçə-neçə gənc həmkarına zəmanət verib. Mənzillə, fərdi emalatxana ilə təmin olunmalarına qayğı göstərib. Uzun illərdir ki, Elbəy yaradıcılığı ilə tamaşaçıları sevindirir. Əl işlərinin adlarına nəzər yetirmək kifayətdir ki, onun təfəkkür dairəsinin necə geniş olduğunu biləsən. "Qələbə bayramı" mövzusunda tabloları, Bakı Abşeron mənzərələri fırça ustasının maraqla baxılan əsərləri sırasındadır. "Ərəb silsiləsi", "Meksikaya səyahət", "Hindistan abidələri" əsərləri, "Yaponiya", "ABŞ", "Rumıniya" qravürləri müxtəlif şəkil qalereyalarında uğurla nümayiş etdirilib.
Sənətkarın bu günlərdə S.Bəhlulzadə adına sərgi salonunda ömrünün 80 illiyinə həsr olunmuş fərdi sərgisini tamaşaçılar ədəbi hadisə kimi qarşıladılar. "Azercell Telecom" birgə müəssisəsinin təşkilatçılığı ilə keçirilən həmin tədbirdə qonaqlar rəssamın zəngin yaradıcılığı ilə bir daha tanış oldular. "Azercell"in baş müdiri A.Halim Atəş aldığı xoş təəssüratı, ürək sözlərini bildirdi: "Azərbaycanın çox zəngin mədəniyyəti var. Zaman-zaman bu diyar fitri istedadlar yetişdirib. Onlar Azərbaycan mədəniyyətinə misilsiz töhfələr veriblər. Elbəy Rzaquliyev kimi sənətkarlar Azərbaycan üçün çox önəmli dəyərlərdirE"
Rəssamın çoxillik dostu, tanınan qələm sahibi Azad Şərifin xatirəsindən:
- Elbəy Rzaquliyevin fərdi sərgiləri arasında ən böyüyü 1989-cu ilin oktyabrında Moskvada oldu. Həmin vaxt ulu öndər Heydər Əliyevin sərgiyə gəlməsi rəssamı həddən artıq məmnun etdi. Eksponatlarla tanış olan ulu öndər Elbəyə yeni-yeni uğurlar arzuladı. O, həmişə azad yaradıcılığa üstünlük verib. Son illər rəssam bir-birindən gözəl natürmortlar, təbiət təsvirləri çəkir. Elbəy Rzaquliyev doğma xalqımıza şərəf gətirən fırça ustasıdır, göz açdığı, boya-başa çatdığı İçərişəhərə ürəkdən, qəlbən vurğundur.
Səmimi insan, görkəmli fırça ustasının yenə gənclik həvəsi ilə molbert önündə dayanmasını, baxımlı, yaddaqalımlı əsərlər yaratmasını arzulayırıq.

 

Azərbaycan.- 2007.- 21 mart.- S. 8.