Tağıyeva Ş.

 

“Bakı” rəsm qalereyası dəvət edir

 

Azərbaycan tarixinin canlı şahidləri olan möhtəşəm memarlıq abidələrinin məskunlaşdığı bənzərsiz İçərişəhərin qədim qala divarları arasında təsviri sənətimizi təbliğ edən daha bir mədəniyyət ocağı – “Bakı” rəsm qalereyası fəaliyyətə başlamışdır. Qalereya qısa bir vaxtda bakılıların və qonaqların bir növ görüş yerinə, istirahət mərkəzinə çevrilmişdir. Burada nümayiş etdirilən sənət əsərləri paytaxtımız haqqında qonaqlarımızda zəngin təəssürat yaradır. İlk öncə "Sevmək - yorulmadan seyr edib zövq almaq deməkdir" adlı foto sərgidən söz açmaq istərdik. Rusiya radiosu və Bi-Bi-Si müxbiri Larisa Zaxarovanın qalereyada açılmış bu sərgisində müəllifin 40-dan çox fotosu göstərilir. Onların çoxu Azərbaycanda - Hövsanda, Lənkəran-da, Lahıcda və Bakın Nəbatət bağında çəkilib. "Bakı buxtasında dan yeri", "Qar altında nərgizlər", "Bulağın portreti", "Azərbaycan səması" triptixi xüsusilə cəlb edir. Larisa 15 il ərzində Rusiya radiosunun aparıcısı və eyni zamanda Bi-Bi-Si radiosunun rus xidmətinin Sankt-Peterburqda müxbiri  işləyib.  Onun  Sankt-Peterburqda Jurnalistlər evində açılmış ilk sərgisi müvəffəqiyyətlə keçirilib. Həyat yoldaşı, Bi-Bİ-Si Monitorinq Qafqaz bürosunun rəhbəri Tim Koyinin ezamiyyətilə əlaqədar Larisa ailəsi ilə birlikdə iki ildir ki, Bakıda yaşayır.

Sərginin açılışında Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək bildirdi ki, fotoların hamısında sanki bir təbəssüm var. Azərbaycan Fotoqrafçılar İttifaqının sədri Rafiq Qənbərov da fotoların çox peşəkar çəkildiyini, bu janrda müəllifin özünəməxsus bir yer tutduğunu söylədı.

Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ tətbiqi sənət şöbəsinin müdiri, sənətsünas Leyla Axundzadə "Bakı" rəsm qalereyasının fəaliyyətini yüksək dəyərləndirdi..

"Bakı" rəsm qalereyası ilə eyni vaxtda "Bakı" yaradıcı qrup da yaradılmışdır. Qrupa istedadlı rəssamlar toplaşmışlar. Bu, ilk növbədə gözəl Bakımızın adını daşıyan müstəqil yaradıcı qrupdur. Əsas işimiz bu gün müasir təsviri sənətdə olan cərəyanları sənətsevərlərə təqdim etməkdir.

Novruz bayramı ərəfəsində qalereyada "Bahar" adlı rəsm sərgisi açılmışdır. Ekspozisiyada yaradıcı qrupun üzvləri olan əməkdar rəssam, professor Adil Rüstəmovun, əməkdar rəssam Arif Qazıyevin, rəssamlardan Mirteyyub Xəlilovun, Təbriz Abdullayevin, Vüqar Həziyevin, Yusif Mirzənin, Əsgər Əsgərovun və bir çox başqalarının baharı, Novruzu vəsf edən əsərləri nümayiş etdirilir.

Qalereyanın rəhbəri, istedadlı rəssam Eldəniz Babayev bildirdi ki, bizim əsas işimiz həm də əcnəbi qonaqlarımıza təsviri sənətimizi təbliğ etməkdir. Yeri gəlmişkən qeyd edim ki, bir çox ölkələrin paytaxt şəhərlərində fəaliyyət göstərən yaradıcı qruplar artıq bizimlə əməkdaşlıq etmək arzusunda olduqlarını bildirmişlər. Məsələn, Riqadakı "Anna" rəsm qalereyası, İstanbuldakı "Lebuz" sənət qalereyasını qeyd edə bilərəm. İngiltərə və Moskvanın yaradıcı qrupları ilə əlaqələr nəzərdə tutulur.

Yaradıcı qrup təkcə qalereyanın tədbirində iştirak etməklə kifayətlənmir, o ümumşəhər tədbirlərində də öz köməyini əsirgəmir. Sənətsevərlərlə sənətçilər arasında bir növ körpü rolu oynayır. Məqsədimiz ümumşəhər əhəmiyyətli tədbirlərdən kənarda qalmamaq, təsviri sənətdəkı yeniliklərlə onları tanış etməkdir.

"Bakı"- rəsm qalereyasının geniş tədbirlərində planı nəzərdə tutulur. Tezliklə respublikada fotoqrafçıların festivalı keçiriləcək. Bizim qalereya da bu festivalda iştirak edəcək. Biz eyni zamanda yaradıcı qrupa daxil olan rəssamların fərdi sərgilərini zaman-zaman açmağı planlaşdırırıq. Məsələn, keçən il Mirteyyub Xəlilovun "Xəzərə sevgi" adlı-fərdi sərgisini açdıq. Müəllifin gözəl rəngli kataloqu Bakuelektroniksin köməyi və yardımı ilə çap edildi. Ümumiyyətlə, Bakuelektronikslə yanaşı "Odlar yurdu -95", "Az farma" şirkətləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən bəzi ingilis dilli tədris mərkəzləri var ki, onlar bizim nəşrlərin təmənnasız çapına, tərcüməsinə kömək edir, sərgilərin təşkilində yardımçı olurlar. Məncə bu işdə Bi-Bi-Si-nin yardımını da qeyd etmək yerinə düşərdi. Ümumiyyətlə, yaradıcı qrupun fəaliyyətini dəstəkləyən insanlara minnətdarlığımı bildirirəm.

 

Bakı.- 2007.- 16-21 mart.- S. 4.