İsgəndərov T.
Rəhmanın Şəkiyə
sığmayan sənət
dünyası
Bu nadir sənət nümunələri adi saplarla adi iynələrin
birgə işinin vəhdəti imiş. Təbii ki, onları bir araya gətirən Rəhman Yunusovun əlləri, barmaqlarıdır...
Bu günlərdə Şəkidə ötən
ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində
Şəhər İcra
Hakimiyyətinin inzibati
binasının foyesində
düzənlənən sərgidə
sənaye, tikinti və kənd təsərrüfatı məhsulları
ilə yanaşı, yerli sənətkarların
əl işləri də nümayiş olunurdu. Onların
arasında Rəhman Yunusovun dekorativ-tətbiqi sənətin tikmə növü ilə işlədiyi əsərləri daha çox diqqət mərkəzində idi. Hətta onun əl işlərinə baxanlar öz maraq və heyranlıqlarını
da gizlədə bilmirdilər.
Bu tədbirdən sonra Rəhman Yunusovun sənət dünyası ilə daha ətraflı tanış olmaq məqsədilə onun şəhərin Qışlaq
hissəsində - Gəray
Əsədov küçəsində
yerləşən 12 saylı
evinə gəldik. Bəri başdan deyək ki, evin eyvanı, sözün həqiqi mənasında, əsl sərgi salonunu xatırladırdı: burada
bir-birindən gözəl o qədər sənət nümunəsi var idi ki... Onlara
tamaşa edərkən bizə elə
gəldi ki, qollu-budaqlı ağacların altında,
şır-şır
axan bulaqların başındayıq, burada
gül bülbülü,
bülbül gülü
çağırırdı. Bir sözlə, bayırda havanın qarlı-şaxtalı olmasına baxmayaraq, bu məkanda bahar tam hakim
idi.
Bəs bu əsərlər necə yaranıb? Bu sualla Rəhmana
müraciət etmək
istəyərkən onun
iş stolunun üstündəki bir neçə xovlu sap və bir
neçə iynə gözümüzə sataşdı.
Sən demə, yüzlərlə insanı
özünə cəlb
edən bu nadir sənət nümunələri adi saplarla adi iynələrin birgə işinin vəhdəti imiş. Təbii ki, onları bir araya gətirən
Rəhman Yunusovun əlləri, barmaqlarıdır...
Rəhman gəldiyimiz
bu qənaəti təbəssümlə qarşıladı.
Dediklərimizə nə
isə əlavə etmək istədi, lakin zəif nitqi fikrini tam
ifadə etməyə
imkan vermədi. Sən demə, uşaqlıqdan onun dili... Odur ki,
o, ürək sözlərini, əgər
belə demək mümkünsə, elə
bu lövhələrlə
çatdırmağa çalışır
və buna da nail olur.
Bəs Rəhman bu sənətin incəliklərini necə
mənimsəyib? Anası
- II qrup əlil Gülçöhrə xanımla
söhbətdən aydın
oldu ki, Rəhman atasını erkən yaşlarında itirib. Həm maddi imkansızlıq, həm də öz səhhətində
yaranmış problemlər
Rəhmanın müalicəsi
ilə sona qədər məşğul
olmağa ona imkan verməyib. Elə bu səbəbdən
Rəhman bir müddət dost-tanışları ilə,
necə deyərlər,
qaynayıb-qarışa
bilməyib. Lakin onun cəmiyyətdən təcrid olması uzun çəkməyib. Belə ki, xeyirxah
adamlar onu Əlillərin Dizayn Assosiasiyasının Şəkidəki
mərkəzinə gətiriblər.
Burada o, əməkdar rəssam Qüdrət Məmmədovdan
rəsmin, nadir peşə ustası Güləndam xanımdan isə tikmənin sirlərini öyrənib.
Şəki Sənətkarlar
Assosiasiyası İctimai
Birliyinin üzvü Rəhman Yunusov artıq on ildir
ki, bu sahə
ilə məşğuldur.
Bu müddətdə o, bir çox
respublika və beynəlxalq səviyyəli
sərgilərə qatılıb:
əlillərin V və
VI ümumrespublika yaradıcılıq
sərgilərinin qalibi
olub. Onun “Xan sarayı” adlı xovlu tikmə kompozisiyası isə Xalq Tətbiqi
Muzeyinə nadir eksponat kimi qəbul
edilib. Rəhmanın bizə anlatmaq istədiklərindən belə
başa düşdük
ki, o, əl
işlərinin daha geniş yayılmasının,
həm də satılmasının arzusundadır.
O, məhz bu yolla anasının da maddi problemlərini
çözmək istəyir.
...Otaqdan çıxarkən
Rəhmanın Şəki
ilə bağlı əl işləri ilə bir müddət
baş-başa qaldıq.
Şəkinin, demək
olar ki, bütün tarixi binalarını, insana rahatlıq bəxş edən təbii mənzərələrini elə
ustalıqla işləyib
ki... Elə onlara baxmaqla Şəkini başdan-başa
gəzdiyimizi zənn etdik. Bu mənada
boya-başa çatdığı
Şəkini, Azərbaycanı
özünün sənət
dünyası ilə dünyaya tanıtdırmağa
çalışan Rəhmanın
da qapısını açmağa dəyər...
Bu addımı atanlar isə həm də Rəhmanın sınıq
qəlbini ovutmuş olarlar.
...Şəkini gəzərkən
bizə elə gəldi ki, Rəhmanın əsərləri
daha Şəkiyə də sığmır. Odur ki, onları
dünyaya da çıxarmaq lazımdır.
Zaman.- 2007.- 15-16 mart.- S. 8.