Heykəlləri şəhərə kim
çıxarmalıdır
Paytaxt merini
gözləyənlər var, amma qəbul otağında yox...
Heykəltaraşlıq sənəti Azərbaycan
incəsənətinin önəmli sahələrindən
sayılır. Geniş küçə və
meydanlara, möhtəşəm tikililərin
tərtibatına, məzarlığa yol tapmaqla birbaşa
geniş ictimaiyyətin diqqətinə və təqdirinə
səbəb olan ən müxtəlif formalı
heykəltaraşlıq nümunələrindəki
bugünkü yüksək sənətkarlığın
ifadəsi heç şübhəsiz onun qədim milli
ənənələrə, çoxəsrlik inkişaf
tarixinə malik olmasının nəticəsidir.
Bunu ilk növbədə bir çox sənət
növlərində olduğu kimi
heykəltaraşlığın da ən ibtidai
formasını belə yaratmaq üçün yerli
xammalın - daşın mövcudluğu
şərtləndirmişdir. Bu həqiqəti həm arxeoloji
qazıntılar zamanı tapılmış müxtəlif
nümunələr, həm də tarixi mənbələr
və ədəbiyyat nümunələri təsdiqləyir.
Ilk orta əsrlərə aid edilən, Şamaxı və
Ağdam şəhərləri ətrafında
tapılmış daş insan fiqurlarını isə
artıq heykəltaraşlığımızın daha
təkmilləşmiş nümunəsi hesab etmək olar.
Bayıl qəsrindəki daşoyma nümunələri (XIII
əsr), məzarlar üzərinə qoyulan at və qoç
fiqurlarını (XV-XIX əsrlər) da
heykəltaraşlığımızın yeni və yaddaqalan
səhifəsi saymaq mümkündür. Araşdırmalar
göstərir ki, XIX əsrin axırı XX əsrin
əvvəllərində daşoyma sənəti
özünü daha çox neft sənayesinin inkişafı
ilə yeni dəbdəbəli tikililərə rəvac
verildikdə, onların zəngin bəzəklərində
göstərilmişdir.
Heykəltaraşlığımızın
bugünkü mənzərəsinin yaranması isə
əslində Azərbaycan Demokratik Respublikasının
bolşeviklər tərəfindən işğalından sonra
Bakıda açılan rəssamlıq məktəbi və
yerli kadrların SSRI-nin müxtəlif mərkəzi
şəhərlərində heykəltaraşlıq
sənətinə yiyələnmələri səbəb olub.
Qeyd etmək lazımdır ki, sovet hakimiyyətinin ilk
illərindən başlayaraq SSRI dağılana kimi
hazırlanan heykəltaraşlıq nümunələrinin
çoxu məzmunca daha çox sosializm və kommunist
ideyalarının təbliğinə həsr olunub.
Hələ ötən əsrin 20-ci illərindən
başlayaraq küçə və meydanları bəzəyən
heykəllərin arasında balşeviklərlə
yanaşı, tanınmış azərbaycanlı
şəxsiyyətlərin obrazları da geniş yer tutur.
Bakıda ucaldılmış ilk abidələri -
M.Ə.Sabirin (1922) və M.F.Axundovun (1930) heykəllərini bu
yöndə yaradılan ilk əsərlərdən hesab
etmək olar. Sonrakı illərdə də adı
Azərbaycan tarixinin şərəfli səhifələrini
bəzəyən şəxsiyyətlərin obrazları
heykəlləşib. Bu gün paytaxtı bəzəyən
Nizaminin, Füzulinin, Ü.Hacıbəyovun, S.Vurğunun,
Natəvanın, Ə.Vahidin, H.Zərdabinin,
Ə.Əzimzadənin abidələri bu qəbildəndir. O vaxtlar ölkənin siyasi durumu onun
ideologiyasının təbliğini gücləndirən
əsərlərin yaradılmasını tələb edirdi
və heykəltaraşlar da bu işi sifarişlə yerinə
yetirirdilər. Ölkənin müstəqillik qazanması
hər şeyi dəyişdirdi. Ideologiyasızlıq
nə qədər qəbul edilən olsa da, onun yerinin uzun
müddət, bu gün də milli konsepsiya intizarında
boş qalması da haradasa xoşagələn deyil,
bəlkə də ziyanlıdır. Bu gün
müstəqilliyimizin möhkəmləndirilməsinə
hansı heykəllər lazımdır? Onları kim sifariş
verməlidir? Əgər onlar artıq sifarişsiz-filansız
ərsəyə gəliblərsə bu əsərləri
şəhərin meydan və küçələrinə,
parklarına kimlər çıxarmalıdır? Bu yerdə
yuxarıda milli heykəltaraşlığımızın
keçmişinə edilən qısa qiyabi səyahəti bir
kənara qoyub, gəlin birlikdə “Nə etməli?” sualına
cavab axtaraq.
Etiraf edək ki, hələ ki, paytaxtda tariximizin parlaq
səhifələrinin özündə hifz edən
cəlbedici monumental abidə yoxdur. Keçmişimizin qan
yaddaşımızı korşalmaya qoymayacaq
səhifələri heç şübhəsiz
müstəqilliyimizin əldə olunması, 20 yanvar
faciəsi və Xocalı soyqırımıdır. Bizcə
hər üçü heykəlləşməyə layiqdir.
Artıq prezidentin Bakıda “Istiqlal abidəsi”nin qoyulmasına
qərar verməsi ümid verir ki, yaxın vaxtlarda artıq
onun açılışının şahidi olacağıq.
Hər bir heykəlin uğurunun yarısı heç
şübhəsiz onun harada yerləşdirilməsindən
asılıdır. Bizcə istiqlalımızı
tərənnüm edəcək heykəlin məntiqli yeri ancaq
köhnə “Dostluq” restoranının (“Şəhidlər
xiyabanı”) üstündəki sahə ola bilər.
Hündürlüyündə yerləşən bu
ərazidə ucaldılacaq abidənin möhtəşəmliyi
və təsirliliyi ilə hamıya qürur gətirə
biləcək bir məkan əldə edə bilərik.
Psixoloji yükə malik “20 yanvar” abidəsinin
də məkanının Şəhidlər xiyabanının
indiki “Şəhidlər xiyabanı” sözü
azılmış yerin olması məntiqli seçim
olardı. Burada yerləşən əzəmətli
Heykəlin dramatikliyi ilə şəhidləri anmağa
gələn insanlara faciənin psixoloji yükünü
qabartmaq olardı. Köhnə “26-lar bağı”nın
Xocalı faciəsi kompleksi üçün ayrılması da
yəqin ki, ən uğurlu qərar olardı. Biz
faciələrimizi əks etdirən abidələri indiki kimi
cılız biçimdə və mərkəzdən uzaq
yerlərdə qoymamalıyıq. Ermənilərin olmayan soyqırımlarına
həsr olunmuş möhtəşəm komplekslə
özümüzün elədiyimizi müqayisə etsək
hər şey aydın olar. Təbii ki, R.Köçəryan və
A.Qukasyanın adları faciənin günahkarlarının
siyahısında olmayanda Xocalının abidəsi də indiki
görkəmdə olmalıdır...
Bu gün paytaxtı A.Caparidze, Q.Musabəyov, A.Sultanova,
M.Əzizbəyov kimilərinin heykəllərinin nə vaxta
kimi bəzəyəcəyi ictimaiyyətin
öz-özünə tez-tez verdiyi sualdır. Niyə onların
yerində Almas Ildırımın, Əhməd Cavadın,
M.Ə.Rəsulzadənin, F.Xoyskinin abidəsi olmasın?
Bəs biz nə vaxta kimi atlı heykəl görməyə
həsrət qalacağıq? Bəlkə qədim tariximizin
səhifələri buna imkan vermir? Arif
Qazıyev, Cümşüd Ibrahimov, Zakir Əhmədov və
Xanlar Əhmədovun emalatxanasında tarixi hadisələri
və şəxsiyyətləri tərənnüm edən
əsərləri küçə və meydanlara
çıxarmaqla həm paytaxtın görkəminə yeni
estetik dəyər verər, həm də yetişməkdə
olan nəslə əsl qürur mənbəyini
göstərmiş olardıq. Son illər
Dənizkənarındakı Milli parkın musiqili
gecələrin baş tutduğu bir məkana
çevrilməsi danılmazdır. Buralarda hər vaxt
qələbəliyin hiss olunması müqabilində bu
yəqin ki, təbiidir. Indi Milli parkda “Muğam
mərkəzi”nin inşa olunması da bu mənada çox
məntiqlidir. Elə düşünürük ki,
gələcəkdə beynəlxalq muğam
məbədinə çevriləcəyi istisna olunmayan bu
ərazidə, daha doğrusu mərkəzin
qarşısında mütləq muğamın obrazına
çevrilə biləcək bir abidə qoyulmalıdır. Gəldiyimiz qənaət budur ki, muğam
mövzusunda davamlı axtarışlar aparan və silsilə
əsərləri ilə musiqi dünyasına
bələdçiliyini ifadə edə bilən Zakir
Əhmədovun “Muğam ucalığı” heykəli həmin
yeri tuta biləcək yaxşı nümunə ola bilər.
Muğam üçlüyünün
yaşantıları bu əsərdə həm tar və kaman
çalanın, həm də dinləyicisini şaqraq
zəngulələri ilə duyğulandıran
xanəndənin obrazında və səciyyəvi
hərəkətlərində çox inandırıcı
və təsirli ifadə olunub. Rəmzi olaraq əski
qoç heykəli üstündə qərar tutmuş
üç musiqiçinin ifadəli silueti heykəlin
gələcək uğurunu şərtləndirən amildir.
Inanmaq istərdik ki, əsər “Muğam mərkəzi”nin
yaradıcılarının diqqətini cəlb edəcək
və o, öz layiqli yerini tutacaqdır.
Bu vaxta qədər Azərbaycanda, o cümlədən də
paytaxtda kifayət qədər müxtəlif mövzulu
heykəllər qoyulsa da onların arasında lirik-psixoloji ovqat
aşılayan əsərlər demək olar ki, yoxdur. Belə
əsərlər sənət aləmində
ümumiləşdirilmiş halda “park heykəltaraşlığı”
nümunələri adlandırılırlar. Etiraf edək ki,
başqa səpgili heykəllərdən fərqli olaraq bu
cür qismən kamera xarakterli əsərləri yaratmaq
çox çətindir. Amma təkcə istedadlı
heykəltaraş Sahib Quliyevin emalatxanasında çox
uğurlu, parklarımızı bəzəyəcək
neçə-neçə əsər vardır. Umid edirik ki,
şəhər meri onun “Görüş”, “Oyanma”, “Ailə
düsturu”, “Bahar” əsərlərinin ictimaiyyət arasına
çıxmasına, hamıya estetik zövq verməsinə
imkan yaradacaqdır.
Heç şübhəsiz yeni salınan
yaşıllıqların birini “Tale bağı”na
çevirmək olardı. Bizcə tanınmış
heykəltaraş Xanlar Əhmədovun yaratdığı
“Bürclər” silsiləsi bu guşənin əvəzsiz
bəzəyi ola bilərdi, insanlara
düşünüb-daşınmaq üçün geniş
meydan açardı...
Yeri gəlmişkən deyək ki,
heykəltaraşlarımızın yaradıcılıq
emalatxanalarında şəhərimizin adiləşən
guşələrini gözəlləşdirə
biləcək kifayət qədər əsər vardır.
Teyyub Yusifov, Namiq Dadaşov, Fuad Salayev, Fazil Nəcəfov,
Elxan Aslanov və b. əsərləri paytaxtımızın
ayrılmaz bədii elementinə çevrilməyə layiq
heykəllərdirlər. Bu yazıda məqsədimiz
heykəltaraşlıq sahəsində malik olduğumuz
bədii irsin zənginliyini göstərməklə,
şəhərimizin memarlıq həlli ilə
məşğul olanları onlardan vaxtında istifadəyə
səsləmək idi. Bizcə elf yeni inşa
olunan möhtəşəm binaların daha da
diqqətçəkən olmalarını onların
heykəllərlə sintezini əldə etməklə nail
olmaq mümkündür. Şəhərdə
sənətlərin sintezi olmayan halda estetik auranın
yarımçıq və ziyanlı olacağı
birmənalıdır. Odur ki,
şəhərin merini də, tikinti işlərinə
rəhbərlik edənləri də heykəltaraşların
emalatxanalarına dəvət etməklə onları
özlərinə də mənəvi rahatlıq gətirə
biləcək paytaxtımızın daha da gözəl və
özəl olmasında iştirak etməyə
çağırırıq...
Azadlıq.- 2007.- 4-5 mart.- S. 15.