Azərbaycanda
gənclərin öz potensiallarını
reallaşdırmasına dövlət geniş imkanlar
yaradır
Redaksiyamızda təşkil
olunmuş "dəyirmi masa"nın
iştirakçıları 2007-ci ilin "Gənclər
İli" elan edilməsini dövlət
başçısının gənclərə yüksək
diqqət və qayğısı kimi
dəyərləndirdilər
Azərbaycanda son 14 ildə həyata keçirilən
gənclər və idman siyasətinin prioritet istiqaməti
gənc nəslin fiziki-mənəvi potensialının
möhkəmləndirilməsi və bu potensialın tam
açılmasına xidmət edən kompleks
tədbirlərin gerçəkləşdirilməsidir. Bu
strateji xətti uğurla davam etdirən Prezident
İlham Əliyev daim gənclərə layiq olduqları
imkanlar səviyyəsində geniş meydan verilməsinə,
bu təbəqənin zəruri tələbat və
ehtiyaclarının ödənilməsinə
çalışmışdır. Dövlət
başçısının bu çevik sosial
zümrəyə diqqət və qayğısı ulu
öndərimiz Heydər Əliyevin möhkəm
təməllərlə əsasını qoyduğu
gənclər siyasətinin məntiqi davamıdır.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci
ilin "Gənclər İli" elan olunması da
ölkəmizdə gənclər siyasətinin ardıcıl
və sistemli xarakter daşıdığını
təsdiqləyir.
Bu əlamətdar hadisə ilə bağlı redaksiyamızda
təşkil olunmuş "dəyirmi masa"da gənclər
və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin
deputatı, Gənc İqtisadçılar Birliyinin sədri
Azər Əmiraslanov, "İrəli" Ümumrespublika
Gənclər Hərəkatının
həmtəsisçilərindən - Ceyhun Osmanlı və
Fərhad Məmmədov, Yeni Azərbaycan Partiyası
Gənclər Təşkilatının sədr müavini Zaur
Adıgözəlov, Gənc Alim, Aspirant və Magistrlər
Cəmiyyətinin sədri İlqar Orucov, AMEA-nın Botanika,
Mikrobiologiya İnstitutları və Mərkəzi
Nəbatət Bağının Birləşmiş Gənc
Alimlər Şurasının sədri Tubuxanım Qasımova,
"Gələcəyə Körpü" Gənclər
İctimai Birliyinin sədri Müşfiq Cəfərov,
Gənc Sahibkarlar Birliyinin sədri Nərminə Abdinbəyova,
Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İctimai Birliyinin sədri Emin
Həsənli, "Üns" yaradıcılıq
səhnəsinin aktyoru Aqşin Abdullayev iştirak edirdilər.
Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş
redaktoru Bəxtiyar Sadıqov "dəyirmi masa"
iştirakçılarını salamlayaraq dedi:
- Gənclik təşəbbüs, enerji, böyük
həvəs, hadisələrə yeni baxış deməkdir.
Azərbaycan ötən əsrin 90-cı illərində
müstəqillik qazandı. Dövlət müstəqilliyinin
ilk dövründə cəmiyyəti
təhlükələrə sürükləyən siyasi,
iqtisadi, mənəvi-ideoloji problemlər üzündən
ölkədə gənclər və idman siyasəti
diqqətdən tam kənarda qalmışdı. O zaman
hakimiyyətdə olan qüvvələrin yarıtmaz
siyasəti Azərbaycan gəncliyinin nizamsız,
pərakəndə topluma çevrilməsinə gətirib
çıxarmışdı. Öz siyasi ambisiyaları
naminə Azərbaycanı böhranlara
sürükləyən möhtəkir qüvvələr
məqsədlərinin icrası üçün, ilk
növbədə, gəncliyimizdən bir vasitə kimi
istifadə edir, ölkənin gələcəyinə qəsd
yolu tuturdular. Həmin illərdə Azərbaycanda
müxtəlif adlar altında çoxsaylı gənclər
təşkilatları ortaya çıxmışdı.
Ölkədəki hərc-mərclik şəraitində
yaranan bu təşkilatların çoxunda
siyasiləşmə, populizm meyilləri özünü
büruzə verirdi. Bu təşkilatların bir çoxu o
dövrdə fəaliyyət göstərən müxtəlif
yönlü siyasi partiya və qurumların təsiri altına
düşmüşdü.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycan xaos və anarxiya
girdabından çıxdığı kimi,
idmanımızın inkişafı, gənc nəslin
mənəvi-əxlaqi tərbiyəsinin
gücləndirilməsi məsələləri də
dövlət siyasətinin mühüm qollarından birinə
çevrildi. Gənclər, bədən tərbiyəsi və
idman sahəsində ciddi irəliləyişlər təmin
olundu, müstəqil Azərbaycanın beynəlxalq
aləmdə tanınması, olimpiya hərəkatına
qoşulması prosesi geniş vüsət aldı. O
ağır dövrdə xalqının səsinə səs
verərək xilaskar kimi özünü yetirən, qardaş qırğınlarının
qarşısını alan, ölkənin
parçalanmasına imkan verməyən, Azərbaycan
dövlətini işıqlı bir yola çıxaran
Heydər Əliyevin 1993-cü ilin 15 sentyabrında -
ölkədə ziddiyyətli ictimai-siyasi proseslərin
cərəyan etdiyi bir zamanda gənclərlə
görüşə vaxt tapması, onların problemlərini
dinləməsi ümummili liderimizin Azərbaycan gəncliyinin
cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin,
onun Azərbaycan gəncliyinə xüsusi rəğbət
və qayğısının göstəricisi idi. Ulu
öndərin Milli Məclisdə gənclərlə məlum
görüşü Azərbaycanın müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyünün
qorunması, ölkədə hüquqi, demokratik dövlət
quruculuğu prosesinin uğurla həyata keçirilməsi,
gənclərin ayrı-ayrı siyasi partiya və qurumların
deyil, ümummilli dövlət mənafeləri əsasında
səfərbər edilməsi, vahid gənclər siyasətinin
işlənib hazırlanması zəruriliyini ortaya qoydu.
Azərbaycan gəncliyinin yenidən təşkilatlanması,
ölkədə gənclər hərəkatının,
gənclik əzmi və enerjisinin vahid mərkəzdən
idarə olunması məqsədilə ulu öndərimiz
1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman
Nazirliyinin yaradılması barədə fərman imzaladı.
Ulu öndərimiz 1995-ci ilin martında respublika
gəncləri ilə görüşərkən onların
sağlam ruhda tərbiyə almaları və əsil
vətəndaş kimi yetişmələri naminə
əlindən gələni əsirgəməyəcəyini
bir daha bəyan etdi. Bu bəyanatın real təzahürü
1996-cı ilin 2 fevralından - Azərbaycan gənclərinin
birinci forumundan etibarən ümummilli liderimiz Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə
hər üç ildən bir Azərbaycan gənclərinin
forumunun təşkil edilməsi, ölkədə
gənclər gününün təsis olunması,
gənclərimizin problemlərinin həllinə
yönələn çoxsaylı fərman və
sərəncamların imzalanması, qanunların qəbulu,
gənclərin dövlət quruculuğu prosesinə cəlb
edilməsi ilə reallığa çevrildi. Həmin forumda
ümummilli liderimiz gənclər və idman siyasəti
sahəsində görüləsi işlərdən
danışaraq, proqram xarakterli çıxışı
ilə Azərbaycan gəncliyi qarşısında konkret
vəzifələr müəyyənləşdirdi.
Ulu öndərimiz Heydər Əliyevin 2 fevral 1997-ci il
tarixdə imzaladığı fərmana əsasən, fevral
ayının 2-si Azərbaycan Gəncləri Günü elan
edilmişdir. Ümummilli liderimiz sonrakı
mərhələdə gənclərlə bağlı
dövlət siyasətinin uğurla həyata
keçirilməsi məqsədilə zəruri qanunvericilik
bazasının formalaşdırılmasını da təmin
etmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş
"Bədən tərbiyəsi və idman haqqında",
"Azərbaycanın gənc istedadlarına dövlət
qayğısı haqqında", "Gənc istedadlar
üçün xüsusi təqaüdlərin təsis
edilməsi haqqında", "Dövlət gənclər
siyasəti haqqında" qanun, fərman və
sərəncamlar, habelə "Gənc ailə"
proqramı, "Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin yüksəldilməsi haqqında",
istedadlı yeniyetmələrin və yaradıcı
gənclərin sosial, iqtisadi və digər problemlərinin
həllinə yönəlmiş, onların öz
qabiliyyətlərini inkişaf etdirmələrinə
kömək edən proqram, "Ordudan tərxis olunmuş
gənclərin məşğulluğu" Dövlət
Proqramı bu baxımdan xüsusi vurğulanmalıdır. Bu
qanunlar, fərman, sərəncam və dövlət
proqramları gənc nəslin mütəşəkkil
qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji
cəhətdən yetkinləşməsinə, sosial
problemlərinin həllinə, faydalı
məşğulluğunun təmin olunmasına, habelə
idmanın kütləviləşməsinə əsaslı
təsir göstərmişdir.
2003-cü ilin oktyabrından dövlətin gənclər
siyasəti Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı, dövlət başçısı
cənab İlham Əliyev tərəfindən inamla davam
etdirilir. Əlbəttə, cənab İlham Əliyevin bu
sahədə gördüyü işlərin son üç
illə məhdudlaşmadığı da xüsusi
vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 1997-ci
ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti
vəzifəsinə cənab İlham Əliyev kimi
idarəçi və təşkilatçının
seçilməsi idman və gənclər siyasəti
sahəsində həyata keçirilən dövlət
siyasətinin yeni şəraitdə uğurla davam
etdirilməsinə böyük imkanlar
açmışdır. MOK prezidenti cənab İlham
Əliyev ölkədə Olimpiya hərəkatının
genişlənməsi, idman və bədən
tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi
məkanda təbliği, habelə Azərbaycanın dünya idman
ailəsinin bərabərhüquqlu üzvünə
çevrilməsi üçün ciddi tədbirlər
həyata keçirmişdir. İdmanın maddi-texniki
bazasının möhkəmləndirilməsi yolunda ciddi
işlər görülmüşdür. Bu sahəyə
göstərilən diqqət və qayğı
Azərbaycanın milli genefondunun qorunması, habelə
gənclərin vətənpərvər və sağlam ruhlu
təbəqə kimi tərbiyə edilməsi
məqsədindən irəli gəlmişdir. Son illər
Bakıda, Maştağada, habelə Naxçıvanda,
Gəncədə, Şəkidə, Bərdədə,
Lənkəranda, Qubada, Şamaxıda və digər rayonlarda
dünya standartlarına uyğun olimpiya idman kompleksləri
tikilərək idmançıların istifadəsinə
verilmişdir. "Yaxt-klub", atıcılıq stendi və
taekvando mərkəzi də MOK-un uğurlu fəaliyyətini
əks etdirən möhtəşəm idman obyektləridir.
Bütün bunlar həm də gənclərin
mənəvi-əxlaqi cəhətdən kamil bir
təbəqə kimi formalaşdırılmasına xidmət
edir.
Dövlət başçısı cənab
İlham Əliyev gənclərin potensialından
ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı
məşğulluğunun təmin edilməsi, dövlət
idarəçiliyi sistemində fəal iştirakının
gerçəkləşdirilməsi məqsədilə 30
avqust 2005-ci il tarixdə imzaladığı "Azərbaycan
Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi
haqqında" sərəncam imzalamışdır.
Sözügedən sərəncam mühüm sənəd
olmaqla, gənclərə dövlət
qayğısının artırılması məqsədinə
xidmət edir. Sərəncamda Azərbaycanda gənclər
sahəsində dövlət siyasətinin başlıca
istiqamətləri açıqlanmış, habelə bu
təbəqəyə diqqətin artırılması
üçün konkret tədbirlərin hazırlanması
və maliyyələşdirilməsi Nazirlər Kabinetinə
həvalə olunmuşdur.
Dövlətin sabahı gənclərlə
bağlıdır. Biz necə gənclər yetişdirsək,
tərbiyə etsək, deməli, dövlətimizin sabahı,
gələcəyi də o cür olacaqdır. Gənclərlə
iş qətiyyən kampaniya xarakteri
daşımamalıdır. Dövlət bütun bunları
nəzərə alaraq gənclər siyasəti
hazırlayır və həyata keçirir. Bu gün
gənclər ictimai həyatın ən müxtəlif
sahələrində öz potensiallarını
gerçəkləşdirmək imkanlarına malikdirlər.
Bir çox sahələrdə dövlət qulluğuna
qəbul test üsulu ilə aparılır. Gənclərimiz
orduya həvəslə gedirlər və yaxşı
hərbçi kimi yetişirlər. Bu da işğal
altında olan Azərbaycan torpaqlarının istənilən
an hərbi yolla geri qaytarılacağına hansısa
şübhə yeri qoymur.
2007-ci ilin "Gənclər İli" elan olunması isə
son dərəcə ciddi siyasi məzmun kəsb edir.
Hazırlanmış proqram çərçivəsində bu
il gənclərin mənafelərinə xidmət edən bir
sıra tədbirlər həyata keçiriləcəkdir.
Yəni gənclər nə qədər bilikli, intellektli
olsalar da, onları dövlət idarəçiliyinə
hazırlamaq lazımdır. Onlar yetişə-yetişə
dövlət idarəetməsinə qalxmalıdırlar.
Dövlət də məhz belə istedadlı gəncləri
üzə çıxarmağa, onlara hərtərəfli
diqqət və qayğı göstərməyə
çalışır.
"Azərbaycan":
- İstərdik ki, ilk sualımızı gənclər və
idman nazirinin müavini İntiqam Babayevə ünvanlayaq:
Azərbaycanda həyata keçirilən gənclər
siyasətinin əsas mahiyyəti nədən ibarətdir?
İntiqam Babayev:
- İlk növbədə, belə bir "dəyirmi
masa"nın təşkilinə görə
təşəkkürümü bildirirəm.
"Azərbaycan" qəzeti ilk mətbuat orqanıdır
ki, "Gənclər İli" ilə bağlı belə
maraqlı müzakirələr təşkil edir. Biz artıq
dövlət müstəqilliyimizin 17-cı ilinə
qədəm qoymuşuq və açığı, o
qədər də böyük olmayan bu müddətdə bir
çox inkişaf etmiş dövlətlərin keçdiyi
yolu uğurla keçmişik. Əgər biz müharibə
və ərazi təcavüzü ilə
üzləşməsəydik, bir çox sferalarda, o
cümlədən gənclər və idman siyasəti
sahəsində qazandığımız uğurların
miqyası indikindən qat-qat artıq olardı.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə
xalqın tələbi ilə yenidən hakimiyyətə
qayıtdıqdan sonra diqqət yetirdiyi mühüm
istiqamətlərdən biri də gənclərlə iş
olmuşdur. Ulu öndərimiz tərəfindən
əsası qoyulmuş gənclər siyasətinin
başlıca məqsədi milli dəyərlərə
söykənən, vətəninə, xalqına bağlı
olan, müasir düşüncəli gənc nəslin
formalaşması, bu gəncliyin potensialından
dövlətin inkişafı və qüdrətlənməsi
naminə maksimum istifadə olunmasıdır.
Müasir gənclik beş il, on il əvvəlki Azərbaycan
gəncliyindən köklü surətdə fərqlənir.
Xarici görünüşündən, geyimindən tutmuş,
daxili aləminə, düşüncə tərzinə
qədər yeni gənc nəsil formalaşır. Bu gün
Azərbaycan gəncləri istər ölkə daxilində,
istərsə də xaricində keçirilən
müxtəlif tədbirlərdə iştirak edir,
sərbəst şəkildə fikir yürüdür,
mövqelərini bildirir, cəmiyyətin aparıcı
qüvvələrindən birinə çevrilməyə
çalışırlar. Azərbaycan gəncliyi bu gün
ölkədə uğurla həyata keçirilən
dövlət quruculuğu prosesində nəinki
müşahidəçi deyil, bilavasitə
iştirakçıdır.
Ötən illər ərzində Azərbaycanda gənc
nəslin maraq və mənafelərini özündə əks
etdirən, onların aparıcı qüvvə kimi
formalaşmasına təkan verən təkmil qanunverici baza
formalaşdırılmış, 20-dək qanun və normativ
hüquqi sənəd qəbul olunmuşdur. Azərbaycan
Prezidentinin sərəncamı ilə 2005-ci ilin avqustunda
qəbul olunmuş beş illik "Azərbaycan Gəncliyi
Dövlət Proqramı" hazırda uğurla icra olunur. Bu
proqram əhatə dairəsinə, miqyasına,
ayrı-ayrı strukturlar qarşısında
müəyyənləşdirdiyi vəzifələrə
görə əvvəlkilərdən köklü
surətdə fərqlənir. Dövlət
büdcəsindən gənclər siyasətinin sistemli və
ardıcıl surətdə həyata keçirilməsi
üçün kifayət qədər vəsait
ayrılmışdır.
Cənab İlham Əliyev prezident seçildikdən sonra
Azərbaycanda gənclərlə bağlı həyata
keçirilən dövlət siyasəti keyfiyyətcə yeni
mərhələyə qədəm qoymuşdur. Dövlət
başçısının 2007-ci ilin "Gənclər
İli" elan olunması ilə bağlı
sərəncamı bizim üçün, ilk
növbədə, siyasi addımdır. Çox az dövlətlərdə
bütöv bir il mövzu və istiqamət baxımından
gənclərə yönəldilir. Söz yox ki, bizdə
gənclərlə bağlı iş davamlı olaraq
həyata keçirilir. Amma bu il bütövlükdə
cəmiyyətin - kütləvi informasiya vasitələrinin,
qeyri-hökumət təşkilatlarının, hakimiyyət
qurumlarının, əhalinin diqqəti gənclərin
problemlərinə yönələcək. Əminəm ki, biz
ilin sonunda cənab Prezidentə kifayət qədər
uğurlu nəticələr barədə məlumat verə
biləcəyik.
İlin əvvəllərindən başlayaraq dövlət
başçısı tərəfindən imzalanmış
bir sıra fərman və sərəncamlar da gənclərin
mənafeyinə yönəlmiş, tələbə, magistr
və aspirantların, o cümlədən texniki-peşə
liseylərində təhsil alan gənclərin təqaüdləri
əhəmiyyətli dərəcədə
artırılmışdır. Eyni zamanda, dövlət
başçısı gənc istedadlara dövlət
qayğısının artırılması ilə bağlı
sərəncam imzalamışdır, onlar dövlət
tərəfindən 300 manat həcmində aylıq
təqaüdlə təmin olunacaqlar. "Gənclər
İli" ilə əlaqədar təsdiq olunmuş
tədbirlər planında Azərbaycanda bir sıra
beynəlxalq tədbirlərin keçirilməsi
nəzərdə tutulur. Azərbaycan həm idman, həm
də gənclərlə iş sahəsində çox
möhtəşəm tədbirlərin keçirildiyi
məkana çevrilir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə bütün dünyada
populyar olan "Nə, harada, nə zaman?" intellektual oyunu
artıq Azərbaycanda keçirilir. Bu oyunun 30 illik tarixi olsa
da, ilk dünya çempionatı ötən il Bakıda
keçirilmişdir. Bu bir daha təsdiqləyir ki,
Azərbaycan müasir dünyanın intellekt
mərkəzlərindən birinə çevrilmişdir və
respublikamızda gənclərin intellektual inkişafına
böyük önəm verilir. Dövlət
başçısının "Gənclər
Günü"ndə gənclərin bir qrupu ilə
görüşdə söylədiyi kimi, gənclərin
müasir biliklərə yiyələnməsi, yaxşı
təhsil alması, yeni informasiya və kompüter
texnologiyalarını mənimsəməsi olduqca vacibdir.
"Gənclər İli" ilə bağlı təsdiq
olunmuş tədbirlər planında gənclərin
yerlərdə kütləvi şəkildə
kompüterlə işləmək vərdişlərinə
yiyələnməsini təmin edəcək maarifləndirici
layihələrin həyata keçirilməsi də
nəzərdə tutulur.
Bu gün Azərbaycanda gənclər siyasətinin inkişaf
mərhələsi elə bir məqama çatıb ki, biz
artıq öz təcrübəmizi ən qabaqcıl
dövlətlərlə bölüşə bilərik.
Elə Azərbaycan gəncləri var ki, müxtəlif
nüfuzlu beynəlxalq qurumlara rəhbər seçiliblər,
respublikamızı layiqincə təmsil edirlər.
Azərbaycanlı gənclər artıq Avropada
təlimçi qismində iştirak edirlər. Dövlət
başçısının regionların inkişafına
göstərdiyi diqqət və qayğının
nəticəsi kimi, bölgələrdə yaşayan
gənclərimiz də bu prosesdə öz sözlərini
deyirlər. Azərbaycan gəncləri ildə orta hesabla
50-yə yaxın beynəlxalq tədbirdə iştirak edirlər.
İnanıram ki, dövlət başçısının
rəhbərliyi altında biz gənclər siyasəti
sahəsində daha böyük uğurlar qazanacağıq.
İqtisadi qüdrətimiz artdıqca, gənclər
siyasətinin daha uğurla həyata keçirilməsinə
dövlət tərəfindən lazımi şərait
yaradılacaqdır.
Azər Əmiraslanov:
- Gənclər üçün ən önəmli olanı
onlara bütün sahələrdə əlverişli
mühitin yaradılmasıdır. Bu isə, ilk
növbədə, güclü dövlətin qurulmasından
asılıdır. Əgər güclü dövlət
mövcud olarsa, bu halda gənclər də öz
potensiallarını hərəkətə gətirə
bilərlər. Belə olan halda, onlar özlərini daha
təhlükəsiz cəmiyyətdə hiss edirlər. Bu
baxımdan ulu öndərimiz Heydər Əliyev
tərəfindən dövlətçiliyin etibarlı
qorunması ənənəsinin yaradılmasını
xüsusi vurğulamaq istərdim. Bu, son nəticədə
həm güclü dövlətin formalaşmasına
gətirib çıxardı, həm də güclü
iqtisadiyyat şəraitində gənclərin
potensialının uğurla reallaşdırılmasına
yaxşı imkanlar açdı. Gənclər forumunun
keçirilməsi qeyri-adi ənənə idi - gənclər
bilavasitə dövlət rəhbərləri ilə
birbaşa görüş və ünsiyyət imkanları
əldə etdilər, fikirlərini sərbəst demək
imkanı qazandılar. Bu müsbət ənənə
hazırda da davam etdirilir, bundan bütövlükdə
cəmiyyətimiz yararlanır.
Bugünkü mərhələ isə sırf
yeniləşmə ilə bağlıdır - həm
cəmiyyətin özündə, həm də iqtisadiyyatda
yeniləşmə prosesi gedir. Dövlət
idarəçiliyi təkmilləşdirilir, yeni texnologiyalara
keçid prosesi sürətlənir. Belə bir
şəraitdə gənclərin üzərinə mühüm
vəzifələr düşür, ona görə ki,
gənclər yeniləşmənin əsas
daşıyıcılarıdır. Əgər biz
dövlətimizin sosial strukturuna nəzər yetirmiş olsaq,
görərik ki, gənclər ölkə əhalisinin 60-65
faizini təşkil edir və bu çox böyük sosial
potensialdır. Bu gün hətta inkişaf etmiş Avropa
dövlətlərində də ciddi demoqrafik
problemlərdən biri əhalinin qocalması və təbii
artımın azalmasıdır. Şükürlər olsun ki,
hər iki cəhətdən bizdə problem yoxdur və bu da
ölkənin sosial potensialını göstərir. Bu sosial
potensial ölkəmizin daha dinamik inkişafı
baxımından münasib bir baza və təməl
yaradır.
Cəmiyyətin sosial strukturunu xarakterizə edən digər
bir göstərici ondan ibarətdir ki, ölkəmizdə
sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların 70 faizi gənclərdən ibarətdir. Bu bir daha
təsdiqləyir ki, ölkəmizdə iqtisadi inkişafda
gənclərin də payı çoxdur. Bazar iqtisadiyyatı
şəraitində, keçid dövründə yeniliklər
gənclər tərəfindən daha tez mənimsənilir,
onlar fəaliyyətlərində ən mütərəqqi
metodları tətbiq edirlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən yeni dövr üçün çox
konkret prioritet istiqamətlər
müəyyənləşdirilmişdir. Həmin istiqamətlər
- iqtisadiyyatın gücləndirilməsi, güclü iqtisadi
sistemin qurulması, yoxsulluğun azaldılması,
regionların inkişaf etdirilməsi, informasiya
texnologiyalarının, təhsilin inkişafı ilə
bağlıdır. Sözsüz ki, qabaqcıl informasiya
texnologiyalarının inkişaf etdirilməsi də məhz
gənclərin sayəsində mümkündür.
Təsadüfi deyil ki, dövlət başçısı
cənab İlham Əliyev bu sektorun inkişaf
perspektivlərini məhz gənclərin sayının
üstün olması ilə əlaqələndirmişdir.
Bu gün Azərbaycan iqtisadi artım tempinə görə
dünyanın lider dövlətlərindəndir. Dünyada
ikinci elə dövlət yoxdur ki, orada ümumi daxili məhsul
34,5 faiz təşkil etsin. Sözsüz ki, dövlətin
maliyyə imkanlarının artması bir çox sosial
layihələrin maliyyələşdirilməsinə də
yaxşı imkanlar açır. Bu baxımdan, yalnız
ipoteka kreditlərinin verilməsi sahəsindəki son statistik
göstəricilərə nəzər salmaq kifayətdir.
Çox qısa müddətdə ipoteka şərtləri
xeyli yumşaldılmışdır. Əgər
əvvəlki variantda kreditlərin verilmə müddəti 15
il nəzərdə tutulmuşdusa, bu rəqəm ümumi
kreditlər üçün 25 ilə qaldırıldı.
Sosial ipotekaların, yəni gənc ailələr
üçün nəzərdə tutulmuş kreditlərin
verilmə müddəti isə 30 ilə çatdırıldı.
Əvvəlki variantda kreditin ilkin ödənişi 30 faiz
idisə, hazırda bu rəqəm 15 faiz təşkil edir.
Əvvəlki variantda kreditin maksimum məbləği 30 min
manat nəzərdə tutulmuşdu, bu rəqəm ümumi
kreditlər üzrə 50 min, sosial kreditlər üzrə 35
min manata çatdırıldı. Əvvəlcə
kreditlər illik 12 faizlə verilirdisə, sonradan bu
rəqəm ümumi kreditlər üzrə 8 faizə, sosial
kreditlər üzrə 4 faizə endirildi. Şərtlərin
bu dərəcədə yumşaldılması,
şübhəsiz, dövlətimizin iqtisadi imkanları
ilə bağlıdır. Müqayisə etsək,
görərik ki, heç bir MDB dövlətində bu cür
əlverişli şərtlər yoxdur.
Hesab edirəm ki, dövlətimizin iqtisadi imkanlarının
sürətlə artması gənclərlə bağlı
problemlərin daha qısa müddətdə həllinə
imkan yaradacaq. Bizim əsas vəzifəmiz isə ondan
ibarətdir ki, dövlətimizin həyata keçirdiyi bu
işləri geniş miqyasda təbliğ edək.
İlqar Orucov:
- 2007-ci ilin "Gənclər İli" elan edilməsi
mühüm hadisə olmaqla yanaşı, dövlət
başçısının gənclər sahəsində
sistemli və ardıcıl siyasət yeritdiyini
təsdiqləyir. Gənclik enerji, təşəbbüs,
gələcəyə ünvanlanmış inkişafdır.
Özünün dinamik inkişaf yoluna qədəm qoymuş
Azərbaycan dövlətində gənclərin enerjisindən
istifadəyə obyektiv bir tələbat duyulur. Daim
dəyişən situasiyalarda çevik və qeyri-şablon
qərarların qəbul olunmasına ehtiyac yaranır,
çünki biz yeni əsrdə dünyanın müasir
inkişaf tempi ilə ayaqlaşmalıyıq. Bunun
üçünsə, ilk növbədə, gənclərin
ölkə həyatına fəal müdaxiləsini təmin
etməyə ehtiyac var. Məhz bu konsepsiya ulu öndərimiz
Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra diqqət mərkəzində
olmuşdur. Gənclərin fəal sosial zümrə kimi
formalaşması naminə çoxlu sayda yeni qanunlar qəbul
olunmuşdur. 1997-ci ildə ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə gənc istedadlar
fondu yaradılmışdı.
Bir neçə gün əvvəl isə Azərbaycan
Prezidenti cənab İlham Əliyev xüsusi istedada malik
gənclərə təqaüdlərin verilməsi ilə
bağlı sərəncam imzaladı. Mən xüsusi istedada
malik uşaq və gənclərin yaradıcılıq
potensialının artırılmasına dövlət
qayğısı ilə əlaqədar Dövlət
Proqramını hazırlamış işçi qrupunun
üzvü olmuşam. Burada bir neçə məsələ
də məhz Milli Elmlər Akademiyasının
üzərində qoyulmuşdu. AMEA-da fəaliyyət
göstərən Gənclərin İntellektual Mərkəzi
bir neçə layihənin hazırlanmasında və
icrasında fəal iştirak etmişdir.
Dövlət başçısı müasir qloballaşma
əsrində dünya elminə, təhsilinə
inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin
xaricdə təhsil almasına da ciddi əhəmiyyət verir.
Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli
"Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almasına dair Dövlət
Proqramı haqqında" sərəncamı bu sahədə
həyata keçirilən dövlət siyasətində
ardıcıllığın və sistemliliyin təmin
olunması baxımından təqdirəlayiqdir. Hazırda
azərbaycanlı tələbələr həm dövlət,
həm də müxtəlif fondlar hesabına bir sıra
dövlətlərin nüfuzlu ali məktəblərində
təhsil alırlar. Sərəncamda bu sahədə həyata
keçirilən işlərin səmərəliyinin
artırılması, habelə pərakəndəliyin aradan
qaldırılması üçün iqtisadi inkişaf və
təhsil nazirliklərinə aidiyyəti qurumlarla birgə
üç ay müddətində azərbaycanlı
gənclərin xarici ölkələrdə təhsil
almalarına dair dövlət proqramını hazırlayaraq
Azərbaycan Prezidentinə təqdim etmək
tapşırığı verilmişdir. Dövlət
proqramı qəbul olunandan sonra Azərbaycan gəncləri
dünyanın ən aparıcı universitetlərində ali
təhsil almaq üçün geniş imkanlar əldə
edəcəklər. Bu, həmin ölkələrin qabaqcıl
təcrübəsinin mənimsənilməsi deməkdir - ali
təhsillərini başa vurub ölkəmizə qayıdan
azərbaycanlı gənclər mütərəqqi
idarəçilik ənənələrini Azərbaycana
gətirəcəklər. Yəni bu, bilavasitə sabaha,
gələcəyə ünvanlanmış siyasi xətdir.
Cənab Prezidentin neft kapitalını insan kapitalına
çevirməklə bağlı maraqlı bir fikri var.
Yəni bilavasitə təbii resurslardan istifadə olunması
yolu ilə respublikamızda intellektual baza
yaradılmalıdır. Bütün bunlar isə son
nəticədə ölkə iqtisadiyyatının daha da
güclənməsinə, qüdrətlənməsinə
xidmət edir.
Statistik məlumatlara
görə, Azərbaycanda bu gün 290-a yaxın gənc alim
var. Bir çox sahələrdə isə gənc alimlər
yoxdur. Əgər gəncliklə bağlı yaş həddi
30-a endirilsə, yəqin ki, belə gənclərin sayı bir
qədər də aşağı düşəcək.
Bununla belə, son dövrlər Azərbaycan Prezidenti
tərəfindən atılan addımlar ölkəmizdə
elmi potensialın güclənməsinə geniş imkanlar
yaradır.
Tubuxanım Qasımova:
- İstərdim ki, ilk əvvəl "Gənclər
İli"ndə keçirəcəyimiz tədbirlər
barədə məlumat verim. Dövlət
başçısının regionların inkişafına
yönəlmiş siyasətinin tərkib hissəsi kimi
yerlərdəki gənclər təşkilatları ilə
əlaqələr yaradıb birgə konfranslar
keçirmək niyyətindəyik. Bir sıra regionlara
elmi-tədqiqat ekskursiyaları təşkil etmək,
əhalidə təhsilə və elmə maraq oyatmaq
fikrindəyik. 26 iyun - Silahlı Qüvvələr Günü
münasibəti ilə hərbi hissələrdə olub
əsgərlərlə görüşmək, hərbi
xidmətini başa vurmuş gəncləri təhsilə,
elmə həvəsləndirmək niyyətindəyik.
AMEA-da "Kiçik akademiya" layihəsini həyata
keçirməyə hazırlaşırıq. Bununla
bağlı, regionlarda, xüsusən uşaq evlərində
uşaqlarla görüşlər keçirib onlarda kiçik
yaşlarından elmə maraq oyatmağı
planlaşdırmışıq. Biz cari il ərzində bir
sıra aktual mövzularda konfranslar keçirməyə
hazırlaşırıq. Ümidvarıq ki, bütün bu
tədbirlərin keçirilməsində Gənclər və
İdman Nazirliyi də bizə yaxından kömək
göstərəcək.
Ceyhun Osmanlı:
- Mən də bu fikri bölüşürəm ki,
Azərbaycanda gənclər siyasəti keyfiyyətcə
özünün yeni mərhələsinə qədəm
qoymuşdur və bu proses özünü bir neçə
istiqamətdə göstərir. Ən başlıca məqam
ondan ibarətdir ki, Azərbaycan gəncləri artıq
dünya miqyasına çıxa bilmişlər.
"İrəli" Ümumrespublika Gənclər
Hərəkatı da Azərbaycanda həyata keçirilən
gənclər siyasətinin keyfiyyətcə yeni
dövründə meydana gəlmiş yeni tipli
təşkilatdır. "İrəli" sırf gənclərin
təşəbbüsləri əsasında fəaliyyət
göstərən qurumdur. "İrəli" həm də
il yarım ərzində əlliyə yaxın müxtəlif
tədbirin keçirilməsinə müvəffəq olmuş
bir təşkilatdır.
Qürurverici haldır ki, Azərbaycan gəncləri istər
elmi, istər informasiya texnologiyaları sahələrində
dünya miqyasına çıxırlar. Məsələn,
Avropa Şurasının gənclərlə bağlı ali
qurumu Gənclərin Proqram Komitəsi sayılır və onun
həmsədri azərbaycanlıdır. Eyni zamanda, İslam
Konfransı Forumu Gənclər Təşkilatının
təşəbbüskarı və yaradıcısı
azərbaycanlı gənclərdir. Qurumun baş katibi
azərbaycanlıdır. GUAM Gənclər
Təşkilatının təşəbbüskarı və
yaradılması da sırf azərbaycanlı gənclərin
adı ilə bağlıdır.
Bir müddət əvvəl azərbaycanlı gənc alim,
hazırda Almaniyada həkim kimi çalışan Vüqar
Yaqublu xərçəng xəstəliyini düzgün
tədqiq edən biosensor icad etmişdir. O, bu nailiyyətinin
sayəsində Almaniyanın tibb doktoru adına layiq
görülmüşdür. Hazırda bütün dünya
bu azərbaycanlı gənclə maraqlanmağa
başlamışdır. Eyni zamanda, respublikamızın
gənc mütəxəssislərinin informasiya
texnologiyaları sahəsində qazandığı
böyük uğurlar da dünya ictimaiyyətinin diqqət
mərkəzindədir.
Fikrimcə, qazandığımız uğurlarla
yanaşı, gənclər sahəsində müəyyən
problemlərimiz də var və biz əl-ələ verib
onları həll etməliyik. Məni Azərbaycan
tələbələrinin problemləri çox
maraqlandırır. İnanıram ki, yaxın vaxtlarda
tələbələrin təqaüdləri minimum istehlak
səbətinə yaxınlaşacaqdır. Xüsusən
də regionlardan olan gənc tələbələrin yataqxana
ilə təminatına diqqət artırılacaqdır.
Zaur Adıgözəlov:
- Dövlət başçısının 2007-ci ili
"Gənclər İli" elan etməsi
cəmiyyətdə müsbət qarşılanır və
təqdir olunur. Bu, bir tərəfdən gənclərə
daha geniş şərait yaratmaq, digər tərəfdən
onların potensialından dövlət quruculuğu
prosesində maksimum istifadə etmək məqsədi
daşıyır. Hazırda bir çox MDB və dünya
dövlətlərində Gənclər və İdman
Nazirliyi adlı hansısa qurum yoxdur. Azərbaycanda 1994-cü
ildən belə bir nazirliyin mövcud olması və
gənclərlə iş sahəsində uğurla
fəaliyyət göstərməsi təsdiqləyir ki,
respublikamızda gənclər və idman siyasəti daim
diqqət mərkəzindədir. Nazirliklə yanaşı, bu
gün respublikamızda bir sıra ictimai
təşkilatların, o cümlədən partiyaların
gənclər strukturları mövcuddur.
Xatırlatmaq istərdim ki, ulu öndərimiz
hakimiyyətə qayıdışından dərhal sonra
respublika gəncləri ilə görüşmüş, yeni
mərhələdə onların təşkilatlanması
yollarını göstərmişdir. Yeni siyasi sistemdə
artıq "komsomol" adlanan gənclər qurumu yox idi
və gənclər hansı yöndə
təşkilatlanacaqlarını o qədər də aydın
təsəvvür etmirdilər. Ötən dövrdə bir
sıra spesifik sahələr üzrə
mütəşəkkil gənclər təşkilatları
yaradılmışdır və onlar uğurla fəaliyyət
göstərirlər. Bu o deməkdir ki, gənclərin
müxtəlif sahələrdə faydalı işgüzar
fəallığı üçün əlverişli meydan
açılmışdır.
Bu gün respublikamızda aparılan uğurlu sosial-iqtisadi
siyasətin nəticəsi olaraq 500 mindən artıq yeni
iş yeri açılmışdır. Məlumatlara
görə, yeni iş yeri ilə təmin edilənlərin
təxminən 70 faizini gənclər təşkil edir.
Hazırda daha çox müasir bilikləri və yeni
informasiya texnologiyalarını mənimsəmiş
gənclərə ehtiyac var. Bəzən ali
məktəbləri bitirmiş gənclər onların
işlə təmin edilməsini dövlətin borcu kimi
qələmə verirlər. Amma bazar iqtisadiyyatı
şəraitində iş yerlərinin böyük qismi
özəl sektorda açılır. Özəl sektorda
işə götürənlər isə daha çox
kadrların bacarığına, savadına, müəyyən
iş təcrübəsinə üstünlük verirlər.
Biz bununla bağlı gənclər arasında geniş
maarifləndirmə işi həyata keçirir, onları
müasir səviyyədə elmi biliklərə
yiyələnməyə çağırırıq.
Yəni, ali məktəbləri qurtaranlar yararlı kadr
olmalıdırlar. Amma bəzən belə bilik və
bacarıqları olmayan, nəticədə iş yeri tapmayan
gənclərə də rast gəlinir, onlar destruktiv
qüvvələr tərəfindən müxtəlif siyasi
oyunlara cəlb olunurlar. Son illər respublikada aparılan
uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi belə
gənclərin sayı ildən-ilə azalır.
Gənclərin böyük əksəriyyəti
gələcəyə böyük inamla baxır və bunun
nəticəsi kimi də onların Yeni Azərbaycan
Partiyasına böyük axını var.
Sevindirici haldır ki, müasir Azərbaycan gəncliyi
beynəlxalq aləmdə layiqincə təmsil olunur.
Əgər təxminən 10 il əvvəl xaricdən
kimlərsə Azərbaycana gəlməyə ehtiyat
edirdilərsə, hazırda belə problem yoxdur.
Respublikamız getdikcə beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilir. Aprel ayında Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin
təşkilatçılığı ilə "Gənc
liderlər dünyada sülh və təhlükəsizlik
tərəfdarıdır" mövzusunda beynəlxalq konfrans
keçiriləcək. Biz bu tədbirlə bir daha sübut
edəcəyik ki, Azərbaycan beynəlxalq tədbirlərin
keçirilməsi üçün geniş imkanlara malik
dövlətdir. Eyni zamanda, biz bu kimi tədbirlərlə
cənab Prezidentin həyata keçirdiyi siyasətə
töhfəmizi vermiş oluruq.
"Azərbaycan":
- İntiqam müəllim, Azərbaycanın ərazilərinin
işğal altında olması
hərbi-vətənpərvərlik təbliğatının
gücləndirilməsini daim aktual məsələ kimi
önə çıxarır. Nazirlik bu istiqamətdə
hansı işləri həyata keçirir?
İntiqam Babayev:
- Azərbaycanda gənclər siyasətinin mühüm
istiqamətlərindən biri də gənclərin milli ruhda,
adət-ənənələr, mənəvi
dəyərlər əsasında düzgün tərbiyə
olunmasıdır. Gənclərin
hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi bizim
üçün xüsusilə aktualdır. Çünki biz
uzunmüddətli müharibəyə cəlb edilmişik,
torpaqlarımız işğal olunub. Gənclər və
İdman Nazirliyi təhsil və müdafiə nazirlikləri
ilə birgə orta məktəb şagirdləri
üçün hərbi idman yarışları
təşkil etmişdir. Bu, yarışlar aşağı
sinif şagirdləri üçün "Cəsurlar",
yuxarı sinif şagirdləri üçün
"Şahinlər" adlanır. Biz ötən il
"Şahinlər" hərbi idman yarışının
keçirilməsinin 10 illiyini qeyd etdik. Bu yarışlar ulu
öndərimiz Heydər Əliyevin doğum günündə
- mayın 10-da Naxçıvanski adına hərbi liseydə
keçirilir. Əgər əvvəllər biz bu yarışları
inzibati qaydada təşkil edirdiksə, hazırda başqa
problemlə üzləşmişik. Bu yarışda
iştirak etmək istəyən komandaların sayı
həddən artıq çoxdur. Ölkə üzrə 200
mindən artıq məktəbli bu yarışlarda iştirak
edir.
Belə bir misal var: "Sülh istəyirsənsə,
müharibəyə hazır olmalısan".
Dövlətimizin iqtisadi imkanlarının artması bizə
hərbi-vətənpərvərlik əhval-ruhiyyəsini
gücləndirməyə geniş imkanlar açır. Bizim
konkret düşmənimiz var və
hərbi-vətənpərvərlik təbliğatını
da bu yöndə qurmalıyıq. Gənclərimiz düşmənini
tanımalı və bütün cəbhələrdə
mübarizə aparmalıdırlar.
Emin Həsənli:
- Milli Ordunun gücləndirilməsi və paralel olaraq
hərbi-vətənpərvərlik təbliğatının
genişləndirilməsi Azərbaycanın
qarşısında duran ən başlıca
vəzifələrdəndir. 1994-cü il mayın 12-də ulu
öndərimizin uzaqgörənliyi ilə cəbhə
bölgəsində atəşkəsin imzalanması bu
sahədə sistemli və ardıcıl addımlar atmağa,
Milli Ordunu gücləndirməyə imkan vermişdir. Qanunsuz
silahlı birləşmələr ləğv edilmiş,
nizami ordu quruculuğu istiqamətində kompleks
tədbirlər həyata keçirilmişdir. Əgər
1994-cü ildə atəşkəs haqqında razılaşma
imzalanmasaydı, Azərbaycan nə neft müqavilələrini
imzalaya biləcəkdi, nə də indiki iqtisadi inkişaf
olacaqdı. Həmin dövrdə düşmənlərimiz
Qazax şəhərini tutmaq və Azərbaycanın
Gürcüstanla sərhədlərini nəzarətə
götürmək istəyirdilər. Onların bu məkrli
niyyəti baş tutsaydı, respublikamız böyük
fəlakətlərlə üzləşəcəkdi. 1997-ci
ildə ermənilər Qazax şəhəri
üzərinə hücuma keçsələr də,
ağır itki verərək geri çəkilməli oldular.
1994-cü ilin yanvar ayında ulu öndərimiz Brüsselə
səfəri zamanı Azərbaycanın NATO ilə sıx
əməkdaşlıq etmək niyyətini bəyan etmiş,
bu isqamətdə konkret addımlar atmışdır.
Həmin ilin may ayında Azərbaycan NATO-nun "Sülh
Naminə Tərəfdaşlıq" proqramına imza
atmışdır. Rusiya və İranın
əhatəsində olan Azərbaycan bununla da Avratlantika
təhlükəsizlik sisteminə qoşulmuşdur.
Ötən müddətdə Azərbaycan Silahlı
Qüvvələrinin NATO standartlarına
uyğunlaşdırılması istiqamətində bir
sıra həlledici addımlar atılmışdır. 1997-ci
ildə Azərbaycan silahlı qüvvələrinin NATO
tərkibində sülhyaratma bölüyü
yaradılmışdır. Azərbaycan hərbçiləri
əvvəlcə Kosovoda, sonra Əfqanıstanda və
İraqda bu missiyada iştirak etmişlər.
Əsgərlərimiz bu ölkələrdə öz
davranışları ilə yerli əhalinin, o
cümlədən NATO rəhbərliyinin böyük
etimadını qazanmışlar. Azərbaycan
əsgərləri ən çətin situasiyalarda
döyüş tapşırıqlarını uğurlu yerinə
yetirdiklərinə görə dəfələrlə
mükafatlar almışlar.
Hərbi sahədə qazandığımız uğurlar
ölkəmizdə hərbi-vətənpərvərlik
əhval-ruhiyyəsinin də lazımi səviyyədə
təşkil edildiyini göstərir. Təbii,
müəyyən problemlərimiz də var və onları
açıq etiraf etməliyik. Gənclər və İdman
Nazirliyi bu istiqamətdə sistemli fəaliyyət
göstərsə də, Təhsil Nazirliyinin və bəzi
kütləvi informasiya vasitələrinin hərbi-vətənpərvərliklə
bağlı gördüyü işləri
qənaətbəxş saymaq olmaz. Məktəblərdə
hərbi hazırlıq dərslərinin lazımi səviyyədə
keçilməməsi problemi də özünü qabarıq
göstərir.
Eyni zamanda, telekanallarda bu istiqamətdə fəal iş
aparılmalıdır. Təəssüf ki, bəzi
qəzetlər bizim milli maraqlarımıza zidd mövqe tutur,
Azərbaycanın illərlə bağlı
apardığı təbliğata zərbə vurmağa
çalışırlar. Eyni zamanda, belələri
Azərbaycan Silahlı Qüvvələrini nüfuzdan salmaq
üçün hər gün böhtan xarakterli,
əsassız məlumatlar dərc edirlər. Həm sağlam
ruhda fəaliyyət göstərən kütləvi informasiya
vasitələri, həm də gənclər
təşkilatları belə ünsürlərə qarşı
birgə mübarizə aparmalıdırlar. Biz Silahlı
Qüvvələrimizdəki real vəziyyət barədə
jurnalistlərdə tam təəssürat yaratmaq
üçün mart ayında Gənclər və İdman
Nazirliyinin köməyi ilə cəbhə bölgəsinə
jurnalistlərin səfərini təşkil etmək
niyyətindəyik.
Fərhad Məmmədov:
- "İrəli" Ümumrespublika Gənclər
Hərəkatı ilk gündən çalışır ki,
Azərbaycan gəncləri öz
təşəbbüslərini artırsınlar və
ictimai-siyasi proseslərdə fəal iştirak etsinlər. Amma
əfsuslar olsun ki, bəzi gənclər faydalı
işlərdən yan keçir, əsas bilik və
bacarıqların, vərdişlərin
formalaşdığı bir yaş dövrünü
boş-boş işlərə sərf edirlər. Son
nəticədə onlar cəmiyyətə faydalı insan
və mütəxəssis kimi yetişmək imkanını da
itirirlər. Dövlət səviyyəsində
yaradılmış şərait gənclərə öz
potensiallarını ortaya qoyaraq
gerçəkləşdirmək üçün
yaxşı imkanlar açır. Əgər 90-cı
illərdə bunun üçün maliyyə vəsaiti
çatışmırdısa, hazırda dövlət
büdcəsində gənclər və idman siyasəti
üçün ayrılan vəsaitlər ildən-ilə
artır.
Şübhəsiz, gənclərin müəyyən
problemləri var və mən bu baxımdan "Təhsil
haqqında" qanunun qəbulunun yubanmasını qeyd
etmək istərdim. Həmin qanun layihəsi artıq birinci
oxunuşdan keçib və inanıram ki, yaxın gələcəkdə
qəbul olunacaqdır. Gənclər hansı qanun
əsasında təhsil aldıqlarını
bilməlidirlər. Digər tərəfdən, yaxşı
olardı ki, ölkəmizdə orta ixtisas peşə
liseylərinin inkişafı təmin olunsun. Hazırda orta
məktəbi bitirən şagirdlərin yalnız 3 faizi
texniki peşə liseylərinə üz tutur və bu da
olduqca aşağı göstəricidir. Bu, həm də ali
təhsili kütləviləşdirərək bir çox
problemlərə gətirib çıxarır. Bəzən
bir ixtisas üzrə tələbatdan qat-qat artıq kadr
yetişdirilir və nəticədə onların çoxu
lazımi iş yeri tapa bilmirlər. Beləliklə,
tələb-təklif prinsipi pozulur. Məsələn,
yaxın 10 ildə Azərbaycanda ginekoloq kadrlara, yəqin ki,
ehtiyac duyulmayacaq. Fikrimcə, bəzi hallarda ixtisas seçimi
dəb halını alır. Lazım oldu-olmadı, həmin
ixtisaslara axın başlanır.
Digər bir problem universitetləri bitirən gənclərin
heç də hamısının layiqli kadr kimi
yetişməməsi ilə bağlıdır. Biz bir
neçə dəfə əmək birjaları təşkil
etmək üçün tanınmış firmalara
müraciət etmişik. Onlar cavab olaraq bildirirlər ki,
kiminsə universiteti bitirmək haqqında diplomunun olması
hələ heç nəyi demir. Yəni, universitetə daxil
olanların böyük əksəriyyəti bu və digər
vasitələrlə təhsillərini başa vurub diplom ala
bilirlər. Hətta fərqlənmə diplomu ilə
universiteti qurtarmaq da layiqli kadr kimi tanınmaq üçün
əsas vermir. İri şirkətlər əsasən,
nəzəri və praktiki biliklərə, bacarıqlara
böyük üstünlük verirlər. Buna görə
də gənclər öz üzərlərində çox
işləməli, yaxşı bilik, təcrübə,
peşə vərdişləri qazanmalıdırlar. Bu, bazar
iqtisadiyyatı şəraitində ən optimal yoldur.
Müşfiq Cəfərov:
- İlk növbədə, belə bir "dəyirmi
masa"nın təşkilinə görə
təşəkkürümü bildirmək istərdim.
Gəncə şəhərində fəaliyyət
göstərən "Gələcəyə
körpü" Gənclər İctimai Birliyinin əsas
məqsədi ictimai proseslərdən kənarda qalan
gənclərimizin cəmiyyətə fəal
şəkildə inteqrasiya etməsinə kömək
göstərməkdir. Fəaliyyət göstərdiyimiz 7 il
ərzində bu məqsədi
gerçəkləşdirmək üçün bir sıra
layihələri həyata keçirmişik. Eyni zamanda, bir
sıra şəbəkələrə, beynəlxalq
təşkilatlara üzv olmuşuq.
Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın
2-də - Gənclər Günü münasibətilə bir
qrup gənci qəbul etmiş, onlara bir sıra
tövsiyələrini, tapşırıqlarını
vermişdir. Dövlət başçısının bu
görüşü, üstəlik, 2007-ci ili
"Gənclər İli" elan etməsi bizim
məsuliyyətimizi ikiqat artırır. Bu il
nəzərdə tutulmuş tədbirlərdən biri də
regionlarda "Gənclər evi"nin inşası ilə
bağlıdır. Eyni zamanda, il ərzində 10-dan artıq
beynəlxalq tədbirin keçirilməsi
planlaşdırılır. "Gələcəyə
körpü" Gənclər Birliyi də bu il ərzində
iki beynəlxalq tədbir keçirmək fikrindədir.
Paytaxtla müqayisədə, təbii ki, bölgə
gənclərinin problemləri bir qədər çoxdur
və onların həlli üçün
təxirəsalınmaz tədbirlər həyata
keçirilməlidir. Məsələn, təhsil naziri bir
müddət əvvəl Gəncəyə səfər
etmişdi. Təhsil işçiləri ilə
keçirilən görüşdə məlum oldu ki, Xanlar
rayonundan ali məktəblərə qəbul olunanların
sayı çox aşağıdır. Hətta
beş-altı kənddən bir nəfər də olsun, ali
məktəbə qəbul olunmayıb. Bu, çox
böyük problemdir və təhsilin səviyyəsinin
aşağı olduğunu göstərir. Həmin rayonda iki
nəfərə bir müəllim düşdüyü halda,
təhsilin səviyyəsi olduqca aşağıdır. Hesab
edirəm ki, bu kimi problemlərin həlli üçün
yaxın gələcəkdə ciddi addımlar atılacaq.
Digər tərəfdən, region gənclərinin
məşğulluqla bağlı müəyyən
problemləri hələ də qalmaqdadır. Doğrudur, son
illər ölkəmizdə çoxlu sayda yeni iş
yerləri açılır, bölgələrdə
yaşayan gənclər işlə təmin olunurlar. Bu
problemləri tamamilə həll etmək üçün
isə yerlərdə gənclərin məşğulluq
mərkəzlərinin yaradılması olduqca vacibdir. Həmin
məşğulluq mərkəzləri vasitəsi ilə
gəncləri təcrübə keçməyə
göndərmək olar. Ötən il biz bu problemlərlə bağlı
Gəncədə iş adamları ilə gənclərin
görüşünü təşkil etmişdik. Həmin
tədbirdə iş adamları da bildirdilər ki, lazımi
kadrları tapmaq üçün hara müraciət
edəcəklərini bilmirlər. Məşğulluq
mərkəzləri günün tələbləri
səviyyəsində işləyə bilmirlər. Eyni zamanda,
indi hamı təcrübəli kadr tələb edir. Universiteti
yeni qurtarmış gənclər isə təcrübə
qazanmaq üçün haradasa işləməlidirlər.
İşləmədən təcrübə qazanmaq isə
mümkün deyil.
Başqa bir problem ondan ibarətdir ki, regionlardan Bakıya
təhsil almaq üçün gəlmiş gənclər
sonradan nədənsə rayonlara dönmək
istəmirlər. Bir sıra ixtisaslar üzrə rayonlarda
iş yeri tapmaq qeyri-mümkündür. Bu halda gənclər
məcburiyyət qarşısında şəhərdə
qalıb işləməyə məcbur olurlar. Ancaq son
illər bu problem aradan qalxmaqdadır. Bölgələr,
rayonlar sürətlə inkişaf edir. Məsələn,
Gəncə şəhəri beş-altı il əvvəl az
qala böyük bir kəndi xatırladırdı. İndi
isə şəhərin görkəmi tamamilə
dəyişib, Gəncə müasirləşib,
abadlaşıb, gözəlləşib.
Texniki peşə liseylərinin fəaliyyətinin
gücləndirilməsi ilə bağlı səslənən
fikirlərlə mən də razıyam. Bu liseyləri
bitirmiş gənclər tikintidə, sənayenin
müxtəlif sahələrində çalışa və
ehtiyaclarını təmin edə bilərlər. Regionlarda
xüsusən də müasir avadanlıqları,
texnologiyaları işlədə bilən gənclərə
böyük ehtiyac duyulur.
"Azərbaycan":
- Azərbaycan Prezidenti cənab İlham Əliyev
ölkədə sahibkarlığın inkişafına
mühüm önəm verir və bu istiqamətdə
əməli tədbirlər həyata keçirir.
İstərdik, Gənc Sahibkarlar Birliyinin sədri
Nərminə Abdinbəyovanın bununla bağlı fikirlərini
eşidək. Gənc sahibkarların üzləşdiyi
başlıca problemlər nədən ibarətdir?
Nərminə Abdinbəyova:
- Hazırda şəxsi biznesi olanlar üçün ən
ciddi problemlərdən biri kadrlarla bağlıdır.
Artıq qeyd olundu ki, universitetləri bitirən, diplom alan
gənclərin biliyi çox vaxt tələb olunan standartlara
cavab vermir. Söhbət ondan getmir ki, biz sahibkarlar böyük
təcrübəsi olan işçilər axtarırıq.
Açığı, bu heç də sərfəli deyil -
təcrübəli işçi daha çox şərt
irəli sürür, yüksək maaş tələb edir.
Daha sərfəlisi gənc kadrlarla işləyib onları
yaxşı işçi kimi yetişdirməkdir.
Təəssüf ki, iş üçün bizə
müraciət edənlərin xeyli qismi savadsızdır. Onlar
elementar olaraq xarici dili, kompüterlə işləməyi
bilmirlər. Halbuki onlar gəncdirlər və indidən
üzərlərində çox işləməyə borcludurlar.
Ümumiyyətlə, yaşından asılı olmayaraq
hər bir insan daha çox öyrənməyə
çalışmalıdır ki, həyatda nəyəsə
nail olsun.
Son illər Azərbaycanda biznes və sahibkarlıq mühiti
sahəsində əlverişli imkanlar yaranmışdır.
Şəxsən mən 9 ildir ki, bizneslə məşğulam
və əvvəllər bu sahədə mövcud olan bir
çox problemlərlə üzləşmişəm. O
zamanlar əsassız yoxlamalarla, bürokratik ruhlu qanunlarla
iş adamlarına müxtəlif problemlər
yaradırdılar. Həmin mərhələ çoxdan
geridə qalıb və mövcud qanunvericilik sahibkarların fəaliyyəti
üçün əlverişli hüquqi baza yaradır.
İndi sahibkarların fəaliyyətinə dövlət
tərəfindən dəstək var, onlara güzəştli
kreditlər verilir. Ölkə başçısı
sahibkarlığın inkişafına ciddi diqqətlə
yanaşır.
Təcrübə göstərir ki, indiki dövrdə biznes
fəaliyyətinə yeni başlayan gənc sahibkarlar
müəyyən problemlərlə qarşılaşır,
3-4 ildən sonra müflis olurlar. Yəni, onlar kəskin
rəqabət şəraitində fəaliyyətlərini
davam etdirə bilmirlər. Bu da əksərən onların
biznesin incəliklərini dərindən
bilməməsindən, lazımi hesablamalar aparmamasından
irəli gəlir. Fikrimcə, belə səriştəsiz
gənc sahibkarlar üçün dövlət
səviyyəsində müəyyən
güzəştlər nəzərdə tutula bilər. Bir
çox Avropa ölkələrində gənc sahibkarlara
güzəştləri nəzərdə tutan qanunlar qəbul
edilmişdir. Bizdə də hazırda belə bir qanun
layihəsinin üzərində iş gedir.
İkinci əsas problem biliklərin azlığı ilə
bağlıdır və bəzən bunu biznesdə yeni olmayan
şəxslərdə də müşahidə edirik.
Belələri qanunları, marketinq fəaliyyətini bilmir,
bugünlə işləyir, sabahı
düşünmürlər. Nəhayət, problemlə
üzləşmiş gənc sahibkarlar öz
hüquqlarını qanuni çərçivədə
müdafiə etməyə çalışmalıdırlar.
İntiqam Babayev:
- Gənclər və İdman Nazirliyi "Gənclər
siyasəti haqqında" qanuna yeni dövrün
tələblərinə uyğun müəyyən
dəyişikliklər edilməsinə
çalışır. Çox güman ki, iki ay sonra biz yeni
qanun layihəsini ictimai müzakirələrə
çıxaracağıq. Həmin qanun layihəsində
ayrıca bir fəsil şəklində gənc sahibkarlara
müvafiq güzəştlər sisteminin
formalaşdırılması nəzərdə tutulur.
Digər tərəfdən, biz İqtisadi İnkişaf
Nazirliyi ilə birgə sahibkarlığın
inkişafını nəzərdə tutan innovasiya
layihələrinin müsabiqəsini keçirəcəyik.
Biz istəyirik ki, ən perspektivli innovasiya layihələrinin
qalibləri bu və digər formada ölkədə həyata
keçirilən iqtisadi proqramlarda iştirak etsinlər.
Aqşin Abdullayev:
- Hər bir dövlətin tanınmasında onun siyasəti,
elmi, idmanı ilə yanaşı, mədəniyyəti də
mühüm rol oynayır. Bu baxımdan Azərbaycanda da son
illər uğurlu addımlar atılır,
mədəniyyətə, incəsənətə
dövlət səviyyəsində yüksək qayğı
göstərilir. Dövlət başçısı cənab
İlham Əliyevin yaradıcı gənclərə
göstərdiyi diqqəti xüsusilə vurğulamaq
istərdim. Mən özüm "Üns"
Yaradıcılıq Səhnəsinin aktyoruyam. İstərdim
ki, ölkəmizdə layiqli ifaçıların üzə
çıxarılması üçün səylər davam
etdirilsin, yeni konsert salonları tikilsin. Bir vokal
ifaçısı kimi mən də təhsilimi İtaliyada
davam etdirmək istəyirəm. İnanıram ki,
dövlət başçısının tapşırığı
ilə hazırlanan dövlət proqramı mənə
xaricdə təhsilimi davam etdirmək imkanı yaradacaqdır.
Respublikamızı bütün dünyada təmsil edə
biləcək yaradıcı və istedadlı gənclər
çoxdur. Lakin çox təəssüf ki, bəzən
televiziya kanalları heç bir istedadı olmayan,
bayağı mahnılar oxuyan gəncləri reklam edir, estrada
sənətini ictimaiyyətin gözündən salır.
Fikrimcə, səviyyəli musiqinin inkişafı
üçün daha çox addımlar atılmalı,
müsabiqələr keçirilməlidir. İstedadı olan
gənclər bəzən maliyyə vəsaiti üzündən
kölgədə qalır, üzə çıxa
bilmirlər. Belə gənclərə dövlət
səviyyəsində müəyyən kömək
göstərilməlidir. Azərbaycan Gəncliyi Dövlət
Proqramında bu məsələlərin də
nəzərdə tutulması olduqca müsbət haldır.
"Azərbaycan":
- Bugünkü "dəyirmi masa"da iştirakınıza
görə hər birinizə təşəkkür edirik.
Gənclərlə ünsiyyətdə olmaq, onların
uğurları ilə tanışlıq doğrudan da çox
xoşdur. Gənclər hər bir xalqın
gələcəyini və inkişaf yolunu
müəyyənləşdirən, cəmiyyətin
ictimai-siyasi həyatında yaxından iştirak edən
aparıcı təbəqədir. Müasir dövrdə
gənclər və idman sahəsində qazanılan uğurlar
dövlətlərin ümumi inkişaf səviyyəsini,
iqtisadi-siyasi potensialını
müəyyənləşdirən vacib meyarlardan
sayılır. Praqmatik siyasətçi kimi bu
reallığı düzgün qiymətləndirən
dövlət başçısı cənab İlham
Əliyev də gənclərə xüsusi diqqət və
qayğı ilə yanaşır. Ən müxtəlif
sahələr üzrə dövlət proqramları imzalayan
dövlət başçısı həm də onların
həyata keçirilməsi ənənəsini
formalaşdırmışdır. Bu dövlət
proqramları gənclərin taleyində mühüm rol
oynayır.
İnanırıq ki, 2007-ci ilin "Gənclər İli"
elan olunması gəncliyə göstərilən
dövlət qayğısının keyfiyyətcə yeni
mərhələdə davamını təmin
edəcəkdir. "Azərbaycan" qəzeti hər zaman
olduğu kimi, bu il də gənclərlə bağlı
həyata keçirilən bütün tədbirləri diqqət
mərkəzində saxlayacaq. Biz bütün gənclər
təşkilatlarını qəzetimizlə sıx
əməkdaşlığa dəvət edirik.
Azərbaycan.-2007.- 1 mart.-S. 4-5.