Məhərrəmova T.
Bizdə
ənənəvi biznes yoxdur
Nərgiz
Camal, modelyer: "Həmişə problemlərin
üstündən
adlayıb işimizi davam etdirmişik"
Bugünkü
qonağımız qadını gözəl
göstərməyi bacaran qabiliyyət sahibidir. İxtisasca tarixçi, hüquqşünasdır.
Təhsilini Bakıda, daha sonra Moskvada alıb. Bir
neçə xarici dildə danışır.
İqtisadçı alim dərəcəsi almaq
üçün elmi iş üzərində işləyir. Eyni zamanda, dövrlə ayaqlaşan sahibkardır -
moda adlı incə və zərif bir sənətlə
məşğul olur. Rəngin,
çaların sirrini aləmə faş etməyə,
korlanmış zövqləri təzələməyə
çalışır.
Buyurun,
gözəllik yaradan bu xanımla - Nərgiz Camalla siz də
yaxından
Reklamsız da
keçinərik
-
Çalışdığınız binanın
çardağında ilk baxışdan diqqəti cəlb
edən "Nərgiz Camal" markası ölkəmizin moda
aləmində kifayət qədər populyarlıqdan
xəbər versə də nədənsə o qədər
də, üzdə olmayan loqodur. Sizcə bu
qədər kölgədə qalmanın səbəbi
nədir?
- Mən qabardılmış
reklamı xoşlamıram. Bu, peşəmizin
bizdən tələb elədiyi bir keyfiyyətdir. Bizim adımızla tikdiyimiz paltarlar
adlandırılır. Ona görə
də mən adımı loqo kimi istifadə etməliyəm.
Bu, incəsənətin bir çox
növlərində var. Paltar biznesinin isə bundan başqa
yolu yoxdur. Ola bilər ki, bir modelyer
başqa bir firma üçün işləsin. Məsələn, Tom Ford "Gudcci" üçün
işləyir. Eyni zamanda, öz
markasının populyarlığını qoruyaraq
eynəklər buraxır. Mən bu
işlə 10 ildən artıq məşğul olsam da,
ixtisasım bu deyil. Bu sənəti
özüm öyrənmişəm və dünyada qəbul
olunan bütün qanunları ilə işlədirəm.
Deyirsiniz ki, adım kölgədə qalıb.
Bu sənətə təzə
başladığım vaxtlar ilk Azərbaycan moda
mükafatına mən layiq görülmüşəm.
Əvvəlcə bu işin sənət
tərəfinin ardınca getdim. Festivallara
gedir, kolleksiyalar nümayiş etdirirdim. Sonra
bu sənətin biznes tərəfi ilə məşğul
olmağa başladım. Kölgədə
qalmağımın səbəbi o deyil ki, kimsə məni
kölgədə qoyur. Mənim
üçün əsas reklam müştərilərimizin
əynində olan paltarlardır. Ancaq
bütün günü efirdən düşməməyi,
qəzetlərə müsahibələr verməyi,
şəhərin bütün küçələrinə
adımı yazmağı, şəkillərimi yapışdırmağı
sevmirəm. İndiyə qədər reklam
roliki çəkdirməmişəm. Hərdən
bir dəvət aldığım verilişlərə
gedirəm. "Coca-cola" artıq
məşhurdur, ancaq yenə də reklamlarını davam
etdirir. Mən "Coca-cola"
qədər məşhur olmasam da, reklama ehtiyacım
olmayıb. Reklamsız da yola verə
biləcəyim və nəzarət altında saxlaya
biləcəyimiz qədər müştərimiz var.
Əgər hazır geyim istehsal etmiş olsam, onda reklamımla
məşğul olaram. Çünki bu,
kütləvi istehsaldır, malların satışı
üçün reklam lazımdır. Ancaq
belə modalar evi üçün gördüyümüz
işlərin keyfiyyəti bizə bəs edir. Ona görə hara köçsək və nə
qədər yerimizi dəyişsək də,
müştərilərimiz gəlib bizi tapır. İşimizi bu qayda ilə davam etdiririk. Düzdür, bu gün Azərbaycanda marka siyasəti
böyükdür. Biz öz
markamızı təbliğ etmirik. Öz
mağazamı açmaq, özümü reklam
üçün mənim hər cür imkanım var. Ancaq
mən alıcının psixologiyasına arxayın
deyiləm. Çünki hazır
məhsula "Made in Azerbaycan" yazanda alıcının onu
alıb-almayacağını bilmirəm. Ancaq
işçinin bunu tam keyfiyyətlə tikəcəyinə
əminəm. İtaliyada yalnız
təzə fəaliyyətə başlayan dizaynerlərin
mağazalarından ibarət bir küçə var. O
küçə bir nəfər tərəfindən idarə
olunur. Bu, İtaliya modasının
inkişafına kömək edir. Cavanlar diqqəti
cəlb etmək üçün daha böyük fantaziya
ilə iş görürlər. Səhər
gördüyün paltar dərhal alındığı
üçün axşamçağı həmin mağazada
görmürsən. Həmin modelyerin biri
məşhurlaşan kimi onu həmin küçədən
çıxarırlar. Amma bizdə gənc
modelyerlər üçün belə imkanlar yaradılmır.
Mənim yüksək humanitar təhsilim ola-ola
modelyer olandan sonra bu sənətin sirlərini daha yaxşı
öyrənmək üçün atelyedə 8 ay adi dərzi
işləmişəm. Amma bizdə
modelyerlər də öz üzərlərində
işləmirlər.
- Siz burada həmçinin bir
çox ailələrin dolanması üçün
şərait yaratmısınız. İşçiləriniz
sizdən razıdırmı?
- Biz bizneslə məşğuluq. Kimin nəyə qabiliyyəti çatırsa, o
işlə təmin olunub. Biri
"vışıvka" edir, biri dəri, biri gəlin
paltarı tikir, biri müştərilərlə əlaqə
saxlayır, digəri tikiş sökür və s. Hər
işçini nəzərdə tutaraq işə
götürürük. Qadınların iş vaxtı
saat 6-da qurtarır. Çünki onların
hərəsi bir evin sahibəsidir. Onların ailə
qayğıları da var. Həmkarlar bizi necə
öyrətmişdisə, biz də eynən nahar da daxil olmaqla
8 saatlıq iş vaxtı təyin etmişik. Bizdə
hər şey reyimlədir. Elə aylar olur
ki, məsələn, toyların qızğın vaxtında
müştərimizə deyirik ki, biz bu sifarişi
götürə bilmərik, çünki vaxtında
təhvil verə bilməyəcəyik. Elə
olur ki, üç müştəri paltarını eyni
gündə istəyir. Bizim də öz
ənənəvi tikiş, biçim, kəsim kollektivimiz var
ki, o, ölçüsüz deyil. Onlar
gecə-gündüz işləmirlər. İşçini
burada gecəyə qədər saxlaya bilmərik. Nəyi çatdırırıqsa, o işi
öhdəmizə götürürük. Mənimçün utanc bir haldır ki, çox vaxt
hazır paltar almaq məcburiyyətində qalıram. Gündəlik paltarı, axşam geyimlərini
məcburiyyət qarşısında alıram. Mənə deyərlər ki, necə modelyersən,
camaat gəlib sizdə paltar tikdirir, sən isə hazır
paltar alırsan. Bu, düzgün olmasa da,
məcburiyyət qarşısında belə də olur.
- Xidmətləriniz yalnız
qadınlar üçün nəzərdə tutulub?
- Yalnız qadınlara xidmət
edirik. Qadınlar üçün axşam
paltarları, ayaqqabılar, gündəlik geyimlər,
şubalar, dəri gödəkçələr, çantalar,
yubkalar və s. tikirik. Bir sözlə,
tikişlə bağlı nə varsa - ayaqqabıdan tutmuş
şubaya qədər hər şey tikirik.
- Müştəriləriniz
kimlərdir? Qiymətləriniz fantastik deyil ki?
- Biz "ulduzlar"
üçün tikmirik. Qiymətlərimiz
də fantastik deyil, yəni hər cibə uyğundur.
Dərzi sözündən
utanmıram
- Təhsiliniz başqa olsa da,
birdən-birə kutyuryeliklə məşğul olmaq, moda evi
açmaq qərarına necə gəldiniz?
- Bu sənəti
öyrənməyə öz həvəsim olub. Günün birində moda festivalının
keçirilməsindən xəbər tutdum, onda
məktəbdə müəllim işləyirdim. Ancaq həvəsim olduğu üçün bu
sənətin ardınca getdim. Ola bilməz ki, bu 10 il ərzində hər şey bu qədər
rəvan getsin. Böyük, balaca problemlərim,
müxtəlif maddi sıxıntılarım olub. Ancaq ailəm həmişə arxamda durub. Heç vaxt həvəsdən düşüb bu
işi bağlamaq fikrinə düşməmişəm.
Həmişə problemlərin
üstündən adlayıb işimizi davam etdirmişik.
Ona görə də qazandıqlarımız
itirdiklərimizdən çox olub. Bəzən
görürsünüz ki, mağazalar, firmalar, fabriklər
açılan kimi də bağlanır. Bu,
düzgün deyil. Mənim indiyə
qədər ayaq üstə dayanmağımın
səbəbi çətinlikdən qorxaraq geri
dönməməyim olub.
- Bəs dərzilik təhsili
almaya-almaya bu sənətin qanunlarını hardan
öyrəndiniz?
- Bunun üçün
ədəbiyyatlar, seminarlar, festivallar var. Mən öz
kolleksiyalarımla festivallara qoşulmağa
çalışırdım. Festivallara başqa
ölkələrdən modelyerlər qatılır.
Məsələn, çətinliklə də olsa
Qazaxıstanın Canbul şəhərində
keçirilən festivala gedib çıxdım. Orda
Özbəkistanın ən məşhur dəri tikən
modelyeri ilə tanış oldum. Festivala qatılan
kutyuryelərin necə işləmələrinə baxırdım.
Mən onlardan, onlar da məndən nəsə
öyrənirdi. Nəticədə təcrübə
mübadiləsi yaranırdı. Festivallara gedib-gəlməklə
bu sənətlə bağlı çox şey
öyrəndim. Onu da deyim ki, həmin festivallarda
ölkəmizi təmsil edən yeganə kutuyrye olurdum. 2000-ci
ildə İstanbulda şəhər merinin xanımı Reyhan
xanımın rəhbərliyi ilə "Uluslararası
İpək yolu moda festivalı" keçirilirdi. Həmin festivala
öz kolleksiyamı apardım. Bizə 10 nəfərlik yer
vermişdilər. Hər kəs öz kolleksiyasını
nümayiş etdirmək üçün öz
manikenlərini aparmalı idi. Ancaq mən manikenlərimi apara
bilmədim. Həmin festivalda mükafata layiq görüldüm.
Çalışıb bu festivallara öz hesabıma
gedirdim. Çox vaxt gedəndə heç
yerə müraciət etmirdim. Tikdiyim gəlin
paltarlarından qazandığım vəsaitlə
təyyarə biletimi alırdım. "Mənə sponsorluq
edin" - deyə hər hansı bir firmaya müraciət
etməkdənsə, öz hesabıma getmək daha asan idi.
Festivallar təcrübə olduğu üçün
mənə maraqlı idi. Sənətin incəliklərini
öyrənməyə çalışırdım, reklama
can atmırdım.
- Necə
bilirsiniz, bu gün Bakı mühitində moda ilə
məşğul olmaq prestiydir, yoxsa dəb?
- Yəqin ki,
Şəki çörəyinin məşhur olduğu vaxt
yadınıza gəlir. Bir nəfər Şəki
çörəyi bişirən sex açdı, sonra da
hamı başladı Şəki çörəyi
bişirməyə. Onun dadı, oriyinallığı da itdi.
Bizdə oriyinallıq, daha doğrusu, ənənəvi biznes
yoxdur. Əgər bu Modalar evi bir il işlədikdən sonra
pis işlədisə, mən bunu bağlayıb başqa bir
müəssisə açmalıydım? Bunu eləmədim.
Artıq 10 illik təcrübəmiz, ənənəmiz var.
Davam etdirə bilsəm, bu ənənəvi bir biznesə -
ailə, nəsil biznesinə çevrilər. Amma bizdə
belə deyil. Biri gözəllik salonu açırsa, beş
gündən sonra qonşusu da ona baxıb eyni salonu
açır. Nəticədə qonşunun
çörəyinə bais olur. Burdan əvvəl
işlədiyimiz küçənin kiçik olmasına
baxmayaraq, orada 8 gözəllik salonu fəaliyyət
göstərirdi. Parça gətirən qız rəfiqəm
olduğu üçün mən parça gətirmirəm.
Gedib parçanı ondan alıram. Mən də onun
rəfiqəsiyəm deyə o, tikişlə məşğul
olmur. Belə olmalıdır. Gəncədə hər
küçənin öz ət, süd, qatıq satanı var.
Bu, onlarda bir adətdir. Tikintidə pul olduğuna görə
hamı tikintiyə qaçır. Nəticədə o
sahədə qazanc ölür. Bizdə "biznes
açdım" - deyə oriyinallıq yoxdur. Bəzən
görürsən ki, kələm yeşiyini xatırladan bir köşkün
üstündə "Modalar evi" sözü
yazılıb. Bu savadsızlıqdandır, çünki
qanun-qaydanı bilmirlər. Bunlar hardan modelyer oldular, onlara bu
adı kim verdi? Mən binanın üstündə "Modalar
evi" yaza bilərəm. Çünki bunun bütün
qanun-qaydalarına riayət edirəm. Biz indi ən
məşhur modelyerləri kutyurye adlandırırıq.
Çünki onlar ənənəvi dərzilik qaydalarına
həddən artıq riayət edirlər. Kutyurye adı
almağın öz qanunları var. Bunun üçün
ən azı 20 nəfərdən az işçin
olmamalıdır. Hər il iki dəfə mövsüm
kolleksiyaları nümayiş etdirməlisən. Burda əl
əməyindən istifadə olunmalıdır. Bütün
ideyalar özün tərəfindən verilməlidir. Bu
gün dərzi sözündən çox adam utanır. Ancaq
bu sözdən utanmıram. Çünki mən
dolayısıyla dərziliklə məşğul oluram. Bu,
çox gözəl sənətdir. Biz paltar tikirik.
-
Həmçinin gözəl ayaqqabılar tikirsiniz. Bu bir
növ kişi sənətidir.
- Atelyemə
dəri almaq üçün gələn bir ayaqqabı modelyeri
ilə tanış oldum. O, ayaqqabı tikmək
üçün məndən dəri istədi. Biz dəri
satmırıq, yalnız sifariş götürürük.
Bizdə olan dəridən heç kəsə satmırıq
ki, başqasında olmasın. Həmin modelyerlə
tanış olub onun üçün ayaqqabı sexi
açdım. Sonra o, işləməyə başqa yerə
getdi. Məndə bu barədə kitab var idi. Həmin
kitabı bir gecəyə oxuyub ayaqqabının qəlibini
çıxartmağı öyrəndim və sexdə
işləyənlərə başa saldım. İndi o
işçilər özləri məşğul olurlar.
Mən sadəcə, onlara dizayn verirəm. Mən bu
sənəti kiməsə öyrətməklə onu
inkişaf etdirirəm.
Özəlliyimizi
qoruyuruq
- Bu gün
Azərbaycanda moda ilə məşğul olan modelyerlər
çoxdur. Aralarında tanınanı da var, tanımayanı da. Deyə
bilərsinizmi, sizin stilinizin özəlliyi nədədir?
- Burda yenə də Şəki
çörəyi məsələsini xatırlatmaq
istərdim. Buna görə özəlliyimizi
də bir neçə dəfə dəyişdirməli
olmuşuq. Mən əvvəlcə
gəlin paltarları tikirdim. İlk
kolleksiyam axşam geyimləri və gəlin paltarlarından
ibarət idi. O paltarlar o qədər gözəl idi ki,
məni həmin paltarların modelyeri kimi
tanıyırdılar. Hamı mənə
gəlinlik paltarı sifariş verirdi. Sonra gəlinlik
paltarı satan mağaza çoxaldı,
hamı bu işlə məşğul olmağa
başladı. O biznes ölüncə, mən dəri işi
ilə məşğul olmağa başladım. Bizim atelyeni dəri atelyesi kimi tanıyırdılar,
ancaq bu biznes zəifləyəndə xəz biznesi ilə
məşğul olmağa başladım. İndi
bizim Modalar evi dəri və xəzlə ən yaxşı
işləyən Modalar evi sayılır. Ancaq
biz gəlinlik paltarlarını yaxşı tiksək də,
bizi gəlinlik paltarları tikən kimi tanımırlar.
Çünki bu paltarları ayda iki dəfə
tikirik, amma super səviyyədə tikirik. Mən
bu sahə ilə məşğul olmağa iki tikişçi
ayırmışam. Bilirsinizmi,
çoxaldıqca nəzarət qaçır və
keyfiyyət aşağı düşür. Bir
yaxşı iş 3 müştəri gətirirsə, bir pis
iş 9 müştərini qaçırır. Mən
bu özəllikləri qoruyub saxlamağa
çalışıram. Biz xəz
tikməklə peşəkarcasına məşğuluq.
Bunun üçün lazım olan bütün
avadanlığımız var. Ancaq ayaqqabı da fərdi
qaydada tikilir. Ayaqqabının böyük
istehsalı üçün böyük yer lazımdır.
Sənətkarlarımız da
yaxşıdır.
- Bir ara Türkiyədə
də işləmisiniz. Türkiyə sizi nə
ilə cəlb edirdi?
- Əvvəllər burada
dəri satmırdılar. Mən yalnız
paltarlar tikir və festivala hazırlaşırdım. Mağazadan bahalı hazır plaşlar alıb
sökərək dərisindən istifadə etməklə
müsabiqə üçün paltar tikdim. Onda Türkiyədən gələnlər
danışırdılar ki, orada dəri istehsalı var. Buna
görə Türkiyə məni cəlb etdi. Festivala dəvətnamə gələndə də
dərhal getdim. "Uluslararası
İpək yolu moda festivalı"nda iştirak edərkən
təşkilatçılar məni Gürcüstan,
Özbəkistan, Qazaxıstan üzrə kurator
götürmək istəyirdi. Çünki
mən o ölkələrdəki festivallarda iştirak
etmişdim və həmin ölkələrin çoxlu
modelyerlərini tanıyırdım. Onlar
mənim modelyerlərlə olan tanışlığımdan
istifadə etmək istəyirdilər. Mən
həmin ölkələrdən bu festivala modelyerlərin gəlməsini
təşkil etməli idim. Təşkilatçılar
İpək yolu üzərində olan bütün
ölkələrdə bu festivalı keçirmək
istəyirdilər. Ancaq 2000-ci ilin
fevralında Türkiyədə dollar böhranı
yaşandı. Mən də vəziyyət
düzələndən sonra yenidən qayıtmaq ümidi
ilə Bakıya döndüm. Ancaq bu
böhran çox sürdü. Mən
isə artıq Bakıda öz fəaliyyətimi davam
etdirirdim. Özümə atelye
açmışdım. Türkiyədəki
böhran qaydaya düşənə qədər mən
artıq ikinci atelyemi də açmışdım.
Özəl bir
şey dəbdə deyil
-
Azərbaycanın modada geriləməyi həmişə olub. Ən populyar elementlər
də bizə gec gəlib çatıb. Bu gün
vəziyyət necədir?
- İndi
informasiya həddindən artıq çoxdur. Mənə
elə gəlir ki, mağazalardakı endirimlər də bununla
bağlıdır. "Çanaq" antennası ilə
baxırıq, internetdən istifadə edirik. Moda ilə
bağlı yurnallarımızı artıq Rusiyadan deyil,
Amerikadan, İngiltərədən alırıq.
İnformasiyanın bir ay tez gəlib çatması bizi xilas
edir. Yurnal bir ay gecikəndə hər şeyin
kökündən dəyişdiyini görürsən.
- Bu gün
dünya modası nə diktə edir?
- Dünya modası demokratiklik
diktə edir. Özəl bir şey dəbdə
deyil. Tutaq ki, indi 60-cı illərin qolu
qısa plaşları, qısa geyimləri dəbdədir.
Sarı, göy elektrik, bənövşə
rənglərə üstünlük verilir.
Rənglər, bir az da fasonlar
dəyişir. Bu o demək deyil ki, köklü
dəyişikliklər var. Bir modelyer yol göstərir,
başqa modelyer başqa bir şeyi nümayiş etdirir. Bununla da moda haqqında bir anlayış yaranır.
Modelyer daha çox hansı rəngi
göstərirsə, həmin rəng dəbdə olur. Paris Moda Asssambleyasına daxil olan modelyerlər
hansısa bir ştrixi öz aralarında müzakirə
edirlər. Ancaq elə modelyerlər var ki,
onların heç biri ilə razılaşmır.
"Dolce Gabbana" bu il öz
kolleksiyasını "Yozefina" adlandırıb. Napoleon
dövrünün kişi
geyimlərinə xas olan bəzəkləri qadınlar
üçün tətbiq edib. Klassik, avanqard,
ekstravaqant və s. stillərdə geyinməyə
üstünlük verən qadınlar özü
üçün bir modelyer seçərək onun xətti
ilə gedir və imkanı çatırsa, onun
paltarını və ya ona oxşarını alıb geyinir.
- Bu gün necə, moda ilə
bağlı festivallarda iştirak edirsinizmi?
- Bu gün nə festival keçir ki,
mən orda iştirak edim? Təzə
başlayanlarla mənim festivalda iştirakım düzgün
olmaz axı. Gedib xaricdə
keçirilən hər hansı bir festivalda iştirak
etmək üçünsə kolleksiya tikmək
lazımdır. Bu da çox yüksək
səviyyədə olmalıdır. Hər
mövsüm kolleksiya tikməyə başlayırıq, ancaq
tikilən müddətdə 5-6-sı hazır olan kimi
müştərilər istəyirlər və biz onları
satırıq. Yəni bunlara tələbat olur.
-
Tikdiklərinizin nümayişi haqqında
fikirləşmirsiniz?
- Hələ
ki yox... İstehsalı, müəssisəsi olan modelyer bu
barədə fikirləşə bilər. Bakı Geyim
Modelləri Evinin direktoru Tamilla Bayramova həmişə deyirdi
ki, Geyim Modelləri Evi Volodarski fabriki üçün
gözəl modellər hazırlaya bilər. Amma biz elə
modellər hazırlayırıq ki, orda oturan qadınlar onu
tikə bilsinlər. Mən Bakıxanov
qəsəbəsində fabrik açmışdım.
Həmin fabrikdə gözəl şərait qurmuşduq. Son
dövrə aid ləvazimat almışdıq. Evdə oturan,
işi bilməyən qadınlar gəlirdilər. Bir
nəfərin zay işi bütün konveyerin əməyini
yerə vururdu. Ümumiyyətlə, bu gün Azərbaycanda
yaxşı tikişçinin tapılması
möcüzədir. Əsas istehsalatı açmaq deyil,
gərək işçini yetişdirəsən. Bu saat
kəsmək, tikmək və biçmək bilən adam deyir
ki, modelyerəm.
- Sahibkar
qadın olmaq necə, çətindirmi?
- Çox
çətindir. Rusiyada modelyer çox olsa da,
məşhurlaşmaq imkanın daha çoxdur. Çünki
ora meqapolis olduğu üçün millət çoxdur. Amma
Bakı çox balacadır. Bir var, min nəfərin
içində populyar olasan, bir də var 100 milyonun
içində. Məsələn, Quççini, Armanini bütün
dünya tanıyır. Bir var Moskva, bir var
- Dediniz ki, tikdiyiniz gəlinliklər
superdir. Öz gəlinlik paltarınızı
yəqin özünüzə etibar edəcəksiniz?
- Eşitmişəm ki, öz
gəlinlik paltarını tikmək yaxşı əlamət
sayılmır. Şəhərdə
yaxşı modelyerlər çoxdur. Yəqin ki, onlardan
biri tikər...
Kaspi.- 2007.- 3-5 mart.- S. 20.