Nərimanqızı N., Kərimova V.
Fəxriyyə
Xələfova : Üç rəngli bayrağımızda
Azərbaycanın bütün ruhu duyulur
Türkiyənin
xüsusi Ali bədii dizayn mərkəzinin və Bakı
Dövlət Universitetinin məzunu, psixoloq, Azərbaycan
Rəssamlar İttifaqının üzvü, əməkdar
incəsənət xadimi Fəxriyyə Xələfovanın adı
bu gün hamıya tanışdır. Peşəkarlıqla
yaratdığı gözəl
kolleksiyaları ilə
Azərbaycanda və onun hüdudlarından kənarda tanınan Fəxriyyə Xələfova
bir çox ölkələrdə keçirilən
moda festivallarında fərqli geyim kolleksiyaları ilə respublikamızı layiqincə
təmsil edir.
O, Türkiyənin CNR Sərgi
Mərkəzində keçirilən
“9-cu Beynəlxalq İstanbul
Moda sərgisi”ndə də uğurlar qazanıb. Onun rəhbərlik etdiyi Moda və Dizayn
Mərkəzi üçün
uğurla başlayan
2007-ci il yaradıcı
heyətin fəaliyyətinin
10-cu ili kimi də olduqca əlamətdardır. İstanbul
səfərindən yenicə
qayıtmış Fəxriyyə
xanımla görüşüb,
söhbətləşdik.
- Fəxriyyə xanım,
siz fevralın 8-10-da Türkiyədə keçirilən
moda festivalından yenicə qayıtmısınız.
İstərdik ki, oxucularımıza festivalın
hansı
məqsədlə təşkil
olunması və bu tədbirdə iştirakınız barədə
məlumat verəsiniz.
- Öncə onu qeyd edim ki,
dünyanın iri miqyaslı sərgilərindən
biri sayılan “İstanbul Moda Sərgisi”ndə müxtəlif ölkələrdən
tanınmış firma
və şirkət nümayəndələri
iştirak edirdi. Tədbirdə bir sıra məşhur şirkət
və modelyerlərin
2007-ci ilin yaz-yay kolleksiyalarının nümayişi,
prezentasiyalar, mütəxəssislər
üçün seminarlar
və müsabiqələrin
keçirilməsi, planlı
şəkildə reallaşdırıldı.
Sərginin əsas məqsədi əvvəlcə
İstanbulu moda mərkəzi kimi dünyaya tanıtdırmaq idi. Bu aksiya yüksək
səviyyədə təşkil
olunmaqla Yaxın Şərq və Şərqi Avropa regionunda aparıcı yer tutmuş, “ Şərq-Qərb” iqtisadi ticarət mərkəzinə çevrilmişdir.
Tədbirdə türk və
dünya tekstil sektorunun müxtəlif sahələrində fəaliyyət
göstərən tanınmış
şirkətlərin stendləri
təqdim olundu. İlk dəfə olaraq bu nüfuzlu
tədbirdə Azərbaycanı
təmsil edən Moda və Dizayn
Mərkəzinin də
fəaliyyəti nəfis
şəkildə
dizayn edilmiş stend vasitəsilə tamaşıçılara çatdırıldı.
- Moda festivalında Azərbaycan hansı kolleksiya ilə təmsil olunurdu?
- Bu festivalda biz “Cazibə» adlı moda kolleksiyamızı nümayiş
etdirdik. Fərəhləndirici haldır ki,
təqdim etdiyimiz kolleksiya böyük müvəffəqiyyət qazandı.
Qeyd edim ki, bu kolleksiya
dünya modasının
son tendensiyalarını,
habelə milli moda ənənələrini
və geyimlərinin rəng çalarlığını
özündə əks
etdirərək romantik,
ekstravaqant stillərin
sintezi əsasında
yaradılıb. “Cazibə”
moda kolleksiyasının
nümayişi kütləvi
informasiya vasitələrinin
xüsusi diqqətinə
və böyük tamaşaçı marağına
səbəb oldu. Bir çox moda ustaları bizimlə söhbət zamanı öz heyranlıqlarını gizlətmirdilər.
Azərbaycan modasının
təbliğatı üçün
beynəlxalq moda müsabiqələrində və
festivallarda iştirak etmək vacibdir. Bu baxımdan İstanbulda keçirilən
tədbirdə iştirakımız
və qazandığımız
nailiyyətlər növbəti
uğurlu addımlardan
biri sayıla bilər.
- Yaponiyada keçirilən
EXRO-2005 Beynəlxalq sərgisi
üçün hazırladığınız
kolleksiyaya Azərbaycanın
bayrağı formasında
tikilmiş geyimi daxil etmək ideyası necə yarandı?
-Bu formatı necə yaratdığımı
sözlə ifadə etmək indi mənim üçün çətindir. Çünki
son nəticə mənim özümü də heyran etmişdi və bunun necə alınması mənim üçün də maraqlı idi. O vaxt çox sevindim ki, yaratdığım
bu kolleksiya böyük maraqla qarşılandı. Azərbaycan
özü yaradıcı
insanlar üçün
bir ilham mənbəyidir. Çünki
yaradıcıllıqla məşğul
olan insanlar assosiativ düşüncəyə
malikdirlər. Azərbaycan
sözünün özündə
çox valehedici bir melodiya var.
Bayrağımızda da
ölkəmizin bütün
ruhu təmsil olunub. Həmin geyim vasitəsilə bütün bunları və vətənimə olan sevgimi təsvir
etməyə çalışmışdım
və şadam ki, istəyimə çatdım.
- Onlarla valehedici kolleksiyanız həyata vəsiqə qazanıb. Həmin kolleksiyalar və qazandığınız
uğurlar barədə
nə deyə bilərsiniz?
- Bu illər ərzində “Sirr”, “Misteru”, “Neft İlahəsi”, “Ümid ritmləri”, “Misilsiz dəbdəbə”, “Rhuthms
of Hope”, “Ladies of Azerbaijan”
və s. kolleksiyalarla tamaşıçıların
görüşünə gəlmişik.
Rusiyada, Baltikyanı respublikalarda, Yaponiyada, İsveçrədə,
Qazaxıstanda və digər ölkələrdə
keçirilən moda sərgilərində, müxtəlif
səpgili tədbirlərdə
iştirak etmişik. Ötən il İsveçrədə keçirilən
beynəlxalq tədbirdə
“Nüfuzlu və keyfiyyətli lider -
Avropa-2006” mükafatına layiq
görülmüşəm.
Bu mükafat müxtəlif ölkələrdə ayrı-ayrı sahələr üzrə fəaliyyət
göstərən insanlara
verilir. 2006-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində
keçirilən moda həftəsində də
ölkəmizi uğurla
təmsil edərək
mükafata və diplomlara layiq görüldük. Moda
həftəsində 2007-ci ilin
yay-yaz kolleksiyaları
nümayiş etdirildi
və biz də həmin mərasimdə orijinal nümunələrdən ibarət
kolleksiyalarımızı tamaşaçılara
təqdim etdik.
- Son illər hansı geyimlərə daha çox üstünlük verilir?
- İdman üslubunda
olan geyimlər üstünlük təşkil
edir. Geyim gərək insana yaraşsın və rahat olsun. İdman
üslubunda olan geyimlər isə həm rahat, həm də sadədir.
- Normal bədən quruluşunu saxlamaq üçün nə etmək lazımdır?
- Bunun üçün
ilk növbədə normal qidalanmaq və idmanla məşğul olmaq gərəkdir ki, hər hansı pəhrizə ehtiyac duyulmasın. Qida rasionuna həmişə diqqət yetirmək lazımdır.
- Əgər qadınlar
sizdən xoşbəxtliyin
reseptini istəsəydilər,
onlara nə deyərdiniz?
- Xoşbəxtliyin resepti
sadədir. Səhər yuxudan qalxanda,
pəncərəni açıb
bir azca yaşıllığa tamaşa
etmək, təmiz hava udmaq, sonra
sadəcə gülümsəmək
və bu təbəssümü bütün
sevdiklərinə, yaxınlarına
bəxş etmək lazımdır. Yəni
xoşbəxt olmaq üçün çox şey tələb olunmur və buna nail olmaq
hər birimizin öz əlindədir.
İki sahil.- 2007.- 2
mart.- S. 6.