Rzalı R.
Beynəlxalq Moda və Aksessuarlar Sərgisi
bayram hədiyyələri
ilə zəngindir
Martın 5-dən paytaxtımızda "Moda Azərbaycan-2007" Beynəlxalq Moda və Aksessuarlar Sərgisi öz işinə başlayıb. Azərbaycan qadınlarının şərəfinə təşkil edilən bu sərgi ölkəmizdə ilk dəfədir ki, keçirilir. Sərgi Azərbaycanın "İteca Caspian" və Böyük Britaniyanın "İTE Group" şirkətləri tərəfindən reallaşdırılıb. "İteca Caspian"ın reklam üzrə meneceri Mehriban Baxşıyeva bildirdi ki, sərgiyə 23 ölkənin nümayəndələri qatılıb: "Dünyanın bir çox ölkələrinin ən məşhur firmaları.bu tədbirdə iştirak edəcək, bundan başqa 15 mindən artıq qonağın da iştirakı gözlənilir. Sərgidə hər cür qadın, kişi, uşaq geyimləri, toxunma, dəri və xəzdən hazırlanan libaslar, aksessuarlar, zərgərlik malları, ayaqqabılar, toy paltarları təqdim olunacaq. Beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi işlər görülüb".
Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov ölkəmizin iqtisadi həyatında bu tədbirin mühüm rol oynayacağını vurğuladı: "2007-ci ildə ölkədə bir neçə belə beynəlxalq səviyyəli sərgilərin keçirilməsi planlaşdırılır. Bu baxımdan I Beynəlxalq Moda və Aksessuarlar Sərgisi yeni mövzu və tendensiyaların ortaya çıxarılmasına yardımçı olacaq".
Bildirildi ki, moda dünyasının ən son yenilikləri ilə tanış olmaq istəyən hər kəs bu sərgiyə təşrif buyura bilər. Tədbir yerli və xarici istehsalçıların şou-nümayişləri ilə də zəngin olacaq. Moda həvəskarlarının görmək istədiyi bütün geyim nümunələri sərgidə yer alacaq.
Azərbaycan.- 2007.- 7 mart.- S. 8.