Babayeva T.
Cahangir
Məmmədov: “Gənclərə film
çəkmək imkanı verilməlidir”
"İstəməzdik
ki, özəlləşdiriləcək əyalət
kinoteatrları fəaliyyət istiqamətini
dəyişdirsinlər
Bu yaxınlarda Prezident
İlham Əliyev kino sənətinin inkişaf etdirilməsi
ilə bağlı sərəncam imzalayıb. Sərəncamdan
irəli gələn vəzifələri yerinə yetirmək
üçün Mədəniyyət və Turizm Nazirliyinə
müvafiq tapşırıqlar verilib. Nazirliyin kinematoqrafiya
şöbəsinin müdiri Cahangir Məmmədovla
görüşüb, qurumun görəcəyi
işlərlə bağlı söhbətləşdik.
- Hələlik təkliflərimizi hazırlayırıq. Biz sözügedən sənədə
tapşırıq kimi baxırıq. Əgər bu
tapşırıq bizim tərəfimizdən çox
dəqiqliklə yerinə yetirilsə, sözsüz ki,
kinematoqrafiya böyük dəstək alacaq, yəni,
məsələyə ciddi münasibətimizi əməli
işimizlə sübut edə bilsək, bizə
böyük köməklik göstəriləcək. Hesab
edirəm ki, sənədin əsas maddələri maddi-texniki
bazanın təkmilləşdirilməsi ilə bağlıdır.
Çünki bizdə kino texnikası müasir
tələblərə cavab vermir. Təsəvvür edin ki,
kinostudiyamızda avadanlıqlar ötən əsrin 70-ci
illərinə məxsusdur. Əgər Avropada texniki
avadanlıqlara həsr olunmuş muzey yaradılsa, biz
çəkinmədən öz aparaturamızı ora
göndərə bilərik. Bizim kinoteatrların texniki
şəraiti də çox pisdir. Belə avadanlıqla
artıq heç kim işləmir. Əsas problemlərdən
biri də kadr çatışmazlığıdır. Mən bu məsələdə heç kimi
günahlandırmaq niyyətində deyiləm, sadəcə,
bir müddət müəyyən çətinliklər
üzündən kinoya xüsusi diqqət yetirilməyib.
Əgər bütün bu problemləri həll edə
bilsək, bizə yalnız yaxşı filmlər
çəkmək və kinoteatrlarda onların normal
nümayişini təmin etmək qalacaq.
- Bildiyimizə görə, paytaxtın əksər
kinoteatrları özəlləşdirilməyə
çıxarılıb. Bu istiqamətdə hansısa
yeniliklər var?
- Bəli, özəlləşdirmə siyahısına bir
sıra kinoteatrlar daxil edilib. Amma hələ onlardan
heç biri özəlləşdirilməyib.
Özəlləşdiriləcək kinoteatrlardan yalnız
ikisi - "Azərbaycan" və "Vətən"
kinoteatrları fəaliyyətlərini
dəyişməyəcəklər, kinoteatr kimi
işləyəcəklər. Əlbəttə ki, orada
tamaşaçılara xidmət məqsədilə hansısa
dəyişikliklər edilə bilər. Qalan -
"Şuşa", "Sevil" və
özəlləşmə siyahısına düşən
digər kinoteatrlar isə statuslarını
dəyişməklə özəlləşdirilə
bilərlər. Yəni, bu kinoteatrlar yeni sahibin arzusuna uyğun
olaraq, istənilən istiqamətdə fəaliyyət
göstərəcəklər.
- Bəs, dövlətin nəzdində neçə kinoteatr
qalacaq?
- Məncə, əvvəl-axır bütün kinoteatrlar
özəlləşdiriləcək. Çünki
bütün MDB ölkələrində bu proses gedir. Bu,
düzgün yoldur. Ola bilər ki, biz
təkcə "Nizami" kinoteatrını nəzarətimiz
altında saxlayaq. Çünki Mədəniyyət Nazirliyi
və Kinematoqrafçılar İttifaqı bu kinoteatrda
bütün kino tədbirlərinin, o cümlədən
böyük beynəlxalq kinofestivalların
keçirilməsini planlaşdırır. Bu
üzdən də hesab edirik ki, "Nizami" kinoteatrı
dövlətin nəzdində qalmalıdır.
- Belə halda, son nəticə etibarı ilə üç
kinoteatr öz statusunu dəyişmədən fəaliyyət
göstərə bilər. Sizcə, bu az deyil?
- Məsələ burasındadır ki, hələ
bütün kinoteatrlar özəlləşdirilmə
siyahısına daxil edilməyib. Düşünmürəm
ki, yerdə qalan kinoteatrların hamısı
gələcəkdə statusunu dəyişməklə
özəlləşdiriləcək. Hər halda
şəhərin mərkəzində yerləşən
"Vətən", "Şəfəq" və
"Dostluq" yəqin ki, kinoteatr kimi fəaliyyət
göstərəcəklər. Kinodan başqa digər
əyləncə növünün olmadığı sovet
dövründə Bakıda 20 kinoteatr vardı. İndi hər
kəsin evdə filmə baxmaq, sputnik antenlərə
qoşulmaq imkanı olan bir vaxtda, təbii ki, adamların
kinoteatrlara axını azdır. Ona görə də bu
gün şəhərin mərkəzində olan kinoteatrlarımız
paytaxt əhlinə kino xidməti göstərmək
üçün bəs edir. Mən tez-tez xaricdə oluram
və müşahidə etmişəm ki, Qərb
ölkələrində kinoteatrlar bir qayda olaraq,
şəhərin mərkəzində yerləşdirilib.
- Əyalət kinoteatrlarının aqibəti necə olacaq?
- Əyalət kinoteatrları da
özəlləşdiriləcək. Amma istəyirik ki, bu
zaman onların fəaliyyət istiqaməti dəyişməsin.
Mümkün deyil ki, orada kino göstərilməsin. Biz rayonun
mərkəzində yerləşən yeganə kinoteatrın
statusunu dəyişə bilmərik. Belə halda həmin
rayonun əhalisi kino-xidmətsiz qalacaq. Biz bununla bağlı
təkliflərimizi verəcəyik və ümid edirik ki,
məsələ düzgün həllini tapacaq.
- Bir müddət əvvəl kinematoqrafiya sahəsində
gənclərin yaradıcılıq fəaliyyətinin
inkişaf proqramı qəbul edildi. Hazırda hansı layihələri
reallaşdırırsınız?
- İndi "Bu meydan, bu ekran!" bədii film
müsabiqəsini keçiririk. Bu layihəyə 150 min manat
pul ayrılıb. Müsabiqədə 37 yaşı
ötməmiş gənc rejissorlar iştirak
edəcəklər. Aprelin sonu, may ayında ssenarilər
qəbul ediləcək. Bir neçə aydan sonra hansı
ssenarilər əsasında filmlərin
çəkiləcəyini
müəyyənləşdirəcəyik. İlin sonunda
isə qaliblər seçiləcək. Beş filmin
çəkilişi nəzərdə tutulub, hər filmə
30 min manat pul sərf olunacaq. Müsabiqəni udan rejissorlar
gələn il dövlət büdcəsi hesabına
tammetrajlı bədii film çəkmək hüququ alacaqlar.
Biz bu müsabiqəni hər il keçirməyi
nəzərdə tutmuşuq. Çünki gənclərə
film çəkmək imkanı vermək lazımdır.
Məsələ burasındadır ki, bizdə Eldar Quliyev,
Oqtay Mirqasımov kimi təcrübəli, peşəkar
rejissorlarla indiki gənclər arasında böyük
boşluq yaranıb. Yəni, onlardan biri film
çəkməyi dayandırsa, biz demək olar ki, rejissorsuz
qalacağıq. Rejissor isə yalnız praktikada rejissora
çevrilir. O, öz peşəsini itirməmək
üçün daim işləməlidir. Ona görə
də nazirlik gənc rejissorlara
peşəkarlığını artırmaq üçün
şərait yaratmaq istəyir. Bizim bu gün təhsil almaq
üçün ÜDKİ-yə tələbə göndərmək
imkanımız yoxdur. Amma heç olmasa, öz
peşakarlıqlarını artırmaları
üçün gənclərə film vermək
lazımdır. Qeyd edim ki, əvvəllər bir çox
gənc rejissorlar nazirliyə müraciət edirdilər, amma
onların heç bir problemi həll olunmurdu.
Əbülfəs Qarayev nazir təyin olunandan sonra
gənclər üçün xüsusi proqram tərtib edildi.
Düşünürəm ki, bu çox vacib qərardır.
Çünki kinonun gələcəyi gənclərin əlindədir.
- "Debüt" Gənclər Studiyası
fəaliyyətini nə vaxt bərpa edəcək?
- "Debüt" studiyasına rəhbərlik edən Eldar
Quliyev bizə müraciət edib, direktorluğa namizədliyini
irəli sürüb. Studiyanın fəaliyyətə
başlaması üçün hər şey hazırdır,
bu il ora 40 min manat maddi vəsait də ayrılıb. Amma
əvvəlcə studiyaya kimin rəhbərlik edəcəyi
dəqiq müəyyənləşməlidir.
Əvvəllər "Debüt"də ildə bir film
çəkilib. Bu, normal göstəricidir. Qeyd etdiyim kimi,
hər il müsabiqə keçiriləcək,
"Debüt"də film çəkiləcək,
üstəlik, bu il üç gənc rejissora dövlət
büdcəsi hesabına tammetrajlı filmin
çəkilişləri həvalə edilib. Bunlardan biri
Çingiz Rəsulzadə olacaq. Gənc rejissor Elçin
Musaoğlunun Almaniyadakı prodüseri ilə
danışıqları uğurlu alınarsa, bir film də o
çəkəcək. Bir də rejissor Şamil
Nəcəfzadəyə film vermişik. Biz ümid edirik ki, o,
peşəkar rejissorlarımızın layiqli
davamçısı olacaq.
- Ötən il istehsala buraxılan "Hökmdar və
qızı", "İblis" filmləri nə zaman
ekranlara çıxacaq?
- "Hökmdar və qızı" filmi hələ tam
bitməyib. Amma biz ilkin materiallara baxmışıq.
Məncə, çox yüksək səviyyəli film
alınacaq. "İblis"i isə hələ
görməmişik. Hazırda filmin Sankt-Peterburqda səsyazma
prosesi gedir. Yaxın vaxtlarda bu filmlər təhvil
veriləcək.
- Eşitdiyimizə görə, Azərbaycan
kinematoqrafçıları Türkiyədə
keçiriləcək kinofestivala dəvət alıblar.
Festivalda ölkəmizi hansı filmlər təmsil
edəcək?
- Aprel ayında İstanbulda "Türk
şəhərləri ilə filmlərdə tanış
olaq" kinofestivalı keçiriləcək. Ora Mehriban
Ələkbərzadənin "Məhkumların
cənnəti" filmini göndərmək
niyyətindəyik. Film indi Minskdə səsyazmadadır.
Ümid edirik ki, festivala qədər tam hazır olacaq.
Deməliyəm ki, bu, Mehriban Ələkbərzadənin ilk
filmi olsa da, çox maraqlı alınıb. Bundan başqa,
Oleq Səfərəliyevin "Əlvida, cənub
şəhəri" və ola bilər ki, Ramiz
Əzizbəylinin "Yalan" filmi festivala göndərilsin.
- 2007-ci ildə neçə film istehsala buraxılacaq?
- Bayaq adlarını qeyd etdiyim üç gənc rejissorun
çəkəcəyi filmlərdən başqa, Sabir
Rüstəmxanlının ssenarisi əsasında "Cavad
xan" filmi və Oqtay Mirqasımovun "Günaydın,
mələyim" filmi istehsala buraxılıb. Bir layihəmiz
də Riqa kinostudiyası ilə birgə baş
tutmalıdır. Biz istəiyrik, bu filmdə ölkəmizi
təbliğ edək. Ona görə də filmin ssenarisində
bizim həyat tərzimiz, təbiətimiz,
ənənələrimiz öz əksini tapmalıdır.
Filmin süjeti komik hadisələr üzərində qurulub.
Bir turist dəstəsi Kuba əvəzinə səhvən
Bakıya düşür. Və onların Azərbaycanda macəraları
başlayır. Son nəticədə Kubaya gedə
bilməməsindən narazı qalan turistlərin bizim
ölkəyə simpatiyası yaranır. Filmin hansı rejissor
tərəfindən lentə alınacağı hələ
müəyyənləşməyib. Amma biz ümid edirik ki, bu
film Avropa bazarına çıxacaq. Bağladığımız
müqavilənin əsas müddəalarından biri də
budur
Xəzər.- 2007.- 10 mart.- S. 18.