Banu
Azərbaycan
filmlərinin orijinalı hələ ölkəmizə
gətirilməyəcək
Dövlət Film Fondunun
şəraiti yaxşılaşdırıldıqdan sonra bu
məsələ qaldırıla bilər
Məlum olduğu kimi,
vaxtilə Azərbaycanda istehsal edilən bir çox
filmlərin neqativi Rusiya Dövlət Film Fondunda
saxlanılır. Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev söyləyir ki, həmin filmlərin Bakıya gətirilməməsi
mövcud şəraitin
olmaması ilə bağlıdır: "Hələ
ki, Dövlət Film Fondunda saxlanma
şəraiti kifayət
qədər yaxşı
deyil. Həm də bizim fonddakı
saxlama otaqlarının
sayı azdır. Ancaq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü
sayəsində Dövlət
Film Fondu üçün müasir,
beynəlxalq tələblərə
cavab verən bina inşa edilir. Yalnız bundan sonra bizim
filmlərin orijinallarının
Moskvadan Azərbaycana gətirilməsi haqqında
məsələ qaldırıla
bilər".
Ancaq buna baxmayaraq, son üç ay ərzində milli kinomuzun tarixi ilə bağlı nadir filmlər Dövlət Film Fondunun arxivinə təhvil verilib. C.Quliyevin sözlərinə
görə, vaxtilə
şəxsi kolleksiyadan
itmiş bəstəkar
Müslüm Maqomayevə
həsr olunmuş film tapılıb. Qeyd edək ki, bu filmdə
məşhur opera müğənnisi Şövkət
Məmmədova, görkəmli
dirijor Niyazi xatirələrini bölüşürlər.
Eyni zamanda, bəstəkarın nəvəsi,
görkəmli müğənni
Müslüm Maqomayevin
də müsahibəsi
var. Ümumiyyətlə,
filmdə M.Maqomayev haqqında çox maraqlı faktlar var.
C.Quliyevin dediyinə görə,
bundan əlavə, görkəmli aktyor Ələsgər Ələkbərova
şəxsən Ədil
İsgəndərov tərəfindən
hədiyyə olunmuş
10 dəqiqəlik film
tapılaraq fondun arxivinə daxil edilib. Öyrəndik ki, həmin film o zaman
yeganə nüsxədə
buraxılıb. Görkəmli
rejissor Tofiq İsmayılovun 1967-ci ildə
çəkdiyi "Şəhərimin
daşları" adlı
sənədli filmi yenidən bərpa olunaraq fondun kataloquna daxil edilib.
"Eyni zamanda, bir çox rejissorlar, operatorlar öz şəxsi arxivlərini fonda hədiyyə ediblər. Məsələn, sənədli
filmlər rejissoru Niyazi Bədəlovun filmləri ailəsi tərəfindən bizə
hədiyyə edilib. Kinorejissor Şamil Nəcəfzadə öz filmlərini, Rüstəm
İbrahimbəyov "Köçərilər"
filminin bir nüsxəsini, Ayaz Salayev "Yarasa" filmini, Afaq Bəşirqızı
atası Bəşir Səfəroğlunun Tacikistanda
çəkildiyi "Xoca
Nəsrəddinin 12-ci qəbri"
filmini bizə hədiyyə edib. Bu yaxınlarda Hacıbaba Bağırovun
fəaliyyəti ilə
bağlı kinoarxiv ailəsi tərəfindən
fonda daxil olacaq. Bu sahədə
işimizi davam etdiririk", - deyə direktor bildirdi.
Söhbət əsnasında
onu da öyrəndik
ki, fondda həmçinin Azərbaycan
Kino Ensiklopediyası ilə bağlı işlər görülür.
Məlumat üçün
bildirək ki, həmin ensiklopediya 1998-ci ildən hazırlanır.
O zaman bu ensiklopediya "Azərkinovideo"
İstehsalat Birliyinin nəzdində fəaliyyət
göstərirdi. Sonra
İstehsalat Birliyi ləğv olundu. C.Quliyev bildirdi ki, fond adından
bu ensiklopediyanın üzərində işi davam etdirmək üçün mədəniyyət
və turizm nazirinə müraciət edilib. Xatırladaq ki, elmlər doktoru Rəhman Bədəlov və tanınmış kinoşünas
Aydın Kazımzadə
tədqiqat işləri
apararaq bütün materialları hazırlayıblar.
Fond direktorunun sözlərinə
görə, hazırda
bu proses üzərində tamamlama
işləri gedir.
Öyrəndik ki, fond fəaliyyət istiqamətini daha da genişləndirərək
kinooperator Rafiq Quliyevin "Azərbaycan səssiz filmlərinin təsvir irsi" adlı maraqlı bir kitabı dərc etməyə hazırlaşır. Bu
kitabda vaxtilə Azərbaycanda çəkilmiş
səssiz filmlərdə
operator sənətinin
əsasları, onun təsvir irsi tədris olunub: "Ümumiyyətlə, Azərbaycanda
operator sənəti tədqiq olunmayıb, bu barədə heç dərslik də yoxdur. Baxmayaraq ki, Mədəniyyət və
İncəsənət Universitetində
10 ildən artıqdır
ki, kinooperatorlar hazırlanır. Amma bu sahədə dərsliklərimiz yoxdur. Ona görə bu kitab dərslik
kimi də əhəmiyyət kəsb
etməlidir", deyən
C.Quliyev söylədi
ki, görüləcək
işlərin sırasına
Dövlət Film Fondunun saytının yaradılması da daxildir. Saytda Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri və xarici filmlər, o cümlədən bütün
rejissorlar, aktyorlar haqqında məlumat olacaq. Müsahibim onu da əlavə
etdi ki, hazırda fondun kollektivi çox kiçik olduğundan çoxsaylı işlərin
öhdəsindən gəlmək
çətin olacaq.
Yeri gəlmişkən,
Dövlət Film Fondu Elmi-Tədqiqat
Mərkəzi kimi də fəaliyyətə
başlayıb. Artıq
bir neçə elmi əsər çapa hazırdır. Azərbaycan, rus və ingilis dillərində nəşr
olunacaq əsərlərin
həm də elektron versiyası hazırlanacaq. Filmlərin
kataloqunun hazırlanmasından
söhbət açan
fond rəhbəri deyir ki, bununla
Azərbaycan filmləri
ilə bir çox ölkələrin
vətəndaşları tanış
ola biləcəklər.
"Həmçinin öz
mütəxəssislərimizi başqa dövlətlərin
film fondlarına ezamiyyətə göndərməyi
planlaşdırırıq. Orada Azərbaycan filmləri, milli kinomuzla bağlı hər hansı məlumatın olub-olmaması ilə bağlı məlumat əldə etmək istəyirik".
Kinorejissor deyir ki, fondun fəaliyyətinin
tənzimlənməsində beynəlxalq qurumlarla əməkdaşlığın olması zəruridir. Məsələn, Milli Arxivlər Federasiyası ilə əməkdaşlıq
fonda müxtəlif ölkələrin rejissorlarının
işləri ilə tanış olmaq imkanı yaradır. "Fransa Kino Arxivi
bizə rejissorların
filmləri haqqında
proqram yollayır. Biz də onlara
Azərbaycan filmlərindən
ibarət proqram göndəririk. Bu mədəni proqram kinoarxiv xətti ilə nümayiş olunur. Əfsuslar olsun ki, bizim
hələlik nümayiş
zalımız yoxdur. Fond yenicə fəaliyyətini bərpa
etməyə başlayır.
Ancaq ümid edirəm ki, gələcəkdə təkcə
zalımız yox, hətta kinoteatrımız
olacaq. Yalnız onda bizim proqramlarımızın
mübadiləsi gerçəkləşəcək".
Söhbət əsnasında
onu da öyrəndik
ki, beynəlxalq əməkdaşlıq sayəsində
yerli mütəxəssislər
filmlərin qorunması
ilə bağlı tədqiqatlarla tanış
olurlar. Müsahibim xatırladır ki, fondda 80 il bundan
qabaq çəkilən
filmlər qorunub saxlanır. Kinorejissor bu qənaətdədir ki, bu proses
elmi əsaslarla aparılmalıdır. Öyrəndik
ki, bu məqsədlə
xüsusi bülletenlər
dərc edilir, məcmuələr, kitablar
buraxılır. Bu kitablar Milli Arxivlər Federasiyanın xətti ilə təşkilatın bütün
üzvlərinə, o
cümlədən Azərbaycan
Dövlət Film Fonduna göndərilir.
"Artıq bu yolla filmlərin qorunması ilə bağlı dünyada baş verən yeni proseslərlə tanış oluruq. Hətta bunları həyata keçirə bilərik. Bundan əlavə, federasiyanın
xətti ilə müxtəlif simpozium, seminar və konfranslar keçirilir. Konfranslar müxtəlif filmlərin yubileyləri, kinoarxiv işinin təşkili, rejissorların
yaradıcılığı və s. ilə
bağlı təşkil
olunur. Artıq bizim film fondu
da həmin tədbirlərdə iştirak
edə bilər",
- deyə C.Quliyev bildirdi.
Ayna.- 2007.- 3 mart.- S. 21.