Əzizbəyli R.

 

Səs dünyası"nın 60 yaşlı sakini

 

Mənimlə dostluq əlaqəsi olan az adam var ki, (baxmayaraq ki, dostlarımın sayı çoxdur) onun təvəllüdü yadımda qalsın... Doğum günü həmişə xatirimdə olan bu əziz günün xüsusi qeyd olunmasına hər zaman can atdığım dostlarımdan biri əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət mükafatı laureatı, milli kinomuzun "Qızıl çıraq" mükafatına layiq görülmüş, peşəkar kino ixtisasçısı, ali dərəcəli səs operatoruƏsəd Fərrux oğlu Əsədovdur... 60 yaşının tamamını (01- Mart –1947) qeyd etdiyimiz bu əziz mehriban insanla 1972-ci ildən başlayan dostluğumuz 35 illik bir dövrü əhatə edir – YAŞIN MÜBARƏK, ƏSƏD! Biz, Əsədov Əsədlə Azərbaycanın neçə-neçə bölgəsində kino çəkilişlərində olmuş, həftələrlə bir yerdə işləmiş, hətta mehmanxanalarda eyni otağın sakinləri olmuşuq. Asudə saatlarımızda, süfrə arxasında, şənlik məclislərində dostlar həmişə mənim nəğmə oxumağıma can atıb, hətta çox zaman təkid ediblər... Belə məclislərdəki "ifalarıma" yekun vurarkən, hələ 30-35 il bundan öncə Əsəd Əsədovun söylədiyi fikirləri, dostlarımın çoxu indi "Əsəd demişkən- dünyada cəmi iki nəfər oxuyan var (yənimüğənni). Onun birincisiRamiz Əzizbəylidir. İkincisi isə Ramizin özü kimi desəOdur" deyə, təkrar edir süfrə arxasında mahnı oxumağıma yenidən can atırlar... TOYLARDA OXUYUM, ƏSƏD! Hələ gənclik illərindən öz nizam-intizamı seçilən Əsəd Əsədov, atası Fərrux Əsədovdan (Allah rəhmət eləsin!) aldığı kişilik ləyaqətini, ailə tərbiyəsini, qardaşı Məqsədlə birgə bu yaşına qədər miras kimi qoruyub, ətrafındakılara da təlqin edib... ANAN RƏFİQƏ XALANIN GÖZLƏRİ AYDIN OLSUN! Böyük əxlaq intellekt sahibi olan Əsəd Əsədov həm istiqanlı, xoşrəftar mehriban insandır. Bu xüsusiyyət onun xanımında da var. Məncə bu keyfiyyətlər Əsədovlar ailəsinin bəxtəvərliyi olmaqla bərabər həyatları boyunca ən yaxşı xasiyyətləri olacaq (necə ki, var)... TOYLARINDA ŞƏNLƏNƏK, ƏSƏD! İşində peşəkar, peşəkar olduğu qədər tələbkar olan səs operatoru Əsəd Əsədovla ünsiyyətdə olmaq qədər xoşdursa, onunla yaradıcı işə birgə başa vurmaq bir o qədər fərqlidir... Mənim bu yaxınlarda təhvil verdiyim "Yalan" bədii filmindəki işinə gəldikdə, Əsəd Əsədov xüsusi can yandırır, ekran əsərinin daha baxımlı olması üçün bütün səy bacarıqlarından istifadə edirdi. Həm ona görə ki, sonQarabağ müharibəsinin ağrı-acılarını əks etdirən bu filmin mövzusu bir Vətəndaş kimi onu narahat etməyə bilməzdi... VƏTƏN SAĞ OLSUN, ƏSƏD! Ətrafının böyük hörmətini qazanmış Əsəd Əsədovun şirin, məzəli söhbətlərindən doymaq olmur. O özünün yeni lətifələrini danışanda ya hər hansı bir tanınmış şəxsi təqlid, neçə-neçə aktyorun daxilindən "həsəd" hissi keçdiyinin dəfələrlə şahidi olmuşam. Əsəd, xüsusi ilə çox sevib, hörmət bəslədiyi xalq şairi, eloğlusu yəqin ki, qohumu Fikrət Qocanın lirikasından nümunələr, ya da milli qeyrət dolu şeirlərini söyləyəndə gənc aktyorların necə "dolduğunun", daxilən necə "zənginləşdiyinin" şahidi olmuşam. Bu gün Əsəd Əsədovun 60 yaşı tamam olur. Neçə-neçə ekran işinin ərsəyə gəlməsində əməyi olan, bu filmlərin "səs dünyası"nın yaradıcısı, peşəkar səs operatoru, "Azərbaycanfilm"in hələ bundan sonra istehsal edəcəyi neçə-neçə dəyərli ekran əsərlərinin altına imzasını atacaq bir sənətkarıəməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, "Qızıl çıraq" mükafatı laureatı Əsəd Fərrux oğlu Əsədovu 60 yaşının tamam olması münasibətilə təbrik edir, özünə möhkəm cansağlığı, uzun ömür, ailəsinə xoşbəxtlik, sevimli kino işində yaradıcılıq uğurları arzu edirəm. Bir daha 60 yaşın mübarək, əziz dostum, Əsəd!

 

525-ci qəzet.- 2007.- 1 mart.- S. 7.