İbrahimova S.

 

Filmə çəkilmək üçün şərait olmalıdır

 

"Dədə Qorqud" filmində çəkilən Fuda Poladov türk kinematoqrafçıları ilə yerli reyissorlarımız arasında fərq görmür

 

Artıq bir neçə aydır Türkiyənin TRT kanalı vasitəsi ilə "Dədə Qorqud" serialı yayımlanır. Türk kinematoqrafçılarının ərsəyə gətirdikləri filmdə baş rolu Xalq artisti Fuad Poladov oynayıb. Filmə dəvəti barədə danışan aktyor türk reyissoru ilə tanışlığından söz saldı. Dedi ki, "Dədə Qorqud"da baş rola dəvət almasının səbəbi "Fatehlərin divanı" filmində çəkilərkən, türk reyissorları tərəfindən bəyənilməsi olub: "Çəkilişlər uğurla keçir. Qeyd edim ki, "Dədə Qorqud" filminin iki reyissoru var. İlk dörd seriyanı Atilla Cander, qalan bölmələri isə Çin Erker çəkib. Artıq filmin 6 bölümü yayımlanıb. Qalan hissələrin çəkilişləri isə davam edir".

Xalq artisti türk reyissoru ilə işləməyin bir o qədər çətin olmadığını dedi. O, azərbaycanlı reyissorlarla qonşu dövlətin kinematoqrafçıları arasında elə böyük fərq görmədiyini diqqətə çatdırdı. "Vacib olan budur ki, film çəkmək filmə çəkilmək üçün şərait olsun" - deyən F.Poladov söylədi ki, filmdə cərəyan edən bütün hadisələr Türkiyədə lentə köçürülüb.

F.Poladov yaradıcılığının digər mərhələsindən söz açaraq dedi ki, hazırda "İbrus" Teatrında Rüstəm İbrahimbəyovun "Buninin son döyüşü" tamaşası üzərində məşqlər edir: "Tamaşa çox maraqlı mövzunu əhatə edir. Bir türk Fransaya səfər edir orada başına qeyri-adi hadisələr gəlir. Həmin macəraları izləmək istəyirsinizsə, may ayında keçiriləcək tamaşanın premyerasını qaçırmayın. Təqdimat mərasimindən sonra yaradıcı qrupla həmin tamaşanı bir neçə ölkənin teatrlarının səhnəsində nümayiş etdirmək nəzərdə tutulub

 

Kaspi.- 2007.- 10-12 mart.- S. 20.