Kino məktəbi layihəsi bəyənilib

 

İdeyanın sərəncama daxil edilməsi nəzərdə tutulub

 

Azərbaycanda kino məktəbinin yaradılması ideyası Mədəniyyət Turizm Nazirliyində bəyənilib. NazirƏbülfəs Qarayevin dediyinə görə, layihənin kino sənətinin inkişaf etdirilməsi ilə bağlı sərəncama daxil edilməsi nəzərdə tutulub. O bildirib ki, layihə gerçəkləşdirilərsə, məktəbə xaricdən kinematoqrafçıların dəvət olunması nəzərdə tutulub: "Əcnəbi ekspertlərin bu məktəbdə mühazirələr oxuması kino sənətinin inkişafına təkan verə bilər. Məsələn, həmin mühazirələri beynəlxalq standartlara uyğun təmir ediləcək "Nizami" kinoteatrında təşkil etmək olar. Yəni bizim kinematoqrafçılarımızla xarici kinematoqrafçıların bir araya gəlməsi yaxşı fikirdir".

Ə.Qarayev onu da bildirib ki, təkcə yaşlı reyissorlara deyil, gənclərə imkan yaradılmalıdır. Onun fikrincə, Azərbaycanda yalnız yaşlı nəslin deyil, həm gənc nəslin nümayəndələri kino çəkə bilərlər. Onun qənaətincə, bunun üçün gənclərə imkan yaradılmalıdır.

Nazirin sözlərindən məlum oldu ki, Mədəniyyət Turizm Nazirliyinin gənc reyissorlar üçün imkan yaradılması məqsədilə elan etdiyi müsabiqə sona çatıb. Artıq müsabiqənin qalibləri olan reyissorlar işlərini davam etdirirlər

 

Kaspi.- 2007.- 13 mart.- S. 17.