Məhərrəmova T.

 

Real olmayan şeylər barədə fikirləşməyə dəyməz"

 

Ayan Mirqasımova, kinoaktrisa: "Mənə insanların inamı və sevgisi lazımdır".

 

Bir qədər fatalistdir. Həyatda, taleyində hər şeyin Allah tərəfindən idarə olunduğuna inanır. Aktrisa olmağını təsadüfi seçim saymır. Deyir ki, həyat yolunu doğulduğu mühitin özü müəyyənləşdirib. Riyaziyyatı, ədəbiyyatı o qədər yaxşı bilmir. Kommersiya bacarığı yoxdur. Pis strateqdir. Siyasətdən də baş çıxarmır. Ona görə də hesab edir ki, bu dünyada məşğul olacağı yeganə sənət aktrisalıqdır. Kinoda isə sadəcə onun bəxti gətirir. Kinoaktrisa Ayan Mirqasımovanın fikrincə, incəsənətdə rəğbət, antipatiya və şəxsi fikir anlayışları var ki, bu üç məfhumu heç bir halda qarışdırmaq olmaz.

 

- Elxan Qasımovun reyissoru olduğu "Biz qayıdacağıq" filmindən başlayaq. Rolunuz haqqında nə deyə bilərsiniz?

- Filmin çəkilişləri keçən ilin avqustunda başladı və noyabrda başa çatdı. Hal-hazırda filmin tamamlama işləri gedir. Filmin ssenari müəllifi tanınmış yazıçı Natiq Rəsulzadə, quruluşçu operator Rafiq Əliyev, quruluşçu rəssamlar Rafiq Nəsirov və Rafis İsmayılovdur. Film Xocalıda baş verən faciəli hadisələrdən sonra yurd-yuvasından didərgin düşmüş ailələrin dramatik taleyindən bəhs edir. Həmçinin, filmdə Bakıda yaşayan qaçqınların məişət problemlərindən danışılır. Mən filmdə baş qəhrəmanın anasını oynayıram. Nə qədər realist və nə qədər simvolik olduğunu deyə bilmərəm, ancaq buna çoxdan idi ki, yol gəlirdim və demək olar ki, hazır idim. Bunun üçün illərlə oğul böyüdən ananın adi olmayan analıq hislərini yaşamaq lazım idi.

- Çəkilişlər harada keçirildi, tərəf-müqabiliniz kimlər idi?

- Çəkilişlər Qobuda və İmişlidə, həmçinin Bakının Buzovna qəsəbəsində aparıldı. Əsas həmkarlarım Ömür Nağıyev, aktyor İlham Əsgərov və balaca oğlanlar - Pərvaz İbrahimli ilə Kamil Ağazadə idi. Pərvaz muğamın gözəl ifaçısıdır. Filmdə onun qəhrəmanı da muğam oxuyandır. Müəyyən kolliziyalardan sonra onun qarşısında iki seçim durur, o, ya Konservatoriyada oxumalı, ya da hərbi məktəbə daxil olmalıdır. Qeyd etmək istəyirəm ki, film minlərlə azərbaycanlı üçün adicə şüarı yox, vətənə məhəbbət hissini ifadə edir.

- Bəs film hansı dövrünü yaşayır? Nə vaxt ekranlara çıxacaq?

- Dünya kinosunda qabaqcadan, yəni premyeraya qədər filmi analitik cəhətdən araşdırmaq qəbul olunmayıb. Buna görə də filmin ekranlara çıxması üçün əvvəlcədən fikir söyləmək lazım deyil. Mən filmin qısaca da olsa mövzusunu danışmaq haqqına malikəm. Amma filmin ekranlara çıxma tarixi ilə bağlı sual mənə yox, Elxan Qasımova aiddir.

- Siz həm də teatr aktrisasısınız. Teatral rollarınız kinoobrazlar yaratmaqda sizə nə qədər kömək edir?

- Bildiyiniz kimi Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirmişəm və diplomumda "Kino və teatr aktrisası" sözləri yazılıb. Bəxtim onda gətirib ki, sovet kinemotoqrafiyasının öncüllərindən biri olan Aleksey Batalovun kursunu bitirmişəm. Sözsüz ki, elə bir gözəl insan, görkəmli sənətkarla ünsiyyət formalaşmağımın növbəti mərhələsi idi. Bu, yaradıcılığımda böyük bir iz qoyub. Məhz onun emalatxanasında səhnənin və kinokameranın obyektivi qarşısında qalmağın sirlərinə peşəkarcasına yiyələnmişəm. Bir çox aktyorlar özlərini səhnə ilə kamera qarşısında fərqli hiss edirlər. Daha doğrusu, belə də hiss etməlidirlər. Əgər kinoda ifa dəqiq və zərif, həyata maksimal dərəcədə yaxındırsa, səhnədə emosiyalar daha parlaq, yestlər genişdir. Mən fikirləşirəm ki, aktyora teatrda oynamaqla bərabər kinoda çəkilmək də çox vacibdir. Teatrda aktyor özü üçün ehtiyat toplayır: professional vərdişlərə yiyələnir. Teatrın səhnəsində deyə bilmədiyini isə kinoda göstərə bilirsən.

- Rusiya televiziyasında çəkildiyiniz film barədə nə deyə bilərsiniz?

- 2004-cü ildə Minsk kinofestivalında "Ovsunçu" filmini görən tanınmış Belarus reyissoru Vyaçeslav Nikiforov heç bir sınaq olmadan məni NTV kanalında çəkilən "Yelləncək" adlı seriala dəvət etdi. Bu film çeçen-rus müharibəsi haqqında idi. Mən filmdə oğlunu itirən çeçen qadını rolunu oynayırdım. Çox maraqlı rol olsa da, 13 seriyalı filmin yalnız 4 seriyasında çəkildim. Filmin süyet xəttində qəhrəmanım çox çətin bir vəziyyətdə oğlunu axtararkən, kəndlərin birində əsir düşmüş rus hərbi həkimi ilə rastlaşır. Buradakı hadisələr eynilə Lev Tolstoyun "Qafqaz əsiri" əsərində olduğu kimi baş verir. Çeçen qadın rus əsirinin oğlunu müalicə etdiyini bildikdə ona gizlincə yemək, daha sonra Quran gətirir. Rus zabiti namaz ayinlərin icra etməyə başlayır. Əvvəlcə bu hərəkətləri soyuqdan donmamaq üçün edirdisə, sonradan ürəklə yerinə yetirir. Rus əsiri rolunu oynayan Maksim Averin kadrda reyissordan icazə alaraq "Allahu Əkbər" dediyi vaxt çeçen qadın onun qaçışını təşkil edir. Ümumiyyətlə, rus həmkarlarımın və kinemotoqrafçılarının İslama münasibəti xoşuma gəlirdi və müsəlmanlara aid hər hansı bir ritualın ifası zamanı reyissora kömək etməyə çalışırdım.

Filmin çəkilişləri Soçi kəndlərində keçirildi. Filmə Krasnodardan peşəkar aktyorlar, eyni zamanda, "Taqanka" Teatrının aktyorları da dəvət olunmuşdu. Serialda Olqa Ostroumova və Nina Ruslanova kimi tanınmış aktrisalar da oynayır. Mən filmdə çəkilən yeganə azərbaycanlı aktrisayam. Məndə olan məlumata görə, artıq film bir dəfə NTV kanalı ilə nümayiş etdirilib.

- Oynadığınız rollardan hansını daha çox xoşlayırsınız?

- Mənə elə gəlir ki, "Özgə vaxt" ilk filmdir ki, qəlbimin dərinliklərindən gələni ekranda göstərə bilmişəm. Bu filmdən sonra "Ovsunçu" filmi yaradıcılığımda növbəti mərhələ idi. Bu filmdə də qəlbimdəkiləri deyə bilmişəm. "Yuxu" filmində çəkildiyimə görə isə çox xoşbəxtəm. Amma burada zəhmətim o qədər də böyük deyil. Qəhrəmana vurulmuş gözəgəlimli bir qız obrazını oynamışam. Fikirləşirəm ki, orada əsas aktyor işi görkəmli sənətkarımız Nəsibə Zeynalovanın üzərinə düşür. İlham Qasımov da öz rolunu çox gözəl oynayıb. Nəsibə xanım-İlham cütlüyü filmdə çox gözəl alınıb. Digər aktyorlar isə epizodik rollar oynayıblar. Mən öz taleyimdən razıyam ki, Nəsibə xanımla bir filmdə oynamışam. Bu, mənimçün böyük fəxrdir. "Özgə vaxt" filmi isə mənə öz aktyor potensialımı göstərməyə imkan verdi.

- Hazırda teatrda işləriniz necədir?

- Bildiyiniz kimi Rus Dram Teatrında əsaslı təmir işlərinə başlanılıb. Mən məcburi məzuniyyətdəyəm. Bu işlərlə yanaşı, Rüstəm İbrahimbəyovun "İbRus" və Nərgiz Paşayevanın bədii rəhbəri olduğu "ÜNS" Teatrında işləyirəm. Hazırda bu teatrda Elçinin "Şekspir" pyesinin məşqləri gedir.

- Yaradıcılıq axtarışları zamanı çoxmu baryerlərlə qarşılaşırsınız?

- İş prosesində mənim üçün xeyirxah adamların olması çox əhəmiyyətlidir. Xeyirxahlıq, bir-birini başa düşmək, bir-birinə kömək etmək arzusu mənimçün əsasdır. Bizim sənətimiz ümumiyyətlə, tək iş görmək üçün deyil. Rəssam emalatxanada əlinə fırça götürüb təklikdə çəkə bilər. Bəstəkar qapıları bağlayıb öz yaradıcılığı ilə məşğul ola bilər. Bu sözləri həmçinin yazıçı, dramaturqlara da aid etmək olar. Biz aktyorlar, reyissorlar isə hamımız bir-birimizlə əlaqəliyik.

Aktyor teatrda, truppada yaşayır. Ona truppanın köməyi lazımdır. Vaxt olub ki, məni başa düşməyiblər və mənə etibar etməyiblər. Belə şərait teatrda olub. Bu mənim yaradıcılığıma öz təsirini göstərib. Ətrafım məni sevməyəndə heç bir iş görə bilmirəm. Mənə insanların inamı və sevgisi lazımdır. Onda mənə ilham gəlir, qarşımda yollar açılır.

- Bu günlərdə Amerika Kino Akademiyası "Oskar"ın növbəti təqdimatını keçirdi. Heç bir anlığa da olsa ürəyinizdən Hollivud ulduzlarının yerində olmaq keçdimi?

- Bu, çox uzaq, kənarda, okeanın o tayında qalan mədəniyyətdir. Bizim isə həyatımız budur. Öz həyatımızı olduğu kimi qəbul etməliyik, onu yaxşılaşdırmağa çalışmalıyıq. Real olmayan şeylər barədə fikirləşməməliyik. Azərbaycanlı aktyorların dünyaya öz baxışları, öz mədəniyyətləri var. Bizdə hər şey sovet dövründən qalmadır. Mən özüm də sovet dövründə oxumuşam. Bilirəm ki, onların həyatı necə olub. Həmin vaxtı nə prodüsser, nə vizayist, nə impressario, nə də stilist olub. O vaxt "ulduzlar" institutu olmayıb. Hollivuddan çıxanlar hamısı ulduz olub. Hollivud bununla çoxdan məşğul olur. Bizdə belə bir sistem olmayıb və hələ də yoxdur. Bizdə həyat tərzi müxtəlif olub. Aktyor öz-özünün impressariosu, öz-özünün hüquqşünası, vizayisti və stilistidir.

- Müsahibələrinizin birində "Mən özümü heç bir sahədə istedadlı görmürəm"- demisiniz. Bu gün də elə fikirləşirsiniz?

- Bu gün hesab edirəm ki, sevgiylə və məmnuniyyətlə cəmiyyətə xeyir verəcəyim bir sənətlə məşğulam. Beyinin iki - sağ və sol yarımkürəsi var. Sağ yarımkürəsi incəsənət, yaradıcılığa görə seçilir, sol yarımkürə isə praktik həyat tərzinə aiddir. Elə insanlar var ki, onlarda hər iki yarımkürə işləyir. Ancaq görünür, məndə biri, yəni incəsənətlə bağlı hissə işləyir.

- Hansı anlarda özünüzü xoşbəxt hesab edirsiniz?

- Mən yalnız alqışları eşidəndə xoşbəxt oluram. Həmçinin həmkarlarımla bir yerdə işin düzgün gedişini axtarıb tapanda özümü xoşbəxt hiss edirəm.

 

Kaspi.- 2007.- 1 mart.- S. 16.