Naibə

 

Azərbaycan kinosu  2008-2018

 

Kino gəlirli sahə olması ilə yanaşı, həm də böyük ideoloji vasitədir. Xalqın mənəvi həyatında kinonun rolunun artırılması üçün isə ilk növbədə kinoteatrların yeni üslubda təmiri və kino istehsalının nizama salınması olduqca vacibdir.

Bir vaxtlar tamaşaçılarla dolu olan Bakı kinoteatrlarının əksəriyyəti indi sükuta qərq olub. Kino istehsalının vəziyyətinə gəlincə isə xatırladaq ki, SSRİ-nin süqutundan sonra 90-cı illərin əvvəllərinə qədər Azərbaycanda dövlət tərəfindən heç bir filmin istehsalına sifariş verilməmişdi. Film istehsalı demək olar ki. tamamilə dayanmışdı. Yalnız müəyyən şirkətlər bir neçə filmin istehsalını maliyyələşdirmişdilər. “Tələ”, “Etiraf”, “O dünyadan salamlar”, “Müqəddəs torpaq”, “Yarasa”, "Fəryad" filmlərini buna misal göstərmək olar. Ümumiyyətlə, müstəqillik dövrünün ilk illərində kino istehsalı üçün daha çox vətənpərvərlik mövzuları prioritet təşkil edirdi. İlkin olaraq dövlətin film istehsalı üçün ayırdığı vəsait qənaətbəxş olmasa da, kinematoqrafçılarımız bütün imkanlarını səfərbər edərək, nəyəsə nail olmağa çalışırdılar. Nəticədə "Özgə vaxt", "Ağ atlı oğlan", "Sarı gəlin", "Yalan", "Ovsunçu", "Küçələrə su səpmişəm", "Yalan" kimi filmlər yarandı.

Bu günlərdə isə Prezident İlham Əliyev Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının müasir kino texnikası tələblərinə uyğun texnoloji avadanlıqla təchiz edilərək, əsasli şəkildə yenidən qurulması ilə bağlı təklifləri bir ay müddətində prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa, nazirlik Azərbaycanın kinoteatrlar şəbəkəsinin yenidən qurulmasına, o cümlədən mövcud kinoteatr binalarında təmir-bərpa işlərinin aparılmasına, "Nizami" kinoteatrında müasir tələblərə cavab verən xidmət və texniki şəraitin yaradılmasına, Azərbaycan Dövlət Film Fondunun yeni binasının inşası ilə bağlı və XX əsr Azərbaycan kinosunun tarixini əks etdirən kino-lentlərin lazımi şəraitdə mühafizəsinə dair təkliflərini bir ay müddətində hazırlayaraq prezidentə təqdim etməlidir. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə xalqımızın tarixi və mədəni irsini özündə əks etdirən filmlərin çəkilişini həyata keçirmək və dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı nəzərə alınmaqla, "Azərbaycan kinosu 2008-2018-ci illərdə" dövlət proqramına dair təkliflərini üç ay müddətində prezidentə təqdim etmək tapşırılıb. Məsələ ilə bağlı əlaqə saxladığımız bəzi kino sahəsində çalışan insanlar sərəncamdan sonra Azərbaycanda kino sənətinin sürətlə inkişaf edəcəyini bildirdilər.

Fondda qızğın iş gedir

İlk olaraq ölkəmizdə saxlanılan filmlərin saxlanma şəraiti ilə maraqlandıq. Bununla əlaqədar Dövlət Film Fonduna müraciət etdik. Qeyd edək ki, fondun yeni ünvanında ("Qələbə" kinoteatrı) təmir-bərpa işlərinə artıq start verilib. Bundan əlavə, kino-teatrın həyətində fond üçün xüsusi beşmərtəbəli bina inşa olunur. Fondun mətbuat xidmətinin əməkdaşı hazırda fondda quruculuq işləri həyata keçirildiyi üçün burada saxlanılan filmlərin dəqiq sayını bilmədiyini dedi: "Burda minlərlə film saxlanılır. Hazırda biz kino-lentlərin bərpası ilə məşğuluq. Sonuncu dəfə isə fonda "Yalan," "Girov" və sair bir neçə film daxil olub. Bundan əlavə, bu günlərdə fondun direktoru Cəmil Quliyev Xalq artisti Ələsgər Ələkbərovun 50 illik yubileyinə həsr olunmuş kinolenti bura təqdim edib. Qeyd edim ki, indiyə qədər Ə.Ələkbərovun heç bir arxivdə canlı kadrı olduğu lent yox idi".

Azərbaycan filmlərinin orijinallanın, sovet dövründə olduğu kimi, hələ də Rusiyada saxlanıldığını çoxları bilir. Mətbuat xidmətindən bu filmlərin də tezliklə qaytarılmasının mümkün olacağı dedilər: "İndi kinostudiyanın həyətində Film Fondu üçün beşmərtəbəli bina tikilir. Orada bütün şərait yaradıldıqdan sonra Rusiyadakı filmləri qaytaracağıq".

"Vətən"də lələ köçüb, yurdu qalıb...

Son 15-20 il ərzində milli kinomuzda baş verənlərə nəzər yetirəndə bir məsələni xüsusi vurğulamaq lazım gəlir. Belə ki, ölkədə bu illər ərzində bir dənə də olsun yeni kino-teatr tikilməyib. Əksinə, kinoteatrlan bir neçəsini funksiyasını dəyişərək mebel mağazası, internet klub və s. müxtəlif ticarət obyektlərinə çeviriblər. Məsələn, "28 Aprel", "Bilik", "Xəzər", Vaqif kinoteatrla bu qəbildəndir. Digər kinoteatrların fəaliyyətini öyrənmək məqsədilə paytaxtın bir neçə kinoteatrına baş çəkdik. İlk ünvanımız Nizami küçəsində yerləşən "Vətən" kinoteatrı oldu. Divarları çat-çat, tavanı uçuq-sökük olan kinoteatra  daxil oluruq. Orada gözə dəyən bir-iki nəfər (kinoteatrın işçiləri olduqlarını deyirlər) "Vətən"in iki ildən çoxdur fəaliyyət göstərmədiyini söylədilər. Kinoteatrdakı 3 zalın ikisi tamamilə yararsız vəziyyətdədir. Məhz bu səbəbdən "Vətən" öz fəaliyyətini dayandırıb. Qeyd edək ki, kinotearın böyük zalı 600, digər iki zal isə 100 nəfərlikdir. Film göstərilən vaxtlar kinoteatrın yalnız bir zalı fəaliyyət göstərirmiş. Burada bir seansda vur-tut 3-5 tamaşaçı olurmuş. Biletlərin qiyməti isə cəmi 50-60 qəpik civarındadır. Əməkdaşlar kinoteatrın qəza vəziyyətində olduğu barədə Bakı şəhər İcra Hakinıiyyətinə dəfələrlə məktub göndərildiyini dedilər. Kinoteatrın böyük və biznes üçün əlverişli inzibati binasının müəyyən ərazisini isə sahibkarlar özəlləşdiriblər. Qeyd edək ki, "Vətən"in əvvəlki ərazisi 1650 kvadratmetr olub. Hazırda isə kinoteatrın cəmi 883 kvadratmetr ərazisi qalıb. Bütün bunlara baxmayaraq, kinoteatrın əməkdaşları bədbin deyil. Rəhbərlik kinoteatrın dünya standartlarına uyğun təmiri üçün bir neçə layihə hazırlayıb. Onlar əmindirlər ki, yaxın vaxtlarda Bakının teatrları tamaşaçı ilə dolu olacaq.

"Nizami" kinoteatrı nikbindir

1940-çı ildə inşa olunan "Nizami" kinoteatrı memarlıq binası hesab olunur. Gündə iki seans film nümayiş etdirilən kinoteatrda biletlərin qiyməti 50-60 qəpikdir. Kinoteatrın rəhbəri İlham Babayev bizimlə söhbətində burada artıq təmir-bərpa  işlərinə  başlandığını  dedi:

"Hamını əmin edirəm ki, yaxın günlərdə kinoteatmızın vəziyyəti yüksək səviyyədə olacaq. Bütün zallar Avropa standartlarına uyğun yenidən qurulacaq. Kinoteatrın yenidən qurulması üçün artıq avadanlıqlar sifariş olunub".

Təmir işləri getməsinə baxmayaraq,  İ.Babayev  fəaliyyətlərini  dayandırmadıqlarını, məktəblər, uşaq bağçaları ilə sıx əlaqədə işlədiklərini dedi: "Burada uşaqlara pulsuz cizgi filmləri göstərilir. Cizgi filminə baxan uşaq 5 ildən sonra artıq kinoteatrın potensial tamaşaçısına çevrilir".

Hazırda Nizami kinoteatrının Rusiya, Moldova, Qazaxıstanın kinoteatrları ilə əlaqədə olduğunu söyləyən İ.Babayev bu ölkələrlə kinofllmlərin mübadiləsinin aparıldığını bildirdi: "Kinoların alınması Bakı kinoteatrlarının başlıca problemidir. Çünki bir film 4-5 min dollara başa gəlir. Azərbaycanda isə il ərzində 3-4 film çəkilir. Özümüzün ehtiyat fondumuzda olan kinolar isə köhnəlib. İnanıram ki, bu problem də tezliklə həll olunacaq".

Bura "Azərbaycan"dır!

"Azərbaycan" kinoteatrı digərlərindən həm daxili və xarici görkəminə, həm də də göstərilən filmlərin sayına və rəngarəngliyinə görə fərqlənir. 1999-cu ildən tamaşaçıların istifadəsinə verilən kinoteatrın əsaslı təmirinə 3 milyon dollar xərclənib. Kinoteatrın bərpa olunmasına yönəldilən vəsaiti isə İngiltərənin "Stil" şirkəti ilə Azərbaycan Kinematoqrafıya İttifaqının birgə yaratdığı "Azərbaycan" beynəlxalq kino şirkəti ödəyib. Kinoteatrın 3 zalı var və onlar ən müasir avadanlıqlarla təchiz olunub. Gün ərzində burada 4 seans nümayiş olunur. Biletlərin qiyməti isə 4-5 manatdır. Kinoteatrın adının açıqlanmasını istəməyən nəzarətçilərindən biri bizimlə söhbətində ölkəmizdə kinoya olan münasibətdən narazı olduğunu bildirdi: "Azərbaycanda tamaşaçıların kinoteatrlara az gəlməsinin başlıca səbəbi piratçılıqdır. Burada orijinal kasetlər yoxdur. Təəssüf ki, əksər telekanallar ancaq pirat fılmlər nümayiş etdirməklə məşğuldur. Biz 5-6 min dollar pul verib film alırıq, ancaq piratçılıqla məşğul olan bəzi telekanallar "Azərbaycan" kinoteatrından əvvəl bu filmləri göstərirlər. Buna görə də tamaşaçıları kinoteatra gəlmədiklərinə görə qınamaq olmaz. Dünyada qəbul olunmuş qaydalara görə, kinoteatrlarda 6 ay göstəriləndən sonra yeni filmin televiziyalarda nümayişinə içazə verilir. Ancaq elə ola bilər ki, film ölkəyə 3-4 il sonra gətirilsin. Bu halda da həmin qanun keçərlidir".

Qeyd edək ki, "Azərbaycan"da nümayiş etdirilən filmlər İngiltərə, ABŞ və Rusiyanın kino satışı ilə məşğul olan şirkətlərindən alınır.

 

Həftə içi.- 2007.- 2 mart.- S. 6.