Mükərrəmoğlu M.
Xalq artisti Nodar
Şaşıqoğlunun 80 yaşı tamam oldu
Düz 80 il bundan əvvəl Acariyanın Batumi
şəhərində dünyaya bir uşaq göz
açmışdı. Bir az dəcəl, bir az zirək bu
uşağın gələcəkdə aktyor
olacağını kimsə ağlına da gətirməzdi.
Orta təhsilini Tbilisidə almışdı. Tale ona aktyorluq
istedadı bəxş etmişdi və o da bu yolu seçdi.
Moskvada Teatr İnstitutunu bitirdi. İlkin olaraq öz doğma
Acariyasında yox, bu gün özünün doğma
vətəni adlandırdığı Azərbaycanda teatr
və kino aktyoru kimi tanındı. Nodar müəllimin
yaradıcılıq bioqrafiyası həm də Rusiya ilə
bağlı olub. O, Leninqrad (indiki Sankt-Peterburq), Moskva
teatrlarında çalışmışdır. Amma
Azərbaycanda mütəmadi olaraq filmlərə
çəkilmişdi. 1955-ci ildə Tofiq Tağızadə
“Uzaq sahillərdə” filminin çəkilişlərinə
başlayanda Azərbaycanın qəhrəman oğlu Mehdi
Hüseynzadə roluna aktyor axtararkən onunla
qarşılaşmış və bu rolu ona həvalə
etmişdi. Həm zahiri oxşarlıq, həm də Nodarın
xarakterində Mehdiyə yaxınlıq tapmışdı.
Beləliklə, Nodar Şaşıqoğlunu ilk dəfə
kino üçün kəşf edən rejissor Tofiq
Tağızadə sonradan bu seçimində
yanılmadığına əmin olmuşdu.
Nodar “Mixaylo”nu sevib yaratmışdı. Aktyor deyir: Mən
ssenari ilə tanış olanda elə bil özümü
görürdüm Mehdinin yerində. Onun
qəhrəmanlığı ağlasığmazdır. O,
istedadlı rəssam, cəsur kəşfiyyatçıdır.
Doğrusu, tərəddüdlərim də olurdu.
Bəlkə, istədiyim alınmadı. Kinoda ilk dəfə
çəkilirdim. Amma xoşbəxtlikdən, mən bu
qəhrəman insanın taleyini “yaşaya” bildim...
Çəkilişlər zamanı rejissor onu çox da
incitmirdi. Çünki Nodar Şaşıqoğlu obrazı
artıq özününküləşdirmişdi. Onunla
yaşayır, onunla nəfəs alırdı. Filmə
tamaşa edənlər yaxşı bilir ki, Nodar,
həqiqətən, Mehdini sevərək yaradıb.
Təpədən-dırnağa qədər
qəhrəmanının roluna girə bilib. Onun ən
kiçik hisslərini belə ekrana gətirməyə
çalışıb. Bu çox ciddi məsələdir.
Çünki aktyor özgə həyatını
yaşayarkən müəyyən çətinliklərlə
üzləşir. Ya xarakteri düz gəlmir, ya da
müəyyən ştrixləri düzgün vermək
mümkün olmur. Amma Nodar elə bil özünü
oynayır. Siz filmdə onun üz cizgilərinə,
hərəkətlərinə diqqət yetirmisinizmi? Elə bil
qarşında əsl kəşfiyyatçı, rəssam
dayanıb. Hansı epizodu götürürsən-götür
onun ifası əvəzolunmazdır.
Romantik səhnələrdə Nodar Şaşıqoğlunun
Mehdisi necə də təsirlidir. “Mixaylo” Anjelikanın
portretini çəkərkən onun sifətindəki
cizgilərə diqqət yetirin. Bu, böyük aktyor işidir.
Bu, böyük sənətkarın
özgələşmək bacarığıdır.
Mehdi bizim kinomuzun çox uğurlu qəhrəmanlarındandır.
Onun filmdə ifası isə Nodar Şaşıqoğluna
əsl şöhrət qazandırdı. Bu gün Nodar
Şaşıqoğlunun 80 illik ömrünün ən
yaddaqalan hadisələrindən biri də məhz Mixaylonu
yaratmasıdır.
Rejissor Tofiq Tağızadə deyirdi ki, biz “Uzaq
sahillərdə” filmini çəkəndən sonra xeyli
işlənilməmiş lentimiz qalmışdı. Düşündük ki, onu da
bir film edə bilərik. Beləliklə, “Mateo Falkone” filmi
yarandı. Fransız yazıçısı
Prosper Merimenin eyni adlı povestinin əsas götürdük
və baş rolda da Nodar
Şaşıqoğlunu çəkdik.
Burada da öz xalqına
sədaqət, vətənpərvərlik,
xarici işğalçılara
qarşı mübarizə
əzmi kimi mənəvi keyfiyyətlərdən
söhbət açılır.
Nodar Şaşıqoğlu Moskvada
işləsə də
Azərbaycan kinematoqrafçıların
təkliflərini razılıqla
qəbul edirdi. 1961-ci ildə ekranlara
çıxarılan “Səhər”
filmində ona Əzizbəyovun rolu həvalə edilmişdi.
O bu rolu da özünəməxsus
şəkildə ifa etmişdi. Ümumiyyətlə,
Nodar Şaşıqoğlunun
“Səhər” filmində
yaratdığı Əzizbəyov
obrazı Məşədi
Əzizbəyovun ekrana
gətirilən obrazlarının
ən yaxşılarındandır.
“Leyli və Məcnun” filminə onu rejissor Lətif Səfərov dəvət
etmişdi. Məcnun rolunu
yaratmaq aktyordan güclü istedad, səriştə tələb
edirdi. Nodar Qeysin (Məcnun)
rolunu oynamağa ilkin olaraq ehtiyat
etsə də, sonradan rolun bütün çalarlarını
mənimsədi və
Məcnunu məharətlə
yaratdı. Məcnun onun
ifasında əsl aşiq, öz qəlbini, ruhunu Leyliyə vermiş divanədir.
Zakir (“Telefonçu qız”) müasir qəhrəmandır.
Onu təmiz qəlblə sevən Mehribanın hisslərinə qarşı
ilkin vaxtlarda biganəlik göstərsə
də, sonradan öz səhvini başa düşür və bunu etiraf
etməyə məcbur
olur. O, Zakirin həyat tərzini tamaşaçıya real detallarla
çatdırır. Aktyor bütün
hərəkətlərində səmimi görsənməyə
çalışır. Lakin daxili qüruru
bəzən ona hadisələrin mahiyyətini
dərk etməyə imkan vermir.
“Telefonçu qız” Nodar
Şaşıqoğlunun yaradıcılığında
çox mühüm tutur.
O, bu filmdə də sevən, öz məhəbbətini
yüksək qiymətləndirən
bir gəncdir. Bu filmdə onun
ifaçılıq bacarığının
yeni məziyyətləri
üzə çıxır.
Və təsdiq edir ki, romantik qəhrəmanların
mahir ifaçısıdır.
Nodar Şaşıqoğlu “Bizim
küçə” filmində
Mehdi Hüseynzadə roluna çəkilib.
Bu dəfə də o kəşfiyyatçı
rolundadır. Maraqlı burasıdır
ki, burada da o, bir azərbaycanlı
qızını xilas
edir. Aktyorun ekranda son işi
“Sevinc buxtası” filmində olub.
Nodar Şaşıqoğlu Moskva
və Leninqrad teatrlarında onlarca rus və dünya
ədəbiyyatı dramaturqlarının
əsərlərində əsas
rollar oynamışdır.
Onu Rusiyada da çox
sevirlər. Bu sənətkar ömrünün
yetkin çağlarında
Bakıda Rus Dram Teatrında aparıcı rollarda çıxış
edib. Hazırda bu teatrda çalışır.
Bu böyük sənətkarın yaradıcılığı
yüksək qiymətləndirilib.
Xalq artisti fəxri adına
layiq görülüb.
Dəfələrlə müxtəlif təltiflər,
mükafatlar alıb.
Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə “Şöhrət”
ordeninə layiq görülüb.
Bu günlər ölkəmizdə onun 80 illik yubileyi qeyd olunur. Yaradıcılıq gecələri keçirilir,
görüşlərə dəvət olunur. Ən əsası isə Dövlət Film Fondu Nodar Şaşıqoğlunun
yubiley gecəsini keçirməyi qərara
alıb.
Xalq qəzeti.- 2007.- 21 mart.- S. 8.