Aygün Bəylər Parisdə çıxış edib

 

Onun Fransada daha bir çıxışı təşkil olunacaq

 

Parisdə fəaliyyət göstərən Dünya Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə "Musiqi təsviri" devizi altında hər il bir ölkənin musiqisinə həsr olunmuş ənənəvi festival keçirilir. Builki festival Azərbaycan musiqisinə həsr olunub.

Mərkəzin iqamətgahında keçirilən festivalda Əməkdar artist Aygün Bəylər konsert proqramı ilə çıxış edib. Konsert Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən müğənni repertuarında bayrama həsr olunmuş mahnılar oxuyub. Konsertdə yerli tamaşaçılarla yanaşı, orada yaşayan həmyerlilərimiz fəal iştirak ediblər.

Aygün xanımın ifasında "Qarabağ şikəstəsi" "Heydər baba" mahnısı tamaşaçıların alqışları ilə qarşılanıb. Azərbaycanlı sənətçinin ifasına böyük maraq olduğundan konsertin təşkilatçıları onun daha bir çıxışını təşkil etmək niyyətindədirlər.

Qeyd edək ki, A.Bəyləri Paris konsertində tarda Rövşən Qurbanov, kamançada Zahid Rzayev müşayiət ediblər. Konsertə tamaşa edənlər arasında Azərbaycanın Fransadakı səfiri, Paris ictimaiyyətinin nümayəndələri, diasporun təmsilçiləri olublar.

 

Kaspi.- 2007.- 29 mart.- S. 17.