Behbudqızı S.

 

Musiqimiz deqradasiyaya uğrayır

"Əgər belə gedərsə, bu işin axırı olmayacaq"

 

Ciddi məsələ

 

Bu gün cəmiyyətimizin bir çox sahələrində olduğu kimi, "musiqi mədəniyyəti" anlayışında da maksimalist əhvallar üstünlük təşkil edir - korifeylərimizin qoyub-getdikləri ənənəni çox yüksək səviyyədə, layiqincə davam etdirən, musiqinin ən müxtəlif janrlarında dünya arenasına çıxmaq iqtidarında olan gənc musiqiçilərlə yanaşı, birgünlük populyarlıqdan ötrü bütün dəyərləri unutmaqdan çəkinməyənlər sanki paralel addımlayırlar.
   Nisbətdə birincilərin inkişaf dalğasının ikincilərin ucuz xüsusi effektlərindən geri qalmadığı müşahidə olunur. Amma hər ehtimala qarşı unutmaq lazım deyil ki, ziyanlı təzahürlər öz yerlərini daha çevik rahatlaya bilirlər (xüsusən "istedadlıya kömək et, istedadsız onsuz da özü-özünə yol tapacaq" nəsihətinin unudulduğu bir yerdə...).
   Belə bir vaxtda musiqi tariximizə "Şur", "Kürd-ovşarı", "Bayatı-Şiraz" simfonik muğamları, "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı" baletləri, "Nizami" simfoniyası, skripka fortepiano üçün "Muğam-poema", süitalar, konsertlər, mahnı romanslar, tamaşa kinofilmlərə yazdığı təkrarsız musiqilərlə mədəniyyətimizin "qızıl" səhifələrindən birini yaratmış Fikrət Əmirovun musiqimiz musiqi xadimlərimiz barədəki fikirlərini, qənaətlərini xatırlamaq gərəkir. Çıxışlar bəstəkarın "Musiqi düşüncələri" (Bakı, 1971), "Musiqi səhifələri" (Bakı, 1978), "Musiqi aləmində" (Bakı, 1983) kitablarından götürülüb.
   Fikrət Əmirov: "Ümumi musiqi sənətini öyrənsək, öz milli musiqimizin tərəqqisinə böyük xidmətlər etmiş olarıq. Not sistemi, Avropa musiqi alətləri musiqi formaları bizim əsrlər boyu yaranmış zəngin, ahəngdar musiqimizi yeni mərhələyə qaldırar, onun dünyaya yayılmaq imkanlarını genişləndirər".
   "Bülbül Azərbaycan milli musiqi xəzinəsini göz bəbəyi kimi qoruyur, bu xalq incilərinə öz məharətli ifası ilə daha dərin məna gözəllik verir: Azərbaycan musiqisini həm sevməkdə, həm sevdirməkdə böyük müğənnimiz Bülbülə çatmaq çox çətindir. Bunun üçün gərək Azərbaycan torpağının Bülbülü olasan".
   "Böyük həcmli, məzmunu dərin fikirlərlə ifadə olunan muğam çox möhtəşəm, ruhu yüksəkliklərə qaldıran bir musiqidir. Onda ziddiyyətli mövzuların mübarizəsi yoxdur. Lakin muğamda bir mövzunun daxilində emosional yüksəliş var. Bu, kulminasiyalarda özünü büruzə verir bu kulminasiyalar səs yüksəkliyi, dinamika, lad cəhətdən muğamın başlanğıc fazası ilə kəskin təzad yaradır. Buna görə muğam simfonik mühitə çox uyğundur Şərq xalqlarının bu böyük neməti simfonik libas geyinərsə, onun gözəlliyi, incəliyi, ahəngi əlavə əsrarəngiz qazanmış olar".
   "İstər ərəb, hind, istər Azərbaycan, istərsə türk, yaxud İran xalqlarının folklor
musiqisi əsasında müasir tələblərə cavab verən əsərlər yaratmaq üçün iki mühüm amil vacibdir: öz milli folklorunu dərindən bilmək sevmək, bir müasir musiqi səviyyəsində dayanmaq. Bu cəhətlərin vəhdəti musiqinin ümümbəşəri keyfiyyət kəsb etməsi üçün yeganə yoldur".
   "Bizim musiqimiz deqradasiyaya uğrayır. Yad səslər, qeyri-müəyyən motivlər Azərbaycan xalq musiqisinin üzərinə kölgə salır. Əgər belə gedərsə, bu işin axırı olmayacaq".
   "Muğam ifaçılığında mühüm məsələlərdən biri Azərbaycan muğamlarını yad təsirdən qorumaq işidir. Bəzən elə olur ki, məsələn, "Şur" dəstgahı elan edilir. Qulaq asanda görürsən, bir təsnif, yaxud bir rəng İran ya türk musiqisidir. Əlbəttə, İran, türk, yaxud ərəb təsnif rənglərini ifa etmək olar. Lakin onu Azərbaycan muğamatına qatmamaq şərti ilə. Bu məsələ bir ona görə ciddidir ki, əgər muğamlarımız indi təmiz oxunmazsa, orada yad musiqi ünsürləri yer taparsa, gələcək nəsil onu beləcə qəbul edəcək".
   

Həftə içi.- 2007.- 1 mart.-S. 8.