Qasımlı İ.

 

Azərbaycan musiqisi çexləri heyrətə gətirdi

 

Çexiyada Azərbaycan günləri açılıb

 

Xəbər verdiyimiz kimi, fevralın 26-da Çexiyanın Lidice şəhərciyində Azər-çex cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Avstriyadakı səfırliyinin dəstəyi ilə Xocalı faciəsinin 15-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Lakin necə deyərlər, xeyir və şər qardaş olduğu kimi, bu ölkədəki diasporumuz.da belə bir faciəvi günün anım mərasimindən sonra Lidice qalereyasında xalqımızın milli-mənəvi sərvətləri olan musiqimiz, incəsənətimiz və kulinariyamızı Çexiya ictimaiyyətinə təqdim edib. Çexiya İncəsənət Universitetinin tələbəsi, peşəkar  fotoqraf  Sitarə İbrahimovanın "Azərbaycan peyzajları", heykəltəraş Məmməd Rəşidovun "Xocalı", "Qobustan", "Cin" və "Azərbaycan xatirələri" silsiləsindən bürünc, plastika, latun və keramikadan hazırlanmış 25 dekorativ heykəli çex tamaşaçıların xüsusi marağına səbəb olub. Sərginin nümayişi iki ay müddətində davam etdiriləcək. Qeyd edək ki, bu qalereya Çexiyanın ən məhşur incəsənət ocaqlarındandır və burada nümayiş etdirilən sərgilərə yalnız çexlər yox, həm də xarici turistlər gəlir ki, bu da Azərbaycana qarşı erməni təcavüzünün, eləcə də müasir incəsənətimizin daha geniş auditoriyada tanıdılmasına imkan verəcək.

Azərbaycanın muğam ustaları Mələkxanım Eyyubova və Ağaxan Abdullayevin Mirnazim Əsədullayev (kamança) və Firuz Əliyevin (tar) müşayiətilə çıxışı isə çexləri sözün həqiqi mənasında heyrətə gətirib. Sonda muğam ustalarımız "Qarabağ şikəstəsi"nin zənguləsini vuranda çexlər bunu ayaq üstə və alqışlarla qarşılayıblar. Kaman ustası Mirnazim Əsədullayevin "Dvorjakın melodiyası" və “Xarı bulbul”ü improvizasiyasını dinləyən çexlərin gözləri dolmuşdu. Tədbirdə iştirak edən Çexiya Senatının sədr müavini Jiri Lişka öz təəssüratlarını bölüşərkən belə deyib: "Mənim oğlum da truba ifaçısıdır. Amma mən təsəvvür edə bilməzdim ki, Azərbaycanın milli musiqi alətində çex musiqisini belə gözəl ifa etmək olardı". Daha sonra Azərbaycan musiqi xadimlərinə üz tutan Jiri Lişka "Sizin Xocalı faciəniz bizim Lidice faciəsindən daha dəhşətlidir. Çunki bizdə uşaqlar kəndin bombardmanı nəticəsində ölüb, sizdə isə onları bir-bir və məqsədli şəkildə qətlə yetiriblər", - deyib. Yaranmış imkandan istifadə edib Çexiya Senatının sədr müavini Jiri Lişkadan müsahibə aldıq.

-  Cənab Lişka, Çexiya ilə Azərbaycan arasındakı əlaqələrin indiki səviyyəsini necə qiymətləndirirsiniz?

- Əfsuslar olsun ki, Azərbaycan Çexiya üçün hələ də ekzotik ölkədir. Amma fikrimcə, bundan sonra əlaqələrin inkişaf etdirilməsi üçün imkanlar yaranır. Hesab edirəm ki, Praqada Azərbaycan səfırliyinin açılması iki ölkə arasındakı qarşılıqlı münasibətlərə kömək göstərəcək. Artıq bundan sonra Çexiyanın Azərbaycanda səfirliyinin açılması barədə də diskussiya aparıla bilər.

- Çexiyan Azərbaycanla əlaqələrdə hansı sahərə marağı var?

-  Çexiya dünyanın bütün ölkələri ilə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan gələcəkdə Çexiyanın iqtisadi əməkdaşlığı üçün yaxşı namizəddir. Məncə, iqtisadi əməkdaşlıqdan əlavə, başqa sahələri, o cümlədən mədəni və ictimai əlaqələri də inkişaf etdirmək lazımdır.

-  Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi i bağlı Çexiyanın mövqeyi necədir?

- Çexiya Respublikası olaraq, Ermənistanla Azərbaycan arasındakı konflikti ilk günlərdən diqqətlə izləmişik. Vəziyyətdən xəbərimiz var. Ancaq təəssüf ki, Çexiyanın həmin regionda strateji maraqları yoxdur. Bu strateji maraqlar Rusiyada olduğundan, ən böyük oyunçu və konfliktin həllində böyük rolu ola bilən ölkə kimi də bu ölkəni görürəm. Əgər Rusiya həqiqətən də bu konfliktin həllini istəsəydi, mütləq bunun bir yolunu tapardı. Görünür, hələ də Rusiya konfliktin həll olunmasını istəmir. Amma mən bununla pessimistlik nümayiş etdirmək istəmirəm. Əksinə, inanıram ki, bu konflikt həll olunacaq. İstəyimiz odur ki, beynəlxalq aləm münaqişənin sülh yolu ilə həllinə kömək etsin.

 

525-ci qəzet.- 2007.- 1 mart.- S. 2.