Quliyeva X.

 

Onu yaxşı tanı, dünya!

 

Mansurovların yaşayan yadigarı tanınmağa layiqdir

 

Belə bir fikir var: İstedadlar yer üzünə toxum kimi səpilirlər və onların bəhrələri düşdükləri torpağın bərəkətindən asılı olur... Həm də bu istedadlar qeyd-şərtsiz milli ruhda olurlar. Çünki hər toxumun ilkin xüsusiyyəti torpağın ən dərin qatlarına rişələnmək, kök atıb bərkimək, oradan baş qaldırıb, qol-budaq atmaqdır...Onlardan biri Eldar Mansurov... Dünyanın bir xoş günündə Tanrı onu ustad sənətkar. Bəhram Mansurovun ailəsində dünyaya bəxş etdi. Bəlkə də Eldar məhz belə bir aləmdə doğuldu ki, ruhu maestro nəslin təbiətindən çox şey erz etsin. Hopsun canına, qanına bu ulu sənətkar ocağın muğam ovqatı. Eldar Mansurov atasının musiqiçi kimi yetişməsinə heç razı olmadığını xatırladı bir gün... Hətta piano dilləri kimi əzizlədiyi, barmaqlarına yaraşdırdığı siqaretindən dərin bir qullab vurub Bəhram Mansurovun ata narahatlığı ilə dolu nəsihət-vəsiyyətini yada saldı. Eldar Mansurov yaradıcıhğına biraz tanış olan adam kimi deyim ki, doğrudan da bu, belədir... Hətta beş-altı ildir ki, mən bu yaradıcılığa diqqət kəsilmişəm və dəqiq qənaətimdir ki, həmin bu illər ərzində Azərbaycan estrada musiqisinin ən böyük yükü Eldar Mansurovun çiyinləri üzərindədir. Elə adi bir nəzər salaq səhnədə görünən müğennilərimizə. Yaxud da belə bir sual verək özümüzə: hansı estrada müğənnimiz Eldar Mansurov yaradıcılığına müraciət etmir, onun musiqi kəhkəşanına baş vurmur?

Fikrimcə, heç bir tanınmış müğənni bizi fakt qarşısında qoya bilməz. Gənc müğənnilər də əsl musiqi yaradıcılığı ilə məşğul olmaq arzusunda olduqda əsasən, Eldar Mansurova müraciət edirlər. Bu da Eldar Mansurov xatirələrindəndir: "Bir müğənni qadın Eldar Mansurovun yanına gəlir, mahnı xahiş edir və süni şöhrətindən qanadlı halda "Eldar müəllim, filan bəstəkar var aaa, onun kimi yaz mənimçün" - deyir. Eldar Mansurov həmin müğənniyə birbaşa cavab verir: "Mən Eldar Mansurov kimi yazacağam, həm də bəstəkar olduğum üçün dediyin "adam" kimi yazmayacağam"...

Didro deyib ki, bütün insanlar həyatı yaşayır, hisslər keçirirlər. Amma yaradıcı insanlarda bu yaşantılar bütün adamlarda olduğu kimi ölüb getmir. Yığılır, toplanır və sənətkar bu quyu dolub-daşanda yazır-yaradır. Düşünürəm ki, Eldar Mansurovun professional yaradıcılığında Didro dahiliyini təsdiqləyən xislət-xilqət vardır...

Yaşantıdır, hissdir, bütövlükdə bu yaradıcılıq. Burada sifariş ruhu qəti duyulmur. Dəqiq bilirəm ki, Eldar hətta "sifariş" yazmalı olduqda da yaşayır o duyğunu. Diqqəti sifariş olduğunu təyin etdiyim iki mahnı üzərinə cəlb etmək istəyirəm: "Mahirə" (Səməd Səmədovun ifasında), "İlqarə qızım" (Aygün Kazımovanın ifasında) hər iki mahnı orijinal, melodik, ən əsas isə pcşə notlarının bəhrəsidir.

Son vaxtlar çoxalan ekran-efır yayım ünvanlarının təsiri olaraq göbələk kimi artan qeyri-peşəkar bəstəkarlar, onların poeziya seçiminin mahnı ilə birləşmiş uğursuzluqları bütün təbəqələrdən olan adamları narahat edir. Peşəkar musiqi sənətkarları haqlı olaraq narazılıqlarını bildirir, açıq diskussiyalarda bu fikirlərini bölüşürlər. Amma bir tamaşaçı və dinləyici kimi mən bu hadisəyə sükutlu münasibət fikrindəyəm. Ona görə ki, zövqü oxşamayan bu əsərlər onsuz da əsl sənet əsərlərinin palitrası müqabilində solğunluğu ilə diqqəti cəlb edir, qeyri-estetikliyi ilə "büzüşüb" kənara çəkilir. Bunula da yavaş-yavaş yaddan çıxıb unudulur.

Arfa, fleyta alətlərinin, Arxelok adlı ilk öncül müğənni sənətkarın meydana çıxmasına qədər dünya düşüncəsi musiqini məkanın deyil, zamanın incəsənəti adlandırmışdı. Musiqinin bu ana təbiəti bəşəri ideyalardan xəbər verir. Yəni musiqi o qədər ali hissləri ifadə etməli, o qədər sənətkarlıqla yazılmalıdır ki, millətindən asılı olmayaraq, bütün insan kütlələrini öz ətrafına toplaya bilsin.

Məhz bu baxımdan Eldar Mansurovun musiqi dili peşəkarlıqdan, əvvəldən dediyim səpilmiş istedad toxumundan bəhrələnərək seçilir. Gəlin xəyalən "Əzizim", "Gecələr", "Bayatılar", "Gedək", "Hayıflar olsun", "Karvan", "Halımı sorma", "Yarı məndə, yarı səndə", "Məni yaxşı tanı, dünya" və başqa mahnılarının bəşəri notlarında kökləyək duyğularımızı.

Eldar Mansurov kənardan elə bir təəssürat oyadır ki,  dünya,

Tanrı qanunları "a"-dan "ya"ya dək ona bəllidir. Bir az da dəqiqləşdirim fikrimi, sənətkar dünya ilə də, Tanrı ilə də ünsiyyətdədir. Hətta rnusiqi dili, anlamı ilə onlarla ərkini, sözünü bölüşür. Gileylənir, töhmətləndirir səslər vasitəsi ilə sənətkar-bəstəkar. Hamımızın sevdiyimiz "Əzizim" mahnısının sözlərini, könül oxşayan lirik təranələri "elçi" kimi göylərə yollayan Eldar Mansurovun siqaret kötüyü kimi yerə düşən ümidlərini də görmək çətin deyil burada.

Mənə elə gəlir ki, Eldar Mansurovun hər bir mahnısı onun bir işıqlı portretidir. Elə işıqlı bir portreti ki, biz burada 50 yaşını sayan böyük bəstəkar-sənətkarımızın duyğularının düzümünü görürük. Bu portretdə rənglərin harmoniyası bizə onun ata-analı xoşbəxt-bəxtəvər uşaqlıq-gənclik illərini də, birdən-birə səhrada dəvəsi ölmüş ərəb kimi tək və əlacsız qalan, gəncliklə ixtiyar dövrün qovşağında kı, yaşantılarını da yetirir. Ən əsası, portretdə diqqətimizi irəli baxan, iti, aydın baxışlardan bəni-adamın tanıdığı Tanrıdan artıq dünyaya tuşlanan irad-narazılıq dolu fıkirlər cəlb edir. Yəqin bəstəkarın "Məni yaxşı tanı, dünya" mahnısı da Didronun təbirincə desək, "yığılıb-toplanmış" müşahidənin, yaşantının bəhrəsi, insan övladının digər insan övladlarına ərməğanı, payı, töhfəsidir.

 

Səndən yerdə nə qalar ki,

İnsanların iz salmasa...

Bəxş etdiyin bu ömürdən

Sən qazandın, mən uduzdum.

Çiçək açdım qucağında

Alovlandım ocağında

Sədaqətin hanı, dünya?

Məni yaxşı tanı, dünya...

 

Beləcə, onu yaxşı tanı, dünya. Yaxşı tanı. Tanı, bil, yaddaşına, tarixinə yaxşı-yaxşı hopdur. Çünki Eldar Mansurov dünya üzərinə səpilmiş tək-tək istedad toxumlarından və artlq rişələri lap dərinlərə işləmiş sənət ağaclarındandır. Qol-budaqlı maestro Mansurovların yaşayan bir yadigarıdır.

Bir də nə səndən, dünya, nə də bir kimsədən incik, küskün olmayan, nurlu simasında bütün hissləri müdrik gülüşlə danışan bir yadigarı...

Onu yaxşı tanı, dünya. Tanı ki, yaxşı-yaxşı tanıtmaq imkanını itirməyəsən. Yaxşı tanı ki, tanına biləsən özün də, dünya!

 

Kaspi.- 2007.- 13 mart.- S. 14.