Musiqişünaslıq elminin
fədaisi
Elmira Abbasova həm də yorulmaz
tədqiqatçıdır
Anadan olmasının 75 illiyinə
“Alim cəmiyyət
üçün yaranıb. O, digər peşə
sahiblərindən daha artıq dərəcədə
cəmiyyət tərəfindən yaşadılmalı və
cəmiyyət üçün yaşamalıdır”.
Respublikanın
əməkdar incəsənət xadimi, görkəmli musiqişünas
Elmira xanım Abbasova haqqında düşünərkən
bir çox fikirlər və mülahizələr arasında
İ.Fixtenin nümunə gətirdiyim bu sözləri də
yadıma düşür. Həqiqətən də, Elmira
xanımın keçdiyi sənət yoluna nəzər salaraq
qeyd edə bilərik ki, o, heç vaxt qapalı alim
ömrü sürməmiş, onun elmi və
təşkilalçılıq fəaliyyəti professional
musiqi təhsilinin təkmilləşməsinə, musiqi elminin
zənginləşməsinə, ümumiyyətlə,
yüksək mənəvi dəyərlərin qorunub
saxlanılmasına yönəlmişdir.
Elmira Abbasovanın
adı artıq bir çoxları üçün
yüksək professionallıq rəmzinə
çevrilmişdir. Onun çoxşaxəli
fəaliyyətinin hər bir sahəsi ən yüksək
peşəkarlıq meyarları ilə ölçülə
bilər.
XX əsrin ikinci
yarısının Azərbaycan musiqi elminin inkişaf tarixini
Etmira xanım Abbasovasız təsəvvür etmək
qeyri-mümkündür. Elmira xanım həmişə öz
tədqiqatlarının mövzusu kimi Azərbaycan musiqi
mədəniyyətində taleyüklü rol oynamış
şəxsiyyətlərin yaradıcılığını
seçmiş və onların dəqiq elmi meyarlara
əsaslanan tarixi qiymətini verrnişdir. Üzeyir Hacıbəyov,
Qara Qarayev, Soltan Hacıbəyov, Səid Rüstəmov, Arif
Məlikov, Rəşid Behbudov, Qurban Pirimov, Bəhram
Mənsurovun yaradıcılığı Elmira xanımdan
əvvəl və sonra da araşdırılıb. Lakin Elmira
Abbasovanın bu sənətkarların
yaradıcılığına verdiyi qiymət zəngin
dəlillərə əsaslanan elmi dürüstlüyü
və mən deyərdim ki, klassik ifadəsilə seçilir. Məsələn,
Üzeyir Hacıbəyovun Azərbaycan musiqi
mədəniyyəti salnaməsində yerinə yetirdiyi tarixi
missiyanı Elmira Abbasova çox yığcam, lakin son
dərəcə məzmunlu şəkildə
aşağıdakı kimi səciyyələndirmişdir:
"Böyük və hərtərəfli istedada malik olan
Üzeyir Hacıbəyov şifahi ənənəli milli
musiqilə Avropada təşəkkül tapmış
bəstəkarlıq yaradıcılığı arasında
bir körpü yaratmışdır. Bununla da o, uzun
müddət Şərq və Qərb musiqi
mədəniyyətləri arasında keçilməz
uçurumu dəf etmişdir ki, bu da müasir Azərbaycan
musiqisinin parlaq qələbələri üçün yol
açmışdır". (Э.Аббасова. Узеир Гаджибеков //Музыка
республика Закавказья, Тбилиси, 1975, С. 10)
Deyilənə
görə, yığcamlıq istedadın rəmzidir. Elmira
xanımın həm yazıları, həm də
məruzələrində məni heyran edən
xüsusiyyətlərindən biri də məhz alimin öz fikirlərini
çox lakonik və ifadəli şəkildə izah etmək
bacarığı olmuşdur. Yeri gəlmişkən, qeyd edim
ki, mən dəfələrlə Elmira xanımın
çıxışlarını həm Beynəlxalq Musiqi
forumlarında, o cümlədən iştirakçısı
olduğum 1987-ci ildə Səmərqənddə
keçirilən Musiqişünasların IV Beynəlxalq
Simpoziumunda, həm də Azərbaycanda təşkil edilən
müxtəlif tədbirlərdə dinləmişəm.
Dünyanın ən məşhur musiqişünaslarının
(J.Dürinq, İ. Zemtsovski, T.Levin və d.) iştirakı ilə
keçirilən məclislərdə Elmira Abbasovanın
kəsərli, parlaq çıxışları
həmişə böyük maraqla qarşılanmışdır.
Ümumiyyətlə, Elmira xanım uzun müddət
Azərbaycan musiqişünaslığını layiqincə
beynəlxalq miqyasda təmsil edən alimlərimizdən biri olmuşdur.
Yuxarıda qeyd etdiyim
kimi, Elmira xanım Abbasova tərəfindən
araşdırılan elmi mövzuların dairəsi kifayət
qədər genişdir. Lakin məni, bir tarzən kimi, ilk
növbədə, Elmira xanımın muğam ifaçılığına
dair araşdırmaları maraqlandırıb. "Tarzən
Bəhram Mənsurov" və "Qurban Pirimov"
əsərlərində alim hər bir musiqiçinin fərdi
yaradıcılıq dəst-xəttini, muğamların
ifaçılıq təfsirlərinin özəlliklərini
göstərməyə nail olmuşdur. Elmira xanımın
elmi məqalələrində həm də muğam
sənətinin nəzəri problemləri, şifahi
ənənələri, professional musiqimizin
bəstəkarlıq yaradıcılığına təsiri
məsələləri əksini tapmışdır. Mən
həmişə muğam sənətinə dair Elmira
xanımın qələmindən çıxan fundamental
əsərləri oxumaq arzusunda olmuşam.
Elmira xanım
həmişə xalq ifaçılığı ilə
bağlı olan məsələlərə böyük
həssaslıqa yanaşmışdır.
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasına rəhbərlik etdiyi dövrdə də
xalq musiqisinin tədrisi və təbliğilə bağlı olan
problemlər onun diqqət mərkəzində olmuşdur.
Belə ki, Elmira xanımın təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq
Şərq xalq çalğı alətləri
ifaçıların respublikalararası müsabiqəsi
keçirilmişdir. Bu tədbirin məziyyətlərindən
biri ondan ibarət idi ki, o, çoxəsrlik şifahi
ənənəli, professional Şərq musiqisinin
müxtəlif milli məktəblərinin
nümayəndələrini bir araya gətirərək
onların əldə etdiyi nailiyyətlər, mövcud olan
problemlərilə yaxından tanış olmaq imkanı
yaratmışdır. Yeri gəlmişkən, qeyd edim ki,
qloballaşma və inteqrasiya proseslərinin şifahi ənənəli
professional musiqi qarşısında müəyyən
problemlər qoyduğu bir dövrdə beynəlxalq simpoziumların,
musabiqələrin Azərbaycanda keçirilməsi çox
böyük fayda verə bilərdi. Şübhəsiz ki, Elmira
Abbasova kimi bu sahədə zəngin təcrübəsi olan
mütəxəssislərin belə tədbirlərin
təşkilinə cəlb edilməsi
məqsədəuyğun olardı.
Elmira Abbasovanın
Azərbaycan Konservatoriyasına rəhbərlik etdiyi
dövrə qayıdarkən mən bir daha o zaman
kəsiyində xalq musiqisi problemlərinin xüsusi diqqət
mərkəzində olduğunu vurğulamaq istərdim. Konservatoriyada
keçirilən bütün ümumittifaq və beynəlxalq
səciyyəli tədbirlərdə mütləq xalq musiqisi
örnəklərinə böyük yer ayrılırdı. Onu
da qeyd edim ki, tədbirlərə hazırlıq dövründə
Elmira xanım özü ifaçılarla
görüşüb konsertlərin, proqramların
tərtibində bilavasitə iştirak edirdi. Bu
görüşlər zamanı biz bir daha Elmira xanım
Abbasovanın geniş erudisiyaya, dərin intellektə, incə
zövqə malik olan bir musiqişünas alim, son dərəcə
ciddi və məsuliyyətli rəhbər olmasının
şahidi olurduq.
Elmira xanımın
gərgin elmi və pedaqoji fəaliyyəti bu gün də
davam edir. Həmişə olduğu kimi, bu gün də biz
Elmira xanımın kəsərli, prinsipial rəyinə ehtiyac
duyuruq. Biz yorulmaz tədqiqatçı, görkəmli alim,
istedadlı pedaqoq Elmira xanım Abbasovaya ruh yüksəkliyi,
möhkəmlik və uzun ömür arzu edirik!
Olaylar.- 2007.- 6 mart.- S. 11.