Aslan Q.
Almaniya-Azərbaycan
əlaqələri yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur
Almaniya
böyük dövlətçilik tarixinə malik olan bir
ölkədir. Azərbaycan dövlət müstəqilliyi
əldə etdikdən sonra ölkəmizin Almaniya
ilə dostluq əlaqələri
yüksələn xətlə inkişaf
etməyə başlamışdır. Milli öndərimiz
Heydər Əliyev 1 iyul 1996-cı ildə Almaniyaya rəsmi
səfəri dövründə
bu ölkədəki Azərbaycan cəmiyyətləri
federasiyasının nümayəndələri ilə
görüşündə demişdir: "Mən
istəyirəm ki, Almaniyada yaşayan hər bir
azərbaycanlı həm yaxşı yaşasın, həm
də hörmətli adam olsun, dövlətdə yer tutsun.
Mən bunu istəyirəm, çünki bu nə qədər
çox olsa, azərbaycanlıların dünya
millətləri içərisində elm, zəka səviyyəsinin
bir o qədər yüksək olduğunu
göstərəcəkdir".
Bu günlərdə texnika
elmləri namizədi, Alman-Azərbaycan cəmiyyətinin
sədri Çingiz Abdullayev redaksiyamızın
qonağı oldu. O, Almaniya-Azərbaycan dostluq əlaqələrindən,
həmçinin bu sahədə görülən
işlərdən söhbət açaraq dedi:
2008-ci ildə Almaniyada
Azərbaycan mədəniyyəti ilinin keçirilməsi
nəzərdə tutulmuşdur. Bu məqsədlə
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Almaniyanın Qabriela Mants təşkilatı
ilə birlikdə layihə qrupu hazırlayır. Alman-Azərbaycan
cəmiyyəti bu layihənin gerçəkləşməsinə
qoşularaq iki ölkə arasında əlaqələrin
geniş əks olunması məqsədilə bir neçə
filmin çəkilməsi üçün respublika
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə
müraciət etmiş, nazirlik tərəfindən bu
işə dəstək verilmiş və çəkiliş qrupumuz
Almaniyaya ezam olunmuşdur. Çox əlamətdar haldır ki,
səfərimiz Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri
ilə üst-üstə düşmüşdü. Prezidentin iştirak etdiyi tədbirlərə bizim çəkiliş qrupu da qatıldı.
Burada Almaniyanın tanınmış ictimai-siyasi
və mədəniyyət
xadimləri ilə, həmçinin Konrad Adenauer Fondunun baş katibi cənab V.Ştauderlə görüşdük. O, hazırladığımız
sənədli filmə
müsahibə verdi. Görüş
əsnasında Almaniya Ekologiya Fondunun sədri professor
M.Zukovdan da maraqlı müsahibə
götürməyə müvəffəq olduq. Hər iki
şəxs müsahibəsində Azərbaycan haqqında
yüksək fikirdə olduqlarını bildirdilər. Səfərimiz
əsasən Almaniyanın Payne şəhərindən
başlandı. Buradakı şəhər arxivinin
idarəsində şair Bodenştedin Mirzə Şəfi Vazehə
həsr etdiyi kitab və arxiv materialları ilə
rastlaşdıq. Növbəti səfərimiz Almaniyanın
Köln şəhərinə oldu. Çəkiliş qrupumuz
işini bu şəhərin qədim adət-ənənələri,
musiqisi və karnavalı ilə davam etdirdi. Çox maraqlı
idi ki, Kölndə yeni açılmış Azərbaycan
restoranının qarşısında Azərbaycan bayrağı
dalğalanırdı. Buradakı mədəniyyət
guşəsində Almaniyada fəaliyyət göstərən
Azərbaycan diaspor fəalları ilə yaddaqalan
görüşümüz oldu. Bakı ilə
qardaşlaşmış şəhər olan Maynts şəhərində
olarkən biz şəhər mədəniyyət
mərkəzinin direktoru Lüdviq Yantserlə də
görüşdük. O, söhbətində son illər
Azərbaycan-Almaniya mədəni əlaqələrinin
təşəkkül tapmasından məmnun qaldığını
bildirdi. Çəkiliş qrupumuz Frankfurt-Mayn
şəhərində olarkən burada vaxtilə Azərbaycanda
yaşamış, yurdumuzun vurğunu olan 82 yaşlı Villideşlə
görüşdük. O, Mingəçevirlə bağlı
xatirələrini danışdı. Azərbaycanın milli
adət ənənələrinə heyran
qaldığını bildirdi. Villideş öz arxivini və
əlyazmalarını Alman-Azərbaycan cəmiyyətinə
hədiyyə etdi. Biz Sumqayıtla qardaşlaşmış
şəhər olan Lüdviqsxafenə də baş
çəkdik. Şəhər rəhbərləri ilə
görüşdük, sonra isə çəkilişlər
apardıq. Almaniyanın Ştudqart şəhərində
təşkil olunmuş mədəniyyət və inteqrasiya konfransında
daxili işlər naziri M.Şoble ilə maraqlı
görüşümüz oldu. Ertəsi gün həmin
şəhərdə Ştudqart şəhər
rəhbərliyi ilə də görüşdük. Həmçinin
Almaniya Beynəlxalq Əlaqələr İnstitutuna baş
çəkdik. İnstitutda Azərbaycan-Almaniya mədəni
əlaqələrindən geniş söhbət
açıldı. Səfər
çərçivəsində Ştudqart Universitetinin professoru
Uli Arnold və azərbaycanlı tələbələrlə,
həmyerlimiz, məşhur alim, Münhen Universitetinin professoru
Maqsud Əfəndiyevlə də görüşmək
bizə müyəssər oldu. Azərbaycanı dünyada
tanıdan, aparıcı elmi jurnallarda sanballı yazılarla
çıxış edən Humbolt mükafatı laureatı,
professor Maqsud Əfəndiyevin dəvəti ilə Ştudqartda
yaddaqalan görüşlər keçirməyə
müvəffəq olduq. Almaniyada Baden Vüttenberq adlı bir
ərazi var. Bu torpağın sakinlərindən 5 minə
yaxın insan 190 il öncə Almaniyadan köçüb
Azərbaycanın Xanlar və Şəmkir rayonlarında
məskunlaşmışlar. Biz orada olarkən Helendorf
cəmiyyətinin üzvləri ilə
görüşümüz oldu. Prezident İlham
Əliyev yaxınlarda Almaniyada rəsmi səfərdə
olarkən Baden Vüttehberqin baş naziri ilə
görüşü olmuş, Azərbaycan-Almaniya əlaqələrinin XXI əsrdə
daha da möhkəmlənməsindən söhbət
açılmışdır. Almaniyanın Drezden şəhərində
2002-ci ildən fəaliyyətə başlamış və
müasir üslubda tikilmiş kitabxanada qədim
əsərlər göz bəbəyi kimi qorunub
saxlanılır. Kitabxanadakı
görüşümüzdə Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm nazirinin müavini
Ədalət Vəliyev də iştirak edirdi. Onun
dəstəyi ilə çox çətinliklə də olsa "Dədə Qorqud" eposunun
15 dəqiqəlik orijinal nüsxəsini çəkə
bildik və bu kitabxananın elmi işçisi ilə
müsahibə götürə bildik. O,
müsahibəsində bildirdi ki, vaxtilə alman alim səyyahı
Dits tərəfindən "Kitabi-Dədə Qorqud"
Almaniyaya gətirilmiş və bu kitabxanaya verilmişdir. Bizim
Berlin şəhərindəki Şərqi Avropa
Cəmiyyətində Azad Universitetinin türkologiya
fakültəsinin tələbə və müəllim
heyəti ilə görüşümüz oldu. Burada türk
dili ilə yanaşı, Azərbaycan dili fənni də
tədris edilir. Berlində yerləşən dünya
xalqlarının qədim adət-ənənələrini
əks etdirən muzeydə sədəfdən
düzəldilmiş Azərbaycan xalq musiqi alətləri ilə
yanaşı, qədim geyimlərimiz, kilim, xalçaların
nümunələri saxlanılır. Muzeydə Azərbaycanın qədim
adət-ənənələrinə həsr olunmuş kitablar da diqqətimizi
cəlb etdi. Berlində keçirilən
kino festivalında Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin şöbə müdiri Cahangir Məmmədovun təşəbbüsü ilə
Rüstəm İbrahimbəyovun
ssenarisi əsasında
çəkilmiş "Əlvida,
Cənub şəhəri"
filminin təqdimat mərasimi oldu. Operatorumuz bu mərasimi lentə aldı. Almaniya Azərbaycan üçün dost, qardaş
bir ölkə, xarici siyasətində strateji tərəfdaşdır.
Respublika.- 2007.- 17 mart.- S. 5.