Məhərrəmova
T.
Mən
indi o vaxtkı kimi xoşbəxt deyiləm
Aybəniz Haşımova:
"Görünür, özümü ağrıya,
qəmə, kədərə tanıtmışam"
Hər an əhvalımıza
şərik olan, bizi tənhalıq möhnətindən,
təklik sınağından qurtaran mahnılarına
həmişə minnətdar olmaq istəyirik.
Qürbətdə olanların yanğısına su
çiləyən, qəlbimizi özü kimi oxuyan,
hisslərimizlə, dərdlərimizlə bir rəngdə, bir
biçimdə olan mahnıları zaman-zaman onun ifasında
eşitməyə adət etmişik. "Oxu atdım dəydi
daşa" harayını eşidən kimi
istər-istəməz pıçıldamışıq:
Aybəniz Haşımovadı...
Özününkünə
kömək elə
- Bir ara
şikayətlənirdiniz ki, ciddi oxuyanları efirə
dəvət eləmirlər. Bu gün necə, vəziyyət
dəyişibmi?
- Necə
dəyişib? Məgər bu gün elə deyil?
Düzdür, şəxsən mənim o qədər
şikayətim yoxdur. Çünki məni dəvət
edirlər. Ancaq Azərbaycan təkcə Aybəniz
Haşımovadan ibarət deyil axı. Ancaq elə
sənətkarlar var ki, illərlə efir üzünə
həsrət qalıblar. Dünyanın çox
ölkələrini gəzirəm. Xaricdə heç yerdə
görməmişəm ki, azərbaycanlı
müğənnini reklam eləsinlər. Axı özününkü
ola-ola niyə başqasını təbliğ edirsən? O istedaddan səndə də var axı.
Başqasının nə qədər təbliğ etsən
də, o, başqasıdır. Çalış
özününkünə kömək elə. İstadadlı
gənclərimiz çoxdur. Şikayətlənirlər ki,
radiolarda onların mahnısını 1500 dollardan
aşağı "raskrutka" eləmirlər.
Başqa ölkələrdə müğənniyə pul
verirlər ki, amandır, ayrı yerə getmə, gəl,
sənin mahnını biz səsləndirək. Bizdə
isə hər şey başqa cürdür.
İnanırsınız, hərdən elə
həvəsdən düşürəm ki... Özümə
görə yox, dostlarıma görə. "Daha mən də
oxumayacağam" - deyə qərar vermək istəyirəm.
- Siz oxumasanız,
"Bülbüllər"in taleyi necə olar?
-
"Bülbüllər"ə yazığım gəlir. Uşaqların
dərdi məni qoymur oturmağa. Əgər
mən dayansam, uşaqlar da unudulub gedəcək. Bizim
xalqımızda da qəribə bir adət var: bir az efirə çıxmayanda, səni unudurlar,
arxivə atırlar. Müğənnilər var
ki, eybəcər geyimlərinə, ifa tərzlərinə
baxmayaraq, toylara çağırıb başlarına milyonlar
tökürlər. Layiqlilər isə
kənarda qalır. Buna görə də
sənət adlı şey Azərbaycanda məhv olub gedir.
Mən
sevgimdə təmənnasızam
- Bu
yaxınlarda eşitdim ki, bacınız Şahnaz
xanımın 50 illik yubileyi olacaq. Səhnədə
olmağınıza görə yəqin ki, ilk
növbədə özünüzü ona borclu bilirsiniz.
- Bizim
ailədə hamımızın, hətta anamın da səsi
var. Atam
aşıq olub. Bir az toylarda da oxuyub. Evdə
daim saz çalıb-oxuyardı. Biz də
o musiqilərin sədası altında böyüyüb, bir
insan olaraq formalaşdıq. Mənim birinci
musiqi məktəbim evdə olub. Bakıya
gəlməmişdən Şahnaz xanım gözəl
sənətkar idi. O vaxt 5-10 min
tamaşaçının qarşısına
çıxıb oxumaq da hünər istəyirdi. Hərçənd ki, indi çoxları deyir,
ailəm qoymadı və ya özüm istəmədim, elə
deyil. Tam peşəkar olmayanı
səhnəyə çıxmağa qoymurdular. Mən Şahnaz xanım kimi sənətkar
yaşayan evdə dünyaya göz açdığım
üçün çox xoşbəxt idim. Uşaq vaxtlarımda Şahnaz xanım oxuyanda ona
elə heyranlıqla baxırdım ki. Elə
bilirdim o, dağın başındadır, mən də
aşağıda dayanıb ona tamaşa edirəm. İllər ötdükcə məndə də bu
sənətə həvəs yarandı. Gəncədə
Zaman adlı qohumumuzun "Göyərçin" ansamblı
vardı. O ansamblda çıxış etməyə
başladım. Heydər Əliyev KP MK-nın
birinci katibi olanda Gəncəyə mükafat verməyə
gəlirdi. Həmin konsertə qədər
də mən Moskvada "Şən notlar"
müsabiqəsinin laureatı olmuşdum. Heydər
Əliyevin iştirak etdiyi tədbirdə oxuduqdan sonra evimizə
çox zənglər oldu, mənimlə maraqlanmağa
başladılar. Çox adam da
məni Şahnazın qızı kimi tanıyırdı. Şahnazla aramızda 11 yaş fərq var. Sonra
Bakıda hökumət konserti keçirilirdi. Həmin konsert bütün respublikaya translyasiya
olunurdu. Rəhmətlik Xeyransa Məmmədova
"Ana Kür" mahnısını çox gözəl
oxudu. O konsertdən sonra tədbirlərdə uşaq
ifaçılarının oxuması bir ənənə
halını aldı. Azərbaycanda belə istedadlı
uşaqlar çox olduğundan hökumət
tərəfindən belə bir təşəbbüs oldu ki,
Bülbül adına məktəbdə
muğam sinfi açılsın. Hökumət
məni məcburi surətdə həmin məktəbə
gətirdi. Məni evdən buraxmaq
istəmirdilər. Hansı ki,
çoxları uşaqlarının həmin
məktəbdə oxuması üçün
yalvarırdı. Mən də: "Əgər
buraxmasanız, özümü
öldürəcəyəm"- deyə evdə inadkarlıq
edirdim. Uşaq idim, heç
gələcəkdə müğənni olacağımı
da düşünmürdüm. Sadəcə,
arzum məktəb oxumaq idi. Bülbül adına
məktəbə gəldim və həmin ildən də
uğurlarım başladı. 80-ci ildən 87-ci ilədək
hər il Bakıda keçirilən
Ümumittifaq Respublika baxış müsabiqəsinin
laureatı oldum. Özümü
tərifləmək istəmirəm, məktəbdə
heç bir uşaq mənim qarşıma çıxa
bilmirdi. Məktəbi "əla"
bitirmək üçün qarşıma məqsəd
qoymuşdum. Mən beş
nəfərdən biri yox, tək olmaq istəyirdim. Məndə uşaqlıqdan inadkarlıq var. 9-cu
sinifdə oxuyanda "Lenin komsomolu mükafatı"
laureatı adını aldım. Heç
yaşı çox olan müğənnilər o
mükafatı qazanmamışdı. Bu,
mənim ən böyük uğurum oldu. Həmin il Moskvada Tələbə və
Gənclərin Ümumdünya festivalının diplomantı
oldum. Təsəvvür edin, Bakıya
qayıdanda gördüm hamı məndən
danışır. Məktəbin qapısından
içəri girəndə az qaldı ki,
məni əlləri üstündə yuxarı
qaldırsınlar. Hamı mənimlə fəxr
edirdi. O vaxt məktəbin direktoru rəhmətlik Nazim
Əliverdibəyov idi. Müəllimim Şövkət
xanımın isə sevincinin həddi-hüdudu yox idi.
-
Deyəsən, Leyli rolunu da bir dəfə
oynamısınız. Əgər doğrudursa, niyə
tamaşaçılar daha sizi məşhur operanın
qəhrəmanı kimi görmədilər?
- O vaxt muğam
müəllimi kimi məktəbə İslam Rzayevlə Arif
Babayev dəvət olunmuşdu. Şövkət xanım
mənim daimi müəlliməm olsa da, İslam
müəllimlə Arif Babayev mənə heç də ondan
az kömək etməyib. Adam var əmək itirəndir.
Belə olmaz, əmək itirən insanın özü ən
azı əməksiz qalar. Arif müəllim məni Leyli
obrazına hazırladı, onun əməyini heç vaxt
itirə bilmərəm. Leylini Arif müəllimlə bir
dəfə oynadım. O tamaşaya baxanlar hələ də
ondan danışırlar. Sonra təhsilimi davam etdirdim.
Bülbül adına məktəbi bitirəndən sonra
Konservatoriyaya getdim. Bəlkə də hər hansı
tələbənin imtahansız qəbul olunması
Konservatoriyanın tarixində yeganə hadisə idi.
Konservatoriyada oxumağım üçün hökumətin
böyük marağı vardı. Lidiya Rəsulova
Həmkarlar İttifaqının sədri idi. Mən
xaraktercə tez küsən olduğumdan, biri söz deyən
kimi qayıdıb Gəncəyə getmək istəyirdim. Bir
gün də getmək istəyəndə Lidiya xanım dedi
ki, qızım, "yox" demək asandır,
"hə" demək çətin. Mən səni
böyük səhnədə görmək istəyirəm.
-
Konservatoriyadakı təhsilinizi gərək ki, başa
çatdırmadınız.
- Bilirsinizmi,
Şövkət xanım məktəbi aksiomadır. Qoy
heç kəs məndən inciməsin. Bu gün
cəsarətlə deyirəm ki, Azərbaycanda beş
sənətkar varsa, beşi də Şövkət
xanımın sinfindən çıxıb. Mən
Konservatoriyada da Şövkət xanımın məktəbini
davam etdirmək, onu başqa bir müəllimlə
dəyişmək istəmirdim. Ancaq
bəhanə etdilər ki, Şövkət xanımın ali
diplomu yoxdur və o, Konservatoriyada dərs deyə bilməz.
Şövkət xanım A.Zeynallı adına məktəbi
bitirəndə ora Azərbaycanda ən ali ifaçılıq
məktəbi sayılırdı. Sarabski, Bülbül kimi
sənətkarların tələbəsi olan bir insana
doğrudanmı diplom lazım idi? Özü də
dahilərdən betər bir dahi sənətkar idi. Ona görə
də fikirləşdim ki, əgər Şövkət
xanım Konservatoriyada dərs deməsə, mən də
oxumayacağam. Həmin vaxt Tofiq İsmayılov Əkrəm
Əylislinin ssenarisi əsasında "Sürayyə"
filmini çəkirdi. Həmin filmdə mahnıları
mən oxumalıydım. Tofiq Quliyev mahnıları
yazdırmaq üçün məni özüylə Moskvaya
aparmışdı. Moskvadan qayıdandan sonra gördüm ki,
Şövkət xanım hələ də Konservatoriyada dərs
demir. Konservatoriyanın prorektoru Urfan müəllimə dedim
ki, mən sözümə əməl edirəm. Bir də
Şövkət xanım burada dərs deyən vaxt
qayıdaram. Mən sevgimdə təmənnasızam.
Sözümün üstündə durub məktəbi
atdım. İnanın, hökumət düz bir il
Konservatoriyaya qayıtmağım üçün
məndən əl çəkmədi. Hətta Lidiya
Rəsulova "zəhmətimi yerə vurdun" - deyə
mənimlə demək olar ki, danışmırdı. Dedim ki,
Lidiya xanım, sənətkar diplomla sənətkar olmur. Siz
narahat olmayın, Konservatoriyanı oxusam da, oxumasam da, mənim
böyük səhnəmi görəcəksiniz və
inanıram ki, fəxr edəcəksiniz. Gecə-gündüz
çalışırdım. Sonra məni Gülarə
Əliyeva "Dan ulduzu" ansamblına dəvət etdi. Məktəbi
bitirən kimi Radio Komitəsinin "Dan ulduzu"
ansamblının solisti oldum. Sənət yolum
belə başladı. "Dan ulduzu",
"Xatirə", "Göy-göl" ansamblları
ilə işlədim. Sonra
özümün "Yeni Gəncə" adlı
ansamblımı yaratdım. Bu günə
qədər digər işlərimi görməklə
bərabər "Dan ulduzu"nun solisti olaraq qalıram.
Artıq 28 ildir professional
sənətdəyəm. Azərbaycanın
Qızıl fondunda saysız-hesabsız mahnılarım var.
- Bayaq inadkar olduğunuzu
söylədiniz. Bu xüsusiyyətiniz
üzündən qazandığınız nə olub, itirdiyiniz
nə?
-
Qazandığım çox azdır. İtirdiyim çoxdur.
İnsanlar əyilən adamları xoşlayır. Mən
belə şeyləri sevmirəm. İstədiyimə
zülmlə də olsa, öz gücümlə nail oluram.
Kiminsə sayəsində məqsədimə çatmıram.
Nəyə nail oluramsa, onu rahat yeyirəm. Çünki
bilirəm ki, bu qazancım halalımdır. Onu kiminsə
kölgəsi altında əldə etməmişəm.
İllərlə deyirdim ki, mütləq mərkəzə
köçəcəyəm. Mən mərkəzə
köhnə evimə köçən il də
köçə bilərdim. Ancaq qarşıma məqsəd
qoydum. Axır ki, köçdüm. Kərbəlada
Həzrət Əlinin (ə) evində olanda divarlarda heç
bu ağ da yox idi (evinin ağardılan divarını
göstərir). Oradan qayıdandan sonra öz-özümə
fikirləşirdim ki, o boyda insanların doğrudanmı
imkanları olmayıb? İllər keçəndən sonra
dərk elədim ki, insan mənən varlı olanda doğrudan
da böyükdür.
Əvvəllər
alın yazısına inanmırdım
- Sizin
ömrünüzdə kədərin izi var. Bəs sevinc,
fərəh necə?
-
(gözləri yol çəkir) Mən Bakıya
gələndə uşaq olmuşam. Düzü, o vaxtlar
çox xoşbəxt idim. Mən indi o vaxtkı kimi
xoşbəxt deyiləm. O vaxt çox
qayğısız, şən bir həyatım vardı. Evimiz
üçün darıxanda mənə elə gəlirdi ki,
indi ürəyim partlayacaq, həyatın ən ağır
gününü yaşayıram. İndi o günləri
xatırlayanda görürəm ki, nə qədər şirin
bir həsrət, şirin biri qəm imiş... Sonralar
mən ailə qurdum. Bilirsiniz ki, həyatım necə oldu.
Həyatımda baş verənlərdən sonra
axırıncı dəfə nə vaxt ürəkdən
güldüyüm yadıma gəlmir. Mən
əvvəllər, uşaq vaxtı güləndə
ağlayardım, sevincdən gözüm yaşarardı.
İndi o cür gülə bilmirəm. Güləndə
də kiminsə xətrinə yalandan gülürəm. Yalançı
gülüş üzümü ağrıdır.
Görünür, mən özümü ağrıya,
qəmə, kədərə tanıtmışam.
- Sizcə insan
taleyindəki kədərə görə özü
günahkardır?
- Yox,
özü günahkar deyil. Mən əvvəllər alın
yazısına inanmırdım. Ancaq indi görürəm ki,
insan doğulanda bəxtlə doğulur. Allahın çox
sevdiyi bəndələr həmişə əziyyət
çəkir həyatda. Tanrıya yaxın olan insanların
əziyyəti daha çox olur. Allah-təala rəhmlidir. Onun
yaratdığı sevimli bəndələr də onun kimi
insanları incidə bilmir. Ölüm haqdır.
Öldünsə, demək, həyatın bura
qədərmiş. Amma ömrü boyu əzabın sənin
ardınca getməyi, sənə yoldaş olmağı
Allahın sənə yazdığı taledir. Sən bu
əzabla bacarmırsan. Necə ki, Allah-təala şeytana güc
gələ bilmir.
- Necə
deyərdiniz, siz bəxtli, yoxsa bəxtsiz qadınsınız?
- Mən
bəxtli doğulmuşam. Özümə bəxtsiz demərəm.
Bəxtsiz o insandır ki, o, heç nədir. Axı
Allah-təala mənə sənət verib, istedad verib,
gözəl səs bəxş edib. Bəlkə də
yüzlərlə insanlar deyir ki, kaş onun səsi
məndə olaydı. Bunun nəyi bəxtsizlikdir? Qalan
əzablar ki var, onları həyatda qazanırsan. Mən
bəxtsiz insan deyiləm. Allah mənə çox
gözəl bir övlad bəxş edib. Bunun özü
xoşbəxtlik deyilmi? Səhnəyə çıxanda xalq
ki, mənə pis gözlə baxmır, bu, hər şeyə
dəyər. Mən səhnədən xalqımın
gözünə düz baxıram. İnsanlarda
özümə qarşı məhəbbəti görəndə
rahatlıq tapıram. Deyirəm ki, heç olmasa itirdiyimin
qazancı budur.
- Təklik
sizə nə öyrətdi?
- Təkliyi
xoşlamıram, amma təklik mənə uşaqlıqdan
çıxmağı öyrətdi. Başımdan
uşaqlığın havasını çıxartdı.
Mən yaşlı bir insan kimi düşünməyə
başladım. Əvvəllər düşünürdümsə
də, məndə bir uşaqlıq, bir
ərköyünlük vardı. İllər ərzində
keçdiyim keşməkeşli yollar bunu öyrətdi
mənə. Başıma gələnlər məni
vaxtından əvvəl böyütdü. Bu gün də
evdə tək qalmamağa çalışıram. Tək
qalan kimi tələbələrimi çağırıram ki,
başımı qatsınlar. Tək qalanda elə bilirəm
ki, dünyanın ağır bir yükünü
daşımışam.
- İnsanı yaşadan
sevgidir. Bitib-tükəndimi sevginiz?
- Mənim ilk
məhəbbətim mahnılarım olub. Mən
mahnılarımı o qədər sevərək, o
qədər əzizləyərək oxuyuram ki... Oxuyanda
kaş ki, mənim qəlbimi görə biləsiniz. Ona
görə də sevənlərin bir-birini
incitmələrinə qəribə baxıram. Mən ən
ağır xəstə olduğum, hətta
dəqiqələrimin sayıldığı vaxtlarda mahnı
oxumuşam. Məni ölümdən mahnılarım xilas
edib. Ona görə də həmişə deyirəm ki,
öləndə üstümdə ağlamayın, məni
mahnı ilə basdırın. Onda mən rahat olaram.
Elə
mahnılarım var ki, oxumamışam
- Şəxsi
həyatınızda da deyəsən, yeniliklər var?
- Hər şey
normaldır... Martın 21-də qızım Aynişanın 16
yaşı tamam olur. O, daha "Bülbüllər"də
oxumur. Gələcək arzularına çatmaq
üçün çalışır. Mən onun həkim
olmağını arzulayırdım. O isə modelyer-dizayner
olmaq arzusundadır. Onun istəyinə zidd getmək istəmirəm.
- Hiyə
özünüz kimi müğənni olmağını
istəmədiniz?
- Bir evdən biri çıxar da...
Mən az çəkmişəm, o da
çəksin?
- Hər
yerdə izini gəzdiyiniz "Mənim ömür
nəğmələrim" bir az fəryada bənzəyir. Bu
mahnı ömrünüzü gerçəkdən əks
etdirirmi?
- O mahnı
ömrümə, oxuduğum nəğmələrə aiddir.
Elə mahnılarım var ki, indiyə qədər
oxumamışam. Elə bil o mahnılardan daş
asılıb. Ya bəlkə də o mahnıların
hələ vaxtı deyil. Hətta mahnı var ki, 20 ilə
yaxındır onu oxuya bilmirəm. Rəhmətlik Bəhram
Nəsibov mənə bir mahnı vermişdi. Həmin
mahnını indiyə qədər oxuya bilməmişəm.
"Ömür nəğmələrim" sırf o
mahnıdan yarandı. Bəhram müəllim həyatdan cavan
getdi. Mən də heyifslənirəm ki, niyə vaxtında
oxumadım ki, o da eşitsin?
- İndi
müğənnilərin gündəmdə olmaq
göstəricisinə çevrilən kaset, disk buraxdırmaq,
klip çəkdirmək fikriniz yoxdur ki?
- Kaset
buraxdırmaq istəyirəm. Sonuncu kasetim 2000-ci ildə
çıxıb. Klip də çəkdirməyi
planlaşdırıram. "Bülbüllər"ə
çəkdirəcəyim klipin reyissoru da özüm
olacağam. Digər klipi isə mahnılarımdan birinə
çəkdirəcəyəm. Digər planlarımı
isə açıqlamamağa çalışıram.
Deyəndə mənə düşmür, bütün
planlarım alt-üst olur. Bir də onu deyə bilərəm
ki, Novruz bayramı münasibətilə səfərə
çıxıram. Diaspor təşkilatının xətti
ilə Rusiyanın beş şəhərində
çıxış edəcəyəm. Ayın axırı
üçün qayıdacağam. Qayıdandan sonra
inşallah, planlarımı həyata keçirməyə
çalışacağam.
-
"Bülbüllər"i də səfərə
aparırsınız?
- Yox, bu dəfə
"Bülbüllər"i aparmıram. Bayramda
onları ev-eşiklərindən ayırmaq istəmədim.
Kaspi.- 2007.- 17-19 mart.- S. 22.