Azərbaycan Prezidenti İlham Əliyev Mstislav Rostropoviçin şərəfinə rəsmi qəbulda iştirak etmişdir 80 illiyi

 

Martın 27-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva zəmanəmizin görkəmli musiqiçisi və dirijoru, həmyerlimiz Mstislav Rostropoviçin 80 illiyi şərəfinə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dövlət Kreml sarayında təşkil olunmuş rəsmi qəbulda iştirak etmişlər.
Qonaqlar arasında maestronun pərəstişkarları - Avropanın kral ailələrinin üzvləri, Monako knyazı II Albert, RF hökumətinin rəsmi şəxsləri, Rusiyanın bəzi regionlarının rəhbərləri də vardı.
Mstislav ROSTROPOVİÇ qəbulda çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən özümü ən xoşbəxt adam sanıram: ailəm, dostlarım və həmkarlarım mənimlədirlər. Bu hədiyyəyə - yubileyi əziz dostlarımın arasında bayram etməyə görə sizə və Prezidentə təşəkkür edirəm. Əgər bu gecə sizin üçün xoş olarsa, mən daha xoşbəxt olaram. Mən buna çox ümid bəsləyirəm. Çox sağ olun.
* * *
Sonra Rusiya Prezidenti Vladimir PUTİN çıxış etdi:
- Hörmətli Mstislav Rostropoviç!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Bu gün təkcə vətənimizin mədəniyyətində deyil, həm də dünya mədəniyyətində böyük hadisədir. Çünki bu gün biz görkəmli musiqiçinin və gözəl insanın yubileyini qeyd edirik. Rostropoviçin əli nəyə toxunursa-toxunsun, - istər violonçelin kamanı olsun, istərsə də dirijor çubuğu, fərqi yoxdur, - hamısından istedad ətri gəlir. Bilirik ki, Rostropoviçi dünya insanı adlandırırlar. Həqiqətən də belədir. Lakin onun Rusiyanı necə həssaslıqla duyduğunu və öz ölkəsini necə sevdiyini şəxsən mən də bilirəm, salondakıların çoxu da bilir. Hakimiyyətdə olan bir çox insanlar Rostropoviç yaradıcılığını sevirlər. Lakin onun qüdrəti milyonlarla sadə insanın sevgisindədir. Mstislav Rostropoviç təkcə görkəmli musiqiçi deyil, o, həm də 25 ildir xeyriyyəçiliklə məşğuldur.
Əziz Slava, biz səni yubiley münasibətilə səmimi qəlbdən, ürəkdən təbrik edirik!
Bu təntənəli gündə bildirmək istəyirəm ki, mən Mstislav Rostropoviçin Rusiyanın ali mükafatlarından biri ilə - "Vətən qarşısında xidmətlərə görə" ordeninin I dərəcəsi ilə təltif edilməsi haqqında fərman imzalamışam.
* * *
Sonra Rusiya Prezidenti mükafatı yubilyara təqdim etdi.
* * *
Prezident İlham ƏLİYEV təntənəli qəbulda çıxış edərək dedi:
- Əziz Slava!
Əziz Qalina Pavlovna!
Hörmətli xanımlar və cənablar!
Bu gün, bu gözəl gündə şanlı yubiley münasibətilə bütün Azərbaycan xalqının hərarətli salamını və ən xoş arzularını əziz həmyerlimizə çatdırmaq istəyirəm. Azərbaycanda biz belə böyük həmyerlimizlə fəxr edirik. Bakıda Rostropoviçlərin adını daşıyan küçə var. Slava hər il öz vətəninə gəlir, ustad dərsləri keçir, gənc istedadlara, xəstə uşaqların müalicəsinə kömək edir, öz vətəni üçün çox böyük humanitar iş görür.
Məlum olduğu kimi, Azərbaycan uzunömürlülər diyarıdır. Dünyanın ən məşhur uzunömürlü insanı Azərbaycanda yaşamış və o, 160 yaşınadək ömür sürmüşdür. Lakin bu, heç də yeganə hal deyildi. 120-130 il yaşayan çoxlu adam var. Odur ki, Azərbaycan meyarlarına görə Slava hələ çox cavandır. Ruhən də gəncdir. O, həmişə ətrafdakılarda nikbinlik doğurur, həmişə öz enerjisi, təşəbbüsü və fəallığı ilə ilham verir. Biz həyatı sevməyi, həyatdan kam almağı və xeyirxah işlər görməyi ondan öyrənirik.
Hamı bilir ki, Slava Rostropoviç böyük musiqiçi, böyük vətənpərvər, böyük humanistdir. O, ən ağır anlarda belə öz prinsiplərinə sadiq qalmış, həmişə haqq-ədalət uğrunda mübarizə aparmış insandır.
Lakin necə gözəl insan olduğunu yalnız onu tanıyan adamlar bilirlər. Onun özünə dost bildiyi adamlar bununla, haqlı olaraq, fəxr edirlər.
Bu gözəl gündə elan etmək istəyirəm ki, Azərbaycan dövləti özünün görkəmli həmyerlisini Azərbaycanın ən ali ordeni ilə - Slavanın dostunun adını daşıyan ordenlə, "Heydər Əliyev" ordeni ilə təbrik etmişdir. İndi mən bu ordeni təqdim etmək istəyirəm.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Mstislav Rostropoviçə təqdim etdi.

* * *
Qəbul başa çatdıqdan sonra Dövlət Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin görüşü oldu.

 

Azərbaycan.- 2007.- 28 mart.- S. 2.