Babayev E.

 

Rostropoviç "Heydər Əliyev" ordeni ilə təltif olunub

Prezident İlham Əliyev musiqiçinin yubiley tədbirlərində

iştirak etmək üçün Moskvaya səfər edib

 

Ötən gün prezident İlham Əliyev dünya şöhrətli musiqiçi və diriyor, maestro Mstislav Rostropoviçin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak etmək üçün Moskvaya səfər edib. Vnukovo hava limanında dövlət başçısını və xanımını Rusiya XİN-in yüksək vəzifəli nümayəndələri və digər rəsmi şəxslər qarşılayıblar.

Ötən gün həmçinin prezident M.Rostropoviçin Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. İlham Əliyev M.Rostropoviçə təbrik məktubu da ünvanlayıb. Məktubda dünya şöhrətli musiqiçini təbrik edən prezident ona xoşbəxtlik, can sağlığı və bənzərsiz fəaliyyətində uğurlar arzulayıb. "Sizin sənətiniz violonçel ifaçılığı tarixində yeni bir dövr açıb. Yaradıcılığınızı tədqiq edənlər xüsusi vurğulayırlar ki, ifanızda nəinki bütünlüklə dünya violonçel musiqisinin repertuarı, eləcə də sizin üçün bəstələnmiş yüzdən artıq əsər səslənib. Hazırda dünyanın müxtəlif guşələrindəki istedadlı və gənc violonçelçalanları bir araya gətirən ən nüfuzlu müsabiqənin şərəfinizə keçirilməsi vurğunu olduğunuz çalğı aləti haqqında mövcud təsəvvürləri dəyişə bilməyinizin bariz göstəricisidir. Diriyor kimi fəaliyyətiniz müasir musiqi sənətini özünəməxsus duyumunuzun təzahürüdür. Dünyanın ən tanınmış simfonik orkestrləri ilə çıxışlarınızla siz incəsənət xəzinəsinə dəyərli töhfələr bəxş etmisiniz. Mötəbər teatrlarda klassik və müasir musiqi incilərinin səhnə təcəssümü ilə bağlı layihələriniz də sizə böyük şöhrət qazandırıb. Totalitarizmə qarşı atdığınız addımlar, Berlin divarı və Moskvada parlament binası önündəki çıxışlarınız siyasi fəaliyyətinizin yaddaqalan nümunəsi olmuş və XX əsrin tarixinə aid dərsliklərə daxil edilib. Əldə etdiyiniz uğurları bəşər övladının mənafeyi naminə yönəltməyiniz yalnız sizə xas olan xüsusiyyətlərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanda mədəniyyət, təhsil və səhiyyə sahələrində gördüyünüz xeyriyyəçilik işləri bunu bir daha təsdiq edir. İnanıram ki, yaradıcılığınızı səciyyələndirmək cəhdi bütün hallarda ifadəsi qeyri-mümkün olan ucsuz-bucaqsız bir aləmi anlatmaq istəyindən başqa heç nə olmayacaq. Sizin fəaliyyətiniz, şübhəsiz, elə bir fenomendir ki, onu həm musiqiçilər, həm də siyasətçilər zaman keçdikcə dərk edəcəklər. Yalnız onu deyə bilərəm ki, şəxsən məndən ötrü sizinlə hər ünsiyyətim hamını təkrarsız şəxsiyyəti, müdrikliyi, cazibəsi və iti zəkası ilə heyran edən qeyri-adi bir insanın dünyasına nüfuz etmək imkanıdır. Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr edilmiş Bakı festivalı günlərindəki son görüşümüz zamanı mən buna bir daha əmin oldum. Azərbaycanda musiqi mədəniyyətinin inkişafı naminə etdiklərinizi olduqca yüksək qiymətləndirirlər. Bakıda sizinlə görüşmək fürsəti tapan hər kəs qeyd edir ki, musiqiləriniz müxtəlif səs yazılarında nə qədər gözəl səslənsə də, canlı ifanız onun təsir gücünü daha da artırır. Bütün həmyerliləriniz əmindirlər ki, konsertlərinizdə, ustad dərslərinizdə və ya sizinlə istənilən görüşdə yaratdığınız heyrətamiz ab-hava hər şeyi kökündən dəyişdirməyə qadirdir.

Unudulmaz Heydər Əliyevlə sizi dərin dostluq telləri bağlayırdı. Filarmoniyada onun xatirəsinə ithaf etdiyiniz musiqinin səsləndiyi konsert bizim yaddaşımızdan heç zaman silinməyəcək. Siz tərcümeyi-halı, həyat yolu Bakı şəhərindən başlayan bir dünya vətəndaşısınız. Bu gün ev-muzeyinizin yerləşdiyi bu şəhər həm də sadəcə olaraq, sizin evinizdir. Bu doğma evinizdə gözəl insan kimi daim yolunuzu gözləyir, dahi musiqiçi kimi sizi sevir və görkəmli ustad-müəllim kimi şəxsiyyətinizə pərəstiş edirlər" - deyə məktubda bildirilir.

Xatırladaq ki, SSRİ-nin Xalq artisti M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda musiqiçi ailəsində anadan olub. Atası violonçelist, Rusiya SSR-nin Əməkdar artisti, professor, anası isə pianoçu olub. Rostropoviç 4 yaşından piano dərslərini anasından, violonçel dərslərini isə atasından alıb. Sonradan təhsilini Moskvadakı Mərkəzi Musiqi Məktəbində davam etdirib. O, ilk debütünü 14 yaşında edib 16 yaşında Moskva Konservatoriyasına daxil olub. 1945-ci ildə isə ilk dəfə olaraq Sovet İttifaqında gənc musiqiçilər arasında keçirilən müsabiqənin qızıl medalını qazanıb.

Rostropoviç 1955-ci ildə "Bolşoy Teatrın" sopranosu Qalina Vişnevskaya ilə ailə həyatı qurub. Cütlük xaricə ilk səfərini 1956-cı ildə Birləşmiş Ştatlara edib. Onların birgə ifası "Qremmi" "Qrand Prix du Disque" mükafatlarına layiq görülüb. 1977-ci ildə isə Rostropoviç Vaşinqtondakı Milli Simfonik Orkestrin musiqi direktoru vəzifəsinə təyin olunub 1994-cü ilə kimi bu vəzifədə çalışıb.

O, Fransa İncəsənət Akademiyasında dünyanın 40 "ölməz" üzvündən biridir. Havana Konservatoriyasının professoru, Londonunu Kral Musiqi Akademiyasının üzvü, Şotlandiyanın Sent Endryus Universitetinin doktorudur. M.Rostropoviçin yaradıcılığı, musiqi ifası bəstəkarları məhz onun üçün 170-dən çox əsər bəstələməyə sövq edib. Rostropoviç 40-dan çox şərəf ordeninə layiq görülüb. Eyni zamanda, xeyriyyəçilik fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri təyin olunub.

 

Kaspi.- 2007.- 28 mart.- S. 2.