Zəmanəmizin görkəmli
musiqiçisi və ictimai xadimiLeopoldoviç
Rostropoviçə Mstislav
Hörmətli Mstislav
Leopoldoviç!
Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir,
Sizə xoşbəxtlik, cansağlığı və
bənzərsiz fəaliyyətinizdə uğurlar
arzulayıram.
Sizin sənətiniz violonçel ifaçılığı
tarixində yeni bir dövr açmışdır.
Yaradıcılığınızı tədqiq
edənlər xüsusi vurğulayırlar ki, ifanızda
nəinki bütünlüklə dünya violonçel
musiqisinin repertuarı, eləcə də Sizin
üçün bəstələnmiş yüzdən
artıq əsər səslənmişdir. Hazırda
dünyanın müxtəlif guşələrindəki
istedadlı və gənc violonçelçalanları bir
araya gətirən ən nüfuzlu müsabiqənin şərəfinizə
keçirilməsi vurğunu olduğunuz çalğı
aləti haqqında mövcud təsəvvürləri
dəyişə bilməyinizin bariz göstəricisidir.
Dirijor kimi fəaliyyətiniz müasir musiqi sənətini
özünəməxsus duyumunuzun təzahürüdür.
Dünyanın ən tanınmış simfonik orkestrləri
ilə çıxışlarınızla Siz
incəsənət xəzinəsinə dəyərli
töhfələr bəxş etmisiniz. Mötəbər
teatrlarda klassik və müasir musiqi incilərinin səhnə
təcəssümü ilə bağlı layihələriniz
də Sizə böyük şöhrət
qazandırmışdır.
Totalitarizmə qarşı atdığınız addımlar,
Berlin divarı və Moskvada parlament binası
önündəki çıxışlarınız siyasi
fəaliyyətinizin yaddaqalan nümunəsi olmuş və XX
əsrin tarixinə aid dərsliklərə daxil edilmişdir.
Əldə etdiyiniz uğurları bəşər
övladının mənafeyi naminə yönəltməyiniz
yalnız Sizə xas olan xüsusiyyətlərdəndir.
Bütün dünyada, o cümlədən Azərbaycanda
mədəniyyət, təhsil və səhiyyə
sahələrində gördüyünüz
xeyriyyəçilik işləri bunu bir daha təsdiq edir.
İnanıram ki, yaradıcılığınızı
səciyyələndirmək cəhdi bütün hallarda ifadəsi
qeyri-mümkün olan ucsuz-bucaqsız bir aləmi anlatmaq
istəyindən başqa heç nə olmayacaqdır. Sizin
fəaliyyətiniz, şübhəsiz, elə bir fenomendir ki,
onu həm musiqiçilər, həm də
siyasətçilər zaman keçdikcə dərk
edəcəklər. Yalnız onu deyə bilərəm ki,
şəxsən məndən ötrü Sizinlə hər
ünsiyyətim hamını təkrarsız
şəxsiyyəti, müdrikliyi, cazibəsi və iti
zəkası ilə heyran edən qeyri-adi bir insanın
dünyasına nüfuz etmək imkanıdır. Dmitri
Şostakoviçin 100 illik yubileyinə həsr edilmiş
Bakı festivalı günlərindəki son
görüşümüz zamanı mən buna bir daha əmin
oldum.
Azərbaycanda musiqi mədəniyyətinin inkişafı
naminə etdiklərinizi olduqca yüksək
qiymətləndirirlər. Bakıda Sizinlə
görüşmək fürsəti tapan hər kəs qeyd
edir ki, musiqiləriniz müxtəlif səs yazılarında
nə qədər gözəl səslənsə də,
canlı ifanız onun təsir gücünü daha da
artırır. Bütün həmyerliləriniz
əmindirlər ki, konsertlərinizdə, ustad dərslərinizdə
və ya Sizinlə istənilən görüşdə
yaratdığınız heyrətamiz ab-hava hər şeyi
kökündən dəyişdirməyə qadirdir.
Unudulmaz Heydər Əliyevlə Sizi dərin dostluq telləri
bağlayırdı. Filarmoniyada onun xatirəsinə ithaf
etdiyiniz musiqinin səsləndiyi konsert bizim
yaddaşımızdan heç zaman silinməyəcəkdir.
Siz tərcümeyi-halı, həyat yolu Bakı şəhərindən başlayan
bir dünya vətəndaşısınız. Bu gün ev-muzeyinizin
yerləşdiyi bu şəhər həm də, sadəcə olaraq, Sizin evinizdir.
Bu doğma evinizdə gözəl insan kimi daim yolunuzu
gözləyir, dahi musiqiçi kimi Sizi sevir və
görkəmli ustad-müəllim kimi şəxsiyyətinizə pərəstiş
edirlər.
Ən səmimi və xoş arzularla, Sizin
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 mart 2007-ci il
Azərbaycan.- 2007.- 28 mart.- S. 1.