Elsevən S.

 

Şükür ki, sənətkarların sırası seyrəlsə də, tam bitməyib

 

Natəvan Şeyxova və Rafiq Seyidzadənin adı qırx ildən artıqdı ən müxtəlif yerlərdə birgə çəkilir. Ailədən tutmuş yüksək dövlət səviyyəli məclislərədək onları bir yerdə görə bilərik. Bu da təsadüfi deyil. Hər ikisi ailəni və səhnəni bölüşmüş sənətçidilər. 1960-cı illərin ortalarında tale onları rast saldı. Görkəmli bəstəkar, mərhum Rauf Hacıyevin yaradıcısı və bədii rəhbəri olduğu Dövlət Estrada Orkestrində bir neçə illik təcrübəyə malik, artıq peşəkarlaşmış saksafon ifaçısı və müğənnilikdə debüt etmiş sənətçi kimi özünü tanıdan Rafiq və hələ konservatoriyanı bitirməyə macal tapmamış, ancaq vokal imkanlarıyla Rauf müəllimin gözündən yayınmayan Natəvan səhnədə üz-üzə gəldi. İlk görüşdən bir könüldən min könülə aşiq olan şux qamətli, qaraqaş, qaragöz Rafiq nəinki fürsəti əldən vermir, hətta cəsarət eləyib həmkarı vasitəsilə ona ismarıc da göndərir. Təbii o ismarıc indiki ismarıclara qətiyyən bənzəmirdi. Bugünün telefonla ötürülən quru, duyğusuz sms-ləri hara, yaxın dost, buna da imkan və cəsarət yoxsa, ürək döyüntüləri hopmuş mürəkkəbli ağ kağızla çatdırılan sirdaş-məktub hara? Bəli, o illərdə əsrlər, qərinələr yola salmış bu sınanmış üsul hələ köhnəlməmişdi, dəbdəydi. Rafiq Seyidzadə də həmin birinci üsuldan istifadə edib və düz hədəfə dəyib. Tanışlıqdan az sonra ailə qurub artıq dörd onillik yola salmış sənətçilər xoşbəxt cütlük kimi səhv addım atmadıqlarını sübuta yetiriblər. Məncə, bunun əlavə isbatına ehtiyac yoxdu.
Rafiq müəllimin Natəvan xanımla birgə səhnə fəaliyyəti təqribən on il davam edib. Nədən ki, 1970-ci illərin ortalarından başlayaraq xanımının duet ortağı və saksafon ifaçısı kimi çıxışlarına son qoyan R.Seyidzadə filarmoniyanın konsert şöbəsinin müdiri vəzifəsində, necə deyərlər, yeni ampluada özünü yoxlamaq qərarına gəldi. Və deyəsən, heç də pis alınmadı. Mərhum sənətkar hələ sağlığında klassikə çevrilmiş maeostro Niyaziylə işləmək bir yandan xoşbəxtlik, o biri yandansa böyük məsuliyyət idi. Niyazi kimi yüksək peşəkara, həm sənətdə, həm də təşkilalatçılıqda ciddi nüfuza malik insana hələm-hələm nəyisə bəyəndirmək mümkün deyildi. Ancaq cavan, eneræili musiqiçinin inzibatçılıq təcrübəsinə yiyələnməsi çox çəkmədi. Fəaliyyətinin ilk illərində, hələ "Azərkonsert" Dövlət Qastrol-Konsert Birliyinin mövcud olmadığı vaxtlarda ölkəmizin tanınmış sənətçilərinin xaricə qastrollarını bilavasitə həll etmək qayğısıyla üzləşən Rafiq müəllimin işinin həcmini təsəvvür etmək yəqin çətin olmaz. Axı o zaman xaricdə, eyni zamanda xaricilərin burada konsertləri, filarmoniya xəttilə gerçəkləşirdi. Bu isə birpartiyalı, çərçivəli, qatı senzuralı sovet reæimində adi məsələ deyildi.
1980-ci illərdə Rafiq müəllim vəzifəcə irəliyə doğru addımladı. Əvvəlcə, direktor müavini, sonrasa direktor oldu. Təqribən on il əvvəlsə Dövlət Filarmoniyasının direktoru vəzifəsilə vidalaşdı. Öz xahişilə uzun illər çalışdığı kollektivi tərk etmək qərarına gəldi. Filarmoniyanın əsaslı təmirə dayandığı vaxtda onun vəzifədən getməsi yəqin, səbəbsiz deyildi. Ancaq indiyəcən bunun nədən baş verdiyi heç yerdə yazılmayıb. Çünki umu-küsü etməyi və bəzi məsələləri dilə gətirməyi xoşlayan deyil sabiq direktor. Rafiq Seyidzadə on ilə yaxındı başqa sahədə çalışır. Mədəniyyətə birbaşa bağlılığı olmayan vəzifədə qərar tutmasına baxmayaraq onu ara-sıra sənət məclislərində, tədbirlərdə çıxış edən görürük. Necə deyərlər, köhnə vərdişlər unudulmur. Yarım əsr öncədən başlayan saksafonlu günlər yalnız xatirələrdə yaşamır. Belə günlər, saatlar indi də davam edir, gah evdə, gah da dost-tanış arasında. Uzun illərdən bəri tanıdığım, mehriban münasibətdə olduğum saksafonçu, vokalçı, inzibatçı, ən əsasısa sadə, səmimi, xeyirxah insan olan Rafiq müəllimlə ötənlərə və günümüzün mənzərəsinə nəzər yetirmək bəhanəsilə söhbətləşməyimiz, məncə, yerinə düşdü. İllah da ona görə ki, bəzən televiziyada nostalæi dolu çıxışlarını hesaba almasaq, mətbuatdan qaçaq, özünü reklamdan uzaqdı. Əslindəsə o, rəngarəng həyat tərzi keçirmiş maraqlı həmsöhbətdi. Və biz söhbətə başlayanda dayandıran yoxsa, araya tələsik iş düşmürsə, çətin bir-birimizdən ayrılaq. Ata-oğul qədər yaş fərqimiz belə hansısa məsələ barədə bölüşməyimizə maneə yaratmır, sanıram. Əlbəttə, pərdəni aradan götürməmək şərtilə. Bir də necə götürə bilərik ey, pərdəni, daxili senzuramız, komplekslərimiz qoyar ki?..
- Mümkün deyil. O sizin canınızdadı. Mənim indiki kimi yadımdadı, sovetin axır vaxtlarıydı, filarmoniyaya gəlib-gedirdiz. Gənc oğlanıydız, ancaq üzünüzə demək olmasın, maraqlı mühakiməniz, hər şeyi öyrənmək istəyiniz, müsahibinizə hörmət, diqqət yetirməyiniz sizi yaşınızdan böyük göstərirdi. Bu sözləri nahaqdan söyləmirəm. O illərdə filarmoniyanın direktoru kimi yanıma gələn neçə-neçə mətbuat nümayəndələrinin içərisində savadlı, məntiqli, məlumatlı, eneræili adamlarla az rastlaşırdım. Və siz o azlığın təmsilçisi kimi daim mənim yadımda qalmısız...
Bu sözlərdən sonra məni tərifləməkdən ürəyi soyumayan Rafiq müəllimi dayandırmaq qərarını verməli oluram. Özü də gülməyimi saxlayammıram.
- Vallah, qəribə mənzərədi. Mən bismillah eləməmiş, söhbətin qəhrəmanı başlayıb onun haqqında yazanı tərifləməyə. Komplimentlərinizə görə təşəkkürlər. Ancaq hədəfi dəyişsəz, yaxşı olar, yoxsa bir azdan tərifin təsirindən basaratım bağlanacaq.
- (Gülə-gülə) Ta olmadı ki. Ömrü boyu siz yaxşı sənətkarı, əsəri və digər yaxşı təyininə tuş gələn nə varsa, tərifləmisiz, indi bircə dəfə özünüz barədə niyə eşitmək istəmirsiz? Siz yaşınızdan qabaqkıları gözünüzlə görməsəz də, eşitmisiz, o barədə oxumusuz, öyrənmisiz. Həmin yaradılmış sənət nümunələrini həmişəyaşarlığı müəyyən edən meyarlarla ölçüb, təhlilə çəkib, nəticələrə gələ bilərsiz. Bu, ciddi məsələdi. Və hazırda çatışmayan, gələcək üçün narahatlıq doğuran problemdi. Qloballaşma, dünyaya inteqrasiya adı altında baş verənlərin mahiyyəti çoxlarının vecinə deyil. Nəyi qazanıb, nələri itirəcəyimizin fərqində olmamağımız hansı sonluğa gətirib çıxara bilər? O zaman sevinəcəyimiz, ya ağlayacağımız bəllidi. Bax bunlar daim araşdırılmalı, həllini tapmalı məsələlərdi.
Media, istər qəzet-æurnal, istər radio-televiziya mədəniyyət yönümlü materiallar yayır. Amma, gəlin görək onların əksəriyyəti hansı keyfiyyətdədi? Təəssüflənməkdən başqa əlacın qalmır.
- Baxmayaraq ki, yaranmış vəziyyətdən qurtulmağa təəssüflənməklə əlac bulmaq mümkünsüzdü. Müqavimət, sərt etiraz, Anadolu türkləri demiş, təpki gərəkdi. Yəni bizim qabaq-qənşər oturub evdə, çay qabağımızda ikilikdə dərdləşməyimiz cəmiyyətə verəsidi? Ancaq bu danışdıqlarımız qəzet səhifəsində, teleekranda görünsə, radioda səslənsə, başqa məsələ. Ən azı minlərlə adam agah olacaq.
...Söhbətimiz elə qızışır ki, az qalırıq Natəvan xanımı unudaq. Ancaq heç elə şey olar, axı o da yazının qəhramanıdı. Hələliksə o, gülümsünə-gülümsünə bizə baxır, bir-iki məqamı nəzərə almasaq, müdaxilə etmir deyəsən növbəsinin çatacağı anı gözləyir. Di gəl, Rafiq müəllim növbəsini əldən verənə oxşamır.
- Orası elədi. Mən siznən razıyam. Di gəl, bu yöndə mövqeləri birləşdirmək, faydalı sözləri gur səslə demək istəyi zəifdi. Fərdi şəkildə söz deməkdə birincilikdənsə, hamı çəkinir. Bayağı, istedadsız, yabançı nümunələr bunları yaradanların çoxluğuna rəğmən, dediyim kimi, mübarizənin, etirazın kollektiv, yaxud fərdi formada yoxluğu bu gedişnən çətin nəyisə yaxşıya doğru dəyişə... Hələ şükür ki, böyük çıxmasın, mənnən bir az yaşlı tay-tuş olduğum sənətkarların sırası seyrəlsə , tam bitməyib. O dırnaqarası qəhrəmanlar az-maz bizdən çəkinirlər. Vay o gündən ki, dediyim nəslin nümayəndələrindən kimsə qalmaya. Bilirsiz nələr olacaq? Başıpozuqluğun, iddialı, ancaq səviyyəsiz ulduzların qabağını almaq mürəkkəb məsələyə çevriləcək.
- Rafiq müəllim, belə bir söz var, şər qüvvəni təmsil edənlər xeyrin tərəfdarlarından çox deyillər, sadəcə onlar mütəşəkkildirlər. Razısız?
- Bəli, düz sözdü. Dünyada sizin sözünüzə qüvvət, xeyir güclü olmasaydı, şər tərəzinin gözünü çoxdan əymişdi...
- Şair demiş:

Ystündə olmasa yaxşı insanlar,
Allahın gözündən düşərdi dünya.

- Gözəl deyilib. Düzdü, mənim ara-sıra şeir yazmağım olub. Ancaq indi şairin diliylə sizin dediyinizin qabağına çıxarmağa söz tapmıram.
- Canınız sağ olsun (zarafatla). Nəzmnən nəsrə keçirəm. Fikirlərimi dərinləşdirmək üçün təbiətin özünə uyğun misal çəkmək yəqin yerinə düşər. Siz onu bilirsizmi ki, kəşfiyyat aparılan yüz quyudan iyirmisində hasilat olur. Dünyada da belədi. Yüz insandan iyirmisi xeyirxahlığı, əməllərinin gərəkliyi, yaratdıqları hesabına yerdə qalan səksən nəfərin mizan tərəzini pozmasına imkan vermir. həyat Allahın bərqərar etdiyi bu qayda üzrə, qabarması-çəkilməsi, yaşıllanması-solması dinamikasıyla davamlığından qalmır.
- (Şirin-şirin gülərək) Sonra deyirsiz, məni tərifləməyin. O ulduzlardan bəh-bəhlə danışanlar görün dediyimiz mətləblərdən bilir? Onlarınkı dünəndən xəbərsizlikləriylə barışıb, indi görüb-eşitdiklərindən dastanlar bağlamaqdı.

Söhbətin bu yerində Natəvan xanım dilinin qıfılbəndini saxlaya bilmir... Adını çəkmək istəmədiyimiz, bu gün meydanda olan "ulduz" müğənninin heç bir vokal göstəricisinə düz gəlməyən ifasını qətiyyən bəyənmədiyini deyir.

- Sizə elə gəlmir ki, antireklama meyl salsaz belə, danışdıqlarınızla onların təbliğinə yer ayırmış olursuz. Bəlkə haqqında danışdığımız problemə yanaşmamızı dəyişək?
- Mən ora gəlib çıxmaq istəyirəm.
- Onda buyurun...

 

Ekspress.- 2007.- 31 mart.- S. 17.