Məhərrəmova T.

 

Cazın tanınmamış Allahı

 

Məmurları Vaqifin gur bığları, dağınıq saçları, geyim tərzi qıcıqlandırırdı

 

Qədim İçərişəhərdə çoxunun tanıdığı bir ünvan var. Burada vaxtilə böyük pianoçu və cazmen Vaqif Mustafazadə yaşayıb. Görkəmli musiqiçinin binaya vurulan barelyefi ilk baxışdan ev-muzeyi axtaranlara bələdçilik edir. Bu gün həmin evin qapısını daha tez-tez yurnalistlər döyür...

Köhnə xatirələrin əbədiləşdiyi şəkillərlə bəzənən bu evin divarlarına bəstəkarın rəngarəng kompozisiyalarının ahəngi hopub. Kim bilir, bu divarlar hələ hamının eşitmədiyi nə qədər nəğmələri özünün daş yaddaşında gizlədir. Evin küncündə sükuta dalan royal sahibi üçün darıxırmış kimi məzlum-məzlum susub. Ancaq Vaqiflə bağlı xatirələr bu evdə həmişə oyaqdır (16 mart görkəmli musiqiçinin doğum günüdür).

 

Ürək musiqisi

 

Vaqif bütün qəlbi ilə caza bağlı idi. Musiqisi dünyanı dolaşanda onu başqalarından fərqləndirən nə müasir dəbli geyimi, nə uzun saçları, nə də gur bığları idi. Onu hamıdan fərqləndirən həddən ziyadə istedadı və bir də yeniliyə can atması idi. Yazdığı yeni mahnılar, 1971-ci ildə yaratdığı "Sevil" vokal-instrumental ansamblının təkcə İttifaqda deyil, həm də o dövr üçün çox-çox uzaq ölkələrdə məşhurluq qazanması da elə Vaqifin gecə-gündüz çəkdiyi əziyyətin bəhrəsi idi. Min bir zəhmətlə ərsəyə gətirdiyi "Sevil" cəmi 6 il yaşadı. Bu illər ərzində ansamblın televiziya, radio və səhnələrdə yüzlərlə konserti oldu. Onların ölkəmizdən kənarda qazandıqları uğurların sədası təkcə doğma vətənimizdə eşidilmirdi. "Sevil" öz vətənində populyarlığı o vaxt qazandı ki, artıq bir ansambl kimi mövcud deyildi. Sonradan radio və televiziyada onların lent yazıları tez-tez səslənirdi. Vaxtilə ansamblın ifasına, Vaqifin çalğısına və bəstələrinə irad tutanlar indi bu mahnıları eşitməkdən doymurdular. Vaqif ona olan hücumlara fikir vermədən yaradıcılığı ilə məşğul olur, yeni-yeni ideyalarını həyata keçirirdi.

Muğamla caz arasında bağlılığı da Vaqif tapmışdı. Ancaq onun bu cəhdini milli musiqimizə xəyanət kimi qiymətləndirənlər vardı. Uğurlarını gözügötürməyənlər musiqimizin başına açdığı oyunlardan şikayətlənirdilər. Hacıbaba Hüseynovla birgə lentə yazdırdığı "Bayatı-Şiraz" kompozisiyasını nə qədər çalışsa da, heç kəsə bəyəndirə bilməmişdi. Ölümündən sonra isə həmin əsərin lent yazısını dinləyənlər onu çox yüksək qiymətləndirdilər.

Sənətinə bağlılığı Vaqifi dünya musiqi festivallarının qalibinə çevirirdi. Səsi-sorağı dünyanı dolaşdıqca bu uğurun sədası təkcə öz ölkəmizdə eşidilməz olurdu. Uğurlarını gözügötürməyənlər Vaqifi "həvəskar bəstəkar" adlandırırdılar. Amma o, 1000-dən artıq caz kompozisiyasına müəllif kimi imza atmışdı. Çoxlu mahnıya yeni həyat vermişdi. Hətta lent yazılarının ara-sıra radioda səslənməsindən ötrü qonorardan da imtina etmişdi. Televiziyada vermək istədiyi solo konsert isə maneələr ucbatından baş tutmurdu. Qarşısına qoyulan qadağalar onu sarsıtmırdı. Həyat yoldaşı Elza xanım danışırmış ki, Vaqif həddən ziyadə çox işləyir, özünə rəhm eləmirdi. Yuxusuna haram qataraq yeni-yeni mahnıları lentə yazdırırdı. Ürəyi də şıltaqlıq edir, ona aman vermirdi.

 

O qədər planları var idi ki...

 

"Sevil" vokal kvartetinin üzvü Dilarə Cahangirova Vaqif Mustafazadəni həmişə böyük məhəbbətlə xatırlayır:

- Vaqifin ölümündən 27 il keçir. Bu, həm çox, həm azdır. Bu nəhəng musiqi aləmində indi də, bir çox onilliklər sonra da Vaqif Mustafazadənin yeri olacaq. Bu gün o, maraqlı və əlçatmazdır. Bir də onun musiqisini eşidən kəs bir daha onu unutmur. Çünki əsl sənət insan qəlbinin ən incə tellərinə toxunur. Vaqifin musiqilərində milli kökümüz, Bakının gözəllikləri, İçərişəhərin ruhu hiss olunur.

Təəssüf ki, o, həddindən artıq az yaşadı. Amma bu müddət ərzində çox işlər gördü. Anası Zivər xanım Azərbaycanın ilk qadın pianoçularından biri, muğamların gözəl bilicisi olub. Musiqiyə məhəbbətini oğluna da o ötürüb. Vaqif 3 yaşında ilk dəfə olaraq fortepianonun dillərinə toxunub və o vaxtdan bu alətdən ayrılmayıb. O, tanıdığı mahnıları istədiyi kimi, yeni variantda çalmağa başlayıb. Vaqifin fenomenal yaddaşı olub. Buna görə də o, musiqilərinin çoxunu beynində, yaddaşında toplayıb. Lakin dünyanı tərk edəndə kağız üzərinə köçürə bilmədiyi, zehnindəki mahnılar da özüylə birlikdə dünyanı tərk edib.

Fərdi olmaq, kütləyə oxşamamaq necə də çətin idi! İndi təsəvvür etmək də çətindir ki, o vaxtlar hər şey - musiqi, sözlər, hətta səhnədəki geyim, onun xarici görkəmi də necə senzuraya məruz qalırdı. Məmurları Vaqifin görkəmində gur bığları, dağınıq saçları, geyim tərzi qıcıqlandırırdı. O, parlaq, fərqli geyinməyi sevirdi və bununla da boz kütlədən fərdiliyi ilə seçilirdi. Vaqif əsl ulduz idi. Onda isə sənətkarları belə adlandırmırdılar. Tanınmış amerikalı tənqidçi yazmışdı ki, "Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir".

Vaqif Mustafazadə 1971-ci ildə "Sevil" vokal-instrumental ansamblını yaratdı. O, yeni qrup üçün təqdim etdiyi mahnıların harmoniyasını dəyişdi, köhnə mahnılarını təzə üslubda səsləndirməyə başladı. Dekabrın 31-də "Sevil" ansamblının ilk çıxışı oldu. Ansamblın ilk dəfə çıxışı rəngli televiziyanın yaranmasıyla eyni günə təsadüf etdi. Repertuarımıza müasir Azərbaycan bəstəkarlarının mahnıları salınmışdı. Bu mahnılar Vaqifin aranyimanı ilə fərqli səslənirdi. Biz şəhərin ən gözəl meydanlarında, böyük konsert salonlarında çıxış edirdik. Yarandığımızdan cəmi bir neçə ay sonra biz Moskvada, SSRİ Bəstəkarlar İttifaqında çıxış etdik. 1973-cü ilin yayında isə Moskvada, "Rossiya" zalında beynəlxalq konsert keçirildi. Həmin konsertdə SSRİ-ni Azərbaycan, Azərbaycanı isə "Sevil" ansamblı təmsil edirdi. Bir il sonra bizi Varşavada konsert verməyə dəvət etdilər. 1975-ci ildə "Sevil" qrupunun ilk valı yazıldı. İlk baxışdan hər şey əla gedirdi. Lakin qəfildən 1977-ci ildə ansamblın fəaliyyəti dayandırıldı. Ola bilsin ki, Vaqif ömrünün sonuna az qaldığını hiss edirdi və başa düşürdü ki, təkcə ansamblı müşayiət etmək onun üçün çox azdır. O, instrumental musiqidə özünü ifadə etmək istəyirdi. 1977-ci ildə Vaqif "Muğam" caz üçlüyü yaratdı. Tbilisidəki festivalda o, "Ən yaxşı pianoçu" mükafatını qazandı. Həmin festivalda ilk dəfə olaraq Vaqifin qızı Əzizə də iştirak edirdi. 8 yaşında bir uşağın cazı belə hiss etməsinə heç kəs inana bilmirdi. Əzizə festivalda iştirakına görə mükafata layiq görüldü. Vaqif Əzizəylə birlikdə iki hissəli konsert təşkil etməyi arzulayırdı, amma buna vaxtı çatmadı.

1979-cu ildə Vaqif Mustafazadə Azərbaycanın Əməkdar artisti adına layiq görüldü. Həmin il Monakoda keçirilən caz müsabiqəsində iştirak edərək həmin müsabiqənin qalibi seçildi.

Vaqifin o qədər planları var idi ki... Təəssüf ki, 1979-cu ildə Daşkənd səfəri ilə hər şey qəfildən qırıldı. Lakin onun musiqisi əbədilik qaldı. Vaqifin çoxlu davamçıları var. Onlar ustada oxşamağa çalışır, onu təbliğ edirlər.

Bir də ürəyimizdə Vaqiflə bağlı xoş xatirələr yaşayır.

"Bu gün ansamblın lent yazılarının qalmaması bizim ağrılı yerimizdir" - deyə ansamblın digər üzvü Rəna Talıbova danışır:

- İndi gündə bir oxuyan, bir ansambl çıxır. Cürbəcür mahnılar yaranır, kliplər çəkilir. Hərənin bir cangüdəni var. O vaxtkı şərait belə deyildi. Vaqifin özü, ansamblın üzvləri camaatın içərisində idik. Əlbəttə, hamı bizi tanıyırdı. Küçədə görənlər "Sevil vokal" deyirdilər. Bu, Vaqifə olan sevgidən irəli gəlirdi. Telestudiyada bir az küskünlük olmuşdu. Vaqifi tez-tez pianoda solo ifaçı kimi xaricə çağırırdılar. Vaqifə ünvanlanan teleqramlar ona verilmirdi. Burda deyirdilər ki, sən xaricə kvarteti də aparmalısan. O isə cavab verirdi ki, qızlar başqa spesifikadır, məni bir cazmen kimi dəvət edirlər. Vaqif televiziyadan küsüb getdi. Biz televiziyadan çıxıb gedəndən sonra orda olan bütün lent yazılarımızı pozmuşdular. Təkcə "Qara qaşın vəsməsi" mahnısı qalıb. Arif Qazıyev həmin çəkilişi "Baksovet"in bağında çəkmişdi. Mənə elə gəlir ki, bu mahnı o vaxt Moskvanın sifarişi ilə yazıldığı üçün həmin lentə toxunmamışdılar. Həmin lentdə Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi sənət korifeylərinin də ifası vardı. Ona görə lenti pozmayıblar. Vaqif çıxıb gedibsə, axı bu, xalqın sərvətidir. Şəxsi ambisiyalara görə xalqın sərvətinə toxunmaq, ona ziyan gətirmək dəhşətdir.

Vaqifdən sonra ansamblı çox bəstəkarlara vermək istədilər. Onlar etiraf edə bildilər: "Axı biz Vaqif olmayacağıq!"

Vaqif həyatdan köçəndə "Amerikanın səsi" radiosu "Sovet İttifaqında "Cazın tanınmamış Allahı" dünyasını dəyişib" - deyə xəbər verdi.

Vaqifin ölümündən sonra Elzagil inciyib getdilər. Burda Əzizəni konsertlərə dəvət edəndə, "Elza qızını da götürüb xaricə gedib" deyirdilər ki, qoy Əzizə çıxış eləməsin. Belə haqsızlıqlar onlarda küskünlük yaratdı. İndi Əzizənin xoş sorağını eşidib sevinirik. O, gah Almaniyada, gah İngiltərədə yaşayır. Hərdən deyirlər ki, guya Əzizə Azərbaycanda konsert vermək üçün böyük miqdarda qonorar istəyir. Yalan sözdür. Mən Əzizəni yaxşı tanıyıram. Onun damarlarında Vaqifin qanı axır.

 

Sağ olsaydı...

 

Hələ musiqi sənətimizə nə qədər incilər bəxş edəcəkdi. Bəlkə çağdaş musiqimizdə yaranan "yeniliklər" içərisində Vaqif musiqisi yabançı görünməyəcəkdi. Sağ qalsaydı, muğam-caz vəhdəti üzərində qurulan çoxlu ideyalarını həyata keçirəcəkdi. Muğam əsasında dünya cazında bir məktəb yaratmaq arzusu vardı. Heyif ki, Vaqif çox erkən - ömrünün 39-cu baharında çox sevdiyi bu dünyadan daha tez getməyə tələsdi.

 

Kaspi.- 2007.- 16 mart.- S. 16.