Azərbaycanın xalçaçılıq sənəti Polşanın birinci xanımında zəngin təəssürat yaratmışdır

 

Azərbaycan Prezidentinin xanımı YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Polşa Prezidenti Lex Kaçinskinin xanımı Mariya Kaçinska martın 30-da “Azər-ilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehirli ilmələr” Azərbaycan xalçaları qalereyasında olmuşlar. Milli geyimli oğlan qızlar hörmətli qonaqlara gül-çiçək dəstələri təqdim etdilər. Uşaqların ifa etdikləri milli rəqslər qonaqlarda xoş təsir bağışladı. Dövlət başçılarının xanımları çay süfrəsi arxasında səmimi söhbət etdilər, Polşa Prezidentinin Azərbaycana bu səfərinin ölkələrimiz, xalqlarımız arasında mehriban münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliklərini söylədilər. Müəssisənin baş direktoru Vidadi Muradov hörmətli qonağa Azərbaycanın ən qədim el sənətlərindən olan xalçaçılıq haqqında məlumat verdi. Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının hələ orta əsrlərdə Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu, indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayıldığını vurğuladı. Bildirildi ki, 1996- ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüşdür. İqamətgahı Böyük Britaniyada - Oksfordda yerləşən Avropa Biznes Assambleyası keyfiyyətli məhsul istehsalı ilə Avropa bazarlarında özünə layiqli yer tutduğuna, Avropa iqtisadi-ticarət əməkdaşlığına səylə inteqrasiya etdiyinə, Azərbaycan xalçaçılığının tarixi şöhrətini böyük uğurla yaşatdığına görə bu günlərdə özünün yüksəkKraliça Viktoriya adına mükafaınıAzər-ilmə vermişdir. Azərbaycan Polşanın birinci xanımları qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxdılar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət etdilər. Xanım Kaçinska xalçaçı qızların köməyi ilə original kompozisiyalıQarabağxalçasına bir neçə ilmə vurdu bunun çox çətin, incə peşə olduğunu söylədi. Mehriban xanım isə xalçaçı qızların güzəranı, şəraiti ilə bağlı suallar verdi. Xalçaçılar burada onların rahatlığı, təhlükəsiz işləmələri, istirahətlərinin təşkili, problemlərinin həlli, sağlamlıqlarının mühafizəsi üçün hər cür şərait yaradıldığını bildirdilər.
Dövlət başçılarının xanımları xalçaçı qızlara işlərində uğurlar arzuladılar. Mariya Kaçinska qalereyanın Xatirə kitabına yazdığı ürək sözlərində Azərbaycan xalçalarının gözəlliyindən, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qaldığını, burada gördüklərindən zəngin, unudulmaz təəssürat aldığını bildirdi. Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edildi.

 

Xalq qəzeti.- 2007.- 31 mart.- S. 4.