Mükərrəmoğlu M.

 

Qızıl dərviş mükafatına kimlər layiq görüldü

 

Son vaxtlar teatra dövlət qayğısı artmaqdadır. "Teatr haqqında" Qanunun qəbul edilməsi, möhtərəm Prezidentimizin teatr sənətinin inkişafı haqqında imzaladığı sərəncam və s. ölkədə teatr sənətinin diqqət mərkəzində olduğunu bir daha təsdiq edir. Hazırda milli teatrımızın inkişafı ilə bağlı mühüm Dövlət Proqramı hazırlanır ki, bu da yaxın gələcəkdə bu sahədə bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərdə tutur. Artıq böyük teatrlarımızda əsaslı təmir işlərinə başlanılmışdır.
Bu yaxınlarda isə ölkənin teatr həyatında çox mühüm bir hadisə baş verdi. Teatr Xadimləri İttifaqı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bayram ərəfəsində gənc rejissorların “Yeni teatr” respublika festivalını keçirdi. Bu festival əslində teatrlarımızın gənc rejissorlarının birillik fəaliyyətinə yekun baxışı xarakteri daşıyırdı. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sözləri ilə desək, bu festivalın başlıca məqsədi istedadlı gənc rejissorları üzə çıxarmaq və onların gələcək inkişafına yardımçı olmaqdan ibarət idi. Festivalda 15 gənc rejissorun işi nümayiş etdirilmişdir. Onlar dünya ədəbiyyatının klassikləri Koktonun, Molyerin, Qoqolun, Puşkinin əsərləri ilə yanaşı, milli ədəbiyyatımızın çox qiymətli nümunələrinə də müraciət etmişdilər.
Nəhayət ki, festival böyük uğurla başa çatdı. Festivalın gedişində Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatları ötən teatr mövsümündə fərqlənənlərə təqdim olundu.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru Rza Xudiyev “ən yaxşı aktyor oyununa görə”, “Yuğ” teatrının aktrisası Sona Mikayılova “ən yaxşı dramatik-psixoloji rol üçün”, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev “ən yaxşı komediya rolu üçün”, Akademik Milli Dram Teatrının aktrisası Sevinc Əliyeva “ən yaxşı epizodik rol üçün”, Firudin Məhərrəmov ”ən yaxşı tərcümə əsərinə görə”, Tahir Tahirov “ən yaxşı səhnə tərtibatı üçün” “Qızıl dərviş” mükafatına layiq görülmüşlər.

Xalq qəzeti
.- 2007.- 27 mart.- S. 6.