Sevinc

 

Anatomiya teatrı kitabı əsasında maraqlı tamaşa hazırlanıb

 

Bakının T.Həsənov adına 23 nömrəli orta məktəbində Solmaz Əmənova və Vaqif Şadlinskinin "Anatomiya teatrı" kitabı əsasında "Hippokampeni yəhərləmiş Nereida" adlı tamaşa səhnələşdirilib. Üçüncü sinif şagirdləri dünyanın və Azərbaycanın tarixindən bəhs edən maraqlı tamaşa təqdim ediblər (AzərTAc). Videokadrlar vasitəsilə Azərbaycanın Qız qalası, Atəşgah, Qobustan kimi qədim abidələri, Lahıc ustalarının hazırladıqları və Hippokampeni yəhərləmiş Nereida təsvir edilən gümüş boşqab nümayiş olunub. XIX əsrdə indiki İsmayıllı rayonunun Qalagah kəndində tapılmış boşqab Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılır. Uşaqlar milli geyimlərdə səhnəyə çıxaraq, dünya xalqlarının rəqslərini təqdim ediblər. Sonra Su, Od, Yel və Torpaq çərşənbələri ilə bağlı qədim ayinlər oynanılıb. İnsan beyninin yaddaş üçün cavabdeh olan şöbəsi hippokamp adlanır. "Anatomiya teatrı" kitabı müəlliflərinin fikrincə, beynin dəniz atını xatırladan bu hissəsi xalqımızın tarixini qoruyub saxlamaqda bizə kömək edəcək. Kitabdan anatomiya, eyni zamanda, Azərbaycan tarixi dərsliyi kimi istifadə oluna bilər. Nəşrin həmmüəllifi, Təhsil Nazirliyinin metodisti Solmaz Əmənovanın işləyib hazırladığı tədris metodikası idrakın imkanlarını açır, uşaqlara Azərbaycanda təbabətin qədim tarixi barədə maraqlı tərzdə söhbət açmağa imkan verir

 

525-ci qəzet.- 2007.- 16 mart.- S. 7.