Hamının günahı ictimai
baxışdan üzüağ keçdi
İrəvan Teatrının yeni
tamaşası Elçin Hüseynbəylinin əsəri
əsasında, Yapon Teatrı üslubunda hazırlanıb
Dünən İrəvan Dövlət
Dram Teatrında yazıçı-dramaturq
Elçin Hüseynbəylinin
yapon ədibi Akutaqava Rünoskenin novellalarının motivləri
əsasında yazdığı
"Hamının günahı"
tamaşasına ictimai
baxış keçirilib.
Qeyd edək ki, teatrın binası hazırda təmir olunduğu üçün ictimai baxış Sarabski adına Mədəniyyət
Evində gerçəkləşib.
Tamaşanın quruluşçu
rejissoru əməkdar
artist Loğman Kərimov, səhnə tərtibatçısı Aysel
Osmanlıdır. Tamaşada rolları
teatrın aktyorları
A.Osmanlı (Budda), Samir Bayramov (Xorikava), Vaqif Kərimov (Yesixido), əməkdar artist Süleyman Nəcəfov (vəzir), Zəhra Baxşəliyeva (Kesa), Rəşadət Həşimova
(Bisey), Aslan Məmmədov (Şagird) ifa ediblər. Əsərin maraqlı süjet xətti var. Öz sənətinin
vurğunu olan rəssam Yesixitonun həyatı tamaşada ön plandadır. Yesixito bütün ömrünü rəsm əsərləri yaratmaqla
keçirir. Nəhayət,
ömrünün ən
gözəl, şah əsərini – karetada alovlar içində yanan qız təsvirini yaratmaq istəyir. Həmin əsəri yaratmaq
üçün isə
Yesixito o mənzərəni canlı
olaraq görmək, bu hadisədən zövq alaraq, işləmək niyyətindədir.
İmperatordan onun üçün belə bir mənzərə qurmasını, bir qızı kareta içərisində yandırmasını
xahiş edir. İmperator kareta içərisində rəssamın
öz qızını
– Kesanı yandırır.
Sonda istəyindən peşman olan rəssam imperatora onun qızını qaytarması üçün
yalvarır. Əsərin
sonunda Kesa yenidən dirilir. Rəssam isə məhv olur. Tamaşadan sonra bir araya gələn
yaradıcı heyət
səhnə əsəri
ilə bağlı fikirlərini bölüşüb.
Tamaşanın rejissoru
Loğman Kərimov səhnə əsərinin
ağır bir şəraitdə hazırlandığını,
buna baxmayaraq, işlərin uğurla tamamlandığını bildirib.
O, yapon teatrı
üslubunda tamaşa hazırlamağın çətinliyini,
lakin kollektivin bu işin öhdəsindən
bacarıqla gəldiyini
söyləyib. Əsərin
müəllifi Elçin
Hüseynbəyli tamaşanın
yüksək səviyyədə
hazırlandığını və aktyorların oyunundan razı qaldığını vurğulayıb.
E.Hüseynbəyli tamaşanın
premyerasında Yaponiyanın
ölkəmizdəki səfirini
və səfirliyin nümayəndələrini görməyi
arzuladığını deyib.
Xalq artisti Laləzar Mustafayeva səhnə əsərinin
təbii və koloritli bir üslubda
hazırlandığını önə çəkib. Dramaturq Firuz Mustafa da tamaşanı
bəyəndiyini açıqlayıb.
Müzakirə zamanı
"Hamının günahı"nın Yaponiyada da nümayiş olunması barədə təklif səslənib. Tamaşanın premyerası
martın 14-də R.Behbudov adına Mahnı Teatrında gerçəkləşəcək.
525-ci qəzet.- 2007.- 1 mart.- S. 7.