10 Mart - Milli Teatr Günü münasibətilə gənc rejissorların "Yeni teatr" respublika festivalı açılmışdır

 

Ümummilli lider Heydər Əliyevin və Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun xatirəsinə ehtiram

 

 


AzərTAc xəbər verir ki, martın 10-da - Milli Teatr Günü münasibətilə Azərbaycan teatr ictimaiyyətinin nümayəndələri, tanınmış rejissorlar, aktyorlar, gənc sənətçilər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, milli mədəniyyətimizin inkişafında və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.
Milli teatr sənətimizin inkişafında böyük əməyi olmuş klassiklərimizdən Həsən bəy Zərdabinin, Əbdürrəhim bəy Haqverdiyevin, Hüseynqulu Sarabskinin Fəxri xiyabandakı məzarları üzərinə təzə tər qərənfillər qoyulmuşdur.
Sonra mərasim iştirakçıları M.F.Axundov adına bağa gələrək milli dramaturgiyamızın banisinin abidəsi önünə əklil qoymaqla əsərləri bütün zamanlarda teatrlarımızın səhnəsini bəzəyən ədibin xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirlərdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov iştirak etmişlər.
Milli Teatr Günü münasibətilə gənc rejissorların "Yeni teatr" respublika festivalı açılmışdır. Martın 17-dək davam edəcək festival çərçivəsində Azərbaycan teatrlarının kollektivləri gənc rejissorların səhnələşdirdikləri klassik müasir əsərlərin tamaşalarını teatrsevərlərə təqdim edəcəklər.

 

Azərbaycan.- 2007.- 11 mart.- S. 5.