Babayeva T.

Bir əsr+bir qərinə

Milli Teatrımızın 134 yaşı tamam oldu…


Milli Teatrın 134 illiyi münasibətilə paytaxtda gənc rejissorların "Yeni teatr" Respublika Festivalı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşdırdığı festivalda ölkənin 28 teatrından 15-i iştirak etdi. Bakıda fəaliyyət göstərən teatrlarla yanaşı, sənət bayramına Sumqayıt, Gəncə, Şəki, Qazax və Lənkəran truppaları da qoşuldu.
Gənc rejissorların rakursu

"Yeni teatr" festivalında tamaşaçılara gənc rejissorların səhnələşdirdikləri klassik və müasir teatr tamaşaları təqdim edildi. Festivalda Dövlət Kukla Teatrı N.Kazımovun "Ələddin" (rejissor Elşad Rəhimzadə), Dövlət Akademik Milli Dram Teatrı
J. Koktonun "İnsan səsi" (rejissor İlham Əsgərov), Dövlət Gənc Tamaşaçılar Teatrı A.S.Puşkinin "Taxt-tac, Dadon və Şamaxı şahzadəsi" (rejissor Tural Mustafayev), Ə. Haqverdiyevin "Pəri cadu" (rejissor Nicat Kazımov), Sumqayıt Dövlət Musiqili Dram Teatrı N.Dumbadzenin "Ağ bayraqlar" (rejissor Samir Qulamov), "İbrus" Teatrı J.Koktonun "Tənha səs" (rejissor Kamran Şahmərdanov), İrəvan Dövlət Azərbaycan Dram Teatrı İftixarın "Dan yeri söküləndə" (rejissor Gümrah Ömərov), Dövlət Pantomim Teatrı N.Qəribovanın "Yol" (rejissor Nargilə Qəribova), Gəncə Dövlət Dram Teatrı İ.Əfəndiyevin "Qəribə oğlan" (rejissor İradə Gözəlova), "Yuğ" Dövlət Teatrı N.Qoqolun "Viy" (rejissor Mikayıl Mikayılov), Bakı Bələdiyyə Teatrı J.B.Molyerin "Dələduz" (rejissor Tural Ağayev), Şəki Dövlət Dram Teatrı M.F.Axundovun "Molla İbrahimxəlil kimyagər" (rejissor Günay Səttarova), Qazax Dövlət Dram Teatrı F.Mustafanın "Qarışqa tələsi"), Lənkəran Dövlət Dram Teatrı Ə.Əmirlinin "Onun iki qabırğası" (rejissor Gümrah Ömərov), TXİ-nin Yaradıcı Gənclər Mərkəzi Q.Səidin "Əli və Nino" (rejissorlar Elvin Mirzəyev və İmaməddin Həsənov) tamaşaları ilə iştirak edirdi.
Festivalın bağlanış mərasimi bu gün Aktyor Evində baş tutacaq. Qalib tamaşa teatrşünas Məryəm Əlizadənin rəhbərlik etdiyi gənc teatrşünas tələbələrdən ibarət Tənqidçilər Şurasının seçimi ilə müəyyənləşəcək. Ən yaxşı tamaşa sahibi beynəlxalq teatr festivallarına qoşulmaq imkanı əldə edəcək.

"Lənkəran xanının
vəziri"ndən
başlanan yol
Teatr prosesinin canlandırılmasını, gənclərin potensialının üzə çıxarılmasını qarşısına məqsəd qoyan sözügedən festival Milli Teatr Gününə həsr olunmuşdu. Bu il 134 yaşını qeyd edən Azərbaycan teatrının tarixi 1873-cü ildən başlayır. O zaman Bakı Realnı Məktəbinin tələbələri M.F.Axundovun "Lənkəran xanının vəziri" əsəri əsasında səhnələşdirdikləri ilk tamaşanı martın 10-da nümayiş etdirirlər. Tamaşanın səhnələşdirilməsində dövrün qabaqcıl maarifçilərindən Nəcəf bəy Vəzirov və Həsən bəy Zərdabi yaxından iştirak edir. On gün sonra isə M.F.Axundovun digər bir əsəri - "Sərgüzəşti mərdi-xəsis" əsasında hazırlanan tamaşa oynanılır. Amma sonradan Nəcəf bəy Vəzirov təhsil almaq üçün Rusiyaya getdiyindən, Həsən bəy Zərdabi isə mətbuata daha çox diqqət ayırdığından teatr aləmində fasilə yaranır. Canlanma yalnız 1887-ci ildə müşahidə olunmağa başlayır. Bu dövrdə Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları daimi olmasa da, fəaliyyət göstərir. Azərbaycanda müntəzəm şəkildə çıxış edən ilk teatr truppası 1890-cı ildə yaradılır. Ə.Haqverdiyev kiçik teatr truppalarının heyətindən yeni bir teatr truppası yaradır. Bu dövrdə teatr səhnəsində milli dramaturqlarımızın əsərləri ilə yanaşı, dünya dram nümunələrinə də geniş yer ayrılırdı.
Bir əsrdən çox fəaliyyət göstərən Azərbaycan teatrı bu müddət ərzində müxtəlif mərhələlərdən keçib. Milli teatrın yüksəliş dövrü ötən əsrin təxminən 30-50-ci illərini əhatə edir. Bu dövrün yetirmələri - Ədil İsgəndərov, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova və adlarını sadalamadığımız onlarla sənətkar milli teatr tarixində silinməz iz qoyurlar. 60-70-ci illər isə tarixə islahatlar dövrü kimi düşüb. Tofiq Kazımovun teatra gətirdiyi yeniliklər cəmiyyətdə birmənalı qarşılanmır və müxtəlif diskussiyalara səbəb olur. Bütün bunlara baxmayaraq, tamaşaçının teatra marağı azalmır və hətta təəccübdoğuracaq qədər artır.

Problematikası
ətrafında
hərlənən teatr
Bu gün 134 illiyini qeyd edən müasir Azərbaycan teatrının vəziyyəti çox da ürəkaçan deyil. Cəmiyyətdə teatra maraq aşağı səviyyədədir. Sənətşünasların bəziləri bunu iqtisadi problemlərlə bağlayırlar. Onların fikrincə, tamaşaçıya teatra getməyə maddi durumu imkan vermir. Amma bu fikir özünü bir o qədər də doğrultmur. Çünki biletinin qiyməti teatr biletindən iki-üç dəfə baha olan yerli və xarici estrada müğənnilərinin hər həftə keçirilən konsertlərinə minlərlə tamaşaçı yığılır.
Digərləri isə hesab edirlər ki, teatr kütləvi xarakter daşımamalıdır. Tamaşaçı öz maraq dairəsi və zövqündən çıxış edərək, hansı teatra gedəcəyini müəyyənləşdirməlidir. Teatrşünas Aydın Talıbzadənin fikrincə isə indi hər bir teatrın öz tamaşaçısı formalaşmaqdadır: "Azərbaycan teatrının bugünkü durumunu birmənalı qiymətləndirmək mümkün deyil. Ən başlıcası odur ki, artıq Azərbaycan teatrında mərkəzdənqaçma tendensiyası mövcuddur. Bir zamanlar Azərbaycan teatrının direktiv estetikasını bir teatr müəyyənləşdirirdi və müxtəlif bölgələrdə bu teatrın oxşar modelləri yaradılırdı. İndi isə hər bir teatr özgürdür, öz estetikasına malikdir. Odur ki, hər bir teatrın öz tamaşaçısı formalaşmaqdadır. Bir məsələ inkarolunmazdır ki, teatr sənəti kütləvilikdən çıxır. Əgər bir vaxtlar teatr ideoloji funksiya yerinə yetirirdisə, indi yalnız öz problematikası ətrafında hərlənir. Və bizim də ixtiyarımız yoxdur ki, teatra dünənin tələbləri ilə yanaşaq. Bu prosesdə teatrın uğurları da var, uğursuzluqları da. Ən maraqlısı budur ki, bu gün heç bir teatr bir-biri ilə müqayisəyə gəlmir.
Səviyyələr, zövqlər, teatr konsepsiyaları, əgər belələri varsa, kəskin surətdə bir-birindən fərqlənir. Ona görə bu proses barəsində rəy söyləmək olduqca məsuliyyətli bir işdir".
Teatrşünasların müasir dünya teatrında gedən proseslərlə bağlı təsəvvürlərinə gəlincə isə, onlar əsasən internetdən faydalanırlar. Amma bu, sənətşünasların müasir dünya teatrı haqqında təsəvvürlərini bütünlüklə təmin etmir. Çünki hər yeni teatr konsepsiyası haqqında məlumat onlara ləngimiş şəkildə gəlib çatır. Teatrşünaslar üçün isə canlı ünsiyyət, teatr estetikası dəbləri ilə bağlı məlumatları birbaşa əldə etmək daha vacibdir.
Yerli teatrların qarşısında duran başlıca problemlərdən biri müasir texniki avadanlıqlarla təchizat bina ilə təmin olunmaqdan ibarətdir. Son aylar ölkə başçısının sərəncamı çərçivəsində sözügedən məsələlər öz həllini tapıb. Belə ki, Mədəniyyət Turizm Nazirliyi paytaxtın beş aparıcı dövlət teatrı -Akademik Milli Dram, Akademik Opera Balet, Gənc Tamaşaçılar, Rus Dram, Kukla Teatrının əsaslı təmirinə müvafiq texniki avadanlıqlarla təchizatına başlayıb. Teatrların təmirinə bu il dövlət büdcəsindən 25 milyon manat ayrılması nəzərdə tutulub. Paytaxt teatrlarının təmiri 2008-ci ilə qədər tamamlanmalıdır.
Dövlət Gənclər Teatrı, Dövlət Pantomim Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrının yerləşdiyi binalarda isə təmir-bərpa işləri həyata keçirilir.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələrinin işğalına məruz qalmış ərazilərdəki Füzuli Ağdam Dövlət Dram Teatrlarının hal-hazırda yerləşdiyi binalarda əsaslı təmir-bərpa, regionlarda fəaliyyət göstərən teatrlarda təmir-bərpa, yenidənqurma işlərinin aparılmasına dair təkliflər bu ilin yay aylarına qədər Nazirlər Kabinetinə təqdim edilməlidir. Bundan başqa, Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla milli sərvətimiz olan əsərləri dünya klassiklərinin incilərini özündə ehtiva edən "Azərbaycan teatrı 2008-2018-ci illərdə" Dövlət Proqramının layihəsi Prezidentə təqdim edilməlidir. Həmçinin, teatrların nəzdində xüsusi studiyaların yaradılması xarici ölkələrdə müvafiq kadrların, habelə teatr menecerlərinin hazırlanmasına dair təkliflər hazırlanır.
Bütün bu islahatlardan sonra tamaşaçılara milli teatr xadimlərimizdən müasir dövrə, müasir tələblərə zövqə cavab verən tamaşalar gözləmək qalır. On gün sonra isə dünya teatrları Beynəlxalq Teatr Gününü qeyd edəcəklər. Bu gün YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə tarixə düşüb. 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində qərara alınıb ki, hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.
Biz öz növbəmizdə həm Milli Teatr Günü, həm Beynəlxalq Teatr Günü münasibətilə teatr sənətçilərimizi təbrik edir onlara yaradıcılıq uğurları diləyirik.

 

Xəzər.- 2007.- 17 mart.- S. 18.