Xəlilzadə F.
Ürəklərin
can atdığı ünvan - Qarabağ
Azərbaycanda milli teatrın
yaradılmasından 134 il keçir.
Mirzə Fətəli Axundovun 10 mart və 17 aprel 1973-cü il
tarixdə tamaşaya qoyulmuş "Lənkəran xanın
vəziri" və "Hacı Qara" komediyaları bu
şərəfli vəzifəni ləyaqətlə yerinə
yetirdi. Milli teatrımızın yaradılmasında
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov
və Əsgərağa Adıgözəlovun (ədəbi
təxəllüsü Korani) misilsiz xidmətləri var.
Məlumdur ki, ilk teatr binasını da tikdirən
məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev olmuşdur. Ötən 134 il
ərzində milli teatrın inkişafında
fədakarcasına yaşayıb yaratmış insanların
mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər
bir-birini əvəz etdikcə sənət korifeyləri
xatırlanır, onların təcrübəsindən, qoyub
getdikləri mənəvi irsdən bəhrələnirlər.
Azərbaycan teatr sənətinin çox
görkəmli səhnə fədailəri olub, onların
ənənəsini bu gün səhnəmizdə
ləyaqətlə yaşadan yeni nəsil bu missiyanı davam
etdirməkdədir.
Bu ilin ilk ayları mədəni
həyatımız, eləcə də teatr sənəti
üçün çox əlamətdar oldu. Fevral ayında qəbul edilən "Teatr və teatr
fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununun bir sıra müddəalarında
teatr fəaliyyətinin dövlət tərəfindən
himayə edilməsi öz əksini tapmışdır. Ümummilli liderimiz Heydər Əliyev
həmişə Azərbaycan mədəniyyətinə,
incəsənətinə, musiqisinə, ədəbiyyatına
xüsusi diqqət və qayğı göstərmişdir.
Bu ənənəni davam etdirən ölkə
Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci ildə
imzaladığı "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında"kı
sərəncamı mədəniyyətə, xüsusilə
də teatra göstərilən dövlət
qayğısının ən parlaq nümunəsi oldu.
Bu gün istər dövləti, istərsə də teatr
xadimlərini düşündürən ən mühüm
məsələ budur: Azərbaycan teatrının
əvvəlki şöhrətini özünə qaytarmaq.
Teatrımız yarandığı gündən
ilk dəfədir ki, onunla bağlı qanun qəbul edilib.
Bu sənətin inkişafı ilə
əlaqədar mühüm sərəncam verilib. Bu iki mühüm sənədin doğurduğu
xoş əks-səda teatr xadimlərində, sənətkarlarda
teatrımızın sabahına xoş ümidlər
yaradıb. Onlar inanırlar ki, Azərbaycan
teatrı öz ənənələri üzərində
möhkəm bərqərar olaraq müasir tələblər
baxımından dünya standartları səviyyəsində
fəaliyyət göstərəcək. Onlar
inanırlar ki, Azərbaycan teatrları yenə də
anşlaqla keçiriləcək, kassalarda biletlər
tamamilə satılacaq. Onlar inanırlar ki,
Azərbaycan teatrı iri addımlarla dünyanı
dolaşacaq, geniş şöhrət tapacaq. Buna mənəvi haqqımız da var. Unutmaq olmaz ki,
Şərqdə ilk peşəkar teatr məhz Azərbaycanda yaradılmışdır.
Doğrudur, onun tarixini rəsmi
sənədlərdə 1973-cü ildən
götürürlər. Amma
mütəxəssislər, teatrşünaslar
təsdiqləyirlər ki, əslində Azərbaycan milli
teatrının tarixi daha qədimdir - 1848-ci ildə
Şuşada peşəkar teatrın fəaliyyət
göstərməsi haqqında maraqlı sənədlər
və afişalar mövcuddur.
Bizi düşündürən bir sıra
məsələlərlə bağlı müsahib
olduğumuz şəxs teatrımızın inkişafında
özünəməxsus xidmətləri ilə
seçilən aktyor, əməkdar artist Azad
Şükürovdur.
O, Ağdam rayonunun Muğanlı kəndində müəllim
ailəsində anadan olub. Hələ orta
məktəbdə oxuduğu illərdə bədii
özfəaliyyət dərnəyinin fəal
üzvlərindən olan Azad aydın diksiyası, gözəl
şeir demək qabiliyyəti ilə müəllimlərinin
diqqətini cəlb etmişdir. Həm
məktəbdə, həm də rayonda keçirilən
tədbirlərdə Azad tez-tez səhnəyə
çıxar, şeirlər söyləyərmiş. Gənc, qaragöz, qarasaç oğlana Ağdamda
hamı rəğbət göstərər, onun
gələcəkdə böyük aktyor olacağına
inanarmışlar. Ağdam Dövlət Dram
Teatrının bütün tamaşalarına baxan və onun
təsiri altında olan ürəyi gözəl arzularla
çırpınan Azad Şükürov söyləyir ki,
ilk müəllimi Ağdamdakı o səmimi, mehriban kollektiv
olub: "Onlar məni tanımırdılar, amma mən
hamısının adını əzbər bilirdim. Elə bir tamaşa tapılmazdı ki, mən ona
baxmamış olum".
Orta məktəbi bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunda oxumaq istəsə
də, arzusuna çatmamışdı. Bir
müddət dolanmaq xatirinə tikinti idarələrində
fəhlə işləmişdi. Yenə
də arzularının arxasınca gedərək axşamlar
paytaxt teatrlarının repertuarında olan tamaşalara baxarmış.
Xətai adına mədəniyyət
sarayının nəzdində fəaliyyət
göstərən Azərbaycan xalq teatrına üzv
yazılmışdı. Teatra uzun müddət
rəhbərlik etmiş əməkdar mədəniyyət
işçisi Məmmədkamal Kazımov Azad
Şükürovun çox istedadlı və
sənətə böyük məhəbbəti olan bir gənc
olduğunu dərhal anlamışdı. Bu
səbəbdən də həmin teatrın
səhnəsində tamaşaya qoyulan əsərlərdə
Azad Şükürov baş rolların ifaçısı
olurdu. O, artıq həvəskar aktyor
səviyyəsindən çox yüksəkdə
dayanırdı. Tamaşaçılar Azadı
peşəkar bir aktyor kimi qəbul edir, onun oynadığı
əsərlərə maraqla baxırdılar.
Nəhayət, Azad Şükürov istədiyi ali
məktəbin tələbəsi olmaq sevincini də daddı. Azadın bəxti həm də onda gətirdi ki,
qəbul imtahanı zamanı onu çək-çevirə
salan, yoxlayan sənət korifeyləri Adil İsgəndərov
və Rza Təhmasib idi. Onlar Azadın
gələcəkdə yaxşı aktyor olacağına
ümid bəsləyərək ilk müsbət
rəylərini verdilər. Beləliklə,
Azad xalq artisti Rza Təhmasibin kursunda təhsil aldı.
Azad Şükürov bu gün
respublikamızın tanınmış və sevimli
aktyorlarından biridir. Sənət aləmində
qazandığı bütün uğurlara görə daim
minnətdar olduğu müəllimlərini ehtiramla
xatırlayır: Rza Təhmasib, Əliabbas Qədirov, Məlik
Dadaşov, Könül Axundova...
Hələ tələbəlik illərində
Azad Şükürov təkcə paytaxt teatrlarında deyil,
rayon və şəhərlərimizdə
tamaşaçılar qarşısında dəfələrlə
çıxış etmişdi. Səhnə
üçün vacib olan bütün elementlərin Azad
Şükürovda təcəssüm tapması, eləcə
də özünün teatra qəlbən
bağlılığı onu həm rejissorlara, həm də
tamaşaçılara sevdirirdi.
İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra
bir müddət Nəcəf bəy Vəzirov adına
Lənkəran Dövlət Dram Teatrında
çalışan Azad Şükürov bu əyalət
teatrının inkişafında böyük rol
oynamışdır. Cəlil Məmmədquluzadənin
"Ölülər", Sabit Rəhmanın
"Xoşbəxtlər", Mir Cəlalın "Bir
gəncin manifesti", Səməd Vurğunun "Fərhad
və Şirin" və digər dramaturqların
əsərlərində yaratdığı obrazlar
tamaşaçılar tərəfindən
rəğbətlə qarşılandı. Azad
Şükürovun təqdim etdiyi surətlər
həmişə maraqlı və orijinal alınır. Ümumiyyətlə, bu aktyorla işləmək
rejissorlar üçün çox asandır. Çünki səhnə fədaisi kimi Azad
Şükürov bütün varlığı ilə teatra
bağlıdır. O, həssas aktyordur. Tamaşa
müəlliflərinin nə demək istədiyini
sözsüz başa düşür. O özü
yaratdığı obrazı daha gözəl idarə edir,
nəinki rejissorun göstərişlərini. Mütəxəssislərin
fikridir ki, hər bir aktyor rejissora ya mane olur, ya da kömək
edir. Azad Şükürov məhz rejissora
kömək edən aktyorlardan sayılır.
Hərbi xidmətdən sonra Bakıda
fəaliyyətini davam etdirən Azad Şükürov xeyli
müddət İncəsənət İnstitutunun tədris
teatrında bir-birinin ardınca maraqlı və orijinal
obrazların yaradıcısı kimi ad-san qazandı.
İstər Azərbaycan, istərsə də dünya
dramaturqlarının əsərlərində can verdiyi obrazlar
ona böyük şöhrət gətirdi.
1990-cı ilin fevralından indiki Mədəniyyət və
İncəsənət Universitetinin Səhnə
danışığı kafedrasında müəllim
işləyən Azad Şükürov beş
il həmin kafedranın müdiri olub, indi də dosentdir.
Pedaqoji fəaliyyətlə yanaşı,
aktyorluğunu da uğurla davam etdirən Azad Şükürov
Bakı Bələdiyyə Teatrında
çalışır. 15 yaşı olan
bu teatrın ən aparıcı aktyorlarından sayılan Azad
Şükürov bədii qiraət ustası kimi də
respublika tədbirlərində fəal iştirak edir. Onun sənət dostu, həmkarı, əməkdar
artist Ağalar Bayramovla birlikdə xalq şairi Məmməd
Arazın şeirləri əsasında yaratdıqları
kompozisiya haqqında danışmamaq mümkün deyildir.
Hər iki qiraət ustası bu proqramda son
dərəcə təbii, gözəl bir süjet xətti
quraraq şairin vətən, torpaq haqqındakı
şeirlərinin vəhdətindən baxımlı bir
veriliş araya-ərsəyə gətiriblər. Şairin sağlığında lentə
alınmış bu maraqlı veriliş Məmməd Araz
nişanəsi kimi çox qiymətlidir.
Azad Şükürovu tez-tez cəbhə
bölgələrində, əsgərlərimizin arasında
görmək olar. Eləcə də bir
sıra ədəbi-dram verilişlərində, dublyaj
redaksiyasında yorulmaq bilmədən fəaliyyət
göstərən sənətkar 2003-cü ilin oktyabr
ayında İran İslam Respublikasında keçirilən I
Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq
görülüb.
Həmişə ciddi və xarakterik obrazların
yaradıcısı kimi səhnəyə çıxan,
Azərbaycan şairlərinin poetik nümunələrini
bədii qiraət ustası kimi böyük coşqunluqla
tamaşaçılara çatdıran Azad
Şükürovun ürəyində qövr edən bir
dərdi də var. Bu dərd onun gözlərindən də oxunur:
"Deyirəm ki, nə olaydı, günlərin birində
Ağdama dönəydim. Şuşaya gedəydim, Cıdır
düzündə üzümü dağlara tutub deyəydim:
Vətən, xoş gördük! Elim, yurdum,
azadlığın mübarək!" Nə deyirik
qardaş, arzuların çin olsun! Bir aktyor kimi
də, vətəndaş, övlad kimi də ürəyinin
can atdığı ünvan Qarabağdır.
Təsəvvür edirəm ki, Azadın gur və
qətiyyətli səsi o dağlarda necə əks-səda
verər...
Azərbaycan.- 2007.- 10 mart.- S. 10.