Mükərrəmoğlu M.

 

Azərbaycanda teatr sənə­ti-nə dövlət qayğısı artmaqdadır

 

Beynəlxalq Teatr Günü

 

Azərbaycanda teatr sənətinə dövlət qayğısı artmaqdadır
Bu yaxınlarda milli teatrımızın yaranma günü təntənəli şəkildə qeyd olundu. Dünən isə Beynəlxalq Teatr Günü dünya ictimaiyyəti tərəfindən bayram edildi. Əlbəttə, teatrın cəmiyyətin həyatında oynadığı rolu təkrar nəzərə çarpdırmağa ehtiyac duymuruq. Ancaq bir məsələni qeyd etmək istərdik ki, bu gün dünyanın elə bir xalqı yoxdur ki, onun teatrı olmasın. Ona görə də Beynəlxalq Teatr Gününü bütün dünyada qeyd edirlər. Azərbaycanda isə bu bayram hər il yüksək səviyyədə keçirilir. Bu il isə bu bayram onunla əlamətdardır ki, Azərbaycanda “Teatr haqqında” Qanun qəbul edilmiş və möhtərəm Prezidentimiz bu yaxınlarda teatr sənətinin inkişaf etdirilməsi haqqında sərəncam imzalamışdır. Beləliklə, müsahibimiz Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətovdur.
- Azərpaşa müəllim, Beynəlxalq Teatr Günü nə vaxtdan bayram edilir?
-  Beynəlxalq Teatr Günü YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə tarixə düşüb. Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qərara alınıb ki, hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunsun. Bu təşəbbüsün uğuru göz önündədir — Beynəlxalq Teatr Günü dünyanın hər yerində yüksək təntənə ilə keçirilir. Keçmiş SSRİ dövründə də Beynəlxalq Teatr Günü qeyd edilirdi. Teatr prosesi ilə bağlı maraqlı fikir mübadiləsi ilə yadda qalan görüşlər, teatr festivalları gerçəkləşirdi. Bir sözlə, teatr ictimaiyyətinin yaxından iştirakı ilə teatr aləmində bir canlanma müşahidə olunurdu. Müəyyən problemlər ucbatından teatr ictimaiyyəti hazırda bu günü yalnız anmaqla qeyd edir.
- Teatr Xadimləri İttifaqı beynəlxalq əlaqələrin inkişafına təsir göstərə bilirmi?
- Bilirsiniz, necə adlandırılmasından asılı olmayaraq, istənilən ölkədə teatr xadimlərinin belə bir qurumu var. Doğrudur, sovet dönəmində Teatr Xadimləri İttifaqının səlahiyyətləri daha geniş idi. Bu quruma üzv olanlara müxtəlif sahələrdə güzəştlər edilirdi. İndi isə biz azad və ictimai təşkilatıq. Biz ilk növbədə hər bir teatrla, eləcə də ayrı-ayrı ölkələrin teatr qurumları ilə əlaqələr yaradırıq. Təqaüdə çıxan teatr xadimlərinə diqqətlə yanaşırıq. İmkanımız daxilində onların problemini həll etməyə çalışırıq. Bundan başqa, Teatr Xadimləri İttifaqı mütəmadi olaraq festivallar keçirir. Teatr aləmində özünəməxsus bir canlanma yaradan bu festivallar yeni sənət axtarışlarına rəvac verir. Teatr Xadimləri İttifaqı YUNESKO-nun Beynəlxalq Teatr İnstitutuna daxil olub. Bu institutun Azərbaycan üzrə milli mərkəzi yaradılıb. Teatr Xadimləri İttifaqı Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Bundan başqa, Asiya ölkələri teatr komitəsinin təsisçiləri sırasındayıq.
Beynəlxalq əlaqələrin genişlənməsi ilk növbədə bir-birimizi daha yaxından tanımağa şərait yaradır. Xaricilərin Azərbaycan teatrı barədə təsəvvürü genişlənir. Biz də öz növbəmizdə ayrı-ayrı ölkələrin teatr məkanına gedən proseslər barədə müəyyən bilgilər ala bilirik. Yeri gəlmişkən, milli mərkəz “Azərbaycan teatr dünyası” adlı kitab hazırlayır. Azərbaycan teatrı barədə geniş və ətraflı bəhs edən bu kitab adını çəkdiyim qurumlara da hədiyyə olunacaq. Təəssüf ki, maliyyə problemləri ucbatından bu əlaqələri inkişaf etdirmək bir qədər çətindir. Məsələn, beynəlxalq səviyyədə keçirilən pantomim teatrlarının festivalına yalnız Rusiya və İsrail qatıldı. Halbuki həmin festivala Fransanın, Yuqoslaviyanın pantomim teatrları gəlməli idi. Ancaq maliyyə çətinlikləri olduğundan adını çəkdiyim teatrlar festivala qatıla bilmədi. May ayında Rusiyada “Oyanmış nağıl” adlı beynəlxalq teatr festivalı keçiriləcək. Əlaqələrimiz sayəsində bizim teatrlar da bu festivala dəvət olunacaq.
- Teatrlarımız barədə nə deyərdiniz?
- Bu suala birmənalı cavab vermək mümkün deyil. Elə teatrlar var ki, onlar dünyanın istənilən nöqtəsində tamaşa göstərə bilərlər. Təbii ki, söhbət onların tamaşalarının maraq doğurub-doğurmamasından gedir. Ancaq elə teatrlar da var ki, onların tamaşalarına baxanda ötən əsrin 40-50-ci illəri yada düşür. Bu səhnə əsərlərini ancaq arxaik nümunələr adlandırmaq olar. Bütün bunlara baxmayaraq, teatr aləminin ümumi mənzərəsinə əsaslanaraq, deyə bilərik ki, hər halda proses gedir. Bu gün teatra layiqli davamçılar gəlir. Bu isə o deməkdir ki, teatrımızın sabahına ümidlə, inamla baxmaq olar.
-  Ümumiyyətlə, teatrlarımızda dünya teatrlarından təqlidçilik meylləri hiss olunurmu?
- Mənə elə gəlir ki, bu meyl teatr aləmində özünü ciddi şəkildə göstərmir. Sadəcə, bəzən bizdə teatrda gedən proseslər düzgün qiymətləndirilmir. Adi bir misal çəkim. Mən bir neçə il Sankt-Peterburqda işləmişəm. Bakıya qayıdandan sonra bəziləri hesab elədilər ki, Azərpaşa yalnız rus dilində tamaşa hazırlamalıdır. Buna görə də mən Gənc Tamaşaçılar Teatrının rus bölməsində işləməyə başladım. Amma hazırladığım tamaşalar göstərdi ki, bu fikirdə olanlar yanılıblar. Hansı dildə tamaşa hazırlanmasından asılı olmayaraq, hər bir rejissor öz dünyagörüşündən, adət-ənənələrindən çıxış edərək, əsərin yozumunu verir. Təəssüf ki, siz dediyiniz meyllər də var. Nəinki xarici teatrların təcrübələrindən, sənət axtarışlarından, eləcə də özümüzün bu sahədə olan təcrübələrimizdən “yararlananlar” var. Məncə, bu, yolverilməzdir. Sənətdə hər kəs yeni söz demək istəyir. Bu deyilən sözün nə qədər yeni olub-olmaması isə başqa bir söhbətin mövzusudur.
- Teatrlarımıza gənclərin cəlb olunmasına necə baxırsınız?
- Çox yaxşı baxıram. Ən azı ona görə ki, teatra gələn gənc nəsil məni çox qane edir. İstər yaradıcılıq, istərsə də dünyagörüşü baxımından. Fikir versəniz, görərsiniz ki, bu gün teatrlarımızda əsasən gənclər çalışır. Bu da ilk növbədə Mədəniyyət və İncəsənət Universitetinin xidmətidir.
Onu da deyim ki, teatrlarımıza dövlət qayğısı artıb. Hörmətli Prezidentimiz bu yaxınlarda teatrın inkişafı ilə bağlı xüsusi sərəncam imzalamışdır. Bu bütün teatr ictimaiyyətini ürəkdən sevindirmiş və mən bütün teatrsevərlər adından cənab Prezidentimizə öz minnətdarlığımı bildirirəm.

 

Xalq qəzeti.- 2007.- 28 mart.- S. 8.