İmzanın hökmünə təqdimat keçirilib

 

Akademik Dram Teatrın kollektivi səfərlərə hazırlaşır

 

Akademik Milli Dram Teatrında Tofiq Kazımovun "İmzanın hökmü" əsəri əsasında Mərahim Fərzəlibəyovun quruluşunda eyni adlı tamaşanın təqdimat mərasimi keçirilib. Tikinti idarəsində cərəyan edən məhəbbət macərasından söz açılan yeni səhnə əsərində əsas rollarda Xalq artistləri Yaşar Nuri, Telman Adıgözəlov, Əməkdar artist Əminə Babayeva, aktyorlardan Anar Heybətov, Vüsal Murtuzəliyev, Şəlalə Şahvələdqızı çıxış ediblər. Tamaşanın rəssamı Rafiq Abdullayevdir.

Onu da qeyd edək ki, Akademik Milli Dram Teatrının kollektivi aprelin sonunda Kazana qastrol səfəri edəcək. Teatrın direktoru Maqbet Bünyatovun məlumatına görə, səfər zamanı tatar dramaturqu Tufan Minullinin "Ərməğanlı Əlmərdan" Elçinin "Mənim sevimli dəlim" əsəri əsasında hazırlanmış eyni adlı tamaşalar nümayiş etdiriləcək.

M.Bünyatov qeyd etdi ki, 10 gün davam edəcək səfərə 30 nəfərdən ibarət nümayəndə heyəti gedəcək. Nümayəndə heyətində Maqbet Bünyatov, Xalq artistləri Siyavuş Aslan, Telman Adıgözəlov, Hacı İsmayılov başqaları təmsil olunacaqlar.

Teatrın direktoru daha sonra bildirdi ki, iyunun 11-dən 17-dək Türkiyədə keçiriləcək Beynəlxalq Teatr Günlərində Azərbaycan da təmsil olunacaq. Beynəlxalq tədbirdə Akademik Milli Dram Teatrının kollektivinin ifasında müxtəlif yanrlarda tamaşa nümayiş etdiriləcək: "Türkiyədə keçiriləcək Teatr Günlərində Azərbaycanın iştirak etməsi çox təqdirəlayiq bir haldır. Həmin günlərdə iştirak etmək üçün iki gün bundan əvvəl dəvət almışıq. İnanıram ki, qastrol səfərimiz uğurlu olacaq".

 

Kaspi.- 2007.- 17-19 mart.- S. 20.