Məhərrəmova T.
Romantik aktyor
məktəbinin ən görkəmli siması
Aktyor taleyi
müxtəlif olur. Bəziləri çox erkən
parlayır, bəzilərinin isə tanınıb sevilməsi
uzun və dolanbac yollardan keçir. SSRİ Xalq artisti Sidqi
Ruhulla isə öz yaradıcılıq istedadını
çox gənc yaşlarından nümayiş etdirə
bilən sənətkar olub. O, Ələsgər
Ələkbərov, Mərziyə Davudova, Barat
Şəkinskaya, Mirzəağa Əliyev, Hökumə
Qurbanova, Ülvi Rəcəb, Rza Əfqanlı kimi
sənətkarlar dəstəsinin parlaq istedadlarından biri
idi. Aktyor hər obrazında bir insan taleyinin zəngin
mənzərəsini açır, ən kiçik rolda
belə əvəzsiz xarakter yaradırdı. Ona ehtiraslı,
dərin xarakterlər ustası da deyirdilər. Hər dəfə
də belə rollarla səhnəyə hiss və fikirlə
dolu böyük bir aləm gətirirdi. Ona görə də
Sidqi Ruhullanı Azərbaycanda romantik aktyor məktəbinin
ən görkəmli simalarından biri hesab edirdilər. O,
səhnəmizdə 300-dən artıq irili-xırdalı rol
oynayıb. Bu obrazların hər birinə öz
istedadının gücü ilə zamanın poza
bilməyəcəyi möhür vurub. Demək olar ki,
görkəmli aktyor bütün Azərbaycan klassiklərinin
pyeslərində bir neçə quruluşda əsas rollarda
səhnəyə çıxıb.
Türkiyədə,
İranda, Orta Asiya respublikalarında, Volqa çayı boyu
diyarlarda, İrəvanda, Tiflisdə, Mahaçqalada ən
çox tanınan, həmin yerlərin əksəriyyətində
ilk teatr tamaşası göstərən Sidqi Ruhulla milli
səhnə mədəniyyətimizin ən parlaq
səhifələrini yaradıb.
Hüseyn
Ərəblinskinin məftunu
Sidqi Ruhulla
Bakının Buzovna kəndində doğulub. Atası
müəllimlik edir, ailəsini çətinliklə
dolandırırdı. Dövrün qayda-qanununa uyğun olaraq
balaca Sidqi ilk təhsilini kənddə molla
məktəbində alır. Sonra da atası onun
gələcəkdə yaxşı ticarətçi olması
üçün tacir yanına şəyird qoyur. Balaca Sidqi
mağazada işləyə-işləyə teatra maraq
göstərir, imkan tapanda Tağıyev teatrında oynanılan
tamaşalara baxmağa qaçırdı. 14-15 yaşı
olanda "Kosa-kosa" xalq oyunlarında, Şəbeh
tamaşalarında çıxış etməyə
başlayır. Hüseyn Ərəblinski
sənətinə məftunluq onda aktyor olmaq arzusunu
gün-gündən gücləndirir. İlk dəfə
səhnəyə Balaxanı dram dərnəyi klubunda
Ərəblinskinin quruluş verdiyi N.B.Vəzirovun "Adı
var, özü yox" məzhəkəsində Telli rolunda
çıxır. Üç ay keçəndən sonra
gənc həvəskar yenə Ərəblinskinin
quruluşunda "Müsibəti-Fəxrəddin"
tamaşasında Rüstəm bəy rolunu ifa edir.
O illər
Azərbaycanda teatrın yenicə inkişaf etdiyi vaxtlar idi. Onlarla gənc teatr, aktyorluq həvəsinə
düşüb səhnəyə üz tuturdu.
Şəhər və kəndlərdə dram
dərnəkləri yaranırdı. S.Ruhulla da "Nicat",
"Səfa", "Həmiyyət"
cəmiyyətlərinin teatr truppalarında,
A.M.Şərifzadənin rəhbərlik etdiyi Müsəlman
Artistləri İttifaqında, daha sonra
Ərəblinskinin müxtəlif teatr
dəstələrində və özünün
yaratdığı dəstə-truppalarda iştirak
etməyə başlayır. 1913-cü ildə Moskva teatrlarında
təcrübə keçən S.Ruhulla İranda və
Gəncədə "Ərəbli",
"Ərəblinski" imzaları ilə tamaşalar
hazırlayıb özü də baş rollarda
çıxış edir.
Görkəmi
aktyor İranın Rəşt, Xoy, Qəzvin
şəhərlərində ilk teatr
təşkilatçısı olur. Təbrizdə
səhnə sənətinin təbliği məqsədilə
"Xeyriyyə" cəmiyyəti yaradır. Burada
peşəkar teatrın təşəkülü və inkişafı,
eləcə də Özbəkistanda teatrın yaranması
Sidqi Ruhullanın adı ilə bağlanır.
1918-ci ilin
sonlarında Müsavat hökumətinin yaratdığı
"Dövlət Teatrosu"nda, daha sonra qısa fasilə
ilə Akademik Milli Dram Teatrında işləyən Sidqi
Ruhulla 20-ci illərdə aktyorluqdan əlavə, reyissor kimi
də bir sıra tamaşalara quruluş verir.
Romantik
xarakterlərdə səhnəyə çıxan Sidqi
Ruhullanın daxili ehtirası, səsinin qəltanı və
zabitəsi hətta yeri gələndə vahiməli ahəngin
elə ritmi ilə köklənmişdi ki, bu
ifaçını aktyor kimi sevməmək, onun istdedadına
şəkk gətirmək mümkün deyildi. Bu
azmış kimi Sidqinin mənfi xarakterli rollarında da
tamaşaçı səhnəyə diqqət kəsilir, onun
yaradıcılıq ehtirasına heyran olurdu.
"Artist
olma!"
Əməkdar
incəsənət xadimi, qocaman reyissor Məmmədkamal
Kazımov görkəmli aktyorla bağlı
xatirələrində danışırdı:
- Sidqi teatr
təhsili almamışdı. Teatra getdiyinə görə
atası onu bir dəfə ayaqlarından asmış,
"artist olma!" demişdi. Amma Sidqi artist oldu. Özü
də SSRİ Xalq artisti oldu. "Stalin"
mükafatını da ilk dəfə Azərbaycanda Sidqi
aldı. Həmin mükafatı təqdim
etmək üçün tamaşalara baxış
keçirilirdi. O zaman bu mükafat çox nüfuzlu
sayılırdı. Bu mükafatın sahibini
tapmaqdan ötrü Gürcüstanın baş aktyoru Xorava
Bakıya gəlmişdi. Sidqi də
həmin vaxtlar yıxıldığı üçün
ayağı gipsdə gəzirdi. Ancaq o, bu
vəziyyətdə səhnəyə çıxıb,
Ənvər Məmmədxanlının "Şərqin
səhəri"ndə oynadı. Teatrda "Stalin"
mükafatını bu tamaşa, kinoda isə köhnə
"Arşın mal alan" qazandı.
Sidqi Ruhulla çox ciddi
aktyor idi. Teatrın daxilində olan iclaslarda iştirak edər,
ancaq çıxış etməzdi. Bir
də görürdük ki, rəhmətlik Mirzəağa
Əliyev iclasda bir söz atıb gülüş
yaradırdı. O isə sakit oturar, iclas qurtaran kimi durub
gedərdi. Sidqinin özünəməxsus
səliqə-səhmanı var idi.
Sidqi hər doğum
gününü evində qeyd edərdi. Həmin
yığıncağa dəvət etdiyi 10 nəfərin
içində mən də olardım. O, mənim
xətrimi çox istəyirdi. Bilirdi ki,
işləyən adamam, sənətimi sevirəm. O
vaxtlar cavan oğlan idim. Ad günlərində
tamaşadan sonra yığışıb onlara gedərdik.
Əyninə xalat geyinər, əlində ceyran
ayağından qamçı tutub, stolun baş
tərəfində oturardı. Bu
maraqlı məclisdə hər kəs teatrla bağlı
xatirəsini danışardı. Bir
dəfə belə məclislərin birində gecə saat
2-də qapının zəngi vuruldu. "Bu,
Süleyman Rüstəm olar" - deyə Sidqi qapıya
yönəldi. Qapını açanda
Süleyman Rüstəmlə Tələt Əyyubovun astanada
dayandıqlarını gördük. Mən
həmin məclisdə Süleyman Rüstəmin o vaxtlar
dəbdə olan "Sevməyir, qoy sevməsin" şeirini
söylədim. Rəhmətlik Süleyman
ayağa durub, məni qucaqlayıb öpdü.
Sidqi işində son
dərəcə dəqiq idi. Tamaşa vaxtı
səhnədə oynayanda əgər səhnə arxasından
səs gələrdisə, oynunu dərhal dayandırardı.
Sidqinin özünün qeyd
dəftəri var idi. Orada əski əlifba ilə qeydlərini
yazırdı. Yadımdadır,
müharibə vaxtı idi. Bir dəfə dedi ki, gəl,
səninçün 12 vərəq dəftər və
qələm alım. Mən qeydlərimi deyim,
sən də yaz. Hər səhifəyə
də qol çəkim, sənə lazım olar.
Gərək o vaxtı onun dediyi məsləhətə qulaq
asaydım! Çünki o qeydlər bu gün
üçün dissertasiya idi. Onun dediyinə
əməl etmədiyimə indi peşmanam!
"Qacar gəldi..."
"Bir dəfə Ədil
İsgəndərovun quruluşunda S.Vurğunun "Vaqif"
əsərinin məşqi gedirdi"-deyə M.Kazımov
xatırlayırdı:
- Sidqi Qacar rolunu
oynayırdı. Səməd Vurğunla Ədil
İsgəndərov da zalda oturmuşdu. Birdən Sidqi
dedi ki, "ay Səməd, mənə bir söz de, vurum
qılıncımla dağıdım". Səməd
Vurğun bu yerdə:
"Bir boynu olsaydı
bəşəriyyətin,
Onu bir qılıncımla vurardım
yəqin" sözlərini dedi.
Bu məşhur misralar
aktyorla müəllif arasındakı anlaşmadan yarandı.
Mən də
"Vaqif"də gürcü balasını - Şalikonun
qardaşını oynayırdım. Axırda Qacarla
qılınc-qılınca vururduq. Mən
gənc olduğum üçün daha cəld
tərpənirdim. O da "yavaş, əlimə
vurarsan" deyirdi.
Sidqi ilə maraqlı
günlərimiz çox olub. 1952-ci ildə 5-6
nəfər aktyor yığışıb Şuşaya
qastrola getmişdik. Səhər saat 6-da Sidqi məni
yuxudan oyatdı: "Dur ayağa, gedək Cıdır
düzünə". Sən demə, ona
yarım litr cecə arağı veriblər. Cıdır düzündə həmin arağı
içdik. Dedi ki, butulkanı İbrahim xanın
sarayına atacağıq. Belə də etdik.
Bir dəfə bulvarın
yaxınlığındakı kinoteatrın yanında
oturmuşduq.
Birdən Mirzəağa ilə Sidqinin
gəldiyini gördük. Mirzəağa başlarına
gələni danışdı: "Sidqini götürdüm
getdim həkimə. Həkim dedi ki, sizin ürəyiniz bir
tükdən asılıdır, qırıldısa, getdiniz.
Çıxıb dedim ki, ay Sidqi, bir ürək ki,
tükdən asılıdır, gəl onu birdəfəlik
edək. Adama bir şüşə araq
aldıq. Sonra həkim yazan resepti də
içinə salıb özümüzçün vurduq.
Gördük ki, ürəyimiz yerindədir,
heç tükdən asılı deyil".
Sidqinin
təcrübəsindən irəli gələn gözəl
məsləhətləri, sözləri vardı. Deyirdi ki,
reyissor həmişə müəllim, aktyor isə
ömrü boyu tələbədir. Soruşurdum
ki, bu necə olan şeydir? "Mən bu
gün Qacarı oynayıram.
Sidqi gözəl akyor olmaqla
yanaşı, olduqca mehriban və zəhmli bir insan idi. Onda
işinə çox ciddi münasibət və
məsuliyyət hissi vardı. Əgər
bu gün Qacarı oynayacaqsa, sübh tezdən bulvarda
gəzişir, rolun sözlərini təkrarlayırdı.
Tamaşadan xeyli qabaq - pərdə
açılmamış səhnəyə çıxaraq
hərəkət edəcəyi yerləri yoxlayırdı.
Qacar rolunda qolunun altına nimdar qoyulurdu. Nimdarın üçü sağ qolunun,
üçü isə sol qolunun altı üçün
nəzərdə tutulurdu. Nimdarların
hərəsi bir rəngdə olurdu. Vay o gündən ki,
o nimdarlardan birinin yeri dəyişik düşəydi! Bax, Sidqinin belə səliqəsi vardı. Ümumiyyətlə, o dövrün aktyorları
hamısı işinə belə yanaşırdı. O,
səhnəyə Rza Əfqanlı, Ələsgər
Ələkbərov, Mərziyə Davudova kimi
sənətkarlarla çıxırdı. İstəyir
dünən gələn aktyor olsun, istər
təcrübəli aktyor - Sidqi ondan oyun tələb edirdi.
Sidqi ilə bir yerdə
çoxlu qastrollarda olmuşuq. O, Qacar rolu ilə
məşhurlaşmışdı. Hara
gedirdisə, küçəyə çıxanda
hamısı "Qacar gəldi" deyirdi.
Doğrudan da, əsl aktyor
oyunu yaddaşlarda əbədi yuva salmalı,
ürəklərdən heç zaman silinməməlidir. Qüdrətli aktyorun
əgər bu gün səhnədə yeri
görünürsə, tez-tez yeni gələn nəslə
"Bu səhnədə Sidqi Ruhulla oynayıb"
deyilirsə, demək, aktyor ömrünü hədər
yaşamayıb.
Biz də
özümüzə borc bilib, doğum günü
ərəfəsində böyük aktyoru yad elədik.
Kaspi.- 2007.- 28 mart.- S. 16.